Məhkəmə qərarları › İş №1(011)-472/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-472/2021

03.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-472/2021 03.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Qum Adası, YYM-də yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs oğlu istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə, qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,283 qram və 0,058 qram olmaqla ümumi təmiz çəkisi 0,341 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 01 ədəd bükümdə 0,065 qram narkotik vasitə heroini əldə edib, əynindəki tünd göy rəngli şalvarın sağ yan cibində saxlayaraq, Bakı şəhəri, Xətai rayonu, A.Rəhimov küçəsi 13 ünvanının qarşısına daşımış, 17 iyul 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin əməkdaşları tərəfindən qeyd edilən ünvanda saxlanılaraq ünvan 5-cü Polis şöbəsinin inzibati binasına gətirilib orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki tünd rəngli şalvarın sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,283 qram və 0,058 qram olmaqla ümumi təmiz çəkisi 0,341 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə 0,065 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, 1 ildən çoxdur ki, narkotik vasitələrə qurşanmışdır. Narkotik vasitələri tanımadığı şəxslərdən əldə edərək qəbul etməyə başlamışdır. Sonuncu dəfə 16 iyul 2021-ci il tarixdə saat 19 radələrində Əhmədli metrosunun yaxınlığında Əkbər adı ilə tanıdığı şəxslə qarşılaşmışdır. Əvvəllər Əkbərdən bir neçə dəfə narkotik vasitə almışdır və Əkbərdən rahatlıqla narkotik vasitə tapa biləcəyini bilirmiş. Əkbərdən üzərində narkotik vasitə olub-olmadığını soruşduqda, Əkbər ona müsbət cavab vermişdir. Bundan sonra bir qədər kənara çəkilmişlər və o, Əkbərdən 20 manat qarşılığında 1 ədəd kağız bükümdə kakos adlandırdığı narkotik vasitə heroin və 2 ədəd kağız bükümdə şüşə adlandırdığı psixotrop maddə metamfetamin almışdır. Həmin heroini sabah istifadə etməyi düşünüb bükümləri əynindəki şalvarın sağ cibinə qoyub evə getmişdir. Səhəri gün üzərindəki narkotik vasitəni istifadə etmək üçün çölə çıxmışdır. Saat 12 radələrində Əhmədli qəsəbəsində piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib onu polis bölməsinə dəvət etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaxınlıqda yerləşən 34-cü Polis Şöbəsinə getmişdir. Müdafiəçi ilə təmin edillmiş, bundan sonra polis əməkdaşı ona üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa, təqdim etməyini təklif etmişdir və o, əynindəki şalvarının sağ cibindən içərisində metamfetamin olan iki ədəd bükümü və içərisində heroin olan bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşı bükümlər barədə ona sual verərkən həmin bükümlərin içərisində narkotik vasitə heroin və metamfetamin olduğunu və həmin narkotik vasitəni tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan əlavə o, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ildən Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 17 iyul 2021-ci il tarixdə, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, onları daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 17 iyul 2021-ci il tarixdə 12:00 radələrində Xətai RPİ-nin 34cü Polis Şöbəsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olan məlumat əsasında ünvan 6 ünvanda yerləşən binanın qarşısına getmişlər və həmin məhəllədə xarici əlamətlərindən Təqsirləndirilən şəxs müəyyən edərək ona yaxınlaşan zaman Təqsirləndirilən şəxs özünü şübhəli apararaq onları görüb qaçmağa başlamışdır. Dərhal orada Təqsirləndirilən şəxs yaxalamış və özlərini təqdim etmişlər. Sonra həmin şəxsdən şəxsiyyəti barədə məlumat verməsini istəmişlər və həmin şəxs özünü xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra həmin şəxsə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların bu təklifi ilə razılaşıb birlikdə Xətai RPİ-nin 34-cü PŞnə gəlmişdir. Polis Şöbəsində xidməti otaqlardan birində Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı polis mayoru Asiman İmaməli tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunaraq ona hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış və götürmə hərəkətləri keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs üzərində saxladığı qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıdığı, ekspertiza rəyindən sonra onlara məlum olan təmiz çəkiləri, 0,283 qram və 0,058 qram olmaqla ümumi təmiz çəkisi 0,341 qram olan 02 ədəd bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə 0,065 qram narkotik vasitə heroin əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 18 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibi olduğundan onun barəsində cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (i.v. 01); şübhəli şəxsin tutulması haqqında 17 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:00 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 17-18); şəxsi axtarış və götürmə aparılması haqqında 17 iyul 2021-ci il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş spesifik iyə malik, kustar üsulla hazırlanmış qəhvəyi rəngli toz halında olan narkotik vasitə, 2 ədəd ağ rəngli kağıza bükülmüş kristal şəklində maddələrə bənzər kütlə çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin ağ kağızların içərisində olan vasitələrin nə olması soruşulduqda, o, həmin ağ kağızlardaki maddələrin narkotik maddə olan kakos (heroin) və şüşə (metamfetamin) olmasını bildirmişdir. Həmin bükümlərdəki maddə elektron tərəzidə çəkilmiş və 1 ədəd ağ rəngli kağıza bükülmüş spesifik iyə malik, kustar üsulla hazırlanmış qəhvəyi rəngli toz halında olan narkotik vasitənin çəkisi 0,11 qram, 2 ədəd ağ rəngli kağıza bükülmüş kristal şəklində maddələrə bənzər kütlənin 0,11 və 0,48 qram olması məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin maddəni nə vaxt və hardan alması soruşulduqda o, Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının qarşısında adını Əkbər kimi tanıdığı şəxsdən özünün istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən bir ədəd zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (i.v. 30-32); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 6/2949 saylı, 18.07.2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №152” möhür əksi və “...Təqsirləndirilən şəxs...” və s.yazılar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,283 qram; 0,058 qram; ümumi təmiz çəkiləri 0,341 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 02 ədəd bükümdə metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd bükümdə təmiz çəkisi 0,065 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: heroin «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ), metamfetamin «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir (i. v. 43-46); 19 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 54-55); qətimkan tədbirinin seçilməsi haqqında 19 iyul 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 75-77); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 62, 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək ACDİÜ AR Məhkəməsinin 30.04.2010-cu il tarixli hökmünə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18.12.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14.08.2013-cü il tarixli hökmünə əsasən 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18.01.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i.v. 80-81); cinayət işinin icraata qəbul edilməsi haqqında 28 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi icraata qəbul edilərək istintaqı aparılmışdır (i.v. 100-101); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin 20.08.2021-ci il tarixli 3000 nömrəli Ambulator X1 rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.105-106); sübutların qiymətləndirilməsi haqqında 07 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,283 qram, 0,058 qram olmaqla, ümumi təmiz çəkisi 0,341 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd bükümdə 0,065 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq, tədqiqatdan sonra qalıq qalan 0,281 qram psixotrop maddə olan metamfetamin və 0,025 qram narkotik vasitə olan heroin saxlanılmaları üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmişlər, 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, CPM-nin 124.2.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilərkən heroinin miqdarının ekspert rəyinə uyğun götürülməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatla bağlı barəsində cinayət təqibinin başlanması rədd edilmiş, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, video diskə baxış protokolu, ekspertiza rəyləri sübut növü kimi tanınmışlar (i.v. 108-115); maddi sübutun tanınması və saxlanması haqqında 07 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,283 qram, 0,058 qram olmaqla, ümumi təmiz çəkisi 0,341 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd bükümdə 0,065 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq, tədqiqatdan sonra qalıq qalan 0,281 qram psixotrop maddə olan metamfetamin və 0,025 qram narkotik vasitə olan heroin saxlanılmaları üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmişlər (i.v. 117). Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş spesifik iyə malik, kustar üsulla hazırlanmış qəhvəyi rəngli toz halında olan narkotik vasitə, 2 ədəd ağ rəngli kağıza bükülmüş kristal şəklində maddələrə bənzər kütlə çıxararaq təqdim edir. Təqsirləndirilən şəxs həmin ağ kağızların içərisində olan vasitələrin nə olması soruşulduqda, o, həmin ağ kağızlardaki maddələrin narkotik maddə olan kakos (heroin) və şüşə (metamfetamin) olmasını bildirir. Həmin bükümlərdəki maddə elektron tərəzidə çəkilir və 1 ədəd ağ rəngli kağıza bükülmüş spesifik iyə malik, kustar üsulla hazırlanmış qəhvəyi rəngli toz halında olan narkotik vasitənin çəkisi 0,11 qram, 2 ədəd ağ rəngli kağıza bükülmüş kristal şəklində maddələrə bənzər kütlənin 0,11 və 0,48 qram olması məlum olur. Təqsirləndirilən şəxs həmin maddəni nə vaxt və hardan alması soruşulduqda o, Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının qarşısında adını Əkbər kimi tanıdığı şəxsdən özünün istifadəsi üçün 20 manata aldığını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,341 qram olan psixotrop maddə – metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Lakin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,065 qram olan narkotik vasitə olan heroinin çəkisi şəxsi istehlak miqdarından, yəni 0.15 qramdan az olduğundan və tərkib yaratmadığından həmin bənd ittihamdan çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasını şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində olan ACDİÜ AR Məhkəməsinin 30.04.2010-cu il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.4-cü maddəsinə əsasən ödənildiyindən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14.08.2013-cü il tarixli hökmü üzrə olan məhkumluğu CMnin 83.3.3-cü maddəsinə əsasən ödənildiyindən, hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, onun şəxsiyyətini, üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin miqdarını, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin islah olunması onu cəmiyyətdən təcrid etmədən mümkün olduğuna görə ona müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutularaq saxlanıldığı 17 iyul 2021-ci il tarixdən 19 iyul 2021-ci il tarixədək olan müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM- 93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə və psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 109 manat məbləğində ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), Təqsirləndirilən şəxs verilmiş ittihamdan 01 ədəd bükümdə şəxsi istehlak miqdarından az miqdarda olan 0,065 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində daşımaqla saxlaması ilə bağlı bənd xaric edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Suraxanı rayonu, Qum adası,YYM ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihamdan 01 ədəd bükümdə təmiz çəkisi 0,065 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində daşımaqla saxlaması ilə bağlı bənd xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 iyul 2021-ci il tarixdən 19 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qum adası,YYM ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş təmiz çəkisi 0,341 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,281 qram psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,065 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,025 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 109 (yüz doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar