Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-474/2021 14.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhər 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, bir uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şuşa rayonu, Kiçik Qaladərəsi kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan təbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 01 iyun 2021-ci il tarixdə, saat 19:30-da Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində “Chevrolet Aveo” markalı avtomobili idarə edən Zərərçəkmiş şəxs ilə “Hyundai H1” markalı avtomobili idarə edən atası Şahid1 arasında yol vermək səbəbindən aralarında yaranmış mübahisə zamanı, həmin küçədə yerləşən “Yenisey” restoranının qarşısında Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, ətrafda olan insanların gözü qarşısında Zərərçəkmiş şəxs yumruq və yerdən götürdüyü dəmir parçasını silah qismində istifadə etməklə baş nahiyəsinə vuraraq ona baş-beyin silkələnməsi ilə müşayiət olunan başın sağ-təpə nahiyəsinin əzilmiş yarası, sol təpə-ənsə nahiyəsinin dərialtı hematoması ilə müşayiət edilən, ümumilikdə və ayrı-ayrılıqda dərəcələrinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə olan ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 01.06.2021-ci il tarixdə saat 19 radələrində atası Şahid1 ilə birlikdə atasının idarə etdiyi **-XY-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Hl” markalı avtomobillə Əhmədli metro stansiyasından üzü Xətai rayonu, Gəncə prospekti istiqamətində hərəkət edən zaman Ukrayna dairəsini girib Gəncə prospekti istiqamətinə döndükdə qarşıda piyada olduğu üçün atası qəfildən sürəti azaltmışdır. Bu zaman arxada olan ‘'Chevrolet Aveo“ markalı avtomobil siqnal verərək onlara irad bildirmişdir. Sonra həmin sürücü öz avtomobili ilə qarşılarına keçərək avtomobilindən enib onların avtomobilinə tərəf gəlməyə başlamışdır. Həmin sürücü atasını nalayiq söyüşlərlə təhqir etməyə başlamışdır. Həmin vaxt o, avtomobildən düşüb yaxınlaşaraq həmin şəxsə söyüşlə cavab vermişdir. Həmin sürücüyə söhbəti yoldan kənar yerdə davam etdirməyə çağırmışdır. Avtomobillərinə əyləşərək sürücünün arxasınca hərəkətə başlamışlar. Xətai rayonu, Vunq Tau küçəsində yerləşən “Yenisey” restoranının yaxınlığında həmin sürücü avtomobili saxlamışdır. Atası da avtomobili saxladıqdan sonra həmin yerdə düşmüşlər. Atası həmin sürücü ilə sözlə mübahisə edərək tutuşmuşlar. Həmin vaxt səs-küyə ətrafa olan şəxslər toplaşmağa başlamışdır. Həmin sürücünün yanında olan şəxs onu qucaqlayaraq kənara çəkmişdir. Həmin vaxt o, sürücünün atasının yaxasından tutaraq təhqir etdiyini görmüşdür. O, həmin sürücünün atası ilə tutaşdığını görmüşdür. Sonra ətrafdakı şəxslər atasını ayırıb kənara aparmışlar. Atasını söyüşlə təhqir etdiyinə görə yerdən tapdığı dəmir parçası ilə həmin sürücünün başına zərbə vurmuşdur. Həmin şəxs başını tutub yerə oturmuşdur. Bundan sonra atası ilə birlikdə öz avtomobillərinə əyləşib oradan uzaqlaşmışlar. Daha sonra əməlindən peşman olduğunu, səmimi etirafını, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı heç bir tələb və şikayətin olmamasını, ilk məhkumluğunu, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iclasında ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2 ilə yaxındır ki, "xxxx" MMC-də mühafizəçi kimi işləyir. 01.06.2021-ci il tarixdə işdən çıxıb idarə etdiyi **-DB-*** dövlət qeydiyyat nişanlı, Chevrolet Aveo markalı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən evlərinə doğru hərəkət etmişdir. Həmin vaxt yanında dostu Şahid3 də olmuşdur. Xətai rayonu, Ukrayna dairəsindən üzü Gəncə prospektinə hərəkət edən zaman dairəyə onunla bir yerdə daxil olan “Hyudai H-l” markalı avtomobil qəflətən onun yoluna çıxmışdır. O da həmin avtomobil ilə qəza etməmək üçün siqnal verərək avtomobili sola doğru çəkib əyləci basmışdır. Həmin avtomobili keçdikdən sonra sağ tərəfinə keçmiş və iradını bildirmişdir. Sürücünün əl qol hərəkətlərini görərək maşını 100 metr irəlidə saxlamışdır. Həmin şəxsin idarə etdiyi avtomobilə çatan zaman sürücüyə öz iradını bildirərək qəza şəraiti yaratdığını və onun avtomobilini vuracağını bildirmişdir. Həmin şəxs avtomobildən düşərək ona doğru gəlmiş və əsəbi şəkildə qışqıraraq “Sən kimsən mənim maşınımı saxlatdırırsan” deyərək mübahisə etməyə çalışmışdır. Həmin vaxt dostu Alim maşından enərək onları ayıraraq onu maşına əyləşdirmişdir. Həmin şəxslər onun sözlərinə məhəl qoymayaraq burada çox adam olduğunu və maşını alt yola - yəni Vunq tau küçəsinə, sürməyini bildirmişdir. O da idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsinə doğru hərəkət etmişdir. Həmin avtomobil də arxasınca gəlmişdir. Vunq Tau küçəsinə maşınlarını saxlayaraq yerə enmişlər. Sürücü onun üstünə gələrək əl-qol atmış və onu təhqir etməyə başlamışdır. O da cavabında həmin sürücünü söymüşdür. Söyüş söyən zaman sürücünün yanında olan şəxs əlinə dəmir parçası götürərək onun başından vurmuşdur. Zərbənin təsirindən başı qanamışdır. Həmin şəxslər hadisə yerindən uzaqlaşdıqdan sonra ətrafda olan şəxslər su və digər tibbi ləvazimatlar gətirərək ona ilkin tibbi yardım etmişlər. Baş verən münaqişə 5- 10 dəqiqə davam etmişdir. Hadisə baş verən zaman orada dostu Şahid3 və tanımadığı 5- 6 nəfər şəxs olmuşdur. Sonra dostu Samirə zəng vuraraq tanımadığı şəxslər tərəfindən döyüldüyünü və başından ciddi xəsarət aldığını bildirmişdir. Bir neçə dəqiqə sonra dostu Samir hadisə yerinə gələrək ona məxsus avtomobili idarə edərək onu əvvəlcə Ukrayna dairəsi yaxınlığında yerləşən Təcili Tibbi yardıma aparmışdır. Orada ona yardım göstərildikdən sonra onu 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar. Həmin xəstəxanada başını rentgen etmişlər və başının sağ tərəfinə tikiş qoyulduqdan 1-2 saat sonra evə buraxmışlar. Daha sonra o, Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək ona cəza təyin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 01.06.2021-ci il tarixdə saat 19 radələrində oğlu Təqsirləndirilən şəxs ilə birlikdə idarə etdiyi **-XY-*** dövlət qeydiyyat nişanlı, Hyundai H-1 markalı avtomobil ilə Əhmədli metro stansiyasından üzü Xətai rayonu, Gəncə prospekti ev 20A ünvanına gedərkən Ukrayna dairəsini Gəncə prospekti istiqamətinə döndükdən sonra qarşıda olan piyada keçidində yolu keçən piyadalara yol vermək üçün maşını dayandırmışdır. Həmin vaxt arxasında olan “Chevrolet Aveo” markalı avtomobil ona siqnal verərək uca səslə qışqırmağa başlamışdır. O da əli ilə insanları göstərərək piyadalara yol verdiyini bildirmişdir. Sonradan adını öyrəndiyi Fərid öz qara rəngli avtomobili ilə onun qarşısına keçərək qəfil qabağını kəsmiş və avtomobilindən enərək onu təhqir etməyə başlamışdır. Daha sonra yolu kəsməmək üçün söhbəti yoldan kənarda davam etdirməyi təklif edərək avtomobilini hərəkət etdirmişdir. Bu səbəbdən onun arxasınca hərəkət etmişdir. Fərid Gəncə prospektindən Vunq Tau küçəsinə doğru hərəkət edib maşınları heç kimin olmadığı yerdə saxlamışdır. Avtomobilləri saxladıqdan sonra Fərid öz avtomobilindən enərək ona doğru hərəkət etmişdir. Həmin vaxt o da avtomobildən düşərək Fəridə doğru getmişdir. Fərid ona çatan kimi yaxasından tutaraq onu təhqir etməyə başlamışdır. O, Fəridlə tutuşan zaman Fəridin ayağı qazılmış torpaq sahəsinə ilişmiş və Fərid büdrəyərək yerə yıxılmışdır. Hadisə baş verən zaman orada Fəridin dostu və ətrafda yığışan 5- 6 nəfər olmuşdur. Onları ətrafda olan şəxslər aralamışlar və tanıdığı taksi sürücüsü Anar adlışəxs onun qolundan tutaraq çayxanaya tərəf aparmışdır. Fəridin yanında olan dostu isə onun oğlu Qabili qucaqlayaraq saxlamışdır . Daha sonra Fəridlə oğlu Qabilin tutaşaraq mübahisə etdiklərini və orada olan şəxslər tərəfindən araladıqlarını çayxanada eşitmişdir. Qabilin Fəridi başından dəmirlə vurduğu anda çayxanada olduğundan görməmişdir. Bir neçə dəqiqə sonra oğlu Qabil onun yanına gəlmiş və onlar birlikdə evə getmişlər. Münaqişə təxminən 5 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dostudur. 01 iyun 2021-ci il tarixdə saat təxminən 19:30 radələrində Fəridin idarə etdiyi **-DB-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Aveo” markalı avtomobil Xətai rayonu, Ukrayna dairəsindən üzü Gəncə prospektinə hərəkət edən zaman dairəyə onlarla bir yerdə daxil olan “Hyudai H-l” markalı avtomobil qəflətən qarşıda dayanmışdır . Fərid də həmin avtomobil ilə qəza etməmək üçün siqnal verərək avtomobili sola doğru çəkib əyləci basmışdır. Həmin avtomobil Fəridin idarə etdiyi avtomobili keçdikdən sonra Fərid həmin avtomobilin sağ tərəfinə keçmiş və iradını bildirmişdir. Həmin avtomobildə olan şəxslər əl qol hərəkətləri göstərdikləri üçün Fərid avtomobili irəlidə saxlayıb avtomobildən düşərək həmin sürücüyə tərəf getmişdir. Həmin vaxt o, “Hyudai H-l” markalı avtomobildə olan sərnişinin avtomobildən yerə enib Fəridlə mübahisə etdiyini görmüş və o da avtomobildən enib onlara yaxınlaşaraq Fəridi idarə etdiyi avtomobilə əylədirmişdir. Həmçinin o, “Hyudai H-l” markalı avtomobildə olan sürücüyə və Qabil ilə söhbət edərək məsələni bağlamalarını bildirib geri qayıdaraq Fəridin idarə etdiyi avtomobilə əyləşmişdir. O, avtomobilə əyləşdikdən sonra “Hyudai H-l” markalı avtomobil onların avtomobilinə yaxınlaşmış və Qabil Fəridə söyüş söydüyünə görə söhbətə aydınlıq gətirmək üçün avtomobili Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsinə sürməsini bildirmişdir. Fərid də idarə etdiyi avtomobili Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsinə doğru hərəkət etmiş və “Hyudai H-l” markalı avtomobil də onların avtomobilin arxası ilə gəlməyə başlamışdır. X8 küçəsində yerləşən “Yenisey” restoranının yaxınlığında çatdıqda Fərid avtomobili saxlamış və onlar avtomobildən yerə düşmüşlər. Həmin vaxt “Hyudai H-l” markalı avtomobildə sərnişin olan Qabil Fəridin üstünə gedən zaman o, araya girib Qabili saxlamışdır. Adını sonradan Valeh olduğunu öyrəndiyi sürücü Fəridin üzərinə gedərək sözlə mübahisə etməyə başlamışlar. Yaranmış səs-küyə oraya gələn şəxslər Fəridlə Valehi ayırıb kənara çəkmişlər. Onlar bir-birlərini söymüşlər. Fərid söyüş söyən zaman Qabil əlinə yerdən dəmir parçası götürərək Fəridin üzərinə cumaraq dəmir parçası ilə sonuncunun başından vurmuşdur. Zərbənin təsirindən Fəridin başından qan gəlməyə başlamışdır. Bundan sonra Qabil oradan uzaqlaşmışdır. Hadisə 5-6 dəqiqə çəkmişdir. Sonra hadisə yerində gəlmiş tanımadığı şəxslər su və digər tibbi ləvazimatlar gətirərək Fəridə ilkin tibbi yardım göstərmişlər. O, avtomobil idarə edə bilmədiyi üçün Fərid dostu Samirə zəng vuraraq hadisə yerinə çağırmışdır. Bir qədər sonra Samir hadisə yerinə gəlmiş və Fəridi avtomobilə qoyaraq Ukrayna dairəsi yaxınlığında yerləşən Təcili Tibbi yardıma aparmışlar. Orada Fəridə ilkin yardım göstərildikdən sonra sonuncunu Bakı şəhər 3 saylı xəstəxanaya aparmışlar. Onlar da Fəridə məxsus avtomobil ilə xəstəxanaya getmişlər. Xəstəxanada Fəridə tibbi yardım göstərilmiş və başının sağ hissəsinə tikiş qoyulmuşdur. Bundan sonra Samir Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Şahid1 bir taksi sürücüsü kimi tanıyır. Onun oğlu Qabili də əvvəldən tanımışdır. 01.06.2021 -ci il tarixdə təxminən 19 radələrində Xətai rayonu Vunq Tau küçəsində yerləşən “Yenisey” restoranının yaxınlığında çayxanada olan zaman ucadan gələn səs-küy diqqətini cəlb etmişdir. Səs gələn istiqamətə baxdıqda iki avtomobildən düşən şəxslərin mübahisə etdiklərini görmüşdür. Hadisə yerinə yaxınlaşdıqda Valehin tanımadığı bir şəxslə tutaşaraq sözlə mübahisə etdiklərini görmüşdür. Hadisə yerinə ondan başqa daha 5-6 nəfər şəxs səs-küyə gəlmişdir. Söz-söhbət böyüməsin deyə Valehin qolundan tutaraq onu çayxanaya tərəf aparmışdır. Valehin oğlu Qabilin də hadisə yerində ucadan danışdığını görmüşdür, lakin onun kiminsə vurma anını görməmişdir. İş üzrə şahid Şahid2 məhkəməyə teleqram vuraraq Ucar rayonunda ezamiyyətdə olduğunu, istintaq zaman verdiyi ifadəsini təsdiqlədiyini qeyd edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə teleqramı nəzərə alaraq şahidin ifadəsini elan edərək tədqiq etmişdir. Şahid2 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Dövlət Neft şirkətinin 2 saylı Nəqliyyat İdarəsində sürücü kimi fəaliyyət göstərir. Hər gün saat 09-00 dan axşam saat 18 radələrinədək işdə olur. Zərərçəkmiş şəxs 8 ildir ki tanımışdır. Fəridlə dostluq münasibətləri vardır. Fərid onların yaxınlığındakı məhəllədə yaşamışdır. Dostluq münasibətləri olduğundan tez-tez görüşüb söhbətləşmişlər. 01 iyun 2021-ci il tarixdə evdə olduğu zaman Fərid ona zəng vuraraq təcili Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsinə gəlməsini bildirmişdir. O, Fəriddən nə baş verdiyini maraqlandıqda Fərid ona 2 nəfər tanımadığı şəxs tərəfindən döyüldüyünü və təcili olaraq onu xəstəxanaya çatdırmalı olduğunu bildirmişdir. O da tələsik evdən çıxaraq avtomobili ilə həmin hadisə yerinə getmişdir. Hadisə yerinə çatan zaman Fəridin yerdə oturub əli ilə başını tutduğunu və başından qan axdığını görmüşdür. Tez Fəridi özünə məxsus Chevrolet Aveo markalı avtomobilə mindirib, Ukrayna dairəsi yaxınlığında yerləşən təcili tibbi yardıma aparmışdır. Orada Fəridə ilkin yardım göstərildikdən sonra sonuncunu Bakı şəhər 3 saylı xəstəxanaya aparmışlar. O da Fəridə məxsus avtomobil ilə həmin xəstəxanaya getmişdir. Xəstəxanada Fəridə tibbi yardım göstərmişlər və başının sağ hissəsinə tikiş qoymuşlar. Bundan sonra o, Fəridin vəziyyətinin heç də yaxşı olmadığını görüb Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub Fəridin tanımadığı şəxslər tərəfindən döyülməyi barədə məlumat vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X6 tərəfindən verilmiş 05.08.2021-ci il tarixli, 14/447 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs baş-beyin silkələnməsi ilə müşayiət olunan başın sağ-təpə nahiyəsinin əzilmiş yarası, sol təpə- ənsə nahiyəsinin dərialtı hematoması müəyyən edildi. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi 01.06.2021-ci il tarixdə kənar şəxslər tərəfindən törənə bilərdi, dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. İş materiallarında olan (iş vərəqi 67) 08 sentyabr 2021-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2021-ci il tarixdə saat 01:00-da tutulmuşdur. İş materiallarında olan 09 sentyabr 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair verilmiş vəsatətin müdafiə olunmasından prokuror Sərdar İmanov imtina etmiş və Təqsirləndirilən şəxs dərhal X2 azad edilmişdir. İş materiallarında olan 09 sentyabr 2021-ci il il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən 21.08.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş elektron çıxarışdan məlum olur ki, Süleymanov Təqsirləndirilən şəxs Nazlı Asəf qızı ilə nikah bağlamış və həmin nikahdan 07 may 2020-ci il təvəllüdlü Şahid1 adlı bir azyaşlı uşaqları var. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin verdiyi ifadələri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli olması tam sübuta yetirildi. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə iclaslnda dindirilmiş şahid ifadələrindən məlum oldu ki, Təqsirləndirilən şəxs yolda baş vermiş insidentə görə bildirilmiş iradı özünə təhqir və alçalma kimi qəbul etmiş və məsələni həll etmək üçün, yəni qisas almaq üçün zərərçəkmişi kənara dəvət edərək orada dəmir parçası ilə onun başından xəsarət yetirmişdir. Bu xüsusat məhz onun özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini güman etməyi ehtiva edir. Belə ki, zərərçəkmiş şəxslə onun arasında heç bir şəxsi münasibət zəmininin olmadığı müəyyən olunur. Hadisə zamanı yaranmış səs-küy yaxında olan çayxanada istirahət edən şəxslərin diqqətini cəlb edir və onlar hadisənin şahidi olurlar. Həmin şəxslər onları sakitləşdirmək üçün hadisə yerinə gəlirlər. Bu fakt isə təqsirləndirilən şəxsin öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu bir daha təsdiq edir. Yuxarıda sadalanan faktlara əsasən məhkəmə hesab edir ki, baş vermiş hadisəni şəxsi münasibətlər zəminində törədilmiş cinayət kimi qiymətləndirmək düzgün olmaz. Bu səbəbdən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ilk məhkumluğunu, bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal, habelə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakaterizə edən amillərdəndir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təyin olunacaq cəzanın şəxsin ailəsinin həyat şəraitinə təsirinin nəzərə alınması qeyd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs 02 (iki) gün istintaq zamanı tutulduğu gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin ediləcək cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli, ona sınaq müddəti təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə belə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona 01 (bir) il sınaq müddəti müəyyən edilməklə hökmlə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərində nəzarəti həyata keçirilməsi yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilsin. Sınaq müddəti ərzində probasiya idarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın. Müəyyən olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-474/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-474/2021
14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver