Məhkəmə qərarları › İş №1(011)-48/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-48/2022

31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-48/2022 31.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1981-ci il tarixdə Tovuz rayon Qovlar qəsəbəsində doğulmuş, işləməyən, ali təhsilli, evli, Abşeron Rayon Məhkəməsinin 27.12.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 01 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmiş və Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli qərarına əsasən barəsində amnistiya tətbiq edilərək çəkilməmiş qalan 09 ay 09 gün azadlığın məhdudlaşdırlması cəzasından azad edilmiş, Tovuz rayonu, Böyük Qışlaq kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Ş.Mirzəyev küçəsi, ev 44-də yaşayan, barəsində ********* saylı cinayət işi üzrə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib bu məqsədlə tanışı Zərərçəkmiş şəxs Abşeron rayonu, Məmmədli kəndində faktiki olaraq özünə məxsus 2 sot torpaq sahəsinin olduğunu bildirib həmin torpaq sahəsini ona 5000 manata satacağına dair yalan vəd verib aldadaraq 2020-ci ilin avqust ayının sonlarında Abşeron rayonu, Xırdalan şəhəri, M.Rəsulzadə küçəsi, 31-də yerləşən 1 saylı notariat ofisinin qarşısında ilkin ödəniş adı ilə 4000 manat və həmin torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsində sxematik bölgünün tərtib etdirilməsi adı ilə 350 manat nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 4350 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib bu məqsədlə Abşeron rayonu, Məmmədli kəndində olan, Şahid2 məxsus 4 sot torpaq sahəsini Zərərçəkmiş şəxs 9000 manata satacağına dair yalan vəd verib aldadaraq, 2020-ci ilin avqust ayının sonlarında 2 sot torpaq sahəsinin satılması üçün ondan aldığı 4350 manat pulu ümumi məbləğdən çıxacağını bildirib 15 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yerləşən «Günəş» marketin qarşısında ona satılacaq torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsində sxematik bölgünün tərtib etdirilməsi adı ilə 1050 manat nağd pul vəsaitini və 16.02.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 6- da yerləşən «Asiman» restoranının qarşısında onun cinayətkar niyyətindən xəbərsiz olan taksi sürücüsü Şahid1 vasitəsilə 2600 manat nağd pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 3650 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, tanışı Şahid4 2020-ci ilin avqust ayının 9-da ona zəng vuraraq Emin adlı şəxsin əvvəllər ondan torpaq aldığını və Eminin yenə də Məmmədli kəndində özünə torpaq sahəsi almaq istədiyini söyləyib, Eminə torpaq satmağını xahiş etmişdir. Azada mobil nömrəsini Eminə verməsini və Eminin ona zəng etməsini söyləmişdir. Həmin gün sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs zəng vurub 2 sot torpaq sahəsi almaq istədiyini söyləmiş, sonuncuya Məmmədli kəndində özünə məxsus torpaq sahəsi olduğunu və həmin torpaq sahəsinin sotunu 2500 manatdan verə biləcəyini demişdir. Əvvəllər torpaq alqı-satqısı ilə məşğul olduğu üçün 2016-cı ildə satmaq üçün Məmmədli kəndində əvvəllər yaşadığı evin yaxınlığında Ramiz adlı şəxsdən faktiki olaraq 4,5 sot, sənədlə isə 4 sot torpaq sahəsi almışdır. Torpaq sahəsini Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Rayonu 4 saylı ərazi İdarəsi tərəfindən verilmiş elektron çıxarışla bacısı X1 adına alsa da, bacısından notariat qaydasında öz adına etibarnamə almışdır. Həmin torpaq sahəsinin 2,5 sotunu (sənədlə 2 sot) başqa adama satsa da, qalan 2 sotunu satmamış, buna görə də Eminin real müştəri olduğunu düşünüb torpaq sahəsini sonuncuya satmaq qərarına gəlmişdir. Telefonla danışdıqdan bir gün sonra, yəni 10 avqust tarixdə Eminlə Məmmədli kəndində görüşmüşlər. Emin torpaq sahəsinə baxdıqda oranı bəyənmiş ve torpağın sənədlərinə baxmaq istədiyini söyləmişdir. Torpağa dair bacısının adına olan çıxarış sənədini (xüsusi mülkiyyət kimi) və bacısının adından ona verilmiş etibarnaməni Eminə göstərib 2 sot torpaq sahəsini 5000 manata satacağını bildirmişdir. Emin çıxarış sənədinin bəs etmədiyini, əlavə olaraq torpağa dair texniki pasportun da alınmasını söyləmişdir. Eminə texniki pasportun alınması üçün sxematik bölgü aparılmalı olduğunu və həmin bölgünün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılmalı olduğunu bildirmişdir. Emin torpağı bölgü sxemi olmadan almayacağını bildirdikdə, qərara gəlmişlər ki, birlikdə gedib torpağa dair bölgü sxemini alsınlar. Məmmədli kəndində daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında satılmış torpaq sahələrinin 90 faizinin sərhədlərinin sürüşməsi mövcuddur və bu səbəbdən ƏMDX-nin Abşeron ərazi idarəsi həmin torpaq sahələrinə dair sxematik bölgüləri verə bilmir. Lakin bu haqda bilə-bilə Eminə heç nə deməmişdir. Məmmədli kəndindən çıxıb Xırdalan şəhərində yerləşən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsinə getmişlər. Oradan bildirmişlər ki, bölgünün aparılması üçün Notariat Kontoru tərəfindən təsdiq edilmiş qaydada bölgünün aparılmasına dair etiraz edilməməsi barədə razılıq alınmalıdır. Oradan çıxıb yaxınlıqdakı 1 saylı Notariat Kontoruna yaxınlaşmışlar. Orada torpağa dair çıxarış sənədini və etibarnaməni təqdim etdikdən sonra oradan ƏMDX-nin DƏDRX-nin Abşeron ərazi idarəsinə «online» qaydada bildiriş göndərilmiş və onlara qəbz verərək DƏDRX-nin Abşeron ərazi idarəsinə yaxınlaşmağı söyləmişlər. Həmin qəbzi götürüb qeyd edilən yerə yaxınlaşmışlar. Oradan onlara kod verilmiş və 20 gündən sonra gəlib həmin kod əsasında bölgü sənədini götürməyi bildirmişlər. Həmin kodu götürdükdən sonra oradan çıxmışlar. Çöldə olan zaman Emindən torpaq üçün ilkin olaraq 4000 manat, sənədləşdirmə işləri üçün isə 350 manat pul verməsini istəmişdir. Emin razılaşmış və saat 12 radələrində Xırdalan şəhərindəki 1 saylı Notariat Kontorunun qarşısında avtomobilindən 4350 manat pulu götürüb ona vermişdir. Razılığa gəlmişlər ki, 20 gündən sonra gəlib bölgü sxemini götürür və torpağa görə qalan 1000 manat pul ona ödənildikdən sonra bacısının adına olan 2 sot torpaq sahəsini notariat qaydasında Eminə satır, sonuncu isə alqı-satqı müqaviləsini və bölgü sxemini götürüb ƏMDX-nin Abşeron ərazi idarəsinə təqdim edərək öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport alır. Emindən aldığı 4350 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Təxminən 1 aydan sonra DƏDRX-nin Abşeron ərazi idarəsinə getdikdə oradan bildirmişlər ki, bacısının adına olan torpaq sahəsinin sərhədlərinin «sürüşməsi» səbəbindən qeyd edilən torpaq sahəsinə dair bölgü sxeminin verilməsi qeyri-mümkündür. Bundan sonra Eminlə əlaqə saxlayıb torpaq sahəsinə dair bölgü sxemini ala bilmədiyini və elektron çıxarışla kifayətlənməsini söyləmiş, lakin Emin razılaşmayaraq mütləq şəkildə torpağa dair bölgü sxeminin alınmasını istəmişdir. Bu məsələni həll edə bilməyəcəyini görüb, 2021-ci ilin fevral ayının əvvəllərində Eminə Məmmədli kəndində yerləşən sahəsi 4 sot torpaq sahəsini almağı təklif etmişdir. Həmin torpaq sahəsini öncə Şahid2 adlı şəxsə satmışdır. Hətta notariat qaydasında alqı-satqı müqaviləsi də rəsmiləşdirilmişdir, sadəcə həmin torpaq sahəsinin sərhədləri «sürüşdüyündən» onun sxematik bölgüsünü tərtib etmək mümkün deyildi və Pərviz də torpağa dair alqı-satqı müqaviləsini ƏMDX-nin DƏDRX-nin Abşeron ərazi idarəsinə təqdim edib adına çıxarış ala bilmirdi. Pərviz etibarnamə verərək həmin torpaq sahəsini satmağı və əvəzindən ona başqa yerdən torpaq verməyi demişdir. Pərvizə satdığı torpaq sahəsinin alqı-satqı müqaviləsini və Pərvizin ona verdiyi etibarnamənin fotoşəkillərini çəkib «WhatsApp» proqramı vasitəsilə Eminə göndərmiş və ona həmin torpağı almağı təklif etmişdir. Eminə həmin torpaq sahəsinin sərhədlərinin «sürüşməsi» ilə bağlı heç nə deməmişdir. Emin razılaşmışdır. Həmin torpaq sahəsi Məmmədli kəndində ‘'Yanardağ"ın yaxınlığında yerləşir. Eminlə birlikdə gedib oraya baxdıqda, Emin oranı bəyənməmişdir. Daha sonra Eminə özünə məxsus olan başqa bir torpaq sahəsini göstərmişdir. Həmin torpağın sahəsi 4 sotdur. Həmin torpaq sahəsi ona 2014-2015-ci illərdə Məmmədli kənd Bələdiyyəsində vergi müfəttişi vəzifəsində işləyəndə pay kimi verilmişdir. Lakin həmin torpaq sahəsinə dair onda heç bir sənəd olmamışdır. Emin həmin torpaq sahəsinə baxdıqda, oranı bəyənmiş və həmin torpaq sahəsinə dair sənəd alıb ona satmağını demişdir. Həmin torpaq sahəsini Eminə 9000 manata satacağını və ilkin olaraq 4000 manat pul verməsini demiş, Emin də razılaşmışdır. Bundan sonra həmin torpaq sahəsinə dair bölgü sxeminin tərtib edilməsi üçün ƏMDX-nə müraciət etmiş və oradan təyin olunmuş Vüsal adlı nümayəndə gəlib həmin torpaq sahəsinə baxaraq oranın xəritəsini çəkmişdir. Xəritəni çəkən şəxs hər hansı problem olmadığı təqdirdə 2 gün ərzində toprağın xəritəsini ona verə biləcəklərini söyləmişdir. 2 gündən sonra Vüsal xəritəni ona vermiş, həmin xəritəni X3 aparmışdır. Orada işləyən Elnur adlı şəxs bildirmişdir ki, əgər sənədləşdirmə işində bir problem olmasa, mart ayının 5-dək sənədləşdirmə işləri başa çatacaq və ƏMDX-nin DƏDRX-nin Abşeron ərazi idarəsinə təqdim etmək üçün ora zəruri sənədlər veriləcək. 15 fevral 2021-ci il tarixdə Xətai rayonu, NZS qəsəbəsində yerləşən "Günəş” marketin qarşısında Eminlə görüşmüşdür. Orada Emin ona 1050 manat pul vermişdir. Emin pulu verdikdə yaxın günlərdə rayona gedəcəyini və Bakı şəhərində olmayacağını bildirmişdir, buna görə də razılığa gəlmişlər ki, sənədləşdirmə işlərinin özünün aparması üçün Emin onun adına etibarnamə versin. Səhəri gün, yəni 16 fevral 2021-ci il tarixdə Eminin ona alıcı qismində etibarnamə verməsi üçün onlar Xırdalan şəhərində yerləşən 2 saylı Notariat Kontoruna getmişlər. Orada Emin ona 1 aylıq etibarnamə vermişdir. Etibarnaməni aldıqdan sonra Emin yanında Azada zəng etmiş, Azad da narahat olmamasını və ona etibar etdiyini söyləmişdir. Oradan çıxdıqda ümumi məbləğin 8000 manat olması üçün Eminə əlavə olaraq 2600 manat da verməsini söyləmiş, lakin Emin üzərində pul olmadığını, yalnız axşam saatlarında görüşüb pulu verə biləcəyini söyləmiş və 8000 manat pulu almağına dair yazılı qeyd aparmağı istəmişdir, Eminin dediyi kimi sonuncudan 8000 manat pul almağına dair yazılı qeyd aparıb həmin kağızı Eminə vermişdir. Həmin gün saat 19 radələrində Emin ona zəng vuraraq pulu vermək istədiyini söyləmişdir. Uzaqda olduğu üçün taksi fəaliyyəti ilə məşğul olan tanışı Şahid1 zəng edərək gedib pulu götürməsini demiş və Eminin nömrəsini Anara vermişdir. Daha sonra Eminlə əlaqə saxlayıb Anar adlı tanışının gəlib pulu götürəcəyini söyləmişdir. Həmin gün saat 21 radələrində Anar Məmmədli kəndinə gələrək orada 2600 manat pulu ona vermişdir. Emindən aldığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Mart ayının əvvəllərində X3 getdikdə, orada işləyən Elnur adlı işçi ona bildirmişdir ki, həmin torpaq sahəsinə dair Reyestr Xidməti tərəfindən ona həm çıxarış sənədi, həm də texniki pasport verilə bilər, lakin həmin torpaq sahəsi ona yalnız uzunmüddətli icarəyə veriləcəkdir. Bunun səbəbini soruşduqda Elnur ona Abşeron rayonu ərazisində ümumi şəkildə xəritə çəkilməsi ilə məşğul olunduğu üçün hazırda həmin torpaq sahəsinin xüsusi mülkiyyət kimi verilə bilinməyəcəyini, bunu yalnız 3-5 aydan sonra verə biləcəklərini söyləmişdir. Eminə zəng edib deyilənləri danışmış və həmin torpağa dair etibarnamə verməyi təklif etmiş, lakin Emin razılaşmayaraq torpağa dair xüsusi mülkiyyət hüququna malik olmaq istədiyini bildirmişdir. Emin 8000 manat pulunu geri qaytarmağı tələb etsə də, pulu xərclədiyi üçün və maddi vəziyyəti yaxşı olmadığı üçün Eminə pulu qaytara bilməmişdir. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, onunla barışdığını, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2016-cı ildə Azad adlı tanışından Abşeron rayonu, Məmmədli kəndindən 1,5 sot torpaq sahəsi alıb həmin torpaq sahəsində özü üçün ev tikdirmişdir. 2020-ci ilin avqust ayında özünə anbar tikmək üçün yenidən torpaq almaq qərarına gəlmişdir. Əvvəllər Məmmədli kəndində yaşadığı üçün və əvvəllər də oradan Azad adlı şəxsdən torpaq aldığı üçün yenidən Azadla əlaqə saxlamağı düşünmüşdür. Azada məxsus ***-***-**-** mobil nömrəsinə zəng vuraraq yenidən 2 sot torpaq lazım olduğunu söyləmiş, Azad isə ona ***-***-**-** mobil nömrəni verərək həmin nömrənin Rahib adlı şəxsə məxsus olduğunu və Rahibin də torpaq alqısatqısı ilə məşğul olduğunu bildirmişdir. 09 avqust 2020-ci il tarixdə qeyd edilən nömrəyə zəng vuraraq sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs ilə əlaqə saxlamışdır. Söhbət zamanı Rahibə Məmmədli kəndində 2 sot torpağın lazım olduğunu söyləmiş, Rahib isə Məmmədli kəndində özünə məxsus torpaq sahəsi olduğunu və sotunu 2500 manatdan verə biləcəyini söyləmişdir. Rahibə torpağa baxmaq istədiyini söyləmiş, sonuncu da onu Məmmədli kəndinə dəvət etmişdir. Danışdıqları günün səhərisi, yəni 10 avqust 2020-ci il tarixdə Məmmədli kəndinə gedərək orada Rahiblə görüşmüşdür. Görüşdükdən sonra birlikdə Rahibin ona söylədiyi torpaq sahəsinə baxmağa getmişlər. Rahibin söylədiyi torpaq sahəsi kəndin girişinə yaxın olduğundan və əlverişli yerdə yerləşdiyindən həmin yer xoşuna gəlmişdir. Rahibə torpağın sənədləri ilə tanış olmaq istədiyini söylədikdə sonuncu torpaq sahəsinə dair DƏDRX-nin Abşeron ərazi idarəsi tərəfindən verilmiş çıxarış sənədini göstərmişdir. Həmin çıxarış sənədinə baxdıqda torpaq sahəsinin Rahibin adına deyil, hazırda adını xatırlamadığı başqa bir şəxsin adına olduğunu görmüşdür. Bunun səbəbini soruşduqda Rahib çıxarışda adı qeyd edilmiş şəxs tərəfindən ona verilmiş etibarnaməni göstərmişdir. Hazırda həmin şəxsin adını xatırlamasa da, onu xatırlayır ki, Rahibin göstərdiyi çıxarış sənədində və etibarnamədəki adlar eyni olmuşdur. Bunu gördükdən sonra Rahibə inanıb torpaq sahəsini 5000 manat qarşılığında almağa razılaşmış və sənədləşmə işlərini görmək üçün birlikdə Xırdalan şəhərində yerləşən 1 saylı Notariat kontoruna getmişlər. Orada Rahib çıxarış sənədini və etibarnaməni Notariat kontorunun əməkdaşlarına təqdim etdikdən sonra torpaq sahəsinə dair sxematik bölgünün alınması üçün Notariat kontorundan DƏDRX-nin Abşeron ərazi idarəsinə elektron qaydada bildiriş göndərilmiş və qəbz verdikdən sonra Abşeron ərazi idarəsinə yaxınlaşmağı bildirmişlər. Oradan çıxaraq Abşeron ərazi idarəsinə gedib onlara verilmiş qəbzi oraya təqdim etmişlər. Orada sənədləşmə işləri aparıldıqdan sonra bölgünün aparılmasına dair kod verilmiş və 20 gündən sonra gəlib həmin kod əsasında bölgü sənədini götürməyi bildirmişlər, həmin kod da Rahibdə qalmışdır, idarədən çıxdıqdan sonra Rahib torpaq sahəsini alacağından əmin olmaq üçün torpaq sahəsinə görə ilkin olaraq 4000 manat, sənədləşmə işləri üçün isə 350 manat pul verməyi istəmişdir, 1 saylı Notariat kontorunun qarşısında saat 12 radələrində avtomobilindən 4350 manat pulu götürərək Rahibə vermişdir. 20 gündən sonra Rahibə zəng vuraraq bölgü sənədini götürməsini söyləmiş, Rahib isə həmin torpaq sahəsinin sənədlərində problem olduğunu, buna görə də torpağı sata bilməyəcəyini söyləyib, Məmmədli kəndindən başqa bir torpaq sahəsi verməyi təklif etmişdir. Rahiblə bir qədər mübahisə etsə də, sonradan onunla razılaşmışdır. Bundan sonra Rahib ona Məmmədli kəndində 7 dəfə müxtəlif torpaq sahələrini göstərsə də, sonuncunun göstərdiyi torpaq sahələrinin heç birini bəyənməmişdir. Bu minvalla bir xeyli vaxt keçmişdir. 2021-ci ilin fevral ayında Rahiblə əlaqə saxlayan zaman sonuncu Məmmədli kəndində daha bir torpaq sahəsi olduğunu söyləyib oraya baxmağı təklif etmişdir. Rahibdən torpağa dair sənədlərin fotoşəkilini göndərməsini istəmiş, Rahib də torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin və etibarnamənin fotoşəkillərini “Whatsapp" proqramı vasitəsilə göndərib, torpaq sahəsinin Şahid2 adına olduğunu və Şahid2 torpaq sahəsinə dair ona etibarnamə verdiyini söyləmişdir. 15 fevral 2021-ci il tarixdə torpaq sahəsinə baxmaq üçün Məmmədli kəndinə gedib Rahiblə görüşmüşdür. Rahib onu Məmmədli kəndindəki 4 sotdan ibarət torpaq sahəsinə apararaq pula ehtiyacı olduğundan həmin torpaq sahəsini ümumilikdə 9000 manata sata biləcəyini söyləmiş, torpaq sahəsinin əlverişli yerdə yerləşdiyini və bu təklifin sərfəli olduğunu düşünüb Rahiblə razılaşmışdır. Rahib ona verilmiş pulu xərclədiyini və sənədləşmə üçün əlavə pul lazım olduğunu söyləyərək 4000 manat pul verməyini istəmişdir, Rahibə üzərində pul olmadığını və sonra görüşüb ona pul verə biləcəyini söyləmişdir. Həmin gün saat 19 radələrində Xətai rayonu, NZS qəsəbəsində, “Günəş" marketin qarşısında Rahiblə görüşüb sonuncuya 1050 manat pul vermiş və səhərisi gün gedib sənədləşdirmə işlərini görməyi qərarlaşdırmışlar. 16 fevral 2021-ci il tarixdə Rahiblə birlikdə Xırdalan şəhərində yerləşən 2 saylı Notariat kontoruna getmişlər. 10 avqust 2020-ci il tarixdə baş vermiş bütün proseslər yenidən təkrarlanmış və onlara bildirilmişdir ki, 20 gündən sonra gəlib bölgü sənədini götürsünlər. Oradan çıxdıqdan sonra Rahib ümumi məbləğin 8000 manat olması üçün ona əlavə olaraq 2600 manat da verməyini istəmiş, lakin Rahibə üzərində pul olmadığını, yalnız axşam saatlarında görüşüb pul verə biləcəyini söyləmiş və 8000 manat pulu almasına dair yazılı qeyd aparmasını istəmişdir. Rahib ilk öncə buna etiraz etsə də, 2 saylı Notariat kontorunun qarşısında avtomobilində torpağa dair 8000 manat almasını kağıza yazıb vermişdir. Sağollaşdıqdan sonra axşam saatlarında Rahibə zəng vurub pulu götürməsi üçün NZS qəsəbəsinə gəlməsini söyləmiş, Rahib isə başqa bir dostunun gəlib pulu götürəcəyini bildirmişdir. Buna etiraz etmədikdən sonra xatırlamadığı mobil nömrədən bir nəfər şəxs zəng vuraraq adının Anar olduğunu və Rahibin dostu olduğunu söyləmişdir. Həmin gün saat 19 radələrində Xətai rayonu, 8 Noyabr prospektində ‘'Asiman” şadlıq sarayının qarşısında Anarla görüşüb Rahibə çatdırması üçün 2600 manat pul vermiş, bununla da Rahibə ümumilikdə 8000 manat pul vermiş olmuşdur. Pulu Anara verdikdən sonra Rahibə zəng vurub pulu Anara verdiyini söyləmişdir. Bir neçə gündən sonra Rahiblə əlaqə saxladıqda sonuncu həmin torpaq sahəsinin də sənədlərində problem olduğunu söyləyib yenidən müxtəlif torpaq sahələri göstərməyə başlamışdır. Rahibdən pulunu geri istədikdə sonuncu pulu xərclədiyini, buna görə də pulu qaytara bilməyəcəyini söylədiyindən məcbur qalıb onun göstərdiyi torpaqlara baxmış, lakin həmin torpaq sahələri çox əlverişsiz yerlərdə olduğundan və çox ucuz qiymətləndirildiyindən onları bəyənməmişdir. Bir müddət sonra Azada zəng vurub Rahibin onu aldatdığını söyləmiş, Azad bir neçə dəfə Rahiblə bu məsələ ilə bağlı danışsa da, bir nəticə əldə edə bilməmişlər. Bir neçə ay keçdikdən sonra Rahibin onu aldatdığını və torpaq satmaq niyyətində olmadığını görüb bu barədə polisə şikayət etmişdir. Daha sonra dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı tələb və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2012-ci ildən tanıyır. Belə ki, həmin vaxt Abşeron rayonu, X3 mühasib kimi işə düzəlmişdir, Təqsirləndirilən şəxs isə həmin bələdiyyədə vergi müfəttişi kimi işləmişdir. Həmin vaxtdan da aralarında münasibət yaranmışdır. Bələdiyyədə 2015-ci ilin noyabr ayına kimi işləmiş, sonra ərizə yazıb işdən çıxmışdır. Rahib isə 2016-cı ilin may ayında bələdiyyədən işdən çıxmışdır. Bələdiyyədən işdən çıxandan sonra taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Rahib isə makler kimi işləməyə başlamışdır. Təxminən 2021-ci ilin fevral ayında, dəqiq günü xatırlamır, Rahib zəng edib xahiş etmişdir ki, Xətai rayonu ərazisində yerləşən «Asiman» restoranının yaxınlığında Emin adlı şəxslə görüşüb sonuncunun verəcəyi 2600 manat pulu götürüb ona çatdırsın, etiraz etməmiş və Rahibin verdiyi mobil nömrə vasitəsilə həmin gün Eminlə zəngləşib görüşmüş və «Asiman» restoranının yaxınlığında 2600 manat pulu Emindən götürüb həmin pulu Abşeron rayonu, Məmmədli kəndində Rahiblə görüşüb vermişdir. Rahib isə ona taksi haqqı kimi 15 manat pul vermişdir. Rahibdən həmin pulu Emindən hansı məqsədlə aldığını soruşmamışdır. Lakin sonradan məlum olmuşdur ki, Rahib Emin adlı şəxsə torpaq sahəsi satmaq adı ilə sonuncudan 8000 manat pul alıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2014-cü ildə tanış olmuşdur. Belə ki, həmin vaxt Abşeron rayonu, Məmmədli kəndində özünə torpaq sahəsi almaq istəmişdir. Rahib isə həmin vaxt həmin kənddə torpaq sahələrinin satışı ilə məşğul olmuşdur. Həmin torpaq sahələri həm Rahibin, həm də sonuncunun qohumunun adına olmuşdur. Rahib torpaq sahələrini hissələrə bölüb satmışdır. Torpaq sahəsi xüsusi mülkiyyət kimi Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmişdir. Rahib torpağın bir sotunu 1800 manata satırdı. Rahiblə aralarında olan razılaşmaya əsasən Rahib ona 4 sotu 3300 manata satmışdır. Alqı-satqı notariat ofisində olmuşdur. 2020-ci ilin təxminən qış aylarında bir nəfər şəxs aldığı torpaq sahəsinə gələrək həmin torpaq sahəsinin ona aid olan torpaq sahəsi ilə üst-üstə düşdüyünü bildirmişdir. Rahiblə telefon əlaqəsi saxlayıb bu haqda bildirmişdir. Rahib isə həmin ərazidə torpaq sahələrinin sərhədlərinin bir-iki metr sürüşə biləcəyini istisna etmədiyini bildirmişdir. Gələcəkdə bir problem yaranmasın deyə, Rahibdən xahiş etmişdir ki, sonuncu Məmmədli kəndində başqa ərazidən 4 sot torpaq sahəsi versin və bu məqsədlə adından müvafiq sənədləşdirmə işlərinin aparılması üçün ona etibarnamə vermişdir. Təxminən iki ay bundan əvvəl Rahib ona Abşeron rayonu, Məmmədli kəndində başqa bir yerdə 4 sot torpaq sahəsi vermişdir. Həmin torpaq sahəsi də Təqsirləndirilən şəxs adına olmuşdur. Xırdalanda yerləşən notariat ofisində Rahiblə aralarında alqı-satqı olmuş, lakin torpaq sahəsinə görə Rahibə pul ödəməmişdir. Belə ki, birinci torpaq sahəsinə görə Rahibə 3300 manat pul ödəmişdir. Sonra alqı-satqı müqaviləsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon şöbəsinə vermiş və bir müddət sonra aldığı torpaq sahəsinə dair adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Çıxarışı alandan sonra isə həmin torpaq sahəsini hasarlamışdır. Rahib birinci dəfə ona satdığı torpaq sahəsini isə qeyd etdiyi şəxsə vermişdir, həmçinin Zərərçəkmiş şəxs adlı şəxsi tanımadığını göstərmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 15 ildir ki, Abşeron rayonu Məmmədli kənd bələdiyyəsində torpağa nəzarət müfəttişi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs təxminən 2010-cu ildən tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Rahib həmin vaxt Məmmədli kənd bələdiyyəsində vergi müfəttişi kimi işə düzəlmişdir. Lakin sonradan Rahib işində yol verdiyi nöqsanlara görə işdən xaric edilmişdir. Abşeron rayonu, Məmmədli kəndi ərazisində fəaliyyət göstərən dəllallar hektarlarla torpaq sahələrini alıb sonradan həmin torpaq sahələrini düzgün sxematik bölgü tərtib etmədən satdıqlarına görə həmin torpaq sahələrinə dair ƏMDX-nin DƏDRX-nn Abşeron ərazi idarəsi tərəfindən sxematik bölgülərin tərtib edilməsi və onlara texniki pasportların verilməsi qeyri-mümkün olmuşdur. Təqsirləndirilən şəxs mövcud problemi bilə-bilə əlində olan, ƏMDX-nin DƏDRX-nin Abşeron ərazi idarəsi tərəfindən verilmiş «çıxarış»ları ayrı-ayrı vətəndaşlara göstərərək həmin «çıxarış»ların onlara satmaq istədiyi torpaq sahələrinə aid olduğunu yalandan bildirib həmin torpaq sahələrini vətəndaşlara satmaq adı ilə pullarını ələ keçirirdi. Hətta Təqsirləndirilən şəxs özü ayrı-ayrı vətəndaşlarla birlikdə yanına bir neçə dəfə gələrək həmin vətəndaşları Məmmədli kəndi ərazisində yeni qəbiristanlığın yaxınlığında Məmmədli kənd bələdiyyəsinin balansında olan sənədsiz satdığı torpaq sahələrinə dair adını hazırda xatırlamadığı MMC-də çəkdirdiyi sxemləri göstərib sənədsiz satdığı torpaq sahələrini bələdiyyə tərəfindən keçirilən hərrac vasitəsilə qanuniləşdirmək istədiyini bildirmiş, həmin torpaq sahələrinin koordinatlarını bələdiyyədə olan elektron xəritə bazasında yoxlatdırıb görürdü ki, Rahibin vətəndaşlara sənədsiz satdığı torpaq sahələri kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinə aiddir. Rahibə və onunla gələn vətəndaşlara həmin torpaq sahələrinin xüsusi mülkiyyət kimi satıla bilməyəcəyini və həmin torpaq sahələrinin yalnız icarəyə verilə biləcəyini bildirirdi. Vətəndaşlar da bunu bilib Rahibdən pullarını geri tələb edirdilər. Təqsirləndirilən şəxs həmin torpaq sahələrinin kənd təsərrüfatlı təyinatlı olduğunu və onların xüsusi mülkiyyət kimi vətəndaşlara satıla bilməyəcəyini yaxşı bilirdi. Sadəcə Təqsirləndirilən şəxs vətəndaşları bu cür aldadaraq vaxt qazanmaq istəmişdir. Hətta bir neçə dəfə Rahib özü ilə gətirdiyi vətəndaşlara sənədsiz satdığı torpaq sahələri ilə bağlı yalan məlumat verməyi xahiş etmişdir. Lakin bunu etməmiş və Rahiblə gələn vətəndaşlara torpaq sahələri ilə bağlı düzgün məlumat vermişdir. Təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi təqsirləndirilən şəxsin ifadəsi ilə oxşar olmuş və heç bir ziddiyət təşkil etməmişdir. İş materialında olan Təqsirləndirilən şəxs tərəfindən yazılıb imzalanmış qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Məmmədli kəndində yerləşən 4 sot torpaq sahəsi üçün Zərərçəkmiş şəxs 8000 min manat götürmüşdür (iş vərəqi 9). İş materiallarında olan 30 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 4 sot torpaq sahəsi üçün 8000 manat pulu alması ilə bağlı yazdığı qəbz maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16.08.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 14.12.2017-ci il tarixli hökmü ilə CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş cəza 02 il sınaq müddəti müəyyən edilməklə şərti məhkum edilmişdir. 21.01.2020-ci il tarixdə cəza müddəti başa çatmış və qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 27.12.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində verilmiş amnistiya aktının tətbiq edilməsi barədə təqdimat təmin edilərək Abşeron Rayon Məhkəməsinin 27.12.2019-cu il tarixli hökmü ilə məhkum olunduğu 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzası “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının qüvvəyə mindiyi günədək çəkilməmiş 09 ay 09 gün hissəsindən azad edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 18.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 25.06.2011-ci il təvəllüdlü Sahib İsmayıllı və 25.03.2008-ci il təvəllüdlü Fatimə İsmayılova adlı iki azyaşlı uşağı var. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı tələb və şikayəti yoxdur, dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin səmimi etiraflı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, himayəsində 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərərin ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 4 sot torpaq sahəsi üçün 8000 manat pulu alması ilə bağlı yazdığı qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış qəbz cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar