Məhkəmə qərarları › İş №1(011)-468/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-468/2022

20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-468/2022 20.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Mirzəyev və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsi, ev 29A ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyəb etmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 ədəd ГE- 5882 nömrəli, SSRİ dövründə istehsal olunmuş, 9 mm kalibrli, PM modelli, yivli odlu silah olan “Makarov” konstruksiyalı tapançanı, 03 ədəd Rusiya Federasiyasında istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş darağı əldə edib üzərində saxlamaqla daşımışdır. Xətai RPİ-ni CAŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 18 avqust 2022-ci il tarixdə saat 13:10-da Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində hərəkətdə olarkən saxlanılmış Təqsirləndirilən şəxs, təhlükəsizlik baxımından polis əməkdaşları tərəfindən saxlanılan zaman əlində olan sarı rəngli sellofan paketdə olan həmin 01 ədəd ГE-5882 nömrəli, SSRİ dövründə istehsal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı olan, 9 mm kalibrli, PM modelli, yivli-odlu silah olan “Makarov" konstruksiyalı tapança, 03 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş açmaq üçün yararlı olan və döyüş sursatı hesab edilən ştat patronlar, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, subaydır və valideynləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsi, ev 29A ünvanında yaşayır. Gündəlik tələbatlarını ödəmək üçün metal məişət tullantılarını toplayıb metal qəbulu məntəqələrinə sataraq pul əldə etmişdir. Əvvəllər məhkum olunsa da məhkumluqları ödənilmişdir. 08 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən qəbiristanlığın kənarında metal tullantıları axtaran zaman sarı rəngli sellofan paket onu cəlb etmişdir. Paketin içərisində baxdıqda 01 ədəd Makarov konstruksiyalı tapançanın olduğunu görmüşdür. Tapançanın darağını çıxarıb baxan zaman içərisində 03 ədəd patron olduğunu aşkar etmişdir. Silahı götürərək oranı tərk etmişdir. Düşünmüşdür ki, həmin silahı çobanlara satıb pul əldə edər. Buna görə də tapdığı silahı bir qədər kənarda olan əncir ağacının altında gizlətmişdir. Bir müddət sonra silahı gizlətdiyi yerə gedərək götürmüşdür. xx.xx.2022-ci il tarixdə o, silahı gizlətdiyi yerdən götürmüş və sarı rəngli sellofan paketin içərisinə qoyaraq əlində tutaraq P.Həşimov küçəsi ilə hərəkət etməyə başlamışdır. Həmin vaxt mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. O da polis əməkdaşlarını görüb həyəcanlanmış və əlində tutduğu silahı gizlətməyə çalışmışdır. Həmin vaxt polis əməkdaşları əlində olan sellofan torbanın içərisində nə olduğunu soruşan zaman o, etiraf edərək əlində olan torbanın içərisində silah olduğunu bildirərək polislərə təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Polis bölməsində ona müdafiəçi təqdim olunmuş, hüquq və vəzifələri izah edilmişdir. Müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir və həmin zaman silahı haradan tapdığını bir daha polislərə bildirmişdir. Daha sonra əməlindən peşman olmasını, xəstəliyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Xətai RPİ-nin Cinayət Axtarış Şöbəsinin CA üzrə kiçik inspektoru vəzifəsində işləyir. 18 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Xətai RPİ-nin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra o, Şahid1la birlikdə məlumat əsasında saat 13:10-da Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsinə getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Rövşənin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını, onları görən kimi özünü şübhəli aparıb əlində olan sarı rəngli sellofan paketi gizlətməyə çalışdığını görmüşlər. Buna görə də həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1976-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Rövşənə əlində olan və onları görən kimi gizlətməyə çalışdığı sarı rəngli sellofan paketin içərisində nə olduğunu soruşmuşlar. Rövşən sellofan torbanın içərisində silah olduğunu bildirmiş və onlar Rövşənə təhlükəsizlik qaydalarına əsasən silahı təqdim etməsini bildirmişlər. Rövşən də əlində olan sarı rəngli sellofan paketin içərisində olan 01 ədəd “Makarov” tipli tapançanı və həmin silaha məxsus 03 ədəd patronları onlara təqdim etmiş və onlar sonuncunu saxlayaraq Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Rövşən də buna etiraz etmədikdən sonra sonuncunu PB-nə apararaq barəsində araşdırma aparılması üçün silahla birlikdə təhqiqatçı Ramil İbrahimova təhvil vermişlər. Ramil İbrahimov da Təqsirləndirilən şəxs hüquqlarının müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təhlükəsizlik qaydalarına uyğun olaraq saxlanılan zaman götürülmüş 01 ədəd “Makarov” tipli tapançanı və 03 ədəd patronları saxlanılmamışdan 10 gün qabaq Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən qəbiristanlığın kənarında olan məişət tullantıları atılması üçün nəzərdə tutulmuş yerdə metal axtaran zaman sarı rəngli sellofan paketin içərisindən tapdığını bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd “Makarov” tipli tapança və 03 ədəd patron qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Rövşən tərəfındən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmədə iclasında Şahid1 ezamiyyətdə olması, həmçinin təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq Bakı şəhər Xətai RPİ-nin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi Şahid2 ifadəsinə oxşar olmuşdur və heç bir ziddiyət təşkil etməmişdir. Cinayət işinə əlavə edilmiş( iş vərəqi 38-39) xx.xx.2022-ci i tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan məlum olur ki, 18 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 35-ci PB-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan ondan götürülmüş 01 ədəd “Makarov” tipli tapançanı və 03 ədəd patronları tapdığını, gizlətdiyini və xx.xx.2022-ci il tarixdə Quba rayonunda satmaq məqsədi ilə aparmaq istəməsini bildirməsi və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş (iş vərəqi 48-51) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 22/544R saylı məhkəmə ballistik ekspertizasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş 01 ədəd QE-5882 №-li silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm Kalibrli PM modelli, Makarov Konstruksiyalı, tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 03 ədəd patronlar zavod üsulu ilə, Rusiya dövlətində istehsal olunmuş 9x18 mm Kalibrli olmaqla, həmin Kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdı, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar. Cinayət işinə əlavə edilmiş (iş vərəqi 104) Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli 011-10113-1222 nömrəli məktubun məzmunundan görünür ki, təqdim edilmiş 01 ədəd 9 mm kalibrli, ГЕ- 5882 №-li Makarov konstruksiyalı PM modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin «güllə-giliz» kartotekasında «ARSENAL» avtomatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli 011-10113-1222 nömrəli və xx.xx.2022-ci il tarixli 012-13314-1222 nömrəli məktubların məzmunundan görünür ki, təqdim edilmiş 01 ədəd 9 mm kalibrli, ГE-5882 №-li Makarov konstruksiyalı PM modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin «güllə-giliz» kartotekasında «ARSENAL» avtomatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanılmışdır. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. “MAKAROV” markalı, 9 kalibrli ГЕ-5882 nömrəli silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN BƏSİİ-də məlumat yoxdur. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 03 sentyabr 2022-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd ГE-5882 nömrəli, SSRİ dövründə istehsal olunmuş, 9 mm kalibrli, PM modelli, yivli-odlu döyüş silahı olan “Makarov" konstruksiyalı tapança, 03 ədəd Rusiya Federasiyasında istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlar, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş daraq maddi sübut kimi tanınmış və 01 ədəd ГE-5882 nömrəli, SSRİ dövründə istehsal olunmuş, 9 mm kalibrli “Makarov’' konstruksiyalı tapança, 02 ədəd 9x18 mm kalibrli patronlar, 01 ədəd 08 ədəd 9x18 mm kalibirli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş daraq saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmin qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Makarov” tipli tapançanın və 03 ədəd patronların aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Həmin disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə Nəsimi rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir (məhkumluğu ödənilmişdir). İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il tarixdə saat 13:25-də tutulmuşdur. İş materiallarında olan 19 avqust 2022-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat və vəsatətdən imtina edilmiş və məhkəmə iclas zalından azad edilmişdir. İş materiallarında olan 19 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş M.Ə.Əfəndiyev adına X4 X2 xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs hər 2 ağciyərin zirvəsində fibrotik dəyişikliklər müşahidə edilir və ağciyər çatışmazlığından əziyyət çəkir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış və məhkəmə baxışında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli tam sübuta yetir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını cəzanı yüngülləşdirən hallar, habelə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən belə hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyil və ona görə də ona sanksiya daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla bağlı məsələni müzakirə edərək məhkəmə nəticəyə gəlir ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd ГE-5882 nömrəli, SSRİ dövründə istehsal olunmuş, 9 mm kalibrli “Makarov’' konstruksiyalı tapança, 02 ədəd 9x18 mm kalibrli patronlar, 01 ədəd 08 ədəd 9x18 mm kalibirli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş daraq hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat saxlancına təhvil verilməlidir. Maddi sübut kimi tanınmış bir ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından 02 (iki) gün çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs aşkar olunmuş və maddi sübut kimi tanınmış 01 ədəd ГE-5882 nömrəli, SSRİ dövründə istehsal olunmuş, 9 mm kalibrli “Makarov’' konstruksiyalı tapança, 02 ədəd 9x18 mm kalibrli patronlar, 01 ədəd 08 ədəd 9x18 mm kalibirli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş daraq hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat saxlancına təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar