Məhkəmə qərarları › İş №1(011)-464/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-464/2025

20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-464/2025 20.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əlizadə Cazid Afiq oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Şıxverdi oğlunun iştirakları ilə xx.xx.1983-cü ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Quba rayonu 2-ci Nügədi kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan barəsində “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan təbiri seçilmiş- Təqsirləndirilən şəxs Şıxverdi oğlu Təqsirləndirilən şəxs Şıxverdi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Şıxverdi oğlu yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, etibarnamə əsasında “516387” nömrəli, “B1,B, C1,C” kateqoriyalı sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan “Volkswagen Jetta” markalı, **- XA-*** dövlət qeydiyyat nişanlı avtomobili 22 aprel 2025-ci il tarixdə saat 09:19-da Bakı şəhəri, Xətai rayonu 8 noyabr prospekti 144 ünvanının yaxınlığında 30 km/saat sürətlə idarə edib yolun sağdan ikinci hərəkət zolağından sağdan birinci hərəkət zolağına sağa doğru manevr edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla idarə etdiyi avtomobili ilə sağa tərəf manevr etdirməzdən əvvəl həmin manevrin təhlükəsiz başa çatmasına və digər hərəkət iştirakçılarına maneə yaratmayacağına əmin olmaqla, onunla eyni istiqamətdə arxadan ona nisbətən sağ tərəflə avtobus zolağı ilə nəqliyyat vasitəsinin hərəkətdə olmasını nəzərə almaqla “Volkswagen Jetta” markalı avtomobili sağa manevr etdirərək sürücü Şahid1 idarə etdiyi "xxxx" MMC-yə məxsus “BMC-Procity” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtobusun hərəkəti üçün təhlükə yaratmamaqla və ona nisbətən sağ tərəflə avtobus zolağı ilə hərəkətdə olan avtobusun hərəkətinə üstünlük verərək onun təhlükəsiz keçib getməsini təmin etdikdən sonra sağa doğru manevr etməklə hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək “BMC-Procity” markalı avtobusla toqquşaraq avtobusda sərnişin qismində olan Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sağ qamış sümüyünün lateral kondilusdan keçən yerdəyişmiş sınığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs Şıxverdi oğlunun törətdiyi cinayət əməli özünün etiraf edici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə və nəqliyyat vasitələrinə baxış protokolları, sxem, məhkəmə yol-nəqliyyat hadisəsi və məhkəmə-tibbi ekspertiza rəyi, habelə digər toplanmış istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Şıxverdi oğlu ona elan olunmuş CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəməsini bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 09:19-da işə gedərkən yaşadığı evin yaxınlığında yerləşən avtobus dayanacağından 20 nömrəli marşurut xətti üzrə hərəkət edən, "xxxx" MMC-yə məxsus “BMC Procity” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna daxil olmuşdur. Əyləşməyə boş oturacaq olmadığına görə salonun ön hissəsində ayaq üzərində dayanmışdır. Avtobusa daxil olduqdan sonra sürücü hərəkətə başlayıb növbəti duracağa çatmamış qarşısına “Volkswagen Jetta” markalı, **- XA-*** dövlət qeydiyyat nişanlı avtomobil keçmiş və avtobusun ön hissəsi minik avtomobilinin sağ tərəf arxa qapı və qanad hissəsinə çırpılan zaman zərbənin təsirindən salonda yerə yıxılmış və sağ ayağının qamış sümüyü sınmışdır. Hadisədən sonra kimsə TTYS-na zəng edib hadisə yerinə həkim briqadası dəvət etmişdir. Qısa zamanda hadisə yerinə həkim briqadası gəlib ilkin tibbi yardımlar göstərib X3 və Ortopediya İnstitutuna aparmışlar. İnstitutda həkimlər ayağını əməliyyat edib müalicə etdikdən sonra evə göndərmişlər. Hal-hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, ona vurulmuş zərər ödənilmiş, təqsirləndirilən şəxs ilə barışmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasına gəlməmiş, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsi, zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq həmin şahidlərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmiş və Şahid1 i.v 116-118, Şahid2 i.v 110-112-də olan ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında 07 iyul 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanılması qərara alınmışdır (i.v. 1); 22 aprel 2025-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxışı keçirilməsi haqqında” protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 144 ünvanın yaxınlığında baş vermişdir. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir.(i.v 08-10) Cinayət işinin materiallarına əlavə edilmiş nəqliyyat vasitələrinə baxış protokollarından görünür ki, yol nəqliyyat hadisəsi zamanı “Volkswagen Jetta” markalı, **- XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəf arxa qapı və qanad hissələri, “BMC Procity” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun ön bamperi zədələnmişdir. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir.(i.v 12-19) Cinayət işi üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi "Respublika narkoloji Mərkəzi" X5 alınmış "Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə" haqqında 22 aprel 2025-ci il tarixli 2/22240 nömrəli protokoldan müəyyən olunur ki, hadisə zamanı sürücü Təqsirləndirilən şəxs Şıxverdi oğlu ayıq olmuşdur.(i.v 20) İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının 21 may 2025-ci il tarixli, 72/2025 nömrəli rəyindən görünür ki: Vətəndaş Zərərçəkmiş şəxs sağ qamış sümüyünün lateral kondilusdan keçən yerdəyişmiş sınığı müəyyən edilmişdir. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi 22 aprel 2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilmişdir.(i.v 44-45) İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 10 iyun 2025ci il tarixli 8/1055 nömrəli rəyindən görünür ki, “Volkswagen Jetta” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Şıxverdi oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. .(i.v 47-50) AR DİN-in Xətai RPİ-nin X6 daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-13-55/2-29086 nömrəli məktubla müəyyən edilmişdir ki, xx.xx.1983-cü ildə Quba rayonunda doğulmuş Təqsirləndirilən şəxs Şıxverdi oğluna məxsus BB 516387 saylı sürücülük vəsiqəsinin xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək aktiv olduğu müəyyən edilmişdir.(i.v 83) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şıxverdi oğlu barəsində Suraxanı RPİ-nin icraatında olan Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı material CPM 40.3-CM-73.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilib(i.v 90) 29 avqust 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Şıxverdi oğlu Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır.(i.v 100) 29 avqust 2025-ci il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, 01 ədəd CH01-20250422-091***-******* adlı video fayl açıldıqda ekranın sol tərəf yuxarı hissəsində ** JY ***; 2025-04-22; 09:15:00 rəqəmləri videoyazıda əks olunmuşdur. Videofayl xx.xx.2025-ci il tarixdə saat 09:15:00-dan başlayaraq 09:25:00-dək olan müddət ərzində "BMC PROCİTY" MARKALİ, **-JY-*** dövlət qeydiyyat nişanlı avtobusun ön hissəsinə quraşdırılmış videoqeydiyyat vasitəsi tərəfindən qeydiyyata alınmış avtomobil yolunun görüntüsüdür. Görüntünün 09:19:46 anında "BMC PROCİTY" MARKALİ, **-JY-*** dövlət qeydiyyat nişanlı avtobusdan sol zolaqda hərəkətdə olan göy rəngli minik avtomobili hərəkətdə olduğu zolaqdan avtobusun hərəkətdə olduğu zolağa keçməsi və avtobusun ön hissəsinin minik avtomobilinin sağ tərəf arxa qapı və qanad hissəsinə çırpılması videoyazıda əks olunmuşdur. 01 ədəd CH01-20250422-092500-094000 adlı video fayl açıldıqda ekranın sol tərəf yuxarı hissəsində ** JY ***, 2025-04-22; 09:25:00 rəqəmləri videoyazıda əks olunmuşdur. Videofayl xx.xx.2025-ci il tarixdə saat 09:25:00-dan başlayaraq 09:40:00-dək olan müddət ərzində "BMC PROCİTY" MARKALİ, **-JY-*** dövlət qeydiyyat nişanlı avtobusun ön hissəsinə quraşdırılmış videoqeydiyyat vasitəsi tərəfindən qeydiyyata alınmış görüntülərdir. Görüntünün 09:25:00 anında göy rəngli avtomobilin dayandığı, əynində qara rəngli qısa qol gödəkcə, ağ rəngli köynək və mavi rəngli cins şalvar olan kişinin mobil telefonla danışdığı, 09:31:30 anında baş leytenant rütbəsində olan polis əməkdaşının hadisə yerinə gəlməsi, 09:34:40 anında Post Patrul Xidməti avtomobilinin hadisə yerində dayanması videoyazıda əks olunmuşdur. 01 ədəd CH02-20250422-092500-092500 adlı video fayl açıldıqda ekranın sol tərəf yuxarı hissəsində ** JY ***; 2025-04-22; 09:15:00 rəqəmləri videoyazıda əks olunmuşdur. Videofayl xx.xx.2025-ci il tarixdə saat 09:14:57-dən başlayaraq 09:25:00-dək olan müddət ərzində "BMC PROCİTY MARKALİ, **-JY-*** dövlət qeydiyyat nişanlı avtobusun salonunun ön hissəsinə quraşdırılmış videoqeydiyyat vasitəsi tərəfindən qeydiyyata alınmış görüntülərdir. Görüntünün 09:19:43 anında salonda olan sərnişinlərin qarşıya gəlmələri və bir neçəsinin yıxılmaları, daha sonra yerə enmələri videoyazıda əks olunmuşdur. 01 ədəd CH03-20250422-091500-092500 adlı video fayl açıldıqda ekranın sol tərəf yuxarı hissəsində ** JY ***; 2025-04-22; 09:15:00 rəqəmləri videoyazıda əks olunmuşdur. Videofayl xx.xx.2025-ci il tarixdə saat 09:15:00-dan başlayaraq 09:25:00-dək olan müddət ərzində "BMC PROCİTY" MARKALİ, **-JY-*** dövlət qeydiyyat nişanlı avtobusun salonunda quraşdırılmış videoqeydiyyat vasitəsi tərəfindən qeydiyyata alınmış görüntülərdir. Görüntüdə sərnişinlərin oturacaqda əyləşmələri, eyni zamanda ayaq üzərində dayanmaları əks olunur. Görüntünün 09:19:43 anında salonda olan sərnişinlərin anidən qarşıya gəlmələri və bir neçəsinin yıxılmaları, daha sonra yerə enmələri videoyazıda əks olunmuşdur. 01 ədəd CH04-20250422-091500-094000 adlı video fayl açıldıqda ekranın sol tərəf yuxarı hissəsində ** JY ***, 2025-04-22 09:11:00 rəqəmləri videoyazıda əks olunmuşdur. Videofayl xx.xx.2025-ci il tarixdə saat 09:11:00-dan başlayaraq 09:40:00-dək olan müddət ərzində "BMC PROCİTY" MARKALİ, **-JY-*** dövlət qeydiyyat nişanlı avtobusun salonunda quraşdırılmış videoqeydiyyat vasitəsi tərəfindən qeydiyyata alınmış görüntülərdir. Görüntüdə sərnişinlərin oturacaqda əyləşmələri, eyni zamanda ayaq üzərində dayanmaları əks olunur. Görüntünün 09:19:43 anında salonda olan sərnişinlərin anidən qarşıya gəlmələri və bir neçəsinin yıxılmaları, daha sonra yerə enmələri videoyazıda əks olunmuşdur. 01 ədəd CH07-20250422-091059-094000 adlı video fayl açıldıqda ekranın sol tərəf yuxarı hissəsində ** JY ***; 2025-04-22; 09:11:00 rəqəmləri videoyazıda əks olunmuşdur. Videofayl xx.xx.2025-ci il tarixdə saat 09:11:00-dan başlayaraq 09:40:00-dək olan müddət ərzində "BMC PROCİTY" MARKALİ, **-JY-*** dövlət qeydiyyat nişanlı avtobusun salonunda quraşdırılmış videoqeydiyyat vasitəsi tərəfindən qeydiyyata alınmış görüntülərdir. Görüntüdə sərnişinlərin oturacaqda əyləşmələri, eyni zamanda ayaq üzərində dayanmaları əks olunur. Görüntünün 09:19:43 anında salonda olan sərnişinlərin anidən qarşıya gəlmələri və bir neçəsinin yıxılmaları, daha sonra yerə enmələri videoyazıda əks olunmuşdur. 01 ədəd CH07-20250422-091059-094000 adlı video fayl açıldıqda ekranın sol tərəf yuxarı hissəsində ** JY ***; 2025-04-22; 09:11:00 rəqəmləri videoyazıda əks olunmuşdur. Videofayl xx.xx.2025-ci il tarixdə saat 09:11:00-dan başlayaraq 09:40:00-dək olan müddət ərzində "BMC PROCİTY" MARKALİ, **-JY-*** dövlət qeydiyyat nişanlı avtobusun sağ yan tərəfində quraşdırılmış videoqeydiyyat vasitəsi tərəfindən qeydiyyata alınmış görüntülərdir. Görüntünün 09:19:43 anında avtobusun dayanması, 09:20:00 anından başlayaraq sərnişinlərin yerə enmələri bir neçə sərnişinin iki qadının qollarından tutaraq yerə enməsinə və yol kəndarındakı pilləkanlarda əyləşmələrinə köməklik göstərmələri, 09:35:23 anında TTYS-nın avtomobilin dayanaraq həkimlərin xəsarət alan qadınlara tibbi yardımlar göstərmələri və 09:37:30 anında qadınlardan birini təkərli çarpayıya uzandırıb avtomobilə yerləşdirmələri videoyazıda əks olunmuşdur. Protokol düz yazılıb, əlavə və şikayət daxil olmadı, imzalarla təsdiq.(i.v 92) 29 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Şıxverdi oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 120- 121) Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X4 azyaşlı övladı vardır.(i.v 124) Sübutların qiymətləndirilməsi haqqında 01 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Şıxverdi oğluna xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılması, Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 917 nömrəli və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli 8/2874 nömrəli rəyləri iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs Şıxverdi oğlunun idarə etdiyi "Lexus GX 460" markalı, ** TT *** dövlət qeydiyyat nişanlı avtomobil və Xocalı prospekti ilə S.Senyuşkin küçəsinin kəsişməsində baş vermiş toqquşma yol-nəqliyyat hadisəsinin görüntüsü olduğu bir ədəd CD-R disk maddi sübut kimi tanınması və avtomobilin sahibinə qaytarılması nəzərə alınması, Təqsirləndirilən şəxs Şıxverdi oğlunun barəsində Azərbaycan Respublikası CM-in 263-1 və 264-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilməsi, Təqsirləndirilən şəxs Şıxverdi oğlunun sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarət alması xüsusat üzrə cinayət işi başlanması rədd edilməsi,. X1 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd edilməsi qərara alınmışdır.( i.v. 125- 130); Məhkəmə iclasında hadisənin baş verdiyi yerin görüntülərini əks etdirən diskə baxış keçirilmiş, görüntülərə baxış keçirilməsi protokolunda qeyd edilənlər bir daha öz təsdiqini tapmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Şıxverdi oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Şıxverdi oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Şıxverdi oğlu zərərçəkmiş şəxs ilə barışmış olsa belə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeydinə əsasən zərərçəkmiş şəxslə barışdığından onun barəsində cinayət işinin başlanması xx.xx.2023-cü il tarixində rədd edilmiş, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pelnumunun 28 dekabr 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” qərarında göstərilənlər nəzərə alınmaqla( Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72– 73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir.) onun cinayət məsuliyyətindən azad edilməsi istisna olunmalı və barəsində ittihamedici hökm çıxarılmalıdır. Təqsirləndirilən şəxs Şıxverdi oğlunun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 72-ci maddənin qeyd hissəsinin 1-ci bəndinə əsasən Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-cü maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Şıxverdi oğlunun himayəsində bir azyaşlı uşağının olmasını (CM 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (CM 59.1.12.), cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsi ilə nəticələnmiş digər hərəkətlərin edilməsini (CM 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Şıxverdi oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Şıxverdi oğluna cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən cərimə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Şıxverdi oğlu Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan01 ədəd DVD-R disk cinayət işi materiallarında saxlanılmalı, “Volkswagen Jetta” markalı **-XA-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsi hesabına keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Şıxverdi oğlu azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 4 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs Şıxverdi oğlu cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs Şıxverdi oğluna elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs Şıxverdi oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs Şıxverdi oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Şıxverdi oğlunun Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurəti yoxdur. Təqsirləndirilən şəxs Şıxverdi oğlunun müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs Şıxverdi oğlunun məhkəmə iclasında hüquqlarını müdafiə etmək üçün iş materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Şıxverdi oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Şıxverdi oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Şıxverdi oğlunun üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs Şıxverdi oğlunun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Şıxverdi oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Volkswagen Jetta” markalı **-XA-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs Şıxverdi oğlundan tutulub dövlət büdcəsi hesabına keçirilsin. Təqsirləndirilən şəxs Şıxverdi oğluna 20 (iyirmi) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 220 (iki yüz iyirmi) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar