Məhkəmə qərarları › İş №1(011)-464/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-464/2022

27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-464/2022 27.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2001-ci ildə Qazax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan otrü ki, o, 04 iyul 2022-ci il tarixdə satış məqsədi ilə tanışı X1 75 manat pul müqabilində qanunsuz olaraq kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən iki ədəd bükümdə ümumi təmiz çəkisi 1,15 qram narkotik vasitə heroin və bir ədəd bükümdə 1,630 qram psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlamaqla daşımış və həmin günü əldə etdiyi narkotik vasitə heroinin 0,518 qramını bir bükümdə 20 manat pul müqabilində tanışı Şahid1 satmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 05 iyul 2022-ci il tarixdə saat 07:30 dəqiqədə ünvan 3 ünvanda yerləşən Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə üzərində aparılan şəxsi axtarış və götürmə zamanı özünün istifadəsi üçün saxladığı bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,632 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,630 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ilkin ifadəsində göstərmişdir ki, təxminən üç aydır ki, narkotik maddələrdən istifadə etmişdir. Narkotik maddələri tanımadığı şəxslərdən pulla almışdır. Əsasən narkotik maddələrin metamfetamin və heroin kimi tanıdığı növündən doldurma yolu ilə qəbul etmişdir. Şahid1 təxminən 1 ildən çoxdur ki, tanıyır və aralarında dostluq münasibətləri olmuşdur. Hadisə baş verməmişdən əvvəl Şahid1 Ordubad rayonundan Bakı şəhərinə gəlmiş və təxminən 10 gün onun evində qalmışdır. 04 iyul 2022-ci il tarixdə Şahid1 ilə birlikdə Natiq adlı şəxsdən narkotik vasitə götürmək üçün evdən çıxmışlar və həmin tarixdə saat 17:30 radələrində 35-ci PB-nin əməkdaşları onlara yaxınlaşaraq onları bölməyə dəvət etmişlər və onlarda heç bir etiraz etmədən getmişlər. 35-ci Polis Bölməsində olan zaman polis əməkdaşları Natiq adlı şəxsi də dəvət etdikdən sonra, onları rəis müavininin otağına aparmışlar və orada üzərlərinə müxtəlif qramlarda narkotik maddə olan bükümləri qoyaraq üzərlərində videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparmışlar. Həmin tarixdə onun üzərində narkotik vasitə olmamışdır, lakin ona həm narkotik vasitələrin istifadə, həm də satışı ilə məşğul olması ilə bağlı ittiham elan olunmuşdur. Həmçinin, polis əməkdaşları ona narkotik vasitələri üzərində daşımasını və satmasını etiraf etdiyi təqdirdə işinin yüngülləşəcəyini və tutulmayacağını vəd etdikləri üçün məcbur qalıb narkotik vasitənin ona məxsus olmaqla üzərində daşıdığını və Məzhərə satdığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham hissəsində əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, üç ay narkotik maddələrdən istifadə etmişdir. Narkotik maddələri tanımadığı şəxslərdən pulla almışdır. Əsasən narkotik maddələrin metamfetamin və heroin kimi tanıdığı növündən doldurma yolu ilə qəbul etmişdir. Şahid1 dostudur və sonuncu Naxçıvan Muxtar Respublikasında yaşayır. Məzhər ilə mütəmadi olaraq telefonla danışmışdır. 15 iyun 2022-ci il tarixdə X4 Respublikasından Bakı şəhərinə gəlmişdir. Məzhər dostu olduğu üçün sonuncunu kirayə yaşadığı evdə yerləşdirmişdir. 04 iyul 2022-ci il tarixdə işləmək üçün getmişdir. Məzhər isə evdə qalmışdır. Həmin günü axşam saatlarında Xətai rayonu, Gəncə prospektində yerləşən “Panorama Park” yaşayış kompleksinin qarşısında tanıdığı Natiq adlı şəxs ilə rastlaşmışdır. Natiqin narkotik vasitə istifadə etməsini şifahi olaraq bilmişdir. Natiq ilə söhbət edən zaman sonuncu narkotik vasitə lazım olub-olmamasını soruşmuş, o da lazım olmasını bildirmişdir. Natiq ilə bir kənara çəkilmiş və sonuncu üç ədəd büküm çıxarıb ona vermişdir. Bükümləri açmış, iki ədəd bükümdə narkotik vasitə heroin, bir ədəd bükümdə isə metamfetamin olmuşdur. Natiqə 75 manat pul vermiş və üç ədəd bükümü almışdır. Bükümləri cibinə qoyub yaşadığı evə gəlmişdir. Evdə Məzhər ilə söhbət edən zaman sonuncu narkotik vasitə istədikdə heroin bükümünün birini ona 20 manata satmışdır. Gecəni evdə yatmışdır. Səhəri günü səhər saatlarında Məzhər getmişdir. O, isə evdə qalmışdır. Bir neçə dəqiqə sonra evdən çıxmış və Xətai rayonu, İ.İsmayılov küçəsi 5 ünvanda yerləşən “Bizim market”in yaxınlığına gəlmişdir. Saat 07:30 dəqiqədə orada iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları olmalarını bildirmişlər. Polis əməkdaşlarına özünü təqdim etdikdən sonra onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirib 35-ci PB-nə dəvət etmişlər, heç bir etiraz etməmiş və onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini və metamfetamini çıxarıb təqdim etmişdir. Eyni zamanda bildirmişdir ki, həmin bükümlərdə narkotik vasitə heroin və metamfetamin vardır, narkotik maddələri xx.xx.2022-ci il tarixdə “Panorama Park” yaşayış kompleksinin qarşısında tanıdığı Natiq adlı şəxsdən 75 manata almışdır. Bundan sonra aşkar edilmiş narkotik maddələr elektron tərəzi ilə çəkilmiş, heroinin çəkisi 0.69 qram, metamfetaminin çəkisi isə 1.72 qram müəyyən edilmişdir. Bundan başqa üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik maddələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu o və axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. Bundan başqa təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini şəxsi istifadəsi və istəyən olacağı halda satmaq üçün əldə etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitədən və psixotrop maddə metamfetamindən başqa heç bir yerdə hər hansı bir növ narkotik maddə saxlamamışdır. Narkotik maddələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin və əkilibbecərilməsinin qadağan olunması barədə məlumatı olmuşdur. Üzərində narkotik maddələr olmağı və gəzdirməyi barədə heç kimin məlumatı olmamışdır. Məzhər dostu olsada heç vaxt Şahid1 ilə birlikdə narkotik vasitə istifadə etməmiş, sonuncu ilə narkotik vasitə əldə etməmiş və onun kimlərdənsə narkotik vasitə əldə etməsini bilməmişdir. Yalnız şifahi olaraq Məzhərin narkotik vasitə istifadə etməsini bilmişdir. Bundan başqa istər Şahid1, istərsədə başqa şəxslərə əvvəllər heç vaxt narkotik maddələr satmamışdır. Məzhər ona narkotik vasitə almaq üçün əvvəlcədən pul verməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs əlavə dindirilmə zamanı ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparıldıqdan sonra xx.xx.2022-ci il tarixdə üzərində keçirilən şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini Natiq adlı şəxsdən əldə edərək üzərində daşımışdır, lakin həmin maddələri heç kimə pul müqabilində satmamışdır. Buna baxmayaraq, istintaq orqanı tərəfindən ona həm narkotik vasitələri üzərində gəzdirməsi, həm də narkotik vasitələrin satışı ilə məşğul olması barədə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, ondan narkotik vasitə almışdır. Hal-hazırda ifadəsinin müəyyən hissələrinin yadından çıxdığını, müəyyən qədər də təqsirləndirilən şəxsdən qorxduğunu bildirmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları təsdiqlədiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində o, göstərmişdir ki, bir neçə aydır ki, narkotik vasitənin heroin kimi tanıdığı növündən istifadə etmiş və narkotik vasitəni tanımadığı şəxslərdən pulla almışdır. Narkotik vasitəni doldurma yolu ilə qəbul etmişdir ki, əhval-ruhiyyəsi yaxşı olsun. Bakı şəhərində qohumları və tanışları vardır. Dostlarından biri də Təqsirləndirilən şəxsdur. Mütəmadi olaraq Fərid ilə telefonla danışmışdır. Şifahi olaraq dostu Fəridin narkotik vasitə istifadə etməsini və satmasını bilmişdir. 15 iyun 2022-ci il tarixdə yaşadığı Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə gəlmiş və Fərid ilə danışıb sonuncunun yaşadığı evə getmişdir. Fərid Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində ünvanını bilmədiyi mənzildə kirayə yaşamışdır. Fəridin evində qonaq kimi yerləşmişdir. 04 iyul 2022-ci il tarixdə Fərid evdən çıxıb getmişdir. O isə evdə qalmışdır. Həmin günü axşam saatlarında Fərid evə gəlmiş və söhbət zamanı narkotik vasitə almasını bildirmişdir. Fəridə istifadə etməsi üçün narkotik vasitədən ona da verməsini xahiş etmişdir. Fərid də narkotik vasitəni pulla aldığını bildirərək pul istəmişdir. Fəridə 20 manat pul vermiş və bir ədəd bükümdə narkotik vasitə heroin almışdır. Narkotik vasitəni şalvarının cibinə qoymuşdur ki, istifadə edər. 05 iyul 2022-ci il tarixdə saat 05:30 dəqiqədə yuxudan oyanıb ünvan 5 ünvanda yerləşən “Bizim marketin” yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşlarına özünü təqdim etdikdən sonra onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirib 35-ci PB-nə dəvət etmişlər. Heç bir etiraz etməmiş və polis bölməsinə gətirmişlər. Polis bölməsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Sorğu zamanı həmin bükümdə narkotik vasitə heroin olmasını və narkotik vasitəni xx.xx.2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs evində qonaq olan zaman 20 manata şəxsi istifadəsi üçün almağını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə elektron tərəzi ilə çəkilmiş və çəkisi 0,61 qram müəyyən edilmişdir. Bundan başqa üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu o və axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. Həmçinin Şahid1 ifadəsində daha sonra göstərmişdir ki, Əvvəllər heç vaxt Təqsirləndirilən şəxs ilə narkotik vasitə istifadə etməmiş, sonuncu ilə narkotik vasitə əldə etməmiş, onun kimlərdənsə narkotik vasitə əldə etməsini bilməmişdir. Yalnız Fəridin şifahi olaraq narkotik vasitə istifadə etməsini bilmişdir. Təqsirləndirilən şəxs ilk dəfə olmuşdur ki, narkotik vasitə almışdır. Bundan əvvəl narkotik vasitə aldığı şəxsləri tanımamışdır. Fəridə narkotik vasitə alması üçün əvvəlcədən pul verməmişdir və onun narkotik vasitəni haradan almasını da bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 05 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis bölməsinin rəisinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar təsdiq olunmuşdur. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə bölmənin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid3 təyin olunmuşdur. Həmin gün Şahid3 ilə birlikdə məlumata əsasən ünvan 6 ünvanın yaxınlığına gəlmişlər. Saat 07:30 radələrində Təqsirləndirilən şəxs əlamətlərinə görə oxşadıb ona yaxınlaşmışlar. Xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək sonuncudan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib sonuncunu Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər, Fərid də etiraz etməmişdir. Onlar Təqsirləndirilən şəxsla polis bölməsinə getmişlər. Polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sağ yan cibindən iki ədəd sellofan çıxarıb təhqiqatçıya təqdim etmişdir. Həmin bükümlər açılaraq içərisinə baxış keçirilmiş və sellofan bükümlərdə qəhvəyi rəngli, tozşəkilli və ağ rəngli, kristal şəkilli maddələr olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs sellofanda nə olması və haradan əldə etməsi barədə sual verilmiş, Fərid də bildirmişdir ki, həmin sellofanlarda narkotik vasitə heroin və psixotrop maddə metamfetaminvar. Bundan əlavə Fərid bildirmişdir ki, narkotik maddələri xx.xx.2022-ci il tarixdə axşam saatlarında Natiq adlı şəxsdən 75 manata almış və həmin günü aldığı narkotik vasitə heroindən bir bükümünü qonağı olan Məzhər adlı şəxsə 20 manata satmışdır. Aşkar edilmiş sellofan bükümlər elektron tərəzi ilə çəkilmiş, qəhvəyi rəngli maddənin çəkisi 0.69 qram, ağ rəngli kristal şəkilli maddənin çəkisi isə 1.72 qram olmuşdur. Aşkar edilmiş maddələr qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra protokol tərtib olunmuş, protokolu baxışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsi ilə oxşar məzmunda ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 24 avqust 2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır və ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir (i.v. 1-3); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 05 iyul 2022-ci il tarixli qərardan görünür ki, X3 və Təqsirləndirilən şəxs barələrində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri, Şahid1 barəsində isə CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraatına götürülmüşdür (i.v. 5-6); şübhəli şəxsin tutulması haqqında 05 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 07:30-da Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 25-26); şəxsi axtarış və götürmə aparılması haqqında 05 iyul 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli, digərində isə ağ rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə və metamfetaminə bənzər kütləni çıxarıb təqdim edərək həmin bükümlərdəki maddələrin narkotik vasitə olan heroin və metamfetamin olduğunu, həmin narkotik vasitələri xx.xx.2022-ci il tarixdə axşam saatlarında Xətai rayonu, Gəncə prospektində yerləşən Panorama Parkın qarşısında tanıdığı Natiq adlı şəxsdən 75 manat müqabilində şəxsi istifadəsi üçün aldığını, üzərində gəzdirdiyini, xx.xx.2022-ci il tarixdə tanışı Məzhər onların evində olan zaman narkotik vasitənin bir hissəsini 20 manat müqabilində ona satmasını bildirmişdir. Həmin gün saat 07:30-da ünvan 7 ünvanının yaxınlığında Məzhərlə birlikdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr “Pocket Scale” markalı elektron tərəzi ilə çəkilmiş, 01 ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər maddənin ümumi çəkisinin 0.69 qram, 01 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli, spesifik iyə malik metamfetaminə bənzər maddənin 1.72 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofana bükülmüş kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİNnin “Zərflər üçün” 154 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 37-39); axtarış aparılması haqqında 05 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən yeni tikilidə axtarış keçirilmiş, lakin qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir, həmçinin fotoşəkillər çəkilərək protokola əlavə olunmuşlar (i.v. 47-53); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2022-ci il tarixli, 6/3684 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 154“ dairəvi möhür əksləri olan, “... Məmmədov F ..." soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0.632 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,630 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı 1) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr'’-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 54-58); şübhəli şəxsin dindirilməsi haqqında 05 iyul 2022-ci il tarixli protokoldan görünür ki, o, təxminən üç aydır ki, narkotik maddələrdən istifadə etdiyini, narkotik maddələri tanımadığı şəxslərdən pulla aldığını, əsasən narkotik maddələrin metamfetamin və heroin kimi tanıdığı növündən doldurma yolu ilə qəbul etdiyini, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Xətai rayonu, Gəncə prospektində yerləşən Panorama Parkın qarşısında Natiq adlı şəxsdən 75 manat müqabilində 02 ədəd bükümdə heroin və 01 ədəd bükümdə metamfetamin aldığını, evdə Məzhər ondan narkotik vasitə istədikdə heroin bükümünün birini ona 20 manata satdığını etiraf etmiş və “ifadəmi oxudum, mənim sözlərimlə düz yazılıb, əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm” qeyd edərək öz imzası ilə təsdiq etmişdir (i.v. 68-70); 05 iyul 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 71-74); 05 iyul 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etdiyi kimi 02 ədəd bükümdə heroini və 01 ədəd bükümdə metamfetamini Natiq adlı şəxsdən alaraq cibinə qoyması, X3 isə 75 manat pul müqabilində 02 ədəd bükümdə heroini və 01 ədəd bükümdə metamfetamini Təqsirləndirilən şəxs satmağı ilə bağlı ifadəsini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 75-77); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 06 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.2-ci maddələri ilə ittiham elan olunmuşdur (i.v. 88-90); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 06 iyul 2022-ci il tarixli protokoldan görünür ki, o, təxminən üç aydır ki, narkotik maddələrdən istifadə etdiyini, narkotik maddələri tanımadığı şəxslərdən pulla aldığını, əsasən narkotik maddələrin metamfetamin və heroin kimi tanıdığı növündən doldurma yolu ilə qəbul etdiyini, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Xətai rayonu, Gəncə prospektində yerləşən Panorama Parkın qarşısında Natiq adlı şəxsdən 75 manat müqabilində 02 ədəd bükümdə heroin və 01 ədəd bükümdə metamfetamin aldığını, evdə Məzhər ondan narkotik vasitə istədikdə heroin bükümünün birini ona 20 manata satdığını etiraf etmiş və “ifadəmi oxudum, mənim sözlərimlə düz yazılıb, əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm” qeyd edərək öz imzası ilə təsdiq etmişdir (i.v. 98-100); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(011)-359/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır (i.v. 109-113); diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 05 iyul 2022-ci il tarixli protokola uyğun olmuşdur (i.v. 114-115); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 126); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 şəxsinin xx.xx.2022-ci il tarixli 4022 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 156-157); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 avqust 2022-ci il tarixli, 6/4032 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “... Həmidov Natiq ...” soyad və imzalar qeyd edilmş zərfdəki 3 (üç) ədəd bükümdə ümumilikdə təmiz çəkisi 1,075 qram olan, üzərində “... Seyidzadə ...” soyad və imzalar qeyd edilmiş zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,468 qram olan və üzərində “... Məmmədov F . ...” soyad və imzalar qeyd edilmiş zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,582 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir. Tədqiqata təqdim edilmiş, üzərində "... Həmidov Natiq ... ” soyad və imzalar qeyd edilmiş zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,044 qram olan metamfetaminlə üzərində “...Təqsirləndirilən şəxs ...” soyad və imzalar qeyd edilmiş zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,580 qram olan metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir (i.v. 158- 162); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 24 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 05 iyul 2022-ci il tarixli, 6/3684 saylı rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4022 nömrəli rəyi, şəxsi axtarış və götürmə, diskə baxış və üzləşdirmə protokolları sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.582 qram narkotik vasitə olan heroin və 1.580 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.4.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir (i.v. 168-188). Məhkəmə istintaqı zamanı 1 ədəd “CD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli, digərində isə ağ rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə və metamfetaminə bənzər kütləni çıxarıb təqdim edərək həmin bükümlərdəki maddələrin narkotik vasitə olan heroin və metamfetamin olduğunu, həmin narkotik vasitələri xx.xx.2022ci il tarixdə axşam saatlarında Xətai rayonu, Gəncə prospektində yerləşən Panorama Parkın qarşısında tanıdığı Natiq adlı şəxsdən 75 manat müqabilində şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini, xx.xx.2022-ci il tarixdə tanışı Məzhər onların evində olan zaman narkotik vasitənin bir hissəsini 20 manat müqabilində ona satmasını, həmin gün saat 07:30da ünvan 8 ünvanının yaxınlığında Məzhərlə birlikdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə, narkotik vasitəni üzərində daşımaması və heç kimə satmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, videogörüntüdən də məlum olur ki, şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olmaması barədə hər hansı xüsusat bildirməmiş, şəxsi axtarış və götürmə barədə protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda onu təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofanı çıxarıb təqdim etmişdir. Həmin bükümlər açılaraq içərisinə baxış keçirilmiş və sellofan bükümlərdə qəhvəyi rəngli, tozşəkilli və ağ rəngli, kristal şəkilli maddələr olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da bildirmişdir ki, həmin maddələr narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir, narkotik maddələri xx.xx.2022-ci il tarixdə axşam saatlarında Natiq adlı şəxsdən 75 manata şəxsi istifadəsi üçün almış və həmin günü aldığı narkotik vasitə heroindən bir bükümünü evində qonaq olan Məzhər adlı şəxsə 20 manata satmışdır. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda onu təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofanı çıxarıb təqdim etmişdir. Həmin bükümlər açılaraq içərisinə baxış keçirilmiş və sellofan bükümlərdə qəhvəyi rəngli, tozşəkilli və ağ rəngli, kristal şəkilli maddələr olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da bildirmişdir ki, həmin maddələr narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir, narkotik maddələri xx.xx.2022-ci il tarixdə axşam saatlarında Natiq adlı şəxsdən 75 manata şəxsi istifadəsi üçün almış və həmin günü aldığı narkotik vasitə heroindən bir bükümünü evində qonaq olan Məzhər adlı şəxsə 20 manata satmışdır. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs evində qonaq olan zaman 20 manata şəxsi istifadəsi üçün almışdır. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və imzası ilə təsdiq etmiş, həmçinin həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Həmçinin, barəsində həbs qətimkan tədbiri seçilən zaman belə, ona hər hansı bir təzyiqin göstərilməsi barədə məlumat verməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0.632 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 1.630 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri nəzərdə tutulmuşdur. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ilkin təmiz çəkisi 0.632 qram olan tədqiqatdan sonra qalıq qalmış 0.532 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və ilkin təmiz çəkisi 1.630 qram olan tədqiqatdan sonra qalıq qalmış 1.530 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD-R formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı (CPM-132), 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 05 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.632 qram olan tədqiqatdan sonra qalıq qalmış 0.532 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1.630 qram olan tədqiqatdan sonra qalıq qalmış 1.530 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar