Məhkəmə qərarları › İş №1(011)-467/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-467/2025

23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-467/2025 23.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Səfərov Nihat Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 01 avqust 1987-ci ildə Şuşa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Bakı şəhərində Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, məhkəmə qərarına əsasən boşanmış arvadı Zərərçəkmiş şəxs ilə yaşayan az yaşlı övladları ilə görüşməsi üçün 07 iyul 2025-ci il tarixdə saat 12:10-da ünvan 3 ünvanına gəldikdə Zərərçəkmiş şəxsnm onun küçədə gözləməsinə təkidi ilə bağlı aralarında yaranmış mübahisə zamanı əli ilə sonuncunun sifət nahiyəsindən vuraraq ona sağ qaş nahiyəsinin əzilmiş yarası və sağ göz qapağının hematoması ilə müşayət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 28 mart 2018-ci il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və bu evlilikdə iki azyaşlı 07 fevral 2019-cu il tarixdə X1, 20 iyul 2020-ci il tarixdə isə X2 dünyaya gəlmişdir. Ailə qurduqları müddət ərzində münasibətləri yaxşı olmuşdur. 18 aprel 2024-cü il tarixdə yaşadığı evə sərxoş vəziyyətdə gəldiyi üçün Zəhra ilə aralarında mübahisə yaranmışdır. Həmin müddətdən sonra aralarında soyuq münasibət olmuşdur. Bu səbəbdən Zərərçəkmiş şəxs boşanmaq qərarına gəlmişdir. Zəhra ilə münasibətləri uyğun gəlmədiyi üçün boşanmaq məqsədi ilə Xətai rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 05 mart 2025-ci il tarixli qətnaməsinə əsasən uşaqlar Zəhrada qalmaqla ona övladlarını görmək hüququ verilmişdir. Zəhra övladlarının hər ikisini onunla görüşməyə şərait yaratmışdır. Ara sıra övlarlarmı öz valideynlərinin yanma apararaq görüşdürürdü. Hətta yanında bir gün gecə qaldıqdan sonra Zəhranın yaşadığı evə aparıb verirdi. Mütamadi olaraq uşaqları görməyə gedərkən Zəhra fərdi yaşayış evinin həyətində görüşməyə icazə verirdi. Sonuncu dəfə 07 iyul 2025-ci il tarixdə saat 12:10-da Zəhranın kirayə yaşadığı ünvan 4 ünvana gedib darvazanın qapısını döymüşdür. Oğlu Roman ilə Zəhra darvazanı açdıqda içəri daxil olub oğlu ilə görüşmüşdür. Həmin vaxtı Zəhra qonşuluqda yaşayan qohumugilin evinə getmək üçün hazırlaşmışdır. Zəhraya köməklik etmək istədiyini təklif etdikdə Zəhra etirazını bildirmişdir. Qızı Miranı ayağı gipsdə olduğu üçün Zəhraya kömək etmək istəmişdir ki, iki az yaşlı uşaq ilə Zəhra əlində uşaqların paltarı olmaqla əziyyət çəkməsin. Lakin Zəhra inadkarlıq edərək tək getmək istədiyini bildirdikdə onunla sözlə mübahisə etmişdir. Bu zaman əli ilə Zəhranın sağ qaş nahiyəsinə qəsdən xəsarət yetirmişdir. Həmin an Zəhranın qaş nahiyəsindən qan gələrkən ilkin tibbi yardım etmişdir. Sonradan ona məlum olmuşdurki, Zəhra bu barədə DİN-in “102” xidməti- zəng mərkəsi sisteminə zəng edərək məlumat vermişdir. Həmin hadisədən sonra keçmiş həyat yoldaşı ilə barışmağa cəhd etsə də, lakin yoldaşı onunla barışmaqdan imtina etmişdir. Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstəmişdir ki, 28 mart 2018-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və bu evlilikdə iki azyaşlı 07 fevral 2019-cu il tarixdə X1, 20 iyul 2020-ci il tarixdə isə X2 dünyaya gəlmişdir. Ailə qurduqları müddət ərzində mütamadi olaraq Təqsirləndirilən şəxs spirli içki qəbul edərək heç bir səbəb olmadan münaqişə yaratmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs ilə boşanmaq qərarına gəlmişdir. Münasibətləri uyğun gəlmədiyi üçün boşanmaq məqsədi ilə Xətai rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 05 mart 2025-ci il tarixli qətnaməsinə əsasən uşaqlar onda qalmaqla atası Yamənə övladlarını görmək hüququ verilmişdir. Övladlarının hər ikisini atası ilə görüşməyə şərait yaratmışdır. Yamən ara sıra ovlarını öz valideynlərinin yanma apararaq görüşürdü. Hətta uşaqlar Yamənin valideynləri ilə bir gün gecə qaldıqdan sonra onun yaşadığı evə qayıdırdı. Yamən mütamadi olaraq uşaqları görməyə gələrkən fərdi yaşayış evinin həyətində görüşməyə icazə verirdi. Sonuncu dəfə 07 iyul 2025-ci il tarixdə saat 12:10-da kirayə yaşadığı Bakı şəhəri, Xətai rayonu H.Aslanov qəsəbəsi İlqar Abbasov küçəsi ev 23a ünvanında az yaşlı uşaqları ilə birlikdə olarkən darvazanın qapısını döyülməsini eşitmişdir. Az yaşlı oğlu ilə darvazanı açdıqda Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Yamən içəri daxil olduqda oğlu ilə görüşmüşdür. Qızı Miranın ayağı gipsdə olduğu üçün evdən götürüb Yamənə yaxınlaşmışdır. Miranı Yamənə uzadıb qucağına almasını işarə etmişdir. Yamən Miranı qucağına alıb görüşdükdən sonra valideynləri evdə olmadığı üçün Yamənin çölə çıxmasını tələb etmişdir. Yamən onun tərəfindən çölə çıxartmağına əsəbləşərək Miranı qucağına verib sağ əli ilə sağ gözümün üst nahiyəsinə çox saylı sillə və yumruq zərbələri endirərək xəsarət yetirmişdir. Bu barədə DİN-in “102” xidməti-zəng mərkəsi sisteminə zəng edərək məlumat vermişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Ona ağır cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əməli özünün etirafı, zərər çəkmiş şəxsin ifadəsi, məhkəmətibbi ekspertizasının rəyi, üzləşdirmə protokolu, habelə digər toplanmış istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi başlama və icraata götürmə barədə 08 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3- Təcrübi və Tədris Birliyinin məhkəmə-tibbi ekspertizasının 10 iyul 2025-ci il tarixli 654 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər-sağ qaş nahiyəsinin əzilmiş yarası və sağ göz qapağının hematoması müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərildiyi kimi xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özü-özünə yetirməsi, eləcə də hündürlükdən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur. (i.v.17-18); xx.xx.2025-ci il tarixində zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v.32) xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur.(i.v 48) 26 avqust 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir.(26 avqust 2025-ci il, saat 18:15)(i.v 68-69); 26 avqust 2025-ci il tarixli təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 81-82) 05 sentyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihama əlavələr edilməsi zərurəti yaranmadığı üçün həmin ittiham dəyişdirilməsin və qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifasləri, məhkəmə tibbi ekspertizası üzrə Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüuqi şəxsin 10 iyul 2025-ci il tarixli 654 saylı rəyi iş üzrə sübut kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkibi olmadığından bu xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilməsi, qərarın surəti 24 saat müddətində məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır. (i.v 84-87) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi, əməli törətmiş şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkün olduğu nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 5 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Alyans Vəkil bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmək üçün iş materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01(bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 20 (iyirmi) saat ərzində hüquqi yardım göstərdiyinə görə Alyans Vəkil bürosunun vəkili Müdafiəçi 220 (iki yüz iyirmi) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar