Məhkəmə qərarları › İş №1(011)-478/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-478/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-478/2024 16.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, tərcüməçi – X1, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, 23 fevral 2024-cü il tarixdə Xətai rayon məhkəməsi tərəfindən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ilidə yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğluna verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,038 qram narkotik vasitə tiryək əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Xətai RPİ-nin 36-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 01 iyun 2024-cü il tarixdə, saat 17:20-də ünvan 3 ünvanın yaxınlığında saxlanılıb ünvan 4ləşən Xətai RPİ-nin 36-cı PŞ-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə şəxsi-axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,038 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o uzun müddətdir narkotik vasitələr və psixotrop maddədən istifadə edir, narkotik vasitəni həmişə tanımadığı şəxslərdən almış, hətta 23 fevral 2024-cü il tarixdə Xətai rayon məhkəməsinin hökmü ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. 01 iyun 2024-cü il tarixdə günün ikinci yarısında təsadüfən narkotik vasitə aldığı şəxslə rastlaşmış və ondan 10 manat müqabilində şəxsi istifadəsi üçün bir ədəd şəffaf sellofan bükümdə tiryək alaraq üzərində saxlamış və ağrıları olduqda istifadə etmək istəmişdir. Həmin günü saat 17:20-də ünvan 3 saylı Ünvanın yaxınlığında olan zaman mülki geyimli şəxslər yaxınlaşaraq polis Əməkdaşları olduqlarını bildirmiş və özünü təqdim etməsini xahiş etmiş, özünü təqdim etdikdən sonra isə narkotik vasitələrdən istifadə etməkdə şübhəli bilindiyi üçün Xətai RPİnin 36-cı Polis Şöbəsinə aparılmışdır. Şöbədə polis əməkdaşları tərəfindən milliyyətcə rus olduğundan tərcüməçi və vəkillə təmin olunaraq videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmış, həm in vaxt üzərində qanunla qadağan olunmuş maddə və ya əşya vardırsa təqdim olunması təklif olunmuş, bu təklifdən sonra əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin maddənin nə olması soruşulduqda tiryək olmasını, Nizami rayonu ərazisində Xalqlar Dostluğu metrosunun yaxınlığında tanımadığı şəxsdən 10 manata özü üçün istifadə etmək məqsədi ilə alıb üzərində saxlamasını bildirmiş, sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan olunan hər hansı bir maddə və ya əşya aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan tiryək elektron tərəzidə çəkilmiş və çəkisinin 1,10 qram olması müəyyən edilmiş, sonra həmin maddə zərfə qoyulub möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalarla təsdiq edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan və Polis Şöbəsinə gətirilərkən ona qarşı hər hansı bir fiziki güc tətbiq edilməmiş, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə tiryəki aldığı şəxsi üzdən tanısa da anket məlumatlarını bilməmişdir. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, hazırda polis leytenantı rütbəsindədir. Xidmət etdiyi şöbəyə xx xxxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi Əhmədağa Əhmədov küçəsi ev 26 mənzil 22-də qeydiyyatda olan və Xətai rayonu, Polad Həşimov küçəsi ünvansız özbaşına tikilidə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlayıb daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə tərəfindən şöbə rəisinə məruzə olunmuş, sonra şöbənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 01 iyun 2024cü il tarixdə saat 17:20-də tərəflərindən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu Zığ yolu 36 ünvanın yaxınlığında saxlanılmış, sonra Təqsirləndirilən şəxs paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi məqsədilə Xətai RPİ-nin 36- cı PŞ-nə dəvət etmiş, şöbədə Təqsirləndirilən şəxs saxlanılması barədə rəhbərliyə raportla məruzə olunmuş və Təqsirləndirilən şəxs şöbənin təhqiqatçısı, polis mayoru Aslan Rəhimova təhvil vermişdir. Daha sonra təhqiqatçı Aslan Rəhimov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq ona hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi və tərcüməçi dəvət edilmiş, sonra isə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra tərcüməçinin və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanunu əşyaları çıxarıb masanın üzərinə qoymaq təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli selofanın İçərisində spesifik iyə malik maddəni çıxardıb təqdim etmiş və həmin bükümün İçərisindəki maddənin narkotik vasitə olan tiryək olmasını, şəxsi istifadəsi üçün metronun Xalqlar Dostluğu stansiyasının yaxınlığında tanımdağı və heç bir anket məlumatının bilmədiyi şəxsdən 10 manata almasını bildirmiş, sonra videoçəkiliş zamanı təhqiqatçı Təqsirləndirilən şəxs başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamadığını soruşduqda başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş 01 büküm narkotik vasitə elektron tərəzidə çəkilib kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmiş, daha sonra bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuş, şəxsi axtarış və götürmə prosesini əks etdirən 01 ədəd CD disk isə protokola əlavə edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən və şöbəyə aparılarkən ona hər hansı bir formada fiziki güc tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsi X3 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 02 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır; (i.v.1) - əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1980-cıil tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 7 ünvanında qeydiyyatda olmaqla, Bakı Şəhəri Xətai rayonu Polad Haşimov küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. 1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq xx.xx.1980-cıil tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 7 ünvanında qeydiyyatda olmaqla, Bakı Şəhəri Xətai rayonu Polad Haşimov küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılsın. (i.v.6-7) - şübhəli şəxsin tutulması haqqında 01 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 01 iyun 2024-cü il tarixdə saat 17:20 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur; (i.v.33) - şəxsi axtarış və götürmə aparılması haqqında 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şüphəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır.(i.v.42) - şəxsi axtarış və götürmə aparılması haqqında 01 iyun 2024-cü il tarixli protokoldan görünür ki, videoçəkiliş edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi sonuncuya təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli selofonun içərisində spesifik iyə malik 01 ədəd kütləni çıxarıb təqdim edir. Təhqiqatçı tərəfindən sorğu zamanı Təqsirləndirilən şəxs qeyd edilən bükülünün içərisindəki maddənin narkotik vasitə olan tiryək olmasını və həmin tiryəki şəxsi istifadəsi üçün metronun Xalqlar Dostluğu stansiyasının yaxınlığında tanımadığı və heç bir anket məlumatını bilmədiyi şəxsdən 10 manata aldığını bildirir. Bundan sonra təhqiqatçı Aslan Rəhimov tərəfindən həmin maddə tərəzidə çəkilir və çəkisinin 1,10 qram olması müəyyən edilərək kağız zərfə qoyulub qablaşdırılmaqla Üzəri iştirakçılar tərəfindən imzalanılır və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənir. Şəxsi axtarış və götürmə prosesini əks etdirən 01 ədəd CD disk protokola əlavə edilmişdir. (i.v.44-46) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/3070 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN zərflər üçün N 151 dairəvi möhür aksi, “Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 1,038 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. (i.v.53-56) - Diskə baxış keçirilməsi haqqında 02 iyun 2024-cü il tarixli protokoldan və həmin diskdəki fayla məhkəmə iclası zamanı baxışdan müəyyən edilmişdir ki, süni işıqlandırma ilə işıqlandırılmış otaq Xətai RPİ-nin 36-cı PŞ-nin təhqiqatçısı, polis mayoru Aslan Rəhimovun xidməti iş otağıdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Aslan Rəhimov şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli selofonun içərisində spesifik iyə malik 01 ədəd kütləni çıxarıb təqdim edir. Təhqiqatçı tərəfindən sorğu zamanı X4 qeyd edilən bükülünün içərisindəki maddənin narkotik vasitə olan tiryək olmasını və həmin tiryəki şəxsi istifadəsi üçün metronun Xalqlar Dostluğu stansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manata aldığını bildirmiş, Bundan sonra təhqiqatçı Aslan Rəhimov tərəfindən həmin maddə tərəzidə çəkilir və çəkisinin 1,10 qram olması müəyyən edilərək kağız zərfə qoyulub qablaşdırılmaqla üzəri iştirakçılar tərəfindən imzalanmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənmişdir.(i.v.65) - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 03 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir.(i.v.69-70) - Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(011)-424/2024 saylı qərarından görünür ki, 40110258 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs xx xxxxxxx 1980-ci ildə Bakı şəhərində, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş-məhkumluğu ödənilməmiş, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əhmədağa Əhmədov küçəsi, ev 26, mənzil 22-də qeydiyyatda olan, Xətai rayonu, Polad Həşimov küçəsində ünvansız özbaşına tikilidə yaşayan X2 barəsində qətimkan tədbiri qismində "həbs" seçilməklə, prosessual məcburiyyət tədbiri tətbiq edilmiş, Həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, Həbsetmənin əvvəli 01 iyun 2024-cü il tarixdən hesablanmışdır.(i.v.91-94) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 iyul 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Xətai rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və üzərində 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrumetməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir və Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq residiv yarartmadığından onun əməlində cinayətlərin resedivi yoxdur. (i.v.108- 109) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 23 fevral 2024-cü il tarixli 1(011)-130/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır.(i.v.112-116) - Bakı şəhər Probasiya İdarəsinin 29 iyul 2024-cü il tarixli, 21-1/315562\13 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin 23 fevral 2024-cü il tarixli 1(011)-130/2024 saylı hökmünün icrası ilə əlaqədar probasiya nəzarətinin aparılması üçün Bakı şəhər Probasiya İdarəsində qeydiyyata götürülməmişdir (i.v.118). - 2 saylı MKİS tərəfindən verilən xx.xx.2024-cü il tarixli xasiyyətnamədın görünür ki, Təqsirləndirilən şəxs ünvan 10 ünvanda qeydiyyatsız yaşayır. Təqsirləndirilən şəxs haqqında 2 saylı MKİS-ə yazılı və ya şifahi şəkildə heç bir şikayət daxil olmamışdır. (i.v.111) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 10 iyul 2024- cü il tarixli, 4732 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür(i.v.119-120) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini məhkəmə onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun cəza çəkdiyi dövrdə hazırki cinayət əməlini törətməsi, habelə təyin olunmuş cəzaya baxmayaraq sonuncunun islah yoluna qədəm qoymaması onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 182-ci qrafasına əsasən təmiz çəkisi 1,038 qram olan tiryək xeyli miqdar hesab olunur. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs oğlunun məhkum olunmasına dair Azərbaycan Respublikası Xətai Rayon Məhkəməsinin 1(011)-130/2024 nömrəli, 23 fevral 2024-cü il tarixli hökmü çıxarıldıqdan sonra hazırki cinayət əməlini törətməkdə təqsirli olduğunun müəyyən edildiyini və həmin hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkmədiyini nəzərə alaraq hesab edir ki, ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini səciyyələndirən digər halları nəzərə, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs oğlunun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğluna Bakı şəhəri Xətai rayon məhkəməsinin 1(011)-130/2024 nömrəli, 23 fevral 2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə uyğun iki gün azadlığın məhdudlaşdırılmasının bir gün azadlıqdan məhrum etməyə bərabər olmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası kimi hesablanmaqla hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 01 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,988 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saat iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin 1(011)-130/2024 nömrəli, 23 fevral 2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə uyğun hesablanmaqla hazırki hökmlə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 01 iyun 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,988 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (yüz əlli) manat ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar