Məhkəmə qərarları › İş №1(011)-477/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-477/2021

08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-477/2021 08.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 Elçin oğlu və onun qanuni nümayəndəsi X1, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 02 noyabr 1983-cü ildə Gürcüstan Respublikası Qardabani rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədilə 08 avqust 2021-ci il tarixdə saat 03 radələrindən sonra Zərərçəkmiş şəxs2 icarədarı olduğu ünvan 2 ünvanda yerləşən “Türk Uşaq və Qadın geyimləri” adlanan mağazanın giriş qapısının klidini özü ilə birlikdə gətirdiyi dəmir alətlə açaraq qanunsuz olaraq oraya daxil olub mağazadan sonuncuya məxsus bir ədədinin qiyməti 30 manat olan 35 ədəd 1.050 manat dəyərində uşaq şalvarı, bir ədədinin qiyməti 20 manat olan 30 ədəd 600 manat dəyərində uşaq köynəyi, bir ədədinin qiyməti 50 manat olan 10 ədəd 500 manat dəyərində uşaq idman ayaqqabısı, bir ədədi 50, üç ədədi 100 manat qiymətində olan 04 ədəd 350 manat dəyərində olan qadın qol saatı, bir ədədinin qiyməti 100 manat olan 02 ədəd 200 manat dəyərində dəridən pul kisəsi, bir ədədinin qiyməti 50 manat olan 04 ədəd 200 manat dəyərində qadın ayaqqabısı, bir dəsti 50 manat qiymətində olan 02 dəst 100 manat dəyərində dəsmal, bir ədədinin qiyməti 20 manat olan 05 ədəd 100 manat dəyərində uşaq şortiki, 200 manat qiyməti müxtəlif növdə uşaq geyimləri, uşaq kastuyumları, 200 manat dəyərində uşaq corabları, bir ədəd 20 manat qiymətində təzə vəziyyətdə Türkiyə istehsallı, etiketli, üzərində “Kurtul Years 11” yazısı olan qara rəngli şalvar, bir ədəd 10 manat qiymətində qara rəngli, Türkiyə istehsallı, üzərində “FENDİ 14-15 age” yazıları olan şalvarın və bir ədəd 17 manat qiymətində təzə vəziyyətdə, tünd göy rəngli, Türkiyə istehsaallı, etiketli, üzərində “Kurtul Years 12” yazısı olan şalvar (üzərində “KURTUL” yazısı olan qara rəngli kəmərlə birlikdə) gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 3.547 manat (üç min beş yüz qırx yeddi) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə 03 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs1 məxsus içərisində 2 manat qiymətində ***-***-**-** saylı “Azərcell” nömrəsi olan bir ədəd 300 manat qiymətində “Redmi” markalı, “Note 10” modelli mobil telefonu onun əlində gördükdən sonra ələ keçirmək məqsədilə sonuncunu “Bakı Metropolitenin “Əhmədli” stansiyasının yaxınlığına aparacağını yalandan bildirməklə ünvan 3 ünvanın qarşısına gətirmiş və orada mobil telefonu Zərərçəkmiş şəxs1 əlindən alıb hadisə yerindən qaçaraq açıq yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 302 (üç yüz iki) manat məbləğdə maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2016-cı il tarixdə Suraxanı rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin usta kimi fəaliyyət göstərir, rəsmi nigahı olmasa da evlidir. Son zamanlar Respublikanın ərazisində karantin rejimi olması ilə əlaqədar işləri zəif olmuş və maddi cəhətdən dolanışığında çətinliklər yaranmışdır. Buna görə də oğurluq etmək qərarına gəlmişdir. İşləri olmadığından pula ehtiyacı yaranmışdır. 07 avqust 2021-ci il tarixdə günorta saatlarında oğurluq etmək üçün münasib yer tapdıqda planlaşdırıb axşam oğurluq etməyi qərarlaşdırmışdır. Həmin küçədə 19 saylı ünvanda yerləşən yolun kənarında olan mağazalar diqqətini çəkmişdir. Hansı mağazadan oğurluq edəcəyini fikirləşib mağazalara baxmışdır. Qapısı plastikdən olan və üzərində dəmir barmaqlığı olmayan mağaza diqqətini çəkmişdir. Həmin mağazaya daxil olmağın asan olmasını görüb həmin mağazadan oğurluq etməyi planlaşdırmış və daha sonra yaşadığı evə gəlmişdir. 08 avqust 2021-ci il tarixdə gecə saat 03 radələrində yaşadığı evdən çıxaraq piyada ünvan 4 ünvana gəlmişdir. Yaşadığı evdən özü ilə birlikdə bir ədəd dəmir armatur gətirmişdir. Belə ki, gecə mağazanın qapısının bağlı olacağını bilmişdir. İlkin olaraq ətrafa baxmışdır ki, mağazaya daxil olan zaman onu görən olmasın. Gecə olduğu üçün ətrafda heç kəs olmamışdır. Mağazanın girişinə yaxınlaşıb qapını özü ilə gətirdiyi armatur ilə açmışdır.. Mağazaya daxil olduqda mağazada yalnız ayaqqabı və paltarlar satılmasını görmüşdür. Mağazanı axtarmış, lakin pul və qiymətli əşya tapa bilməmişdir. Buna görə də mağazada satılan paltarlardan oğurlayıb sataraq pul əldə edə biləcəyini fikirləşmişdir. Mağazada olan istifadə olunmamış şalvar, köynək, şortik, ayaqqabı, saat və pul kisəsini götürüb mağazadan götürdüyü sellofanın içərisinə qoymuşdur. Sonra isə mağazadan çıxıb Qaraçuxur qəsəbəsinə gəlmişdir. Yolla gələn zaman dəmir armaturu yolun kənarına boş torpaq sahəsinə atmışdır. Qaraçuxur qəsəbəsində məhlələrin arasında oğurladığı əşyaları özünə məxsus olmasını bildirməklə bir neçə nəfər şəxsə satmışdır. Lakin üç ədəd şalvarı sata bilməmiş və həmin şalvarları Binə qəsəbəsində kirayə yaşadığı mənzilə aparmışdır. Əldə etdiyi pulu isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. 03 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində Xəzər rayonu, X6 X3 rayonu, G.Mehmandarov küçəsi 76 saylı ünvana 104 saylı marşurut avtobusu ilə gələn zaman avtobusda bir nəfər cavan uşağın əyləşməsini görmüşdür. Həmin şəxs 16-17 yaşlarında olmuş və sonuncu ilə avtobusun içərisində söhbət etmişdir. Söhbət əsnasında həmin cavan oğlan bildirmişdir ki, Xətai rayonu, Əhmədli metrosunun yanına gedir həmin yerə getmək üçün ona köməklik etsin. Həmin cavan oğlan onunla birlikdə ünvan 6 ünvanda düşərək G.Mehmandarov küçəsi 76 saylı ünvana gəlmişlər. Həmin şəxsin əlində mobil telefon olmasını görmüş və telefonu onun əlindən alıb qaçmışdır. Telefonu satmaq məqsədi ilə Bakı Metropolitenin “Neftçilər” stansiyası yanında yerləşən mobil telefon satışı ilə məşğul olan mağazaya aparmışdır. Telefonun üzərində olan nömrəni çıxarıb sındırmış və atmışdır. Amma şəxsiyyət vəsiqəsi olmadığı üçün telefonu sata bilməmişdir. Sonra ünvan 5 ünvana qayıdaraq orada yaşayan tanışı Şahid1 müraciət etmiş və demişdir ki, “şəxsiyyət vəsiqəm olmadığı üçün övladıma məxsus mobil telefonu sata bilmirəm sənin şəxsiyyət vəsiqənin surəti ilə telefonu sataq”. Elşən də razılaşmış və birlikdə Bakı Metropolitenin “Qara Qarayev” stansiya yaxınlığında yerləşən mobil telefon alışı və satışı ilə məşğul olan mağazaya daxil olub Elşənin şəxsiyyət vəsiqəsinin surəti ilə həmin telefonu adını bilmədiyi satıcıya 40 manata satmışdır. Sonra Elşənlə birlikdə ünvan 5 ünvanın qarşısına gəlmişlər. Bu zaman Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək cavan oğlanın mobil telefonunu əlindən alıb qaçdığı üçün 35-ci PBnə gətirmişlər. Hal-hazırda əməllərini etiraf edərək çox peşman olduğunu bildirmiş, bunun məhkəmə tərəfindən nəzərə alınmağını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Elçin oğlu ifadəsində göstərdi ki, İmişli rayonu, Hacımustafalı kəndində anası ilə birlikdə yaşayır, heç bir yerdə işləmir. Litseyə hazırlaşdığı üçün 2021-ci ilin iyul ayının 27-də Bakı şəhərinə gəlmiş və dayısının yaşadığı Xəzər rayonu, Binə atçılıq sovxozunda yaşamışdır. Özünə məxsus bir ədəd “Redmi” markalı, “Note 10” modelli mobil telefon aparatı olmuşdur. Həmin telefonu 2021-ci ilin avqust ayının əvvəllərində Bakı şəhərindən 550 manata almışdır. Telefonu aldıqdan sonra özü istifadə etmişdir. Həmin telefonda ***-***-**-** nömrəsini istifadə etmiş və nömrəni də telefonu alan zaman 2 manata almışdır. 03 sentyabr 2021-ci il tarixdə dayısının yaşadığı evdən çıxararaq Bakı Metropolitenin Xətai rayonu ərazisində olan “Əhmədli” stansiyası yaxınlığında yerləşən qardaşının yaşadığı evə gəlməyə başlamışdır. Suraxanı rayonu ərazisində olan “Suraxanı keçidi” deyilən yerdə marşurut dayancağına çatdıqda bir nəfər şəxsin dayanmasını görmüşdür. Həmin şəxsi tanımamış və ilk dəfə görmüşdür. Həmin şəxsə yaxınlaşıb Bakı Metropolitenin “Əhmədli” stansiyasına necə gedə biləcəyini soruşmuşdur. Həmin şəxsdə bildirmişdir ki, “mən də Əhmədli metrostansiyası yaxınlığına gedirəm və səni oraya aparacam”. Həmin dayanacaqdan hər ikisi marşurut avtobusuna əyləşib Köhnə Günəşli qəsəbəsinə gəlmişlər. Avtobus Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, G.Mehmandarov küçəsi 76 ünvanın qarşısında çatdıqda həmin şəxs düşməyi bildirmiş və onlar hər ikisi marşurutdan düşmüşdür. Həmin şəxs düşdüyü yerin “Əhmədli” metrosuna yaxın olmasını bildirmişdir. Bakı şəhərini tanımadığı üçün ona inanmışdır. Avtobusdan düşdükdən bir neçə dəqiqə sonra həmin şəxs ani bir anda əlində saxladığı mobil telefonunu dartaraq almış və qaçmağa başlamışdır. Qışqırıb ondan telefonunu istəmiş və onun arxasınca qaçmışdır. Həmin şəxsin arxasınca qaçan zaman onun cibindən öz mobil telefonu düşmüşdür. Həmin şəxsin qara rəngli mobil telefonunu götürmüş və sonuncu qaçaraq uzaqlaşmışdır. Yolla keçən tanımadığı bir nəfər şəxsdən mobil telefonu zəng etmək üçün verməsini xahiş etmiş və ondan telefonunu almışdır. Həmin şəxsin telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və onu polis bölməsinə aparmışlar. Həmin şəxsin bir ədəd qara rəngli telefonunu polis əməkdaşına təqdim etmişdir. Polis Bölməsində dayısının telefon nömrəsini vermiş və zəng edərək dayısını bölməyə dəvət etmişlər. Dayısı bölməyə gəldikdən sonra hadisə barədə ərizəsi və izahatı alınmışdır. Bundan sonra hadisə yerinə gəlmiş və hadisə yerinə baxış keçirilib fotoşəkilləri çəkilmişdir. Həmin hadisə zamanı ətrafda tanımadığı şəxslər olmuş, həmin şəxslərin hadisəni görüb-görməməsini bilməmiş, ətrafda olan şəxsləri də tanımadığı üçün ad çəkə bilməmişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə razıdır və “Redmi” markalı, “Note 10” modelli mobil telefonun dəyərinin 300 manat götürülməsinə etiraz etmir. İlkin ifadəsində telefonun dəyərini 550 manat aldığı qiymətə əsasən göstərmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışdığını bildirmiş, həmin şəxsin ona dəymiş ziyanı ödədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirlimiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ünvan 8 ünvanda yaşayır. O bildirmişdir ki, təxminən 20 ilə yaxındır yaşadığı evin yaxınlığında olan, yəni Xətai rayonu, N.Tusi küçəsi 19 saylı ünvanda yerləşən 40 kv metr qeyri yaşayış sahəsini icarəyə götürmüş və həmin yeri mağaza kimi istifadə etmişdir. Belə ki, mağazada geyimlər və ayaqqabılar satmaqla məşğul olur. Mağazanın gözətçisi yoxdur, lakin mağazanın hər bir tərəfində müşahidə kameraları olmaqla mağazada 24 saat kameralarla müşahidə aparılır. Ancaq müşahidə kameralarında yaddaş problemi olduğu üçün görüntüləri özündə saxlamır. Mağazanın ətrafında olan digər obyektlər yerləşir və həmin obyektlərdə müşahidə kameraları vardır. Mağazada ondan başqa heç kim işləmir. Mağazanın sahibi ilə müqaviləsi vardır, eyni zamanda VÖEN-im olmaqla dövlətə vergidə ödəyir. 07 avqust 2021-ci il tarixdə saat 12 radələrinə qədər mağazada olmuş, sonra isə mağazadan çıxıb toya getmişdir. Getdikdən sonra mağazanı anası Şahid3 təhvil vermişdir. Həmin günü anası Fəxrənsa da mağazanı axşam saat 21 radələrindən sonra bağlayıb evə gəlmişdir. Səhəri günü tezdən anası Fəxrənsa mağazanı açmaq üçün getmiş və bir qədər sonra zəng edərək bildirmişdir ki, mağazadan oğurluq olmuşdur. Anası mağazadan təxminən 3.000 manat dəyərində geyimlərin oğurlanmasını bildirmişdir. Həmin vaxt o və əri X2 Bakı şəhərində olmadığı üçün ərinə oğurluq barədə bildirdikdə sonuncu DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Həmin günü onlar Bakı şəhərinə qayıtmış və mağazaya gələrək orada satdığı geyimləri və digər əşyaları yoxlayıb müəyyən etmişdir ki, mağazadan 35 ədəd bir ədədinin dəyəri 30 manat olan 1.050 manat dəyərində uşaq şalvarı, 30 ədəd bir ədədinin dəyəri 20 manat olan 600 manat dəyərində uşaq köynəyi, 10 ədəd bir ədədinin dəyəri 50 manat olan 500 manat dəyərində uşaq idman ayaqqabısı, 04 ədəd bir ədədi 50, 03 ədədi 100 manat dəyərində olan 350 manat dəyərində olan qadın qol saatı, 02 ədəd bir ədədinin dəyəri 100 manat olan 200 manat dəyərində dəridən pul kisəsi, 04 ədəd bir ədədi 50 manat dəyərində olan 200 manat dəyərində qadın ayaqqabısı, 02 dəst bir dəsti 50 manat olan 100 manat dəyərində dəsmal, 05 ədəd bir ədədi 20 manat olan 100 manat dəyərində uşaq şortiki, 200 manat dəyərində müxtəlif növdə uşaq geyimləri və uşaq kastuyumları və 200 manat dəyərində uşaq corabları oğurlanmışdır. Mağazadan oğurlanmış geyimlər, ayaqqabılar, saatlar, pul kisələri və digər əşyaların hamısı özünə məxsus olmuşdur. Baş vermiş həmin hadisə nəticəsində ona ümumilikdə 3.500 manat maddi ziyan dəymişdir. Belə ki, oğurlanmış paltaların, ayaqqabıların, saatların, pul kisələrinin və digər geyimlərin dəyərini ayrı-ayrılıqda ifadəsində qeyd etmişdir. Anası Fəxrənsa zəng edərək mağazada oğurluq olmasını demiş və mağazada olan əşyalara baxaraq təxmini 3.000 manat dəyərində geyimlərin oğurlanmasını bildirmişdir. Əri Rasim də ona görə 102 xidmətinə zəng edərək 3.000 manat dəyərində geyimlərin oğurlanması barədə məlumat vermişdir. Lakin o, mağazaya gəlib hər bir əşyaları və geyimləri yoxladıqda aşkar etmişdir ki, mağazadan 3.500 manat dəyərində şalvar, köynək, şortik, ayaqqabı, saat və pul kisəsi oğurlanmışdır. Məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə razıdır və rəydə göstərilən şalvarların dəyərinin əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən götürülməsinə etirazı yoxdur. Həmin şalvarları ilkin ifadəsində qeyd etməmişdir. Mağazanın qapısının sındırılması nəticəsində ona ümumilikdə 70 manat maddi ziyan dəymişdir. Hadisədən sonra mağazanın qapısının kilidini 70 manata təmir etdirmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışdığını bildirmiş, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir dövlət orqanında işləmir, lakin 10 ildir ki, telefon alqı-satıqısı və təmiri ilə məşğul olur. Bakı Metropolitenin Nizami rayonu ərazisində yerləşən “Neftçilər” stansiyası yaxınlığında yerləşən obyekti icarəyə götürmüş, orada telefon alqı-satqısı və təmiri ilə məşğul olur. Həmin ünvanın sahibi ilə muqaviləsi vardır və buna görədə vergidən VÖEN-i olmaqla dövlətə vergidə ödəyir. Hər gün səhər saat 10-11 radələrində mağazanı açmış, axşam saat 21 radələrində isə mağazanı bağlamışdır. İş fəaliyyəti ondan ibarətdir ki, fərdi qaydada olaraq müxtəlif şəxslər mobil telefonlarını satmaq üçün və ya təmir üçün təqdim edirlər, o da telefonları təmir edir və yaxud qiymətləndirib ümumi razılığa gəldikdən sonra alır. Telefonu aldıqdan sonra bu barədə qeydiyyat aparır, belə ki, qeydiyyat kitabı vardır və həmin kitabda aldığı telefon barədə qeyd edir və satan şəxsə yazdırıb imzalatdırır. Eyni zamanda satan şəxsin şəxsiyyət vəsiqəsinin surətini də götürür. Mağazada özündən heç kim işləmir. 03 sentyabr 2021-ci il tarixdə günorta saatlarında iş yerində olan zaman əvvəllər tanımadığı iki nəfər şəxs mağazaya daxil olmuşdur. Onlardan biri ona yaxınlaşıb mobil telefonu olmasını və satdığını demişdir. Telefonu alıb baxmış və yoxlamışdır. Telelefon “Redmi” markalı, “Note 10” modelli olmuş, telefonun içərisində nömrə olmamış və telefonu həmin şəxs ilə 50 manata razılaşmışdır. Bundan sonra həmin şəxsdən şəxsiyyət vəsiqəsi tələb etmiş, həmin şəxs telefonun özünə məxsus olmasını, lakin vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Həmin şəxs yanında olan şəxsdən şəxsiyyət vəsiqəsini almış və təqdim etmişdir. Vəsiqəyə baxdıqda görmüşdür ki, vəsiqə Şahid1 məxsusdur. Həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini çıxarıb telefonu satan şəxsə imza etdirmiş, telefonu satan şəxs haqqında kitabda qeydlər aparmış və imza etdirmişdir. Həmin şəxsə 50 manat pul vermiş və o, çıxıb getmişdir. Telefonu mağazada satdığı digər telefonların arasına qoymuş və həmin günü axşam saatlarında mağazaya polis əməkdaşları gəlmiş və sorğu-sual etmişlər. Məlum olmuşdur ki, telefonu aldığı şəxs telefonu cinayət yolu ilə ələ keçirmişdir. Telefonu götürüb polislərlə birlikdə Xətai RPİ-nə gəlmişdir.Qeyd etdiyi kimi telefonu satan şəxs telefonun özünə məxsus olmasını bildirmiş və bu barədə yazaraq imzalamışdır. “Redmi” markalı, “Note 10” modelli mobil telefon aparatının cinayət yolu ilə əldə olunması ilə bağlı məlumatı olmamışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin mebel təmiri ilə məşğul olur və ailəsini dolandırır. Təqsirləndirilən şəxs 4-5 ay müddətdir ki, tanıyır, belə ki, sonuncu da mebel təmiri ustasıdır, buna görədə, yəni işi ilə əlaqədar olaraq biri-birilərini tanımışlar. Eyni zamanda Şahid yaşadığı küçəyə gəlib-getmişdir. Şahidi tanısada onunla yaxın münasibəti olmamış, yalnız mebel təmiri ustası olduğu kimi usta yoldaşı kimi münasibəti olmuşdur. 03 sentyabr 2021-ci il tarixdə yaşadığı küçədə bir kənarda dayanıb siqaret çəkmişdir. Saat 12 radələrində Şahid yanına gəlmiş və bildirmişdir ki, uşağı xəstədir və pul lazımdır. Şahidə pulunun olmadığını demiş və nə cür kömək edə biləcəyini soruşmuşdur. Şahid də bildirmişdir ki, özünə məxsus mobil telefonu satmaq istəyir, lakin şəxsiyyət vəsiqəsi yoxdur. Şahid xahiş etmişdir ki, onunla birlikdə telefon mağazasına gedərək onun şəxsiyyət vəsiqəsini təqdim etməklə özünə məxsus mobil telefonu satsın. Şahidi tanıdığı üçün inanmış və razılaşmışdır. Bundan sonra onlar Şaiqlə birlikdə Bakı Metropolitenin “Neftçilər” stansiyası yaxınlığına getmişlər. Ora çatdıqda metronun yaxınlığında yerləşən telefon alqı-satqısı mağazasına daxil olmuşlar və Şahid mağazada işləyən şəxsə yaxınlaşıb bir ədəd “Redmi” markalı, “Note 10” modelli mobil telefon aparatını çıxarıb təqdim etmişdir. Mağazada işləyən şəxs telefonu yoxlayıb 40 manata alacağını bildirmişdir. Şahid həmin şəxs ilə razılaşmış və mağazada işləyən şəxs şəxsiyyət vəsiqəsi tələb etmişdir. Bu zaman özünə məxsus şəxsiyyət vəsiqəsini mağazada işləyən şəxsə vermişdir. Həmin şəxs şəxsiyyət vəsiqəsinin surətini çıxarıb özündə saxlamış və Şaiqə 40 manat pul vermişdir. Bundan sonra onlar mağazadan çıxmış və yaşadığı evə gəlmişdir. Yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşı yaxınlaşıb sorğu sual etmiş və polis idarəsinə dəvət etmişlər. Şahid ona və mağazada işləyən şəxsə bir ədəd “Redmi” markalı, “Note 10” modelli mobil telefon aparatının özünə məxsus olmasını bildirmişdir. Şahidin cinayət hadisəsi törətməsi barədə heç bir məlumatı olmamış, belə ki, sonuncunun cinayət etməsini görməmiş və o, özüdə bu barədə heç nə deməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 qızıdır. Qızı Mətanət yaşadığı evin yaxınlığında, yəni Xətai rayonu, N.Tusi küçəsi 19 saylı ünvanda yerləşən 40 kv metr qeyri yaşayış sahəsini icarəyə götürmüş və həmin yeri mağaza kimi istifadə edir. Belə ki, mağazada geyimlər və ayaqqabılar satılır. Mağazanın gözətçisi və satıcısı yoxdur, qızı Mətanət satıcı kimi özü işləyir. Mütamadi olaraq həmin mağazaya getmiş və orada olmuşdur. Eyni zamanda qızı Mətanətin işi olduqda mağazanı o, işlətmişdir. 07 avqust 2021-ci il tarixdə qızı əri ilə toya getdiyi üçün və mağaza bağlı qalmaması üçün ondan mağazada olmağı xahiş etmişdir. Həmin günü səhər saatlarında axşam saat 21 radələrinə qədər mağazada olmuşdur. Axşam saat 21 radələrində mağazanı bağlayıb evə gəlmişdir. Səhəri günü tezdən mağazanı açmaq üçün oraya getmişdir. Mağazanın qarşısına çatdıqda giriş qapısına yaxınlaşmış və qapının sındırılmasını görmüşdür. Ətrafa baxmış, lakin heç kimi görməmişdir. İçəri daxil olduqda görmüşdür ki, mağazanın içərisi axtarılmışdır. Məlum olmuşdur ki, mağazadan oğurluq olmuşdur. Mağazada olan paltarları ötəri olaraq yoxlamış və 3.000 manat dəyərində paltarların oğurlanmasını aşkar etmişdir. Dərhal qızına zəng edərək onunla danışmış və hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra mağazaya polis əməkdaşları gəlmişlər. Polislərlə danışdıqda məlum olmuşdur ki, qızı Mətanətin əri X2 DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları ərizəsini almışlar və mağazanın qarşısında keçən şəxslərdən iki nəfər dəvət edib hadisə yerinə baxış keçirib fotoşəkillərini çəkmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlamaq və icraata götürmək haqqında 05 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild 1, i.v. 01); 03 sentyabr 2021-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Elçin oğlundan Təqsirləndirilən şəxs 03.09.2021-ci il tarixdə cinayəti törədib qaçan zaman cibindən düşürdüyü özünə məxsus bir ədəd “Samsung” markalı, “3212” modelli mobil telefon götürülmüşdür (cild 1, i.v.10); Şahid1 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, sənədin arxasına “03.09.2021 ildə özümə məxsus redmi not 10 telefonu oğurluq deyil telefon koddadır kodu yadımdan çıxıb imeini yaza bilmədim imza ***-***-**-**” yazılmışdır(cild 1, i.v.15); 03 sentyabr 2021-ci il tarixli baxış keçirilməsi və aparılması haqqında protokoldan görünür ki, cinayət hadisəsi ünvan 3 ünvanın qarşısında baş vermişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild 1, i.v.16-17); Telefona baxış keçirilməsi və götürülməsi barədə 04.09.2021-ci il tarixli protokoldan görünür ki, Şahid2 bir ədəd “Redmi” markalı, “Note 10” modelli mobil telefon götürülmüşdür (cild 1, i.v.23); Zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v.34); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2021-ci il tarixdə saat 18.00-da tutulmuşdur (cild 1, i.v. 48); 06.09.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs1 Elçin oğlu ilə Təqsirləndirilən şəxs aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini sonuncunun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 1, i.v.59-62); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, i.v.63-64); Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 07.09.2021-ci il tarixli qərardan görünür ki, hər iki cinayət işi eyni şəxsin barəsində olduğundan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə birləşdirilmişdir (cild 1, i.v.76-77); 08 avqust 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət hadisəsi ünvan 2 ünvanda yerləşən “Türk Uşaq və Qadın geyimləri” adlanan mağazada baş vermişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild 1, i.v.87-90); Zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır(cild 1, i.v.98); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2021-ci il tarixdə saat 17:15-də tutulmuşdur (cild 1, i.v.119); İfadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, 08 avqust 2021-ci il tarixdə saat 03 radələrindən sonra ünvan 2 ünvanda yerləşən “Türk Uşaq və Qadın geyimləri” adlanan mağazanın qapısını özü ilə birlikdə gətirdiyi dəmir armaturla açaraq mağazaya daxil olmasını və içəridən şalvar, köynək, şortik, ayaqqabı, saat və pul kisəsini oğurladığını deyərək hadisə yerini göstərmiş və bu barədə protokol tərtib edilib fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur (cild 1, i.v.128-129); 25 avqust 2021-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yerləşən “Türk Uşaq və Qadın geyimləri” adlanan mağazadan cinayət yolu ilə ələ keçirdiyi 03 ədəd şalvarlar yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq massivində yerləşən evindən götürülmüşdür. Bu barədə fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur (cild 1, i.v.132-141); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v.144-145); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 25 avqust 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, o, saxlanıldığı Xətai RPİ-nin MSY-dən dərhal azad edilmişdir (cild 1, i.v.161-162); Qətimkan tədbirinin seçilməsi barədə 25.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.163-164); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs 26.07.2016-cı il tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum edilmişdir. 19.01.2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir (cild 1, i.v.176-177, 238-243); Cinayət əməlinin tövsif edilməsi barədə 07 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cm-nin 180.1-ci maddəsindən CM-nin 177.2.3 və 180.2.2-ci maddəsinə tövsif edilmişdir (cild 1, i.v.180-181); Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 07 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 177.2.3 və 180.2.2-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v.184-185); 07 sentyabr 2021-ci il tarixli, 4(011)-386/2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 05 sentyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.206-212); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 21 sentyabr 2021-ci il tarixli 9/6242 saylı əmtəəşünaslıq ekspertizası üzrə rəyindən görünür ki, bir ədəd təzə vəziyyətdə Türkiyə istehsallı, etiketli, üzərində “Kurtul Years 11” yazısı olan qara rəngli şalvarın dəyəri 20 manat, bir ədəd qara rəngli, Türkiyə istehsallı, üzərində “FENDİ 14-15 age” yazıları olan şalvarın dəyəri 10 manat və bir ədəd təzə vəziyyətdə, tünd göy rəngli, Türkiyə istehsaallı, etiketli, üzərində “Kurtul Years 12” yazısı olan şalvar (üzərində “KURTUL” yazısı olan qara rəngli kəmərlə birlikdə) dəyəri 17 manat olmaqla həmin geyim əşyalarının 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 47,00 manat müəyyən edilir (cild 2, i.v.01-03); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 21 sentyabr 2021-ci il tarixli 3/1520 saylı rəydən görünür ki, təqdim edilmiş 1,2,3 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1,2,3,4,5,6,7,8, saylı daktilolentlərin səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin orta barmağından qalmışdır. Təqdim edilmiş 2 və 3 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri Təqsirləndirilən şəxs əl-barmaqlarından qalmamışdır (cild 2, i.v.04-10); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 11 oktyabr 2021-ci il tarixli 9-6448 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən “World telecom” və “Kontakt home” şirkətlərinə məxsus ticarət şəbəkələrində (Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi; Nəsimi rayon. R.Behbudov küçəsi) və mobil telefon alqı-satqısə mənqələrində mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilmiş “Redmi” markalı, “Note 10” modelli mobil telefonun hazırki işlənmiş vəziyyətdə 2021-ci ilin sentyabr ayına, istismar müddətini, təyinatı üzrə istifadəyə yararlığını, hadisə vaxtı üstündə satış üçün telefonun komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını, mənəvi və fiziki köhnəlməsini nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 300,00 manat müəyyən edilir (cild 2, i.v.19-22); 11 oktyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi bir ədəd “Redmi markalı, “Note 10” modelli mobil telefon aparatı və üç ədəd şalvar iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış sahiblərinə qaytarılmış, Təqsirləndirilən şəxs 03 sentyabr 2021-ci il tarixdə cinayəti törətdikdən sonra hadisə yerindən qaçan zaman cibindən düşmüş bir ədəd “Samsung” markalı, “3212” modelli mobil telefon aparatı, cinayət işində olan Şahid1 şəxsiyyət vəsiqəsinin surəti iş üçün əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınmış və mobil telefon saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (cild 2, i.v.27-41); Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Cinayət Məcəlləsinin 177.2.3 və 180.2.2-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə– bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama təkrar törədildikdə- üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını (CM-59.1.12), vurulmuş ziyanın qismən ödənilməsini (CM-59.1.14.), əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 26.07.2016-cı il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən, həmçinin həmin hökm üzrə olan əməl böyük ictimai təhlükə törətməyən cinayət olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə cəza təyin edərkən CM-nin 60-cı maddəsinin tələblərini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, onun 24 avqust 2021-ci il tarixdən 25 avqust 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 1 (bir) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 sentyabr 2021-ci il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6), azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, maddi sübutlar Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi bir ədəd “Redmi markalı, “Note 10” modelli mobil telefon aparatı və üç ədəd şalvarın sahiblərinə qaytarılması nəzərə alınmalı, Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı, “3212” modelli mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılmalı, Şahid1 şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılmalıdır(CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə 286,11 (iki yüz səksən altı manat on bir qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24.08.2021-ci il tarixdən 25.08.2021-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün müddət ona təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 03 (üç) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 05 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 286,11 (iki yüz səksən altı manat on bir qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübutlar –Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi bir ədəd “Redmi markalı, “Note 10” modelli mobil telefon aparatı və üç ədəd şalvarın sahiblərinə qaytarılması nəzərə alınsın, Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı, “3212” modelli mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılsın, Şahid1 şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar