Məhkəmə qərarları › İş №1(011)-472/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-472/2025

05.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-472/2025 05.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əhədzadə Firdovsi Hüseyn oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Gədəbəy rayonunda anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nında ya yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, barəsində həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs 08 iyul 2025-ci il tarixdə saat 21:45-də ünvan 4 ünvansız nalayiq ifadələrlə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşaiyət olunan qərəzli hərəkətlərlə səs-küy edərkən qonşu Zərərçəkmiş şəxs ona irad bildirməsini cuzi bəhanə edərək hərəkətlərini davam etdirib üzərində olan istintaqla müəyyən edilməyən silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs sinə nahiyəsindən bir dəfə vuraraq ona döş qəfəsinin sol yarısının ön divarının daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərərvuran xəsarət yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.3cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, evin qabağında içkili vəziyyətdə uca səslə danışdığı zaman zərərçəkmiş şəxs ona yaxınlaşaraq təmkinli olmağa, ətrafdakıları narahat etməməyə dəvət etmiş, o da Zərərçəkmiş şəxs ilə razılaşmışdır. Bu məqamda qonşular mübahisə etdiklərini düşünüb onlara yaxın gəlmişlər. Daha sonra o, ordan çıxıb getmiş, sonra polis əməkdaşları zəng edərək atasının bölmədə olduğunu və gəlməyəcəyi təqdirdə atası ilə bağlı tədbir görüləcəyini bildirmişlər. Bundan sonra bölməyə gəlmiş və atasına ziyan dəyməməsi üçün qarşısına qoyulan sənədlərə imza atmışdır. Ona qarşı istintaq qərəzli aparılıb. Sanksiya verilərkən onun prokurorla ünsiyyətinə qadağa qoyulub. Atasının 36-cı PŞ-də saxlanmağı və ona təzyiq göstərilməyi ilə bağlı heç bir sübutu yoxdur. İfadəsi alınarkən fiziki və psixi zor tətbiq edilməyib. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həyətə düşmüş, görmüşdür ki, Cavid kiminləsə ucadan danışaraq söyüş söyür. Ona yaxınlaşaraq iradını bildirmiş, Cavid də onunla razılaşmışdır. Bu əsnada həyətdə olan qonşular mübahisə etdiklərini düşünüb onlara yaxınlaşmış, bu məqamda kim olduğunu bilmədiyi şəxs tərəfindən ona bıçaqla zərbə vurulmuşdur. Hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxsla uzun müddətdir dostdur. xx.xx.2025-ci il tarixdə Rzalı ilə görüşüb birlikdə bir neçə saat vaxt keçirdikdən sonra saat 21:30 radələrində Rzalının yaşadığı Xətai rayonu, R.Məmmədov küçəsinə gəlmişlər. Rzalının ehtiyat hissələri mağazasından verdiyi sifarişləri yaşadığı ünvana yerləşdirməsinə kömək etmişdir. Blokun qarşısında bir nəfər şəxs olmuş və Rzalı həmin şəxslə salamlaşdıqdan sonra binaya daxil olub təxminən 10-15 dəqiqə ərzində ehtiyyat hissələri evə yerləşdirib yenidən Rzalı ilə birlikdə həyətə düşmüşlər. Bir qədər əvvəl Rzalı ilə salamlaşan Cavid adlı qonşunun içkili vəziyyətdə olması, nalayiq ifadələr işlətməsini görmüşdür. Rzalı, Cavidə yaxınlaşaraq ətrafda bir neçə qadınların olmasını, işlətdiyi nalayiq ifadələrin yaraşmadığını bildirib sakitləşməsini demişdir. Danışığın sonunda Cavid normal olaraq Rzalıya bildirmişdir ki, “sənin dediyin mənə aydın oldu düz deyirsən”. Uzaqlaşmaq istədikdə Cavid yenidən nalayiq söyüşlər işlətməyə başlamış və Rzalı yenə geriyə qayıdıb sakit olmasını bildirmişdir. Cavid ona baxıb Rzalıya üzərinə adam gətirməsini dedikdə, Rzalı ona demişdir ki, “ Cavid içkilidir, sən avtomobilə əyləş mən gəlirəm”. Avtomobilə əyləşsə də Rzalı ilə Cavidə baxmışdır və təxminən bir neçə saniyə sonra Cavidin, Rzalıya nə isə deməsini başa düşmüş və yenidən onlara tərəf yaxınlaşmışdır. Cavid, Rzalıya demişdir ki, “sən məni kimlərləsə səhv salma”. Həmin vaxt Cavidin yanında bir nəfər ailə üzvü olan xanım olmuş və sakitləşdirməyə çalışsa da Cavid nalayiq ifadələr işlədərək səs-küy salmış ətrafdakı qonşular nalayiq ifadələri eşitmişdir. Bu zaman Rzalı Cavidə sakit olmasını bir daha bildirsə də Cavid ani hərəkətlə cibindən bıçaq çıxarıb Rzalıya bir dəfə zərbə vurmuşdur. Rzalı geri çəkilərək bıçaqlanmasını bildirmiş və o dərhal təcili tibbi yardıma məlumat vermişdir. Hadisə zamanı ətrafda tanımadığı, həmin binada yaşayan qadınlar olmuşdur. Cavidin səs-küy salmasının nalayiq ifadə işlətməsinin şahidi olmuşdurlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 09 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış HK-1/1467 nömrəli material üzrə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə cinayət işi başlanılmış, istintaq aparılması üçün icraata qəbul edilmişdir ( i.v. 1); xx.xx.2025-ci il tarixli, HK-1-467 saylı raportdan görünür ki, xx.xx.2025-ci il tarixində 22:00 radələrində özünü ƏCPA-nın polis serjantı kimi təqdim edən X3 zəng edərək bibisi oğlu Cəfərov Rzanın qonşusu Cavid tərəfindən bir bıçaq zədəsi yetirilməsini bildirdi ( i.v. 6); xx.xx.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə 08 iyul 2025-ci il tarixdə saat 21:45-də ünvan 4 baş vermişdir.(i.v 7-11) 09 iyul 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 iyul 2025-ci il tarixində saat 18:05-də tutulmuşdur.(i.v 27) Zərərçəkmiş şəxs tərəfindən Xətai RPİ İŞ-nin rəisinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, xx.xx.2025-ci il tarixində saat 21 radələrində yaşadığı binanın qarşısında Cavid adlı qonşu ilə xırda mübahisədən sonra ürək nahiyəsindən bıçaq zərbəsi almışdır. Hadisə ilə bağlı şikayəti yoxdur. (i.v 37) Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Hərbi Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə AR CM-nin 333.2-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə inzibati xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.5, 185.2.3, 333.1, 62, 66, 66.4-cü maddələrinə əsasən 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 09 ay 12 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2024-cü il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 01 il 05 ay 05 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2025-ci il tarixdə cəzası tam bitmişdir. (i.v 52-54) 11 iyul 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v 55) 11 iyul 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.(i.v 65-66) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(011)-383/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 iyul 2025-ci il tarixdən hesablanması qərara alınmışdır (i.v 92-97) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(101)-299/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.(i.v 105-112) 04 avqust 2025-ci il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, diskin içərisində 01 ədəd “mp4” formatlı video görüntü mövcuddur. Videogörüntü hadisənin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 20 saylı ünvanda binanın qarşısındakı ərzaq mağazasının təhlükəsizlik kamerası ilə çəkilmiş görüntüdür. xx.xx.2025-ci il tarixdə saat 21:53-də mağazanın giriş qapısının önündə bir neçə qadının dayanaraq hər birinin eyni istqamətdə təəcüblü formada eyni istqamətə nəzər salmaları, sanki hansısa hadisə baş vermiş kimi müşahidə aparmaları sonradan qorxmuş şəkildə hamsının eyni anda mağazaya daxil olmaları müəyyən edildi. Zərərçəkmiş şəxs videgörüntüyə baxıb hadisənin baş verdiyi yer olmasını, Cavidin orada nalayiq ifadələr işlətməsini, lakin kameranın görüntü bucağının tam şəkildə hadisə yerini qeydə ala bilməməsini, marketin qarşısında dayanıb sankı baş vermiş qeyri–etik hadisəyə nəzər salırlarmış kimi baxan qadınların orada yaşayan və ya oradan keçən şəxslər olmasını və həmin vaxt videogörüntüdən də bəllli olduğu kimi Cavidin nalayiq söyüşlər işlədərək mübahisə etməsinə içtimai yerdə qeyri etik davranışına nəzər salmalarını bildirmişdir.(i.v 125) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-tibbi ekspertiza və X2" X4 daxil olmuş xx.xx.2025-ci il tarixli 751 saylı rəyində göstərilmişdir ki: Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön divarının daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət iti uca və kənara malik əşya (ola bilsin bıçaq) təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Vət.Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə öz-özünə yetirməsi inkar olunur. (i.v 126-128) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2025-ci il tarixli 325/2025-MTKŞ saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarısının orta hissəsində 01 (bir) ədəd kəsilmiş-deşilmiş zədə vardır. Bu zədə kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastıtiyə tipli deşici-kəsici alətin (əşyanın) ola bilsin ki, bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdir. (i.v 129-133) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 502/2025-TBŞ saylı rəyində göstərilmişdir ki, təqdim edilmiş sənədə (şəxsiyyət vəsiqəsinin kserosurətinə) əsasən Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu 0/İ/-dir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzərindən tədqiq olunduqda yalnız H antigeni alındı. AB0 sistemi üzrə alınmış H antigeni tək halda 0(İ) qruplu insan qanı formalaşdığı üçün qan ləkələrinin həmin qruplu şəxsə məxsus olmasını söyləmək olar. Göstərilən halda bu qan ləkələrinin AB0 sistemi üzrə eyni qruplu Zərərçəkmiş şəxs məxsus olması inkar olunmur.(i.v 134-138) 12 sentyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasa CM-nin 221.3-cu maddəsi ilə yeni məzmunda ittiham elan edilsin va barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınması, Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 751 saylı, məhkəmə-tibbibioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 502/2025-TBŞ saylı və məhkəmə-tibbikriminalistik ekspertizasının xx.xx.2025-ci il tarixli 325/MTKŞ-2025 saylı rəyləri iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29, 120 və 128-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilməsi və Azərbaycan Respublikası Baş prokurorunun "İşin təşkili qaydalarının" 346.13.04 bəndinə əsasən cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi epizodları ilə əlaqədar materiallar cinayət işindən ayrılaraq Bakı şəhəri Xətai rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş hesab edilməsi və əməlində cinayətlərin residivinin olması nəzərə alınması, iş üzrə bir ədəd DVD disk maddi sübut kimi tanınması və iş materillarına əlavə edilməsi, iş üzrə baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək maddi sübut kimi tanınması və saxlanması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs məsuliyyətini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi nəzərə alınması qərara alınmışdır. (i.v 139-145) Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında 15 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir ( i.v. 153-154) Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadədə ittihamda qeyd edilənlərdən fərqli məzmunda izahat verdiyindən məhkəmə tərəfindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilmişdir (CPM 327.1.3). Təqsirləndirilən şəxsin yenidən dindirilməsi barədə 15 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, psixi və fiziki qüsuru yoxdur. Əvvəllər cinayət hadisəsi törətdiyi üçün 2019-cü il tarixdə həbs olunmuş və 2024-cü ilin yanvar ayının sonunda azad olunmuşdur. 2015-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi ev 20 ünvanında həyat yoldaşı ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs azadlığa çıxdığı müddətdən etibarən 9-cü mərtəbədə yaşayan qonşu kimi tanımış və əvvəllər aralarında heç-bir mübahisə və ya ədavət olmamışdır. xx.xx.2025-ci il tarixdə yaşadığı evdə olarkən axşam radələrində bir qədər spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətdə yoldaşı Sevinclə sözlə mübahisə etmişdir. Mübahisənin sonunda əsəbləşərək evdən çıxıb küçədə bir qədər hava almaq qərarına gəlmiş və evdən çıxan zaman mətbəxdən bir ədəd kiçik ölçülü bıçağı üzərində götürmüşdür. Sərxoş olduğundan nə səbəbə üzərində bıçaqla çıxmağını xatırlamır. Binadan çıxarkən blokun qarşısında Rzalını görmüşdür. Həmin vaxt sərxoş vəziyyətdə bir qədər səs-küy etdiyindən Rzalı yaxınlaşaraq sakit olmasını bildirmişdir. Rzalı hər hansı bir nalayiq ifadə bildirməmiş lakin, dedikləri onda qıcıq yaratdığı üçün Rzalıya iradını bildirmişdir. Aralarında yaranmış mübahisə zamanı üzərindəki şalvarının sağ yan cibində olan bıçağı çıxarıb Rzalıya ön hissədən bir dəfə vurmuşdur. Həmin an səhv hərəkət etdiyini başa düşüb dərhal dayanmışdır. Bir qədər kənara çəkilmiş, Rzalının yanına kimsə gələrək harasa apardığını görmüşdür. Sonra yaşadığı evin qarşısını tərk edib yolda olarkən əlindəki bıçağı küçədə xatırlamadığı qaranlıq yerə tullamışdır. Avtovağzala gedərək orada xatırlamadığı taksi ilə Şəmkir rayonuna yola düşmüşdür. Rayona çatdıqda artıq hava işıqlanmağa başlamış və bir qədər özünə gələrək yoldaşına eyni zamanda, atasına zəng etmişdir. Daha sonra polis əməkdaşlarının onu axtaracağını başa düşüb Bakı şəhərinə qayıtmış və 36-cı polis şöbəsinə gedib təslim olmuşdur (i.v. 165-167); Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəyə münasibətdə məhkəmə qeyd edir ki, istintaqda verdiyi ifadə ilə məhkəmə istintaqında verilmiş ifadələr arasında ziddiyyətlər olsa da, təqsirləndirilən şəxs nəticə etibarilə törətdiyi hadisəni etiraf etmiş, digər ifadələri isə özünümüdafiə məsədilə cinayət məsuliyyətindən azad olunmaq üçün vermişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqında verdiyi ifadədə ittihamda qeyd edilənlərdən fərqli məzmunda izahat verdiyindən məhkəmə tərəfindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilmişdir (CPM 327.1.3). Zərərçəkmiş şəxsin dindirilməsi barədə 11 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, heç bir psixi pozuntusu yoxdur. Fərdi əmək fəliyyəti ilə məşğul olur. 2021-ci ildən ünvan 6 ünvanında yaşayır və Təqsirləndirilən şəxs yaşadığı binada qonşu olaraq tanıyır. Əvvəllər aralarında heç bir ədavət və ya düşmənçilik olmamış qonşu olaraq tanışlığı olmuşdur. 08 iyul 2025-ci il tarixdə saat 21 radələrində dostu Elmirlə yaşadığı ünvanın qarşısına gəlmişdir. Həmin vaxt avtomobili binanın qarşısında saxlamış və avtomobildən yük götürüb yaşadığı ünvana qalxmaq istədikdə Cavidin blokun önündə dayanıb içkili vəziyyətdə olmasını görmüşdür. Həmin vaxt Cavidlə salamlaşıb demişdir ki, “qonşu avtomobil kiməsə maneə yaratsa deyərsən 3-4 dəqiqəyə gəlirəm”. Cavid bildirmişdir ki, “narahat olma mənim kefim yaxşıdır”. Bunu eşitdikdə heç bir söz demədən bloka daxil olub Elmirlə birlikdə yükü yaşadığı evə aparıb təxminən 5 dəqiqə sonra yenidən çıxmışlar. Binanın qarşısına çıxanda Cavidin küçənin ortasında insanların oradan keçməsinə baxmayaraq yüksək səslə içkili vəziyyətdə yanındakı həyat yoldaşına nalayiq ifadələr dediyini görmüşdür. Yay mövsümü olması ilə bağlı düşünmüşdür ki, yaşadığı evin pəncərələri açıqdır və valideyni həmin söyüşləri eşidə bilər, bu səbəblə Cavidə yaxınlaşmış və normal şəkildə demişdir ki, “qonşu imkan varsa bir qədər asta danış buradan kənar şəxslər keçir ayıbdır, nalayiq ifadələr işlətmə”. Cavid demişdir ki, “sən bilirsən mənim nə problemlərim var?”. Cavabında bildirmişdir ki, “hamının problemləri var, lakin küçənin ortasında söyüş söymək lazım deyil”. Cavid demişdir ki, “məhləyə başqa-baqşa insanlar gələndə onlara söz deyə bilmirsən, mənə irad bildirirsən, sən məni nə hesab edirsən?”. Bunu eşitdikdə Cavidə bildirmişdir ki, “əgər kiməsə söz demək lazımdırsa, siz deyə bilmirsizsə mən deyərəm, amma burada söyüş söymək lazım deyil, mənim evdə yaşlı anam var, küçəyə çıxa bilər, istəmirəm bu söyüşləri eşitsin”. Bu zaman Cavidin həyat yoldaşı ona bildirmişdir ki, “sən məni tanıyırsan Cavidə fikir vermə içkilidir.” Belə olduqda üzrxahlıq edərək oradan uzaqlaşmaq istədikdə Cavid arxasından qışqırıb “ə bura gəl görüm sən kimsən.” demişdir. Yenidən Cavidə yaxınlaşmış, aralarında danışıq zamanı Cavid heç bir səbəb olmadan üzərindən bıçaq çıxarıb onu bir dəfə vurmuşdur. Belə olduqda dərhal geriyə doğru çəkilmiş və yaralandığını müəyyən etmişdir. Bu zaman dostu Elmir nə baş verməsini soruşduqda dərhal onu yaşadığı evə yaxın təcili yardıma çatdırmasını bildirmişdir. Daha sonra xəstəxanaya getmişdir. Yolda olarkən hadisə barədə qohumu polis əməkdaşı Turala zəng edib məlumat vermiş və nə etməli olduğunu soruşduqda Tural bu barədə 102 xidmətinə məlumat verəcəyini bildirmişdir. O, bıçaqlayan şəxsin Cavid olduğunu dəqiq görməmiş, lakin hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur (i.v 60-67) Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü cinayət məsuliyyətindən kənarda qoymaq niyyətinə dəlalət edir. Məhkəmə həmin xüsusat ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin bu ifadəsi özünün ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi və digər sübutlarla təkzib edilir. Təqsirləndirilən şəxs i.v 165-167-də olan ifadəsində törətdiyi əməli tam etiraf etmişdir. Məhkəmə Zərərçəkmiş şəxs onu bıçaq ilə vuran şəxsi görməməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və hesab edir ki, zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxsin qonşu olması ilə əlaqədar zərərçəkmiş şəxsin bu kimi ifadə verməsinə və qonşuluq münasibətləri ilə əlaqədar ona kömək etmək niyyəti kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs ilkin ərizəsində Cavid adlı şəxsin onu bıçaqlamasını bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs i.v 60-67-də olan ifadəsində ona Cavidin bıçaqla xəsarət yetirərək xuliqanlıq etməsini özünün ifadəsi ilə təsdiq etmişdir. Məhkəmə Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsinin tərkib əlamətlərinin müəyyən etmir və həmin xüsusat ilə əlaqədar prokurorluğa məlumat göndərilməsi məqsədə müvafiq hesab edilmir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 221.1-ci maddəsinə görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər— min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.2-ci maddəsinə görə eyni əməllər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.3-cü maddəsinə görə Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayətinin olmamasını (CM59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əvvəllər ağır cinayətə görə məhkum olunması və məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən az ağır cinayət törətdiyindən məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal cinayətin residivi (CM 61.1.1) mövcuddur. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalı, Xətai RPİ-nin saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir (CPM-132). Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmək üçün cinayət işi materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 30 (otuz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 09 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut 01 (bir) ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Maddi subut - Xətai RPİ-nin saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 30 (otuz) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 330 (üç yüz otuz) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar