Məhkəmə qərarları › İş №1(011)-480/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-480/2024

10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-480/2024 10.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş X2 Arifə Telman qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. X3 TV-nin Tik-Tok səhifəsində, ideal media saytında bilə-bilə yalan çıxışlar etmiş, onun barəsində şərəf və ləyaqətini ləkələyən, qeyri-əxlaqi sözlər işlədərək onu təhqir etmiş, böhtan atmışdır. X8 onun barəsində böhtan və iftira dolu, şərəf və ləyaqətimi ləkələyən müraciətlər yazaraq hüquq mühafizə orqanlarına şikayətlər göndərmişdir. Onun dövlət orqanlarına müxtəlif cinayətlərin onuntərəfindən törədilməsi barədə müraciətləri hələ də onda dərin iz buraxmış və iztirablar yaratmışdır. Belə ki, X3 TV-nin Tik-Tok səhifəsində, ideal media saytında mənim yəni, X1 xəstəsi olduğunu bildirmiş, şəkər diabet, endokrinoloji xəstəliklərlə bağlı mənim arayışlarımı və şəxsi məlumatlarımı, hətta onun səs yazılarını səhifədə paylaşmışdır. Bununla kifayətlənməmiş, daha sonra hüquq mühafizə orqanlarına şikayət etmiş, şikayətində mənim bu sayı üzərindən siflis xəstəsi olduğumu bildirərək 50 nəfərə qədər adamı dələduzluq yolu ilə aldatdığımı qeyd etmişdir. Bundan başqa, şəhid və qazi ailələrini də işə götürmək adı ilə aldatdığımı qeyd etmiş və həmin səhifədə şəhid və qazi ailələrinin adindan ərizələr paylaşmışdır. Halbuki T-Finans LTD MMC-yə işə qəbul edilən şəhid ailələri Dövlət Məşğulluq İdarəsi tərəfindən işə qəbul edilmişdir. T-Finans LTD MMC ilə Dövlət Məşğulluq idarəsi arasında birgə əməkdaşlıq haqqında müqavilə mövcuddur. Eyni zamanda bütün bu xəbərləri şəxsiyyət vəsiqəmi sayta yerləşdirərək nümayişkəranə çıxışlar etmiş və barəmdə təhqiramiz ifadələr istifadə etmişdir. Bu səbəbdən, böhtan və təhqirlər mənə mənəvi iztirablar vermiş və sarsılmağıma əsas olmuşdur. Sonra isə X4 hüquq mühafizə orqanlarına göndərdiyi şikayət üzrə başlanılmış cinayət işinə xitam verilmişdir. Bu da göstərir ki, X4 müraciətinin hüquq mühafizə orqanları tərəfindən doğru araşdırma aparılaraq böhtan olduğu üzə çıxmışdır. Bu böhtanlar nəticəsində ailəsində, işlədiyi təşkilatda rüsvay olmuşam. Bu səbəblərdən, ona qarşı olan böhtan və təhqirə görə məhkəməyə müraciət etmək və qanun qarşısında onlara layiqli cavab verməsi üçün tədbir görmək istəmişdir. Hadisəni məhkəməyə dəvət edəcəyim şahidlər tərəfindən də sübut olunacaq. Onun barəsində həqiqətə uyğun olmayan məlumatlar verilməsi onun şərəf və ləyaqətini alçaltmış, hansı ki, ona mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. Göstərilənlərə əsasən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış xüsusi ittiham qaydasında şikayət vermiş şəxs məhkəmə iclaslarına gəlməmiş, yalnız 28 avqust 2024-cü il tarixində məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki,səhhətində yaranan ciddi problemlər ilə əlaqədar olaraq stasionar müalicə alır. Məhkəmə iclasının 10 gün müddətinə təxirə salınmasını xahiş etmişdir. Lakin, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs xəstəliyini təsdiq edən sənədləri məhkəmə iclasına təqdim etməmiş, həmçinin növbəti məhkəmə iclaslarına gəlməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 5-ci bəndində qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əsk olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Bundan əlavə olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin məcəllənin 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansi əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanin məbləği əks olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıq da xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Belə ki, X7 xüsusi ittiham qaydasında məhkəməyə vermiş olduğu şikayət ərizəsində X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş olunsa da, konkret olaraq həmin məcəllənin 147-ci maddəsinin hansı hissəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi qeyd edilməmişdir Belə ki, ərizəçi X7 şikayətə əlavə edilmiş 02 ədəd disklərə məhkəmə tərəfindən baxış keçirilmiş, diskin birində ümumiyyətlə heçnə müəyyən edilməmiş, 2-ci diskdə isə şikayətdə qeyd edilənlər öz təsdiqini tapmamışdır. Həmin məcəllənin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs məhkəmə iclaslarına üzürlü səbəb olmadan gəlməmiş, yalnız 1 dəfə teleqram ünvanlayraq səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini, iclasın təxirə salınmasını xahiş etsə də, göstərilən xüsusatı təsdiq edəcək sənədlər məhkəməyə təqdim edilməmiş, növbəti məhkəmə iclaslarına gəlməmişdir. Həmin məcəllənin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar