Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-474/2022 27.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi “Müdafiəçi2 və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində mülkiyyətində olan və etibarnamə olmadan idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olmuş X1 mülkiyyətində olan "Nissan X Trail" markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili 60 km/saat sürətlə ünvan 1 ünvanının qarşısında hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 2-ci hissəsinin tələblərini, yəni nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürəti azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitəsinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə biləcəyi halda yol hərəkəti qaydalarını pozaraq avtomobilin sağ qabaq hissəsi ilə həmin yolu keçmək istəyən piyada - Zərərçəkmiş şəxs sol ayaq nahiyyəsindən vuraraq sonuncuya ehtiyatsızlıqdan sol qamış sümüyünün qapalı sınığı ilə nəticələnən sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurub yol-nəqliyyat hadisəsi törətmiş, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozub baş vermiş yol nəqliyyat hadisəsi zamanı özü barədə zərərçəkmiş şəxsə və onun yaxın qohumlarına məlumat verməyərək, hadisə barəsində polis orqanlarına xəbər vermədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə hazırlıq iclası zamanı Müdafiəçi2 şifahi vəsatət verərək cinayət işinin baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. O, vəsatətini onunla əsaslandırmışdır ki:
1. İş materiallarında iki fərqli ittiham aktı mövcuddur, belə ki, onlara təqdim edilmiş ittiham aktının 1-ci, 2-ci və 6-cı səhifələrində yol-nəqliyyat hadisəsinin vaxtı kimi “saat 22 radələrində”, məhkəmədə olan ittiham aktının həmin səhifələrində isə “saat 22.07-də” yazılmışdır.
2. İttiham aktında hadisənin xx.xx.2022-ci il tarixdə baş verdiyi, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi kimi həmin tarixdə törədildiyi qeyd olunur. Halbuki, zərərçəkmiş şəxs hadisənin günü kimi xx.xx.2022-ci il tarixli izahatında və xx.xx.2022-ci il tarixli dindirmə protokolunda xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli üzləşdirmədə isə xx.xx.2022ci il tarixini vurğulamışdır.
3. Tərəfindən təhqiqatçı, polis mayoru Faiq Muradova xx.xx.2022-ci il tarixli ******* markalı vəkil orderi (həmin orderin ikinci vərəqi təqdim edilir) təqdim edilsə də, təqsirləndirilən şəxs tərəfindən xx.xx.2022-ci il tarixli izahatın verilməsində vəkil kimi iştirak etsə də, həmin order iş materiallarında yoxdur, sonradan müstəntiq, polis mayoru Taleh Şamilov da təqsirləndirilən şəxsin müdafiəçisinin olduğunu bilə-bilə və təqsirləndirilən şəxsin istəyinə zidd olaraq, bəzi istintaq hərəkətlərini (üzləşdirmə və s.) onun iştirakı olmadan həyata keçirmiş və bununla da təqsirləndirilən şəxsin hüquqlarını pozmuşdur.
4. Zərərçəkmiş şəxs yalnız xx.xx.2022-ci il tarixdə, yəni təqsirləndirilən şəxsdən bir həftə sonra izahat vermiş (i.v.11-12), həmin izahatda zərərçəkmiş şəxs hadisəni Nissan markalı avtomobilin törətdiyini bildirmiş, xx.xx.2022-ci il tarixli dindirmə protokolunda (i.v.40) hadisəni törədən “Nissan X Trail” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu konkret göstərmiş, sürücünün kim olduğunu isə sonradan bildiyini qeyd etmişdir. xx.xx.2022-ci il tarixli üzləşdirmə haqqında protokolda isə təqsirləndirilən şəxsə guya elə hadisə yerində onu tanıdığıni bildirmiş, zərərçəkmiş şəxsin get-gedə təqsirləndirilən şəxsə qarşı daha konkret ifadələr verməsi onun polis tərəfindən yönləndirilməsinə dəlalət edir, həmin protokolda zərərçəkmiş şəxs zədənin sol deyil, sağ topuğuna vurulduğunu demişdir.
5. İş materiallarındakı xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolu saxtalaşdırılmış, imzalar təqsirləndirilən şəxsə mənsub deyil, heç oxşatmağa cəhd də edilməmişdir.
6. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığı üçün iş üzrə icraat dayandırılmış, halbuki, həmin tarixə bütün istintaq hərəkətləri icra edilmiş və ekspert rəyləri əldə edilmişdir.
7. xx.xx.2022-ci il tarixdə guya video yazıya baxış keçirilmiş və bununla da icraat təzələnmişdir. Müvafiq protokolun ikinci səhifəsindəki təqsirləndirilən şəxsin imzası birmənalı olaraq saxtalaşdırılmış, birinci səhifəsində isə qismən oxşadılmış, hər bir halda sözügedən videolar lap əvvəldən polisdə olmuş, bu təqsirləndirilən şəxsin xx.xx.2022-ci il tarixdə izahat verərkən təhqiqatçının sualından da açıq-aşkar görünmüşdür. Yəni icraatın təzələnməsi üçün heç bir yeni sübut əldə edilməmiş, bununla belə, məhz bundan sonra xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs kimi işə cəlb edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin vəsatəti ilə razı olduğunu bildirərək cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verilmədiyindən vəsatətin təmin edilməməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş vəsatəti müzakirə edərək belə nəticəyə gəlir ki, vəsatət əsaslıdır və təmin olunmalıdır. Belə ki, cinayət işinin materiallarında olan ittiham aktından görünür ki, hazırki cinayət hadisəsinin törədilmə vaxtı xx.xx.2022-ci il tarixdə, saat 22:07 olaraq göstərilmişdir (i.v.104-109). Məhkəməyə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən təqdim olunan və cinayət prosesi iştirakçılarına təqdim olunması üçün istintaq orqanı tərəfindən məhkəməyə göndərilən digər ittiham aktının 1, 2, 6-cı vərəqlərində isə cinayət hadisəsinin xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində törədildiyi göstərilmişdir (ittiham aktı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon prokuroru tərəfindən təsdiq olunmuşdur). Məhkəməyə təqdim olunmuş vəkil orderinin surətindən görünür ki, Təqsirləndirilən şəxs cinayət işində hüquqlarının müdafiəsi üçün Müdafiəçi2 ilə xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs izahatından görünür ki, onun izahatı alınarkən vəkil qismində Müdafiəçi2 iştirak etmiş, vəkil orderi iş materiallarına əlavə edilməmişdir (i.v. 9-10). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli şahid qismində dindirilməsi protokolundan, xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, vəkil Müdafiəçi2 iştirak etməmişdir (i.v. 42-44, 45-46). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli müdafiəçinin işə buraxılması barədə qərarın təsviri əsaslandırıcı hissəsində vəkil Şahin Rəfiyevin müdafiəçi kimi işə buraxılmalı olması göstərilmiş, nəticəvi hissədə isə vəkil Müdafiəçi2 müdafiəçi qismində işə buraxılması qərara alınmışdır (i.v.57). Cinayət işinin materallarında olan xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.1 və 234-cü maddələri ilə təqsirləndirildiyi göstərilmişdir (i.v.78, 81, 82, 83). Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 10 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, yol nəqliyyat hadisəsinin dəqiq vaxtı kimi xx.xx.2022-ci il saat 22:07 qəbul edilməsi qərara alınsa da, 12 sentyabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarda hadisənin törədilməsi vaxtı kimi xx.xx.2022-ci il tarixdə, saat 22 radələri, 12 sentyabr 2022-ci il tarixli və 16 sentyabr 2022-ci il tarixli vəsatətin təmin edilməməsi barədə qərarlarda xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində göstərilmişdir (i.v.67-71, 86-87, 92-93, 99-100). Yuxarıda göstərilən hallardan göründüyü kimi təqsirləndirilən şəxsə verilən ittiham qeyri dəqiqdir. Qeyd olunan hallar həm təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həm də ittiham aktının düzgün tərtib edilməməsi ilə nəticələnmişdir. Belə ki, İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a) yarəmbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququ vardır. Cinayət qanunun müvafıq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və “İnsan hüquqları üzrə Avropa Məhkəməsi”nin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasma səbəb olur. Belə ki, “İnsan hüquqlarının və X2 haqqın”da Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Azərbaycan Respublikası CPM-nin: 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamm məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifı)” təqsirləndirilən şəxsin hüququdur. 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. 7.0.20-ci maddəsinə əsasən ittiham — bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Qeyd edilənlərə əsasən hazırki cinayət işi üzrə ittiham aktı CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyil, şəxsə verilmiş ittiham dəqiq deyildir, ittiham aktı cinayət işi üzrə toplanmış materialları əks etdirmir və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Məhkəmə yuxarıda sadalanan qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-in 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. Azərbaycan Respublikası CPM-nin: 301.1 və 301.1.3-cü maddələrinin mənasına görə məhkəmə baxışı yalnız məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda, keçirilə bilər. 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması(bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə verilmiş vəsatəti, proses iştirakçılarını dinləyərək və cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, məhkəməyədək icraat zamanı CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulan kobud pozuntulara yol verildiyindən müdafiəçinin vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna qaytarılmalıdır. Eyni zamanda Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxs Müdafiəçi2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməməlidir. Bundan başqa məhkəməyədək icraat zamanı CPM-nin yuxarıda qeyd olunan tələblərin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 289, 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ: Müdafiəçi2 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərarın surəti 3 (üç) gün müddətində cinayət prosesinin iştirakçılarına göndərilsin. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz.
Sədrlik edən: Fuad Axundov