Məhkəmə qərarları › İş №1(011)-475/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-475/2024

22.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-475/2024 22.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı ildə Lənkəran rayonunda anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, 31 may 2024-cü il tarixdən həbsdə olan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə və xeyli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə təmiz çəkisi 12,964 qram olan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və təmiz çəkisi 0,288 qram olan xeyli miqdarda psixotrop maddə metamfetamin əldə etdikdən sonra satışa hazırlamaq məqsədi ilə qurudulmuş marixuananı əvvəlcədən elektron tərəzidə çəkib 53 (əlli üç) ədəd bağlamada və 01 (bir) ədəd kağız borucuqda, metamfetamini isə bir ədəd bağlamada qablaşdıraraq üzərində saxlamaqla Bakı şəhəri, Xətai rayonu ərazisinə daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 31 may 2024-cü il tarixdə, saat 22:20-də yaşadığı ünvan 3 ünvanının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb 01 iyun 2024-cü il tarixdə, saat 00:30-dan etibarən üzərində şəxsi axtarış həyata keçirilərkən əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən, bir ədəd qara rəngli parça qabın içərisində 53 (əlli üç) ədəd şəffaf sellofan kəsiyi bükümündə hər birinin ayrı- ayrılıqda təmiz çəkisi 0,324, 0.24, 0,27, 0,28, 0,26, 0,23, 0,3, 0,27, 0,22, 0,2, 0,25, 0,25, 0,25, 0,25, 0,24, 0,19, 0,25, 0,13, 0,25, 0,24, 0,2, 0,29, 0,21, 0,28, 0,23, 0,27, 0,25, 0,2, 0,27, 0,27, 0,27, 0,2, 0,29, 0,27, 0,19, 0,23, 0,24, 0,27, 0,21, 0,23, 0,24, 0,24, 0,24, 0,26, 0,17, 0,23, 0,22, 0,27, 0,25, 0,23, 0,22, 0,22, 0,26 qram və bir ədəd siqaret formasında düzəldilmiş kağız borucuqda 0,15 qram olmaqla ümumilikdə təmiz çəkisi xeyli miqdarda 12,964 qram narkotik vasitə qurudulmuş marixuana, bir ədəd sellofan bükümdə təmiz çəkisi xeyli miqdarda 0,288 qram psixotrop maddə metamfetamin və bir ədəd üzərində narkotik vasitə qurudulmuş marixuna hissəcikləri olan elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Göstərilən hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, o narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etmişdir. Əməliyyat olunduqdan sonra boş vaxtları çox olduğu üçün əldə etdiyi narkotik vasitəni bükümlərə bükmüşdür. Həmçinin bildirmişdir ki, əvvəllər gümüş işi ilə məşğul olmuş və döymə ustası işləmiş, tərəzi də həmin işlərlə əlaqədar onda olmuşdur. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, tutulmazdan 6-7 ay əvvəl həbsdə olan tanışı Nicatın vasitəsi ilə narkotik vasitələrin satışı ilə məşğul olan «Tohid» adlı İran İslam Respublikası vətəndaşı ilə “İnstagram” sosial şəbəkəsində tanış olmuş, ondan özü üçün qurudulmuş marixuana sifariş edib qəbul edirmiş. Buna görə də o, Tohidlə danışıb onun «M10» heabına pul atırmış, sonuncu da, öz adamları vasitəsi ilə Bakı şəhərinin müxtəlif yerlərinə nəşə atırmış və o, həmin «nəşəni, yəni qurudulmuş marixuananı götürüb istifadə edirmiş. Bundan başqa o, bir neçə dəfə psixotrop maddə metamfetamin qəbul etmişdir. O, növbəti dəfə yenə psixotrop maddə metamfetamin qəbul etmək istəyirmiş və bunun üçün psixotrop maddənin satışı ilə məşğul olan Kənan adı ilə tanıdığı şəxslə təsadüfən görüşəndə ona bir “çet” metamfetamin verməsini istəmiş, sonuncu da bir “çet” metamfetamini 50 manat verdiyini, lakin onun üçün 45 manata təşkil edə biləcəyini bildirmiş, o da həmin məbləğdə pul verib öz istifadəsi üçün bir “çet” metamfetamin almışdır. Sonuncu dəfə o, «Tohid»dən 200 manat dəyərində 19 qram qurudulmuş marixuana sifariş vermiş və «Milli Ön» aparatından Tohiddin ona göndərdiyi «M10» hesabına 180 manat pul atmış, qalan 20 manat pulu isə borclu qalmışdır. «Tohid» də sifariş etiyi qurudulmuş marixuananı Biləcəri qəsəbəsində bir yerə atdırıb həmin yerin kordinatını ona göndərmiş, o da 31 may 2024-cü il tarixdə saat 15:00 radələrində tanımadığı taksi ilə kordinat üzrə gedib, üzəri yapışqan lentlə sarınmış qara rəngli sellofanda olan qurudulmuş marixuananı götürmüşdür. Bundan sonra o, əldə etdiyi qurudulmuş marixuanını yaşadığı mənzilin eyvanında, həmin zaman evdə olan kiçik qardaşımdan xəbərsiz elektron tərəzi ilə çəkib 53 ədəd sellofan bükümlərdə qablaşdırmış ki, sonra özü hissə-hissə qəbul etsin. Bundan əlavə olaraq o, öz istifadəsi üçün «kazbek»ə bir baş nəşə doldurmuş ki, elə həmin gün istifadə edər. Bundan sonra o, əldə etdyi qurudulmuş marixuananın hamısını parçadan olan eynək qabına yığmış və həmin torbanı, həmçinin bir ədəd sellofan bükümdəki psixotrop maddəni və elektron tərəzini şalvarın cibinə qoyub həyətə düşmüşdür. Binanın blokundan çıxarkən əvvəllər tanımadığı, sonradan ona məlum olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bir neçə əməkdaşı onu saxlamış, narkotik vasitələrin, psixotrop maddələrn qanunsuz dövriyəsində şübhəli olduğunu bildirib onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O da buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmiş, orada müdafiəçi ilə təmin edilib hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə aparılmış, bu zaman ona üzərində narkotik vasitələr, psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o, üstündə narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olduğunu bildirib əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən parçadan olan eynək qabının içərisinə qoyduğu 53 ədəd ayrı-ayrı sellofan bükümlərdəki qurudulmuş marixuananı, kazbeki, bir ədəd sellofan bükümdəki metamfetamini və həmçinin bir ədəd elektron tərəzini səmimi olaraq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis leytenantı Şahid Elman oğlu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib qanunsuz dövriyyəsi, yəni satışını həyata keçirməsi barədə daxil olmuş məlumat əsasında 31 may 2024-cü il tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildikdən sonra Baş İdarə rəisinin əmri ilə həmkarları X3 və X2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün Təqsirləndirilən şəxs Xətai rayon ərazisində olması barədə məlumat əldə etdikdən dərhal sonra əməliyyat qrupunun üzvləri olaraq sonuncunun cinayət başında yaxalanması istiqamətində əməliyyat tədbirlərinə başlanmış və həmin gün saat 22:20-də yaşadığı ünvan 3 ünvanının qarşısında tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanmasının əsaslarını izah edərək onu tərəfindən qəbul edilmiş qərarla tanış etdikdən sonra sonuncuya onlarla birlikdə Baş İdarəyə getməsini təklif etmişlər, Təqsirləndirilən şəxs də buna etiraz etməyərək onlarla birlikdə Baş İdarəyə getmişdir. Orada araşdırmanın aparılması Baş İdarənin Təhqiqat şöbəsinin təhqiqatçısı Murad Azayevə həvalə edilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə həyata keçirilmiş, bu zaman ilk olaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs öz növbəsində üzərində nəşə və «patı adı ilə tanıdığı narkotik vasitələr olduğunu bildirib əynindəki boz rəngli idman şalvarının sol yan cibindən bir ədəd qara rəngli parça torbanı, şalvarının sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu, bir ədəd elektron tərəzini və bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli parça torbaya baxış zamanı içərisində bir ədəd sellofana bükülü vəziyyətdə olan ayrıca 53 ədəd sellofan büküm və bir ədəd kiçik karton qutuda bir ədəd kağız bükülü olması müşahidə edilmişdir. Bir ədəd kağız bükülüyə baxış zamanı içərisində yaşıl rəngli, bitki kütləsi və bir ədəd sellofan bükümə baxış zamanı isə içərisində ağ rəngli, kristal şəkilli maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş maddə və kütlələr, eləcə də bir ədəd elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı və bir ədəd elektron tərəzini 31 may 2024-cü il tarixdə «Tohid» adlı İran İslam Respublikasının vətəndaşından ümumilikdə 180 manata aldığını, «Tohidə adlı şəxslə «İnstagramə sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxladığımı, lakin yazışmalarını sildiyini, həmin kütlələri əldə etməkdə məqsədinin onları həm istifadə etmək, həm də satmaq olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bir ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini 31 may 2024-cü il tarixdə tanımadığı şəxsdən əldə etdiyini, belə ki, həmin maddəni almaq üçün üç ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana verdiyini, həmçinin psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana oxşar stifadə etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi başlamaq və icraat qəbul etmək haqqında 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanmış, başlanmış cinayət işinə ********* nömrə verilməklə icraata qəbul edilmişdir (i.v 1-2); 31 may 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixində, saat 23:54-də tutulmuş, tutulmanın əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı həmin tarixdən, saat 22:20-dən hesablanmışdır.( i.v 25) şəxsi axtarış və götürmə aparılması haqqında 01 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis baş leytenantı X1, DİN-in BMCMİ-nin əməliyyat müvəkkili, polis kapitanı X4, DİN-in BMCMİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhər 25 saylı vəkil bürosunun vəkili X5 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Sony” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində "nəşə" və "patı" adı ilə tanıdığı narkotik vasitələr olduğunu bildirib, əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 01 ədəd qara rəngli parça torbanı, şalvarının sağ yan cibindən 01 ədəd "Samsung" markalı mobil telefonu, 01 ədəd elektron tərəzini və 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli parça torbaya baxış zamanı içərisində 01 ədəd sellofana bükülü vəziyyətdə olan ayrıca 53 ədəd sellofan büküm və 01 ədəd kiçik karton qutuda 01 ədəd kağız bükülü olması müşahidə edildi. 01 ədəd kağız bükülüyə baxış zamanı içərisində yaşıl və sarımtıl rəngli, ot şəkilli, kəskin spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edildi. Daha sonra aşkar edilmiş 53 ədəd sellofan bükümə baxış zamanı içərisində yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edildi. Daha sonra aşkar edilmiş 01 ədəd sellofan bükümə baxış zamanı içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edildi. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş maddə və kütlələr, eləcə də 01 ədəd elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün 6 saylı möhürü ile möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd "Samsung" markalı mobil telefon tərəfimdən götürüldü. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələri və 01 ədəd elektron tərəzini 31 may 2024-cü il tarixdə "Tohid" adlı İran İslam Respublikasının vətəndaşından ümumilikdə 180 manata aldığını, "Tohid" adlı şəxslə "İnstagram" sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxladığını, lakin yazışmalarını sildiyini, həmin kütlələri əldə etməkdə məqsədinin onları həm istifadə etmək hem de satmaq olduğunu bildirdi. Bundan başqa Təqsirləndirilən şəxs 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddəni 31 may 2024-cü il tarixdə tanımadığı şəxsdən əldə etdiyini, belə ki, həmin maddəni almaq üçün 03 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə verdiyini, həmçinin psixotrop maddə metamfetaminə oxşar maddədən və narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlədən istifadə etdiyini bildirdi. Bundan başqa Təqsirləndirilən şəxs şifahi sorğu zamanı saxlanılarkən və Baş İdarəyə gətirilən zaman ona hər hansı formada təzyiq göstərilmədiyini, lakin təxminən 15 gün əvvəl bel nahiyyəsindən əməliyyat olunduğunu və bunun üçün ağrıları olduğunu bildirdi Protokol iştirakçılara oxundu,onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı, protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmişdir. ( i.v. 28-29); Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 iyun 2024-cü il tarixli 3-16-16/2-7/878 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs aşkar edilmiş maddə, kütlə və predmetlər..." yazı və imzalar olan zərfi açdıqda 1 (bir) ədəd qara rəngli parça qabın içərisində 53 (əlli üç) ədəd şəffaf sellofan kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,324 qr, 0,24 qr, 0,27 qr, 0,28 qr, 0,26 qr, 0,23 qr, 0,3 qr, 0,27 qr, 0,22 qr, 0,2 qr, 0,25 qr, 0,25 qr, 0,25 qr, 0,25 qr, 0,24 qr, 0,19 qr, 0,25 qr, 0,13 qr, 0,25 qr, 0,24 qr, 0,2 qr, 0,29 qr, 0,21 qr, 0,28 qr. 0,23 qr, 0,27 qr, 0,25 qr, 0,2 qr, 0,27 qr, 0,27 qr, 0,27 qr, 0,2 qr, 0,29 qr, 0,27 qr, 0,19 qr. 0,23 qr, 0,24 qr, 0,27 qr, 0,21 qr, 0,23 qr, 0,24 qr, 0,24 qr, 0,24 qr, 0,26 qr, 0,17 qr, 0,23 qr, 0,22 qr, 0,27 qr, 0,25 qr, 0,23 qr, 0,22 qr, 0,22 qr, 0,26 qram olmaqla, ümumi çəkisi 12,814 qram olan bitki mənşəli kütlələr, 1 ədəd üzərində "BLD" yazılan karton qutuda 1 (bir) ədəd papiros formasında düzəldilmiş kağız borucuqda tütün və təmiz çəkisi 0,15 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin zərfin içərisində olan bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitə olan marixuana hissəcikləri vardır. Marixuana hissəcikləri cüzi miqdar olduğu üçün onun çəkisinin müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. (i.v.40-44); (ekspertiza xərci 70 manat) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 iyun 2024-cü il tarixli 3-16-16/2-6/3056 nömrəli rəyi ilə müəyyən edilmişdir ki,tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs aşkar edilmiş, kütlə və predmetlər yazılar və imzalar olan zərfdəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,288 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı l ) daxildir. ( i.v 46-48) (ekspertiza xərci 60 manat) 02 iyun 2024-cü il tarixli DVD disk daşıyıcısında qeydə alınan videogötüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən əynindəki boz rəngli idman şalvarımın sol yan cibindən bir ədəd qara rəngli parça torba, bir ədəd elektron tərəzi və bir ədəd sellofan büküm aşkar edilmiş, qara rəngli parça torbadan bir ədəd sellofana bükülüdə içərisində yaşıl rəngli, quru bitki kütləsi olan 53 ədəd ayrı-ayrı sellofan büküm və bir ədəd kiçik karton qutuda içərisində yaşıl rəngli, kristal şəkilli maddə aşkar olunaraq götürülmüşdür.( i.v 68-69) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 X7 X6 01 iyun 2024-cü il tarixli 3894 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı Konnaboidlərin və psixosimilyatorların qəbulu nəticəsində yaranan Asılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.( i.v 76- 77) 02 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur.( i.v 79-80) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-745/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 31 may 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında bildirmişdir ki, narkotik vasitələrin satışı ilə ehtiyacı olduğu üçün məşğul olmağa başlamışdır. (i.v 101-105) 03 iyun 2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki,məhkəmə-kimyəvi ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,238 qram psixotrop maddə metamfetamin, məhkəmə-bioloji ekspertiza tədqiqatından sona qalıq çəkisi 11,344 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmışdır (i.v 108-109) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin istintaq hərəkətlərinin aparılmasına dair 05 iyun 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı nömrələrdən 01 iyun 2023-cü il tarixdən 01 iyun 2024-cü il tarixədək daxil olan və çıxan zənglərin, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, SMS mətnləri, anten əhatə dairəsi, daxil olan və çıxan zənglər siyahısına aid hər bir nömrənin sahibinin anket məlumatları "xxxx" MMC-dən götürülməsi qərara alınmış, qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Azərfon MMC -ə həvalə edilmişdir ( i.v 111) 06 iyun 2024-cü il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki,Təqsirləndirilən şəxs istifadə olmuş “Samsung” markalı mobil telefon aparatı işlək vəziyyətdə istifadə üçün yararlı olması, mobil telefon aparatının abunəçilər və whatsapp ani mesajlaşma mübadilə sistemində iş üzrə əhəmiyyət kəsb edən məlumatlar, yazışmalar, danışıqlar, o cümlədən “Tohid” adlı şəxsin adına qeydiyyata alınmış İran İslam Respublikasının mobil operatoruna məxsus nömrə müəyyən edilməməsi, “Galareya” bölməsindəki fotoşəkillərdə **********666839 nömrəli "xxxx" ASCyə məxsus plastik kart hesabına müxtəlif məbləğlərdə pul vəsaitlərinin köçürülməsinə dair qəbzlərin fotoşəkilləri müəyyən edilmiş,başqa iş üçün əhəmiyyət kəsb edən yazışmalar, məlumatlar və fotoşəkillər aşkar edilməmişdir. (i.v 113) 25 iyun 2024-cü il tarixli Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 5(005)- 1598/2024 saylı qərardan görünür ki, BMCMİ-nin əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 31 may 2024cü il tarixli qərar qanuni hesab edilmişdir.( i.v 125) 14 iyul 2024-cü il tarixli mobil telefona ötürülən məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki,”Azərfon” MMC-dən 09 iyul 2024-cü il tarixli AZF/LGL- 470/24 nömrəli müşayiət məktubu ilə götürülmüş bir ədə CD diskdəki iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** ssaylı nömrələrdən 01 iyun 2023-cü il tarixdən 01 iyul 2024-cü il tarixədək daxil olan və çıxan zənglərin, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, SMS mətnləri, daxil olan və çıxan zənglər siyahısına aid hər bir nömrənin sahibinin anket məlumatı və anten əhatə dairəsinə dair məlumatlara baxış keçirilmiş, qeyd edilən nömrələrdən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əlaqə və ya SMS yazışmalar olmadığı müəyyən edilmişdir. (i.v 129) 03 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyiin Məhkəmə-tibbi eskpertiza və Pataloji Anatomiya birliyi hüquqi şəxsin 292/MEŞ ekspert rətindən görünür ki, Təqsirləndirilən şəxs sol bazusunun sıyrığı bərk küt əşyanın təsirinədn müayinədən (xx.xx.2024) 6-8 gün əvvəl əmələ gəlmiş, sağlamlığa zərər vurmayan xəstələrə aid edildiyindən dərəcəsinin təyin olunmaması, sol saidin çapıqları müayinədən təxminən 1,1.5 ildən artıq müddətdə əmələ gəlmiş, atrofiya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izləri olduqları üçün onların əmələ gəlmə mexanizmi, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikirlər söyləmək mümkün olmamış, Təqsirləndirilən şəxs bel nahiyəsində aşkar edilmiş çapıq cərrahi əməliyyatdan yara izi olduğu üçün xəsarət kimi qiymətləndirilməməsi və sağlamlığa zərər vurma dərəcəsinin təyinində nəzərə alınmaması müəyyən edilmişdir. ( i.v 131-133) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14 avqust 2024-cü il tarixli tələbnaməsindən görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs haqqında əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. ( i.v 134-135) Sübutların qiymətləndirilməsi haqqında haqqında 22 iyul 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə elan edilmiş ittihama əlavəvə dəyişiklik edilməklə ona qeyd edilən maddədə nəzərdə tutulmuş ittihamın yenidən elan edilməsi,cinayət işi üzrə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər törətmiş olduğu cinayət əməllərinə görə məsuliyyətini yüngüllşəşdirmək və ya məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirilərək rədd edilməsi. Təqsirləndirilən şəxs saxlandıqdan sonra polis əməkdaşlarının təklifi ilə psixitrop maddə və narkotik vasitəni polis əməkdaşlarına təqdim etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən psixotrop maddə və narkotik vasitəni könüllü surətdə təhvil vermə kimi qiymətləndirməsi, məhkəmə-kimyəvi ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,238 qram psixotrop maddə metamfetamin, məhkəmə-bioloji ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,344 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi nəzərə alınması cinayət işinin materiallarından satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddənn əldə edilməsi,saxlanması və daşıması faktları üzrə araşdırmanın davam etdirilməsi məqsədilə material ayrılması, iş üzrə götürülmüş və baxış keçirilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Samsung” markalı mobil telefon aparatı təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılması, iş üzrə şəxsi axtarış və götürmə hərəkətlərinin qeydə alındığı 01 ədəd DVD-R diskin cinayət işinin materiallarında saxlanılmasının nəzərə alınması, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır (i.v 135-142) 22 iyul 2024-cü il cinayət işindən materialın ayrılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından psixotrop maddə və narkotik vasitə əldə etmə, daşıma. Saxlama və satma faktlarının araşdırılması məqsədi ilə ayrıca material ayrılması qərara alınmışdır( i.v 144-145) 23 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa dəyişiklik edilməklə ona həmin maddə ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır.(i.v 147-148) Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, məhkəmə-ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclas zalında narkotik vasitəni əməliyyat olduğu üçün əldə etməsi, həmin narkotik vasitələri boş vaxtları çox olduğu üçün bükümlərə ayırması, həmçinin gümüş işi və döymə ilə məşğul olması səbəbindən tərəzi saxlaması ilə əlaqədar ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü cinayət məsuliyyətindən kənarda qoymaq niyyətinə dəlalət edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən ehtiyacı olduğu üçün narkotik vasitə satmasını etiraf etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarın 9-cu bəndindən görünür ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin onlara elan edilmiş müvafiq maddə ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə iclas zalında narkotik vasitəni satmasını bildirməsi, həm evində baxış keçirilərkən narkotik vasitələrin bükümlərdə olması, həmçinin 01 ədəd tərəzinin aşkar edilməsi onun narkotik vasitəni satmasını təsdiq edir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir; 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, qəti olaraq azadlıqdan məhrumetmə cəsına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan məhkəməkimyəvi ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,238 qram psixotrop maddə metamfetamin, məhkəmə-bioloji ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,344 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, video görüntünün köçürüldüyü CD disk materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04(dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 31 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutların saxlanma yerində saxlanılan məhkəməkimyəvi ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,238 qram psixotrop maddə metamfetamin, məhkəmə-bioloji ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,344 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının ümumi dəyəri 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd DVD-R disk cinayət işi materiallarında saxlanılsın. “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar