Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-474/2024 17.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, xüsusi ittiham qaydasında barəsində şikayət verilən – X1 müdafiəçisi Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 xüsusi ittiham qaydasında şikayət verən X2 iştirakları ilə, xüsusi ittiham qaydasında X2 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: X4 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, xüsusi ittiham qaydasında barəsində şikayət verilən X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onunla təsdiq olunur ki, o, Xətai Rayon Məhkəməsində icraatı aparılan e-2(011)- 3823/2024 saylı iş üzrə keçirilmiş sonuncu məhkəmə iclasında öz yekun çıxışını məhkəməyə gəlməyərək video görüntü şəklində məhkəməyə təqdim etmiş, video-görüntü məhkəmədə səsləndirilmiş və Fidan Bədirova tərəfindən onun şərəf və ləyaqətini alçaldan əsassız məlumatlar yaymış, eyni zamanda şərəf və ləyaqətini alçaldan nalayiq ifadələr səsləndirilmişdir. Belə ki, video-görüntü tədqiq edilərkən məlum olmuşdur ki, Fidan Bədirova onun "Narkoman, Cinsi Azlığın nümayəndəsi, Alfons" olduğunu bildirmiş və bu məlumatlar hər iki tərəfin vəkilləri, məhkəmə iclas katibi, məhkəmə iclasına sədrlik edən hakim və açıq məhkəmə iclasında iştirak edən digər şəxslərin arasında yayılmışdır. X8 bu əsassız məlumatları onun yaxınlarının, ətrafının arasında, həmçinin sosial şəbəkələrdə yayacağı ilə onu hədələmişdir. Bildirir ki, Fidan Bədirova tərəfindən video-görüntüdə yayılmış məlumatların heç bir əsası mövcud deyildir, yayılmış məlumatlar birbaşa olaraq onun şərəf və ləyaqətini alçaltmağa yönəlmişdir. Həmin əsassız məlumatların yayılacağı isə cəmiyyət və yaxınları arasında barəsində tamamilə mənfi fikir formalaşdıracaqdır. Burada bəzi məsələlərə aydınlıq gətirilməsi olduqca əhəmiyyətlidir. Belə ki, Azərbaycan Respublikası vətəndaşı olaraq bu xalqın mentaliteti, birgə yaşayış və əxlaq qaydaları hamımıza məlumdur. Fidan Bədirovanın isə video-görüntüdə qeyd etdiyi məlumatların vəkillər, hakim, məhkəmə iclas katibi və məhkəmə iclasında olan digər şəxslər arasında yayılması, həmçinin video-görüntüdə Fidan Bədirovanın söylədiyi əsassız məlumatları bundan sonra da yayacağı hədəsi onunla bağlı gələcəkdə aradan qaldırıla bilməyəcək dərəcədə mənfi fikirlər formalaşdıracaqdır. Bu isə Azərbaycan mentaliteti cəhətdən qəbul edilməz bir haldır. Fidan Bədirovanın onun keçmiş həyat yoldaşı olmasını və bu məlumatların məhz onunla eyni mənzildə yaşamış biri tərəfindən yayılması onu tanıyan şəxslərdə həmin məlumatların düzgün olması ilə bağlı ciddi şübhələr yarada bilər. İkinci olaraq qeyd edir ki, o geniş sahibkarlıq fəaliyyəti ilə məşğuldur və ona məxsus müxtəlif obyektlər, o cümlədən restoranlar, mağazalar mövcuddur. Fidan Bədirova tərəfindən həmin məlumatların yayılması həmin mağazaların işçiləri, eyni zamanda onu tanıyan mağazanın müştəriləri barəsində də onun barəsində mənfi fikir formalaşdıracaqdır. Bu isə onun sahibkarlıq fəaliyyətinə də ciddi zərbə vuracaq ki, bu da işgüzar nüfuzunun zədələnməsinə və aylıq gəlirlərinin azalmasına səbəb olacaq. Üçüncü olaraq qeyd edir ki, Fidan Bədirova tərəfindən yayılmış həmin məlumatlar yalandır və heç bir əsası yoxdur. Bununla bağlı onun heç bir sübutu mövcud deyildir. Bu da məlumatın yalan və əsassız olmasını təsdiq edir. Dördüncü olaraq qeyd edir ki, Fidan Bədirova tərəfindən yayılmış məlumatlar onun şərəf və ləyaqətini ləkələmiş və nalayiq formada alçaltmış, eyni zamanda bir qrup şəxs arasında yayılmışdır. X8 video-görüntüdə məlumatı yayacağı ilə bağlı onu hədələmişdir. Göründüyü kimi Fidan Bədirova həmin cinayəti qəsdən törətmişdir. Onun cinayəti qəsdən törətməsi onunla təsdiq olunur ki, Fidan Bədirova dəfələrlə məhkəmə iclasında iştirak edir və məhkəmə iclasında vəkillərin, hakimlərin, katibin və açıq məhkəmə iclası olduğu üçün başqa şəxslərin də iştirak etməsindən məlumatlıdır. Həmin videogörüntünün də məhkəmə iclasında tədqiq ediləcəyindən də xəbərdardır. Buna görə də o, bu cinayəti məqsədli şəkildə, əvvəlcədən düşünülmüş şəkildə törətmişdir. Məhkəmə tərəfindən həmin şəxs qanuna müvafiq formada cəzalanmadıqca onun şərəf və ləyaqətini ləkələməyə, alçaldılmağa davam edəcəkdir. Beləliklə, Fidan Bədirova onu təhqir etməklə cinayət əməli törətmişdir və qanuna müvafiq şəkildə cəzalandırılması labüddür. Əks təqdirdə həmin şəxs video-görüntüdə əks olunmuş məlumatları daha geniş şəxslər arasında yayaraq bu cinayəti törətməkdə davam edəcəkdir. Onu, yəni X3 xüsusi ittihamçı qismində tanımaqla, şərəf və ləyaqətini alçaldan, nüfuzunu ləkələyən, şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatlar yaymış X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində həmin maddələrin sanksiyalarında nəzərdə tutulan ən yuxarı həddə cəzanın təyin edilməsi barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X1 müdafiəçisi Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən X4 şikayəti müdafiə edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Eyni zamanda, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Adı çəkilən Plenum Qərarının 12-ci bəndinə əsasən kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-in 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Qeyd olunan Plenum Qərarının 11-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-in 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3.3-cü maddəsinə əsasən, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; CPM-in 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. CPM-in 293.3-cü maddəsi böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda göstərilməli olan məlumatların dairəsini müəyyən etmişdir ki, CPM-in 302-ci maddəsi də xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmununa dair bu tələblərin imperativ olmasını təsbit etmişdir. Məhkəmə, CPM-in sadalanan normalarını rəhbər tutaraq qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə, həmçinin törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. Həmin Məcəllənin 293.3.6-cı maddəsinə əsasən, şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Hazırki şikayətdə isə CPM-in tələblərinə riayət olunmamış, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə bağlı X4 şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin X5 tərəfindən törədilməsini qeyd etsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. 302.1.3 və 302.1.6-cı maddələrinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında X4 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 302 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında X4 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-474/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-474/2024
17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver