Məhkəmə qərarları › İş №1(011)-479/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-479/2021

10.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-479/2021 10.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi ilə, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi ev 111-də qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan təbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 iyun 2021-cı il tarixdə saat 22:30 radələrində AC 540396 seriyalı “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Zərərçəkmiş şəxs2 məxsus «Nissan Sunny minik» markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə üzü “Nargilə” dairəsi istiqamətində saatda təxminən 15-20 km/saat sürətlə hərəkətdə olan zaman Bakı şəhəri, Xətai rayonu, 1025 ünvanında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci və 6-cı hissələrinin və 37-ci maddəsinin 4cü hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətə başlama, yerdəyişmə, dönmə zamanı sürücünün apardığı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, dairəvi hərəkət təşkil edilmiş yolayrıcına dönmək (daxil olmaq) istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyəti tutmalı, hadisə yerindən qaçmamalı olduğu halda qanunun bu tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, mümkün olan heç bir tədbir görməmiş və o, avtomobili sağa döndərməzdən əvvəl sağa dönmə işıqlarını yandırmaqla bərabər hərəkətin təhlükəsizliyini təmin etmək şərti ilə hərəkət hissəsinin sağ kənar vəziyyətini tutmamış, əvvəlcədən ondan sağ zolaqda hərəkətdə olan nəqliyyat vasitəsinə yol verdikdən sonra hərəkət hissəsində müvafiq kənar vəziyyəti tutmaqla həmin hissədən sağa dönmə manevrini başa çatdırmayaraq arxadan onunla eyni istiqamətdə ona nəzərən sağ zolaq ilə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Suzuki” markalı, 99-B-844 dövlət qeydiyyat nişanlı motosikl üçün təhlükə yaradaraq, onunla toqquşub, ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Suzuki” markalı motosiklın sürücüsü Zərərçəkmiş şəxs1 sağ baldır sümüklərinin aşağı 1/3-nin açıq yerdəyişmiş sınıqları, sağ baldırın əzilmiş-cırılmış yarası və sıyrığı kimi həyat üçün təhlükəli olan xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurmuş, habelə «Nissan Sunny minik» markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 830 (səkkiz yüz otuz) manat maddi ziyan vurmaqla yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1 və 264-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, gündəlik olaraq icarəyə avtomobil götürüb taksi fəaliyyəti ilə məşğul olur. 2021-ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs2 məxsus “Nissan Sunny” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilini 20 manat ödəmək şərti ilə etibarnamə əsasında icarəyə götürmüşdür. Gündəlik icarə haqqı olan 20 manat pulu isə Vüqarın ona verdiyi kart hesabına göndərmişdir. 22 iyun 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “Affa” idman federasiyasının qarşısından bir nəfər qadın müştəri götürmüş və həmin sifariş əsasında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə üzü 28 May metrosu istiqamətində hərəkət etməyə başlamışdır. Həmin vaxt idarə etdiyi “Nissan Sunny” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobildə yanacaq az olduğu üçün o, “Azpetrol” yanacaq doldurma məntəqəsindən yanacaq vurmaq qərarına gəlmişdir. Buna görə də, hərəkətdə olduğu yolda qarşı hissədə olan yol ayrıcından dönərək yenidən Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti ilə “Azpetrol” yanacaq doldurma məntəqəsi istiqamətində hərəkət etməyə başlamışdır. O, yanacaq doldurma məntəqəsinə daxil olmaq üçün hərəkətdə olduğu yolun sağ zolaq istiqamətinə baxmış və yolun boş olduğunu görüb idarə etdiyi avtomobili sağa doğru hərəkət etdirib yanacaq doldurma məntəqəsinə daxil olmaq istəmişdir, həmin vaxt idarə etdiyi avtomobilin sağ yan hissəsindən “Suzuki” markalı, motosikletə dəymiş və motosikletin sürücüsü yerə yıxılmışdır. Həmin vaxt avtomobildə olan qadın sərnişin qışqırdığı üçün o, özünü itirmiş və həyəcanlı olduğu üçün avtomobili saxlamayaraq sürüb hadisə yerindən uzaqlaşmışdır. Bundan sonra o, müştərini sifariş verdiyi “28 May” metro stansiyasına aparıb düşürmüşdür. Vüqarla əlaqə saxlayıb baş vermiş hadisə barədə məlumat vermişdir. O, hadisə zamanı heç bir spirtli içki qəbul etməmişdir. Nəticədə Zərərçəkmiş şəxs2 maddi ziyan dəymiş və “Suzuki” markalı motosikleti idarə edən Zərərçəkmiş şəxs1 bədən xəsarəti almışdır. Hazırda zərərçəkmiş şəxslərlə barışmış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını, ikinci qrup əlil olmasını, xəstəliyini, himayəsində biri xəstə, biri yetkinlik yaşına çatmayan olmaqla olmaqla üç övladının olmasını, zərərçəkmiş şəxslərin tələb və şikayətlərinin olmamasını nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibinə xitam verilməsini və Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, əlbəyaxa (MMA) döyüş növü ilə məşğul olmuş və həmin idman növü üzrə “Şəfa” stadionunda müəllim kimi işləyir. Təxminən iki il olar ki, “Suzuki” markalı, 99-B- 844 dövlət qeydiyyat nişanlı motosikleti alaraq ABC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etmişdir. 22 iyun 2021-ci il tarixdə saat 22:30 radələrində idarə etdiyi “Suzuki” markalı, 99-B-844 dövlət qeydiyyat nişanlı motosikletlə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə 50 km/saat sürətlə hərəkət etmişdir. Həmin vaxt Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 1025 ünvanında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında həmin prospekti ilə hərəkətdə olan “Nissan Sunny” markalı, **- ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkətdə olduğu yola doğru istiqamət aldığını görmüşdür. Buna görə də, o, idarə etdiyi “Suzuki” markalı, 99-B-844 dövlət qeydiyyat nişanlı motosikletin surətini azaldıb hərəkətdə olduğu yolun sağ zolağına doğru hərəkət etməyə başlamışdır. Buna baxmayaraq “Nissan Sunny” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobillə onun hərəkətdə olduğu digər zolağa doğru çıxmışdır. O, artıq hadisənin qaçılmaz olduğunu görüb idarə etdiyi “Suzuki” markalı, 99-B-844 dövlət qeydiyyat nişanlı motosikletin əyləcini sıxaraq sükanı sağa doğru istiqamətləndirmişdir. Buna baxmayaraq o, idarə etdiyi motosikletlə birlikdə “Nissan Sunny” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsindən dəyərək yerə yıxılmışdır. Motosiklet isə istiqamətini dəyişərək yolun kənarında olan səkiyə dəyərək dayanmışdır. O, motosikletdən yıxıldıqdan sonra “Nissan Sunny” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili saxlamayıb sağa doğru dönmə əməliyyat edərək idarə etdiyi avtomobillə sol qabaq təkəri ilə sağ ayağımın üzərindən keçmişdir. Hadisədən dərhal sonra həmin sürücü avtomobili saxlamayıb hadisə yerindən uzaqlaşıb çıxıb getmişdir. Hadisə yerinə X7 avtomobili gələrək onu “Travmatologiya” xəstəxanasına aparmışdır. Xəstəxanada müayinə olunan zaman sağ ayağının sınması məlum olmuşdur. Həmin vaxt o, motosikleti təxminən 50 km/saat sürətlə idarə etmişdir. Daha sonra dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, “Nissan Sunny” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və o, həmin avtomobili 2021-ci ilin əvvəllərində alaraq idarə etmişdir. Maddi imkanı və ailə vəziyyəti ilə əlaqədar olaraq özünə məxsus “Nissan Sunny” markalı, **-ME- *** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs oğluna gündəlik 20 manat müqabilində icarəyə vermişdir. “Nissan Sunny” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Bundan sonra Rəşad avtomobili ondan götürüb taksi kimi fəaliyyət göstərməyə başlamışdır. 22.06.2021-ci il tarixdə saat təxminən 23:40 radələrində yaşadığı mənzildə olan zaman polis əməkdaşları onunla əlaqə saxlayıb ona məxsus “Nissan Sunny” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəza törədərək hadisə yerindən yayındığını, sürücü ilə əlaqə saxlamağını bildirmişlər. O da Rəşadın istifadəsində olan mobil nömrəyə zəng vursa da, nömrəyə zəng çatmamışdır. Daha sonra polis əməkdaşları onunla yenidən əlaqə saxlayıb hadisə yerinə dəvət etmişlər və o, hadisə baş verən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 1025 ünvanında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığına getmişdir. Orda ona məlum olmuşdur ki, Rəşad idarə etdiyi ona məxsus “Nissan Sunny” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu yolu sağa doğru dönən zaman “Suzuki” markalı, motosikletlə toqquşmuş və motosikletin sürücüsü adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs1 xəsarət almışdır. O, Rəşadla əlaqə saxlamağa çalışsa da, sonuncu ilə əlaqə saxlaya bilməmişdir. Baş vermiş hadisə zamanı ona məxsus avtomobilin sağ yan və arxa sağ qanad hissələri əzilmişdir. Hadisə nəticəsində ona ümumilikdə 830 manat maddi ziyan dəymişdir. Daha sonra maddi ziyan ödənildiyindən təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 07 iyul 2021-ci il tarixli 609 nömrəli rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ baldır sümüklərinin aşağı 1/3-nin açıq yerdəyişmiş sınıqları, sağ baldır əzilmiş-cırılmış yarası və sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş 22.06.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sürücüsü olduğu motosikletlə avtomaşının toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 20 avqust 2021-ci il tarixli, 8/1777 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Nissan Sunny markalı, 99ME826 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci və 6-cı hissələrinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Nissan Sunny markalı avtomobilin sürücüsü hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində «Yol hərəkəti haqqinda» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan (iş vərəqi 142-151) 18 oktyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs idarə etdiyi «Nissan Sunny minik» markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibi zərərçəkmiş Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş (iş vərəqi 71) X4 tərəfindən verilmiş qüsur aktından görünür ki, 22.05.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisə zamanı «Nissan Sunny minik» markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə görə ümumi olaraq 830 manat ziyan dəydiyi müəyyən edilmişdir. 18 oktyabr 2021-ci il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, hadisə yerini və zamanını müşahidə edən kamera görüntüsü 01 ədəd CD diskə köçürülmüş və sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan (iş vərəqi 95-96) 09.10.2021-ci il tarixli protokoldan məlum olur ki, 22.06.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin görüntüsü köçürülmüş 01 ədəd CD formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı 22 iyun 2021-ci il tarixdə saat 22:30-da Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə hərəkətdə olan “Nissan Sunny” markalı avtomobilin hərəkətdə olduğu yolun sağ zolağı istiqamətinə hərəkət edərək onunla eyni istiqamətdə hərəkətdə olan motosikletin hərəkətdə olduğu yola çıxması, motosiklet sürücünün sağa doğru istiqamət götürsə də, “Nissan Sunny” markalı avtomobilin onu yoluna çıxdığı üçün toqquşmaları, hadisədən dərhal sonra “Nissan Sunny” markalı avtomobilin sürücüsünü avtomobili saxlamayıb geri dönmə əməliyyatı aparıb Bakı şəhəri, Xətai rayonu, 1025 ünvanında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin içərisi ilə gəlib keçərək hadisə yerindən uzaqlaşıb çıxıb getməsi müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs 22.06.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə hərəkətdə olan “Nissan Sunny” markalı avtomobilin idarə etdiyi avtomobil olduğunu, “Azpetrol” yanacaq doldurma məntəqəsindən yanacaq vurmaq məqsədi ilə sağa doğru hərəkət etdirib yanacaq doldurma məntəqəsinə daxil olmaq istəyən zaman “Suzuki” markalı, motosikletin onun avtomobilinin sağ hissəsindən dəydiyini, həmin vaxt özünü itirdiyi üçün avtomobili saxlamayaraq sürüb hadisə yerindən uzaqlaşdığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş (iş vərəqi 56) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai RPİ-nin X9 Şöbəsindən alınmış 18 avqust 2021-ci il tarixli sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs 10.07.2017-ci il tarixdə “BC” kateqoriyalı AC 540396 seriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İş materiallarında olan sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs oğluna 10.07.2017-ci il tarixdə AC seriyalı 540396 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Vəsiqə 10.07.2027-ci il tarixədək etibarlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 07.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan (iş vərəqi 73) axtarışda olan şəxsin tutulması haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 09.10.2021-ci il tarixdə müstəntiqin qərarına əsasən tutulmuşdur. İş vərəqi 131-137-də olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin 11.10.2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsindən imtina edilərək dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 11 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ərizələrdən məlum olur ki, onlara dəymiş ziyan Təqsirləndirilən şəxs oğlu tərəfindən ödənildiyindən barışmışlar, ona qarşı heç bir tələb və şikayətləri yoxdur. İş materiallarına əlavə edilmiş 058635 saylı əlillik vəsiqəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs oğlu ikinci qrup əlildir. İş materiallarında olan elektron çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs oğlunun himayəsində 25.09.2002-ci il təvəllüdlü X2 29.07.1996-cı il təvəllüdlü X1 və 28.05.2018-ci il təvəllüdlü X3 adlı üç övladı var. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 və 264cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Beləliklə, məhkəmə yuxarıdakı təhlilə və Qanunvericiliyin müddəalarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunan Təqsirləndirilən şəxs oğlunun zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanın ödənilməsini nəzərə alaraq hesab edir ki, həmin hissədə Təqsirləndirilən şəxs oğlu cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, bu şərt nəqliyyat vasitəsini idarə edərək yol nəqliyyat hadisəsi törətmiş şəxsin hadisə yerində şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər şəkildə çatdırmaq öhdəliyini yerinə yetirməsidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda rəsmən belə təfsir vermişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz”. Göründüyü kimi, yol nəqliyyat hadisəsinin iştirakçısı olan nəqliyyat vasitəsinin sürücüsü hər hansı məqsədlə hadisə yerini tərk etməzdən əvvəl öz şəxsiyyətini bəlli etməlidir. Bundan başqa, istər Konstitusiya Məhkəməsi Plenumunun qərarında, istərsə də CM-nin 264-cü maddəsinin “Qeyd” hissəsində cinayət məsuliyyətini aradan qaldıran hal kimi istənilən şəxsə deyil, məhz yol nəqliyyat hadisəsindən zərər çəkmiş şəxsə köməklik göstərilməsindən, bu məqsədlə hadisə yerinin tərk edilməsindən bəhs olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs ilk məhkumluğunu, zərərçəkmiş şəxslərlə barışmasını, ziyanın ödənilməsini, himayəsində 3 uşağının olmasını, cəzanı yüngülləşdirici hal kimi nəzərə almışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Beləliklə, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş təhlükəsizlik kamerasından götürülmüş videogörüntünün köçürüldüyü bir ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut tanınmış «Nissan Sunny minik» markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi zərərçəkmiş Zərərçəkmiş şəxs2 qaytarılmış hesab edilməlidir. Cinayət işi üzrə aparılmış məhkəmə xərci ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və həmin hissədə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «Nissan Sunny minik» markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi zərərçəkmiş Zərərçəkmiş şəxs2 qaytarılmış hesab edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd CD disk iş materiallarında saxlanılsın. Məhkəmə xərci ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar