Məhkəmə qərarları › İş №1(011)-468/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-468/2021

18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-468/2021 18.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçiləri – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1992-ci il tarixdə Qubadlı rayonu, Qaraqoyunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, Qubadlı rayonu, Tatar ərazi dairəsi, Qaraqoyunlu kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq 0,205 qram çəkidə ağ rəngli kristall şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 12 avqust 2021-ci il tarixdə saat 15:00 radələrində Xətai RPİ-nin 34cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq PŞ-nə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən çıxardığı 01 ədəd gümüşü rəngli kağıza bükülmüş həmin ağ rəngli kristall şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəlidir, heç bir yerdə işləmir. 05.05.2016-cı il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum edilmişdir. 14.03.2018-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə şərti azad olunmuşdur. Narkotik vasitə aludəçisidir, əsasən narkotik vasitə olan metamfetamin istifadə edir. Narkotik vasitə olan metamfetamini Nərimanov metrosu yaxınlığında yerləşən məhəllədən üzdən tanıdığı, şəxsdən alır. 12 avqust 2021-ci il tarixdə narkotik vasitəyə olan tələbatını ödəmək üçün saat 13 radələrində yaşadığı evdən çıxaraq Nərimanov metrosu yaxınlığına getmişdir. Orada hər zaman narkotik vasitə aldığı ünvanını bilmədiyi məhəlləyə daxil olub narkotik vasitə aldığı şəxsi axtarmağa başlamışdır. Bir neçə dəqiqə sonra həmin şəxsi məhəllədə görüb yaxınlaşmışdır və ondan bir büküm narkotik vasitə olan metamfetamin almışdır. Narkotik vasitəni qəbul etmək üçün özünə yer axtaran zaman təxminən saat 15 radələrində özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər ona yaxınlaşıb onun narkotik vasitələrin istifadəsi ilə məşğul olmağında şübhəli olduğunu bildirərək birlikdə Xətai RPİ-nin 34-cü PŞnə getməli olduğunu bildirmişlər. O da polis əməkdaşları ilə razılaşmış və birlikdə Xətai RPİ-nin 34-cü PŞ-nə getmişlər. Polis şöbəsinə aparıldıqdan sonra, vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməmişdən əvvəl ona üzərində, paltarlarında qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya vardırsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə narkotik vasitə olan şüşə yəni metamfetamin olduğunu bildirmişdir. Daha sonra təqdim etdiyi həmin narkotik vasitənin təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsi ilə çəkisi müəyyən olunmuşdur. Həmçinin o, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitəni qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Əfsun birlikdə məlumat əsasında saat 15 radələrində ünvan 1 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Sənanın əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx xxxxxxx 1992-ci ildə Qubadlı rayonu, Qaraqoyunlu kəndində anadan olmuş, Qubadlı rayonu, Tatar ərazi dairəsi, Qaraqoyunlu kəndində qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Sənana narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu saxlayaraq Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Sənan da buna etiraz etmədikdən sonra sonuncunu PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Elxan Qəribova təhvil vermişlər. Elxan Qəribov da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Sənana üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim edilməsi təklif edilmişdir. Sənan da əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoyub həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni Bakı şəhəri, Nərimanov rayonu ərazisində tanımadığı şəxsdən 5 manat pul verib aldığını bildirmişdir. Sonra Sənanın üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Sənanın üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Sənanın üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Sənan tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində şahid qismində dindirilmiş Şahid2 ilə oxşar məzmunda ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 13 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 12 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 22); şəxsi axtarış və götürmə aparılması haqqında 12 avqust 2021-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş ağ rəngli, kristal şəkilli, narkotik vasitəyə bənzər maddəni təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddələrin nədən ibarət olması haqqında sual verilərkən sonuncu bildirmişdir ki, əynində olan qara rəngli cins şalvarın sağ yan cibində içərisində 01 ədəd gümüşü rəngli kağıza bükülmüş ağ rəngli, kristal şəkilli olan maddə “şüşə” adlanan narkotik vasitədir. Qeyd olunan maddəni necə əldə etməsini soruşduqda tanımadığı şəxsdən Bakı şəhəri, Nərimanov rayonu ərazisində 5 manat məbləğində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Götürülmüş kütlə çəkildikdən sonra 0,18 qram olması müəyyən olunmuşdur (i.v. 32-33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2021-ci il tarixli, 6/3469 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,205 qram ağ rəngli kristall şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir (i.v. 39-42); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 14 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (i.v. 54-55); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14.08.2021-ci il tarixli 4(011)-347/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 12.08.2021-ci il tarixdən hesablanmışdır (i.v.80-82); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 21.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.05.2016-cı il tarixli hökmünə əsasən CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15.03.2018ci ildə Xəzər Rayon Məhkəməsinin 14.03.2018-ci tarixli qərarı ilə cəzasının 08 ay 17 günü hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur, 01.12.2018-ci ildə cəzasının vaxtı başa çatmışdır (i.v. 85-86); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 şəxsinin 01.09.2021-ci il tarixli 3190 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 110-111); 122 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 22.10.2021-ci il tarixli 428 nömrəli arayış-xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 113); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 14.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış, məhkəmə-kimyəvi ekspertizasının 13.08.2021-ci il tarixli, 6/3469 saylı və məhkəmə-narkoloji ekspertizasının 01.09.2021-ci il tarixli, 3190 saylı rəyləri sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə psixotrop maddə olan metamfetaminin ümumi çəkisi 0,205 qram hesab edilmiş, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,205 qram olmuş psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,155 qram çəkidə psixotrop maddə metamfetamin Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 01 ədəd CD disk maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılmışdır (i.v. 114-121). Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş ağ rəngli, kristal şəkilli, narkotik vasitəyə bənzər maddəni təqdim Edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddələrin nədən ibarət olması haqqında sual verilərkən sonuncu əynində olan qara rəngli cins şalvarın sağ yan cibində içərisində 01 ədəd gümüşü rəngli kağıza bükülmüş ağ rəngli, kristal şəkilli olan maddənin “şüşə” adlanan narkotik vasitə olduğunu və qeyd olunan maddəni tanımadığı şəxsdən Bakı şəhəri, Nərimanov rayonu ərazisində 5 manat məbləğində şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,205 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cina.yətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 dekabr 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.05.2016-cı il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,205 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,155 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 12 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,205 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,155 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd “CD” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar