Məhkəmə qərarları › İş №1(011)-470/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-470/2021

11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-470/2021 11.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən psixotron maddə metamfetamin əldə edib üzərində saxlayıb daşımış və X7 Alayının əməkdaşları tərəfindən özünü şübhəli aparması səbəbindən 16 iyul 2021-ci il tarixdə saat 03:50 dəqiqədə Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən cəza çəkmə müəssisəsinin qarşısında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynindəki şalvarının sol arxa cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0,189 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, 15 iyul 2021-ci il tarixdə saat 23 radələrində NZS qəsəbəsində olan zaman əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı adını bilmədiyi şəxslə rastlaşmış, 20 manat pulu verərək sonuncudan «şüşə»adlı maddə almışdır. İstifadə edəcəyi üçün narkotik maddəni əynindəki göy rəngli şalvarın sol arxa cibinə çəkdiyi “Kent” siqaretinin qutusunun içərisinə qoymuşdur. Yaşadığı evin yaxınlığında olan zaman saat 03:50 dəqiqədə ərazidə xidmət aparan Çevik Polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib özünü təqdim etməyini tələb etmişlər. Özünü təqdim edəndən zaman cibində narkotik vasitə olduğundan özünü şübhəli apardığı üçün, polis əməkdaşları ondan narkotik maddə və ya hər hansı psixotrop maddə qəbul etməkdə şübhələnib onu 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Orada üzərində nə varsa təqdim etməyi bildirildikdə, əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən bir ədəd “Kent” markalı siqaret qutusunun içərisində gizlətdiyi gümüşü kağıza bükülmüş içərisində narkotik maddə «şüşə» olan bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən peşmandır, ailəsinə yeganə qazanc gətirən şəxsdir. Qeyd olunanları nəzərə alaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində qeyd etmişdir ki, DİN-nin ƏÇPA-nın 3-cü Patrul Bölüyündə polis nəfəri işləyir və Polis serjantı rütbəsindədir. 16 iyul 2021-ci il tarixdə saat 03:50 dəqiqə inzibati ərazidə AP 2436 çağırışlı avtopatrulla xidmətdə olmuşdur. Həmin vaxt onunla birlikdə iş yoldaşları polis serjantları X2 və X3 da xidmət aparmışdır. Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsinin qarşısında bir nəfər şəxsin özünü şübhəli aparmasını görmüşlər. Həmin şəxsin özünü şübhəli aparması onların diqqətini çəkmiş və avtomobili saxlayaraq həmin şəxsə yaxınlaşmışlar. O və iş yoldaşları həmin şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxsdən də özünü təqdim etməsini xahiş edib onu sorğu-sual etmişlər. Həmin şəxs üzərində heç bir rəsmi sənəd olmamasını bildirmiş və özünü təqdim edə bilməmişdir. Belə ki, həyəcanlanmışdır. Həmin şəxsin hərəkətlərindən onun narkotik vasitənin təsiri altında olmasından şübhələnmiş və həmin şəxsi Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Həmin şəxs də etiraz etməmişdir. 34-cü PŞ-nə gəldikdən sonra onlar bu barədə raportla PŞ-nin rəisinə məruzə etmişlər. Polis Şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra polis şöbəsinə vəkil dəvət edilmişdir. Xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarışda vəkil, o və iş yoldaşı Talib Novruzov iştirak etmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sol arxa cibindən “Kent” markalı siqaret qutusunun içərisində bir ədəd gümüşü rəngli kağıza bükülmüş ağ rəngli kristall şəkili maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin maddənin metamfetamin olmasını və Keşlə qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata almasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ağ rəngli kristal şəkilli həmin maddə elektron tərəzi ilə çəkilmiş və çəkisi 0.28 qram müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa hər hansı bir əşya aşkar olunmamışdır. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 152 saylı möhür ilə möhürlənmişdir. Zərfin üzərinə baxışda iştirak edən polis əməkdaşı, Kamran özü, vəkil və o, imza etmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğuna baxışda iştirak edən polis əməkdaşı, vəkil, Kamran və o, imza etmişdir. Məhkəmə şahid X1 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuş, həmin ifadəsində o, iş üzrə digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata götürmə barədə 16 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 16 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 16.07.2021-ci il tarixdə, saat 04:40 radələrində Bakı şəhər Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasında tutulmuşdur (i.v. 21); şəxsi axtarış və götürmə aparılması haqqında 16 iyul 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 03:50 dəqiqədə Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsinin qarşısında saxlanılaraq Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra sonuncu özü könüllü olaraq əynindəki şalvarının sol arxa cibindən “Kent” markalı siqaret qutusunun içərisində bir ədəd gümüşü rəngli kağıza bükülmüş ağ rəngli kristall şəkili maddəni çıxarıb təqdim etmiş, sonuncuya həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, Təqsirləndirilən şəxs də həmin maddənin metamfetamin olmasını və Keşlə qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata alamasını bildirmişdir. Aşkar edilmiş ağ rəngli kristal şəkilli həmin maddə elektron tərəzi ilə çəkilmiş və çəkisi 0.28 qram müəyyən olunmuşdur. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhür ilə möhürlənmişdir ( i.v. 25-26); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyul 2021-ci il tarixli 6/2890 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №152” dairəvi möhür əksi olan, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir kağız bükümdə təmiz çəkisi 0,189 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 33-36); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 16 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir ( i.v. 44); qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır ( i.v. 58-58); qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir ( i.v. 60); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış tələbnamənin 29.07.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur ( i.v. 70); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X4 X5 Komissiyasının 09 sentyabr 2021-ci il tarixli 3351 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür ( i.v. 82-83); sübutların qiymətləndirilməsi haqqında 06 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuş, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs ifadələri toplanmış bütün sübutların məcmusi ilə təqsdiq edildiyindən, şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertiza üzrə rəy, məhkəmə-narkoloji ekspertiza üzrə rəy, şəxsi axtarış və götürmə aparılması, diskə baxış protokolları iş üzrə sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,189 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ekspertiza tədqiqatı zamanı sərf edildiyindən qalıq 0,139 qram psixotrop maddə metamfetamin iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman çəkilmiş özündə videogörüntüləri əks etdirən bir ədəd DVD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınmış və cinayət işinə əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarı məhkəmə kimyəvi ekspertizasının rəyində göstərdiyi miqdara əsasən götürülmüş və həmin miqdarla ona ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir ( i.v. 87-94); təqsirləndirilən şəxsə elan olunmuş ittihama əlavələr edilərək ona yenidən ittiham elan edilməsi haqqında 06 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmunu əlavələr və dəyişiklik edilmiş və Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (i.v. 97); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynindəki şalvarının sol arxa cibindən “Kent” markalı siqaret qutusunun içərisində bir ədəd gümüşü rəngli kağıza bükülmüş ağ rəngli kristall şəkili maddəni çıxarıb masanın üzərinə qoyub içərisində şüşə olduğunu və öz istifadəsi üçün aldığını, həmin bükümün zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 1-ci qrafasına əsasən təmiz çəkisi 0,189 qram olan metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, gənc olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52- 1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,139 qram psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 91,76 (doxsan bir, yetmiş altı) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar