Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-478/2023 17.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta tahsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)- 159/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdardan artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,287 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 09 may 2023-cü il tarixdə, saat 11:00 dəqiqədə Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanında yerləşən “Coffemania” restoranının qarşısında saxlanılaraq ünvan 4 ünvanda yerləşən Xətai RPİ-nin 34-cü polis şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,287 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, yaşadığı evin yaxınlığında avtomobil ustasının köməkçisi işləyir, saxlanıldığı gün şiriniyyat almaq üçün marketə gedərkən yaşadığı binadan iki yüz metr aralıda polis əməkdaşları post patrul avtomobilindən enərək onu tutmuşlar. Həmin vaxt iş üzrə şahid olan Rövşən adlı polis əməkdaşı onun cibinə bir büküm narkotik vasitə qoymuş, o, narkotik vasitəni cibindən çıxardaraq yerə atmış, polis əməkdaşı həmin narkotik vasitəni götürərək onu post patrul avtomobilinə mindirib döymüşdür. Bundan sonra onu polis bölməsinə aparmışlar, polis bölməsində bükümə baxaraq nə olduğunu soruşmuşlar, o bilmədiyini demiş, daha sonra onu otaqların birinə apararaq onu axşam buraxacaqlarını bildirərək ondan pul istəmişlər, həmin vaxt o aldanaraq 170 (bir yüz yetmiş) manat pul vermişdir. Bundan sonra onu başqa bir otağa apararaq narkotik vasitənin onun olmasını deməsini istəmişlər, o bunu edə bilməyəcəyini bildirmiş, bu səbəbdən onu döyərək narkotik vasitənin ona məxsus olmasını etiraf etməsini istəmişlər, o bunu etmədiyindən polis əməkdaşları onu hədələyərək bu əməli etiraf etmədiyi təqdirdə evindən beş kilo narkotik vasitə çıxaracaqlarını demişlər. İlkin olaraq polis əməkdaşı ona video kamera ilə çəkiliş aparılarkən “Bakı kinoteatrının” qarşısında tutulduğunu deməsini istəmiş, sonradan fikirini dəyişərək “Coffemania” adlanan restoranın qarşısında tutulduğunu deməsini tələb etmişdir. O, məcbur olduğundan video çəkiliş zamanı polis əməkdaşlarının tələb etdiyi kimi danışmışdır. Analiz verməsi üçün aparıldığı zaman həkim ona nəticələrinin təmiz olduğunu bildirmiş, sonradan müvəqqəti saxlama yerində olarkən müstəntiqdən rəydə narkotik vasitələrdən aslılığı olduğunu qeyd edildiyini bilmişdir. O, barəsində olan işinin tez yekunlaşaraq məhkəməyə göndərilməsi üçün ibtidai istintaq dövründə heç bir vəsatət və şikayət verməmişdir. Polis əməkdaşlarının ona qarşı qərəzli olmasına səbəb bundan əvvəl törətdiyi cinayət əməlinə görə tutulduğu zaman polis əməkdaşları onu döyərkən onlardan birinə vurması olmuşdur. İstintaq təcridxanasına qəbul edilərkən görünən xəsarəti olmadığından xəsarətləri ilə bağlı heç bir müraciət etməmişdir. Əlavə olaraq təqsirləndirilən şəxs həbsdən azad edilməsini xahiş etmişdir. Məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olmuş, həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış, onlara deyilən Məhəmməh Hadi küçəsi ünvanın yaxınlığında olarkən deyilən əlamətlərə uyğun olan sonradan Təqsirləndirilən şəxs olduğu bildikləri şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və ondan özünü təqdim etməsini istəmişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğundan əmin olduqdan sonra sonuncunu polis şöbəsinə dəvət etmişlər, polis şöbəsində olduqları zaman təhqiqatçının otağında üzərinə baxış keçirilmiş və baxış nəticəsində üzərindən narkotik vasitə aşkar edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Hadisənin üzərindən uzun müddət keçdiyindən hadisənin təfrruatlarını dəqiq xatırlamadığını, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, məhkəmə iclasında dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 09 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:10-da Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 21); şəxsi axtarış və götürmə aparılması haqqında 09 may 2023-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı polis leytenantı X3 tərəfindən, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2, Xətai RPİ-nin 34-cü PŞnin əməliyyat müvəkkili polis leytenantı Şahid1, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X4 iştirakları ilə Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasında “Samsung” markalı mobil telefon vasitəsilə video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər maddəni, 06.30 (altı, otuz) manat pulu və elektron qolbaq aparatını təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddələrin nədən ibarət olması haqqında sual verilərkən sonuncu bildirmişdir ki, əynində olan qara rəngli idman şalvarın sağ yan cibində olan 01 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli, toz şəkilli olan narkotik maddə vasitə hesab olunan eroindir. Qeyd olunan maddəni necə əldə etməsini soruşduqda o, şəxsi istifadə üçün Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrosunun yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən 01 ədəd bükümünü 20 (iyirmi) manat dəyərində nağd şəkildə aldığını bildirdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını həyata keçirilməsi ilə bağlı verilən suala o, narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini, heç vaxt satışını həyata keçirmədiyini bildirdi. Götürülmüş kütlər elektron tərəzi vasitəsi ilə çəkilmiş və 1 bükümdə olan şəffaf rəngli sellofana bükülmüş, qəhvəyi rəngli toz şəkilli olan maddənin çəkisi 0,55 qram müəyyən olunmuşdur. Şəxsi axtarış və götürmə, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmış, şəxsi axtarış və götürmə zaman istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 may 2023-cü il tarixli 6/2684 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün №152”-li dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,287 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbayacan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 41-44); diskə baxış keçirilməsi haqqında 10 may 2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 09 may 2023-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 66); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-323/2023 nömrəli, 10 may 2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat və vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs həbsdə olmağı müddətinin əvvəli 09 may 2023-cü il tarixdən hesablanmışdır (i.v. 73- 78); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 yanvar 2023cü il tarixli hökmü ilə CM-nin 177.2.3-cü və 69.3-cü maddələrinə əsasən 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 89- 90); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 2981 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 101-102); sübutların qiymətləndirilməsi haqqında 17 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmçinin şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri əks etdirən 01 ədəd diskin maddi sübut kimi tanınması və istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 01 ədəd sellofan bükümdə tədqiqatdan sonra qalıq qalmış 0,237 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin saxlanılması üçün Xətai RPİ-nin saxlanc təhvil verilməsi qərara alınmışdır ( i.v. 106-112); Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-159/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-159/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli hökmü qanuni qüvvəsini almışdır ( i.v. 150); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 21-1/3-19155 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-159/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək cəzasından 02 (iki) ay 02 (iki) gün çəkmiş və onun 02 (iki) il 03 (üç) ay 24 (iyirmi dörd) gün çəkilməmiş cəzası qalmışdır ( i.v. 151); Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxış iclasında verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Müdafiə hüquqununun təməl institutu kimi Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından, belə düşünmək olar ki, o, özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin şahidlər Şahid1 və Şahid2 bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra şahid qismində dindirilmişdirlər. Həmin şahidlər ifadələrində Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üstündə saxlayaraq daşıması, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılması və video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman narkotik vasitəni sonuncunun üzərindən aşkar edilməsini göstərmişdir. Şahid1 cinayət işinin materiallarında olan ifadələri ilə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri eyni məzmunlu olmuş, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması üçün məhkəməyə gətirildiyi zaman məhkəmə iclasında özünü təqsirli bilərək əməlindən peşmançılıq çəkdiyini və bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində verilmiş vəsatət və təqdimatın təmin edilməməsini xahiş etmişdir (i.v. 73-78). Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin baxış iclasında polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsini bildirsə də, məhkəmə istintaqı zamanı bu hal öz təsdiqini tapmamış, həmçinin iş materiallarında təqsirləndirilən şəxs tərəfindən qeyd etdiyi halla bağlı hər hansı müraciətin olması müəyyən edilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,287 qram heroin şəxsi istehlak miqdarından artıq hesab olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-159/2023 nömrəli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmiş, lakin həmin məhkumluq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərara dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən qərarın 16-cı bəndində qeyd edilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CMin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. İş materiallarında olan hökmün icra edilməsi barədə göstərişə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-159/2023 nömrəli hökmünün 21 fevral 2023-cü il tarixdə qanuni qüvvəyə minməsini, həmçinin Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini 09 may 2023-cü il tarixdə törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunmasına baxmayaraq yenidən cinayət törətməsini, azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin ona yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, üzərində qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə heroinin miqdarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM58.3.), daha əvvəl də onun azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, buna baxmayaraq, yenidən qəsdən cinayət törətməsi, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-159/2023 nömrəli hökmü ilə təyin 02 (iki) il 06 (ay) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 03 (üç) ay 24 (iyirmi dörd) gün hissəsi azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmalı (CM 68.1.1-1), hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməli (CM 67.1), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,287 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,237 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM198.1). İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-159/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (ay) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 03 (üç) ay 24 (iyirmi dörd) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il 01 (bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrumetmə cəzası həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 09 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,287 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,237 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 15 (on beş) saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev
Məhkəmə qərarları › İş №1(011)-478/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-478/2023
17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver