Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-478/2022 25.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1987-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2017-ci il tarixdən hesablanmaqla, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, hər ay hər uşağa görə 137 manat, cəmi 274 manat sabit pul məbləğində aliment, eyni zamanda xx.xx.2014-cü il təvəllüdlü X3 3 yaşına çatanadək 50 manat məbləğində alimentin tutularaq, Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7148/2017 saylı, xx.xx.2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat inzibati qaydada cərimə edilmiş, daha sonra Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi tərəfindən verilmiş şikayət əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 500 manat məbləğində inzibati cərimə cəzası dəyişdirilərək, 10 gün müddətində inzibati qaydada həbslə əvəz edilmiş və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla, rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün ilkin təqdimatda göstərilən xx.xx.2019-ci il tarixdən sonuncu təqdimat verilən xx.xx.2022-ci il tarixədək 3164 manat aliment borcunu tələbkara ödəməməklə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2011-ci ildə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2012-ci il tarixdə Xosrov və xx.xx.2014-cü il tarixdə Şərif adlı iki uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlar mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 137 manat olmaqla, cəmi 274 manat sabit pul məbləğində aliment, eyni zamanda 2014-cü il təvəllüdlü X3 3 yaşına çatanadək əlavə 50 manat məbləğində alimentin tutularaq, Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin, qətnamənin icrası mərhələsində aliment üzrə borcu yaranmış və icra məmuru tərəfindən təqdimat verilən tarixə kimi ödənilməmiş aliment borcu 3164 manat təşkil etmişdir. Həmin aliment borcunu tam olaraq hazırda Zərərçəkmiş şəxs ödədiyini və əməlindən peşman olduğunu bildirərək, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs ilə 2011-ci ildə ailə quraraq, birgə nikahdan xx.xx.2012-ci il tarixdə Xosrov və xx.xx.2014-cü il tarixdə Şərif adlı iki övladları dünyaya gəlmişdir. Ailə qurduqları ilk vaxtlar mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş və o, nikahın pozulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, Təqsirləndirilən şəxs övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 137 manat olmaqla, cəmi 274 manat sabit pul məbləğində aliment, eyni zamanda xx.xx.2014-cü il təvəllüdlü X3 3 yaşına çatanadək əlavə 50 manat məbləğində alimentin tutularaq, ona verilməsi qət edilmişdir. Lakin, Təqsirləndirilən şəxs 3164 manat ödənilməmiş aliment borcu yarandığından, cinayət işinin başlanılması üçün, icra məmuru tərəfindən təqdimat verilmişdir. Hazırda iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən həmin 3164 manat aliment borcunun tam olaraq ona ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7148/2017 saylı, 23 noyabr 2017-ci il tarixli icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 137 manat, cəmi 274 manat sabit pul məbləğində aliment, eyni zamanda, xx.xx.2014-cü il təvəllüdlü X3 3 yaşına çatanadək Zərərçəkmiş şəxs üçün 50 manat məbləğində aliment tutularaq, Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7148/2017 saylı, 23 noyabr 2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu Təqsirləndirilən şəxs icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-307/2022 nömrəli, 01 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7148/2017 saylı, 23 noyabr 2017-ci il tarixli icra sənədini icra etmədiyinə görə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Eyni zamanda, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 404/2022 saylı, 25 fevral 2022-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs nümayəndəsi X4 tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-307/2022 nömrəli, 01 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7148/2017 saylı, 23 noyabr 2017-ci il tarixli icra sənədini icra etməsi üçün yeni müddət təyin olunaraq 10 gün müddətində vaxt verilmiş və bu müddət ərzində icra sənədini tam icra etməzsə, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması barədə aidiyyəti üzrə təqdimat veriləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarından görünür ki, 17 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7148/2017 saylı, 23 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən, yaranmış 3164 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs xeyrinə ödəmişdir. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxsin şikayətinin olmaması barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Digər tərəfdən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, həmin Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, verilmiş ittiham üzrə 09 may 2022-ci il tarixədək yaranmış aliment borcunu tam olaraq ödədiyini və zərərçəkmiş şəxsin şikayətinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.8, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-478/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-478/2022
25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver