Məhkəmə qərarları › İş №1(011)-466/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-466/2022

25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-466/2022 25.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - X4, zərərçəkmiş şəxsin nümayəndəsi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X9, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X11 və “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxx 1963-cü ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, hərbi hissədə radiomexanik vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 07 mart 2022-ci il tarixdə, saat 14:11-də “BC” kateqoriyalı, AD seriyalı 070935 nömrəli sürücülük vəsiqəsi ilə, etibarnamə əsasında idarə etdiyi X6 məxsus idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan, göy metallik rəngli “Mitsubishi L200 minik” markalı, **-UM- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ilə “Əhmədli” metrostansiyası istiqamətində, ünvan 2 ünvanında yerləşən “İST Petrol” yanacaq doldurma məntəqəsinin qarşısında olan işıqforun yaşıl işığında, təxminən 5 km/saat sürətlə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 5-ci hissəsinin tələblərini pozaraq, işıqforun icazə siqnalı yanarkən, sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməli olduğu halda, qanunun tələbinə əməl etməyərək, idarə etdiyi avtomobillə ünvan 2 ünvanında nizamlanmayan piyada keçidi ilə hərəkətdə olduğu yolu sağdan sola doğru adi yerişlə keçən piyada X3 avtomobilin sağ qabaq hissəsi ilə vurub, ehtiyatsızlıqdan ona sol bazu sümüyünün sınığı, başın sol təpə nahiyəsinin dərialtı hematoması ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə, yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən mənzildə yaşayır. 2016-cı ildən o, “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə nəqliyyat vasitələrini idarə edir. “Mitsubishi L200” markalı avtomobili 2017-ci ildən idarə edir. Həmin nəqliyyat vasitəsi şəxsi vəsaiti hesabına alınaraq, oğlu X5 adına sənədləşdirmişdir. Kamal da ona avtomobili idarə etmək üçün, etibarnamə vermişdir. 07 mart 2022-ci il tarixdə, saat 14 radələrində idarə etdiyi “Mitsubishi L200” markalı avtomobil ilə Xətai rayonu, “Ukrayna” dairəsindən Babək prospekti istiqamətində, M.Hadi küçəsi ilə yolun 2-ci zolağında hərəkətdə olarkən, işıqforun qırmızı siqnal işiğı yanmış və o, bunu gördükdən dərhal sonra, idarə etdiyi nəqliyyat vasitəsini saxlamışdır. Təxminən bir neçə saniyə keçdikdən və işıqforun yaşıl siqnal işığı yandıqdan dərhal sonra, qarşısında dayanmış nəqliyyat vasitəsi hərəkətə başlamış və o da, idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətə başlamışdır. O, hərəkətə başladıqdan heç bir neçə saniyə keçməmiş, yolu sağdan sola keçmək istəyən, adının sonradan öyrəndiyi Rühəngiz Behbutovanı və Nigar Behbutovanı avtomobilin qabaq sağ tərəfi ilə vurmuş və həmin şəxslər yerə yıxılmışdırlar. O, dərhal idarə etdiyi nəqliyyat vasitəsini saxlayaraq, həmin şəxslərə yaxınlaşmışdır. O, həmin şəxsləri öz avtomobilinə əyləşdirib, xəstəxanaya aparmış və onlara ilkin tibbi yardım edildikdən sonra, həmin şəxsləri yaşadıqları ünvana aparmışdır. Hadisə nəticəsində xəsarət almış Rühəngiz Behbutovanın müalicəsi üçün, sonuncuya ümumilikdə 1700 manat pul vermişdir. Hazırda da, o, müəyyən məbləğdə pulu müalicənin davam etdirilməsi üçün Rühəngiz Beybutovaya təklif edir, lakin sonuncu imkanı daxilində olmayan məbləğdə pulu ondan tələb edir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, hadisə baş verən zaman, o, işıqforun qırmızı işığında dayanmışdır və işıqforun yaşıl işığı yandığında, avtomobili 5 km/saat sürətlə hərəkət etməyə başlamışdır. İdarə etdiyi avtomobildə heç bir yük və sərnişin olmamışdır. Yol-nəqliyyat hadisəsi baş verməmişdən əvvəl hər hansı spirtli içki, narkotik vasitə və ya psixotrop maddələr qəbul etməmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X4 göstərdi ki, o, qızı Nigar Behbutova ilə birlikdə Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. 07 mart 2022-ci il tarixdə, günorta saatlarında qızı Nigar ilə birlikdə Xətai rayonu, M.Hadi küçəsində olarkən, həmin küçədə yerləşən mağazaya getmək məqsədi ilə, yolu keçmək qərarına gəlmişdir. Həmin vaxt işıqforun qırmızı işığının yanmasını gözləmişlər. Təxminən bir neçə saniyə gözlədikdən sonra, yolu keçməyə başlamışlar. İşıqforun qırmızı işığı yandığından, yolda olan nəqliyyat vasitələri dayanmışdır. Təxminən 3-4 metr yolu keçdikdən sonra, yolda dayanmış göy rəngli, “Mitsubishi” markalı nəqliyyat vasitəsi anidən hərəkətə başlayıb, qızı ilə onu vurmuşdur. Həmin vaxt onların ikisi də yerə yıxılmışlar və ətrafda olan şəxslər onların köməyinə gəlmişlər. Həmçinin, sonradan adını öyrəndiyi avtomobilin sürücüsü Təqsirləndirilən şəxs da onlara tərəf yaxınlaşaraq, köməyini təklif etmiş və onları avtomobilinə əyləşdirib, xəstəxanaya aparmışdır. Qızı Nigar hər hansı bir xəsarət almasa da, o, bədəninin müxtəlif yerlərindən və başından xəsarətlər almışdır. Xəstəxanada həmin sürücü ona ilkin tibbi yardım göstərilməsi ilə bağlı çəkilən xərcləri ödəmiş və sonrakı müalicəsi üçün az bir məbləğdə pulu ona vermişdir. Lakin, sonradan Təqsirləndirilən şəxs adlı şəxs onunla maraqlanmamış və o, tələb olunan müalicəsini ala bilməmişdir. Hazırda isə Təqsirləndirilən şəxs tərəfindən təklif olunan məbləğ müalicənin tamamlanmasına kifayət etmir və o, bu səbəbdən təklif olunan məbləği qəbul etməkdən imtina etmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X9 zərərçəkmiş şəxs Rühəngiz Behbutovanın ifadəsini müdafiə edərək, iş üzrə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, 07 mart 2022-ci il tarixdə, saat 14 radələrində anası Rühəngiz Behbudova ilə birlikdə Xətai rayonu, M.Hadi küçəsində olan mağazaya getmək üçün, yolu keçmək qərarına gəlmişlər və həmin vaxt işıqforun qırmızı işığının yanmasını gözləmişlər. Təxminən bir neçə saniyə gözlədikdən sonra, yolu keçməyə başlamışlar. İşıqforun qırmızı işığı yandığından, yolda olan nəqliyyat vasitələri dayanmışdır. Yolu keçdikləri zaman, yolda dayanmış göy rəngli, “Mitsubishi” markalı nəqliyyat vasitəsi anidən hərəkətə başlayıb, anası ilə onu vurmuşdur. Həmin vaxt onların ikisi də, yerə yıxılmışlar. Ətrafda olan şəxslər və “Mitsubishi” markalı avtomobilin sürücüsü onların köməyinə gəlmişlər. Hadisə nəticəsində o, heç bir xəsarət almamış və bu səbəbdən ekspertizadan keçməkdən imtina etmişdir. Lakin, anası bədənindən və başından xəsarətlər almışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 17 mart 2022-ci il tarixli, 18/2022 saylı ekspert rəyində göstərilmişdir ki, X2 üzərində müəyyən edilmiş xəsarətlər - sol bazu sümüyünün sınığı, başın sol təpə nahiyəsinin dərialtı hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, xx.xx.2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2022-ci il tarixli, 8/692 nömrəli ekspert rəyində qeyd olunur ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Mitsubishi L200” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin 5-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs AD seriyalı 070935 nömrəli, “BC” dərəcəli sürücülük vəsiqəsi verilmiş və onun nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi ilə bağlı məlumat yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Mitsubishi L200” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün sahibinə qaytarılmışdır. İş materiallarından görünür ki, 30 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 06 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs İ Qarabağ müharibəsi veteranıdır və o, qüsursuz xidmətinə görə müxtəlif medallarla təltif olunmuşdur. Həmçinin, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu – X10 İİ Qarabağ müharibəsinin iştirakçısı olmaqla, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. İş materiallarında olan “Diaqnoz” Tibb Mərkəzi tərəfindən verilmiş epikrizdən görünür ki, Təqsirləndirilən şəxs “sağ böyrəyin yeni törəməsi” diaqnozu qoyulmuş, 04 noyabr 2022ci il tarixdə ümumi anesteziya altında “sağ tərəfli radikal nefrektomiya” əməliyyatı keçirilmiş və 07 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs kafi vəziyyətdə ambulator şəraitdə müalicəni davam etdirmək şərti ilə evə buraxılmışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 12 dekabr 2012-ci il tarixdən “N” saylı hərbi hissədə radiomexanik vəzifəsində işləyir, işlədiyi müddətdə özünü bacarıqlı və təcrübəli mütəxəssis kimi göstərmiş, daima öz üzərində çalışır, bilik və bacarığını artırır, kollektiv arasında hörmətə malikdir, çalışqandır və intizamlıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini, zərərçəkmiş şəxslə barışıq əldə olunmasına cəhd etməsini, onun müharibə veteranı olmasını, oğlunun isə Vətən müharibəsi iştirakçısı olmasını, onda ağır xəstəliyin olmasını və iş yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs istifadəsində olan “Mitsubishi L200” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs istifadəsində olan “Mitsubishi L200” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar