Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-481/2023 30.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə baxış iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs qonşusu taksi sürücüsü kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs, onun rəsmi nikahı pozulmuş, lakin birlikdə faktiki ər-arvad kimi yaşadığı Şahid1 mütəmadi olaraq sürücü kimi xidmət göstərməsindən və bununla əlaqədar onunla söhbət etməkdən yayınmasından şübhələnmiş, 14 aprel 2023-cü il tarixdə saat 09 radələrində ünvan 1 ünvanın qarşısında Zərərçəkmiş şəxs ilə qarşılaşarkən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı üzərində olan soyuq silah hesab edilməyən ov bıçağı ilə bir dəfə sifət nahiyəsindən vurduqda sonuncu hadisə yerindən qaçarkən arxadan bir dəfə sağ budundan vurmuş, Zərərçəkmiş şəxs müvazinətini itirib yerə yıxıldıqda həmin bıçaqla qarnının sol aşağı nahiyəsindən bir dəfə vuraraq ona sol qalça, sol gicgah və sağ budun deşilmiş-kəsilmiş yarası, toxum ciyəsinin zədələnməsi ilə müşayiət olunan, istər ümumilikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxış iclası zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. Taksi kimi fəaliyyət göstərdiyi üçün bir məhəllədə yaşadığı qonşuları lazım olanda taksi kimi harasa aparıb gətirmişdir. Məhəllədə yaşayan Könül xanımı da bir neçə dəfə istədikləri yerə aparmış və bunun müqabilində onun yol haqqını vermişlər. Heç vaxt Könül xanım onun idarə etdiyi avtomaşınına tək əyləşməmişdir. Həmişə o, azyaşlı övladları ilə və ya valideyni ilə maşına əyləşmişdir. Son zamanlar Könül xanım onun ilə heç bir yerə getməmişdir. xx.xx.2023-cü il tarixdə Natiq səhər 07:45 radələrində ona yaxınlaşıb söhbət eləmək istədiyini bildirmişdir, lakin sonra yanında uşaqlar olduğundan ona təklif etmişdir ki, gedib uşaqları qoysun sonra gəlsin söhbət eləsinlər. O uşaqları məktəbə qoyub qaytdıqdan sonra Natiq artıq həmin yerdə olmamışdır. Həmin gün axşam saatlarında Natiq təzədən ona yığıb görüşməyi tələb etmişdir, Natiqin Rusiyadan gəldiyini, orada məhkum olduğunu bildiyi üçün razı olmamışdır və aralarında telefonda münaqişə yaranmışdır. xx.xx.2023-cü il tarixdə səhər saat təxminən 09:00 radələrində evdə olan zibilləri tullamaq üçün evdən çıxıb zibilləri atan zaman Natiqlə ona yaxınlaşmışdır. Natiq ona yaxınlaşan kimi əlində olan bıçaqla sifətinin sol hissəsindən bir dəfə vuraraq ona xəsarət yetirmişdir. Natiqin onu birinci dəfə vurandan sonra o qaçmağa başlamışdır. Natiq ona çataraq əlindəki bıçaqla ikinci dəfə sağ ayağının baldır hissəsindən bıçaqla vurmuşdur. O zərbənin təsirindən tarazlığını itirərək yerə yıxılmışdır. Bundan sonra Natiq əlindəki bıçaqla onun üzərinə yıxılaraq həmin bıçaqla bir dəfə qarın boşluğundan vuraraq ona xəsarət yetirmişdir. O, bıçağın qarın boşluğunda qaldığını görüb qorxaraq Natiqin əlindən çıxararaq sürünə sürünə evə tərəf getməyə başlamışdır. Bu zaman onun arvadı Reyhan evdən çıxmışdır və qışqırıb ona tərəf gəlməyə başlamışdır. Bu zaman Natiq hadisə yerindən qaçmışdır. Natiq onu bıçaqla vuran vaxtı “Samsunq A-50” markalı telefonu cibindən düşmüşdür, həmin telefonu Natiq hadisə yerindən gedərkən götürüb cibinə qoyub getmişdir. Natiq hadisə yerini yoldaşı Reyhan çıxıb qışqırdığı üçün tərk etmişdir. Bundan əlavə zərərçəkmiş şəxs vəsatət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi yox, CM-nin 29, 120 və 180-ci maddələr ilə cəzalandırılması üçün işin baxılmadan prokurora qaytarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham aktına əsasən yüngül cəza tətbiq edilmişdir. Təqsirləndirilən şəxs onu qəsdən öldürmək məqsədi olmuş, o, ona 4 bıçaq zərbəsi vurmuşdur. Onun üzünə silinməz bıçaq zərbəsi vurmuşdur. Bu üzündə ki, iz ona çox dərin sarsıntı vurmuşdur. Həmçinin bildirmək istəyir ki, Təqsirləndirilən şəxs keçirilən məhkəmə iclasında onu hədələyərək ona onu tutdursa onun ilə düşmənçiliyini davam etdirəcəyini və azadlığa çıxandan sonra onunla bir daha haqq-hesablaşacağını bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində hadisə olan zaman o, bıçaqlanandan sonra ona məxsus “Samsunq A-50” markalı telefonunu götürmüş və özü ilə aparmışdır. Sonradan o, xəstəxanada olan zaman öz telefonuna bir neçə dəfə zəng etmişdir, lakin zənginə cavab verən olmamışdır. Bundan sonra bir dəfə də zəng etdikdə zəngini tanımadığı adam açaraq telefonu hadisə olan yerə yaxın zavodun ərazisindən yerdən tapdığını bildirmişdir. Əlavə olaraq da bildirmək istəyir ki, ittiham aktında qeyd edilən hadisə zamanı Təqsirləndirilən şəxs onu vurduğu bıçağın guya ki, soyuq silah hesab edilməməsi qeyd edilmişdir. Hesab edir ki, bu hal ittiham aktında düzgün qiymətləndilməmiş və istintaq düzgün aparılmamışdır. Həmçinin bildirmək istəyir ki, məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs özünündə törətdiyi əməldən peşman olmadığını bildirməsi bu cinayəti qəsdən törətməsi anlamına gəlir. Məhkəmə baxış iclası zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, özünü təqsirli bilir, lakin əməlindən peşman deyil. O bir müddət Rusiyada olmuşdur. Bakıya gələndən sonra yoldaşına məhlədə taksi kimi fəaliyyət göstərən Səbuhi ilə heç hara getməməsini bildirmişdir. Lakin sonradan görmüşdür ki, Könül sözünə məhəl qoymayaraq Zərərçəkmiş şəxs ilə getməli olduğu yerlərə getmişdir. Bu barədə Səbuhiyə də bildirmişdir ki, yoldaşını ailəsini heç hara aprmasın. Görəndə ki Səbuhi yenə gəlib gedir, Səbuhi ilə görüşmək istəmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat təxminən 09 radələrində Səbuhini məhlədə görmüş, gedib ona yaxınlaşmış və bıçağı çıxararaq bir dəfə onun sifət nahiyəsindən vuraraq cəzalandırmış, o qaçmaq istəyəndə bir dəfə də Səbuhinin ayağının arxa hissəsindən bıçaqla vurmuşdur və Səbuhinin ayağı nəyəsə ilişib yerə yıxılmışdır. Yerə yıxılandan sonra da bir dəfə də qarnından vurmuşdur. Bundan sonra çıxıb getmişdir. Səbuhinin yoldaşı Reyhan evdən çıxıb qışqıranda onu görmüşdür və hadisə yerin tək eləmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, hadisə vaxtı görmüşdür ki, Səbuhinin telefonu yerə düşüb o da onu götürmüşdür ki, sonra özünə versin. Sonra həmin telefonu polis əməkdaşlarına vermək istəmişdir, lakin polis idarəsində heç kim olmadığı üçün verə bilməmişdir. Həmin telefonu onu polis əməkdaşları Səbuhini vurduğu üçün gəlib aparanda polislərə təhvil vermişdir. Odur ki, göstərilənlərə əsasən o, zərərçəkmiş şəxs tərəfindən verilmiş vəsatətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Müdafiəçi təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlarla razılaşaraq zərərçəkmiş şəxs tərəfindən verilmiş vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verilmədiyindən vəsatətin təmin edilməməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2007-ci ildə rəsmi olaraq Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və onunla birgə nikah dövründə bir oğlan övladı dünyaya gəlmişdir. Bir neçə il ailəli olduqdan sonra ailə daxili problemlər nəticəsində rəsmi olaraq Xətai Rayon Məhkəməsinin 26 yanvar 2010-cu il tarixli qətnaməsinə əsasən boşanmışlar. Boşandıqdan sonra bir müddət ayrı yaşamağa başlamışlar və sonradan barışdıqlarına görə birlikdə yaşamağa başlayaraq 2011-ci ildə Natiqdən bir qız övladı dünyaya gəlmişdir. 2015-ci ildə Natiq evdən çıxararaq işləmək üçün Rusiya Federasiyasına getmiş və o, Rusiya Federasiyasında olan zaman bir neçə dəfə övladları ilə telefon vasitəsi ilə danışmış, amma onun ilə danışmamışdır. Həyat yoldaşı Natiqdən boşandıqdan sonra və eyni zamanda onun ilə yaşadığı üçün bir neçə dəfə yaşadığı məhəllədə taksi fəaliyyəti ilə məşğul olan Səbuhi adlı şəxslə azyaşlı övladları ilə və ya valideyinləri ilə lazımi olan yerə gedib gəlmişdir. Belə ki, 2022-ci ilin iyul ayında Natiq Bakı şəhərinə gəldikdən sonra bir neçə dəfə gəlib getdikdən sonra barışmaq qərarına gəlmiş və birlikdə yaşamağı təklif etmişdir. O da Natiqin təklifi ilə razılaşaraq birlikdə yaşamağa başlamışlar. O, fərdi qaydada ibtidai təhsil metodikası ilə məşğul olmaqla pul qazanır. Natiq onun ilə yaşamağa başladıqdan sonra hər dəfə evə gələrək onunla Səbuhi arasında nə baş verməsini soruşmuş və ona cavabında Səbuhinin taksi sürücüsü olduğunu, onunla bir neçə dəfə lazımı yerə gedib gəldiyini bildirmişdir. Onunla aralarında heç bir əlaqə olmadığını bildirmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə evdə olan zaman qonşusu Səbuhinin həyat yoldaşı Reyhan onun evinə gələrək Natiqin onun həyat yoldaşı Səbuhini bıçaqla vuraraq xəsarət yetirməsini bildirmişdir. O, bunu bildikdən sonra Natiqə telefon zəngi edərək nə baş verməsini soruşanda cavabında bildirmişdir ki, Səbuhi ilə bir neçə gün öncə telefon zəngləşməsi edərək onunla görüşmək istəməsini bildirməsinə baxmayaraq, Səbuhi ona səninlə düşmənəm deyərək görüşmədiyi üçün həmin günü səhər saatlarında Səbuhi ilə məhəllədə rastlaşaraq onu bıçaqla vurduğunu bildirmişdir. Bundan sonra o, Səbuhinin həyat yoldaşı Reyhana Natiqdən baş aça bilmədiyini, nə etmək istədiyini belə başa düşə bilmədiyini bildirərək onu yola salıb çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 15 aprel 2023-cü il tarixdə ad günü olduğu üçün xx.xx.2023-cü il tarixdə Səbuhi ilə bazarlıq etmək qərarına gəlmiş və həmin günü səhər saat 09 radələrində evdən çıxıb getmək istəyən zaman ilk olaraq o, Səbuhiyə demiş ki, evdə olan zibilləri atıb sonra getsinlər. Səbuhi evdən çıxararaq zibilləri tullamağa getmişdir. Səbuhi evdən çıxandan sonra küçədən səs küy gəldiyini eşitmiş və narahat olduğu üçün çölə çıxmış və görmüşdür ki, Natiq əlində olan bıçaqla Səbuhinin vurub. O görümüşdür ki, Səbuhi ona tərəf sürünməyə çalışır. O Səbuhi tərəfə qaçmağa başlamışdır. O qışqırdığından Natiq onu görən kimi ayağa duraraq qaçmağa başlamışdır. OSəbuhinin sifətindən, qarnından və ayağının arxa hissəsindən qan gəlmişdir. Həmin vaxt o hamilə olmuşdur, hadisədən 4 gün sonra onun uşağı düşmüşdür. Verilən suallara cavab olaraq o bildirmişdir ki, Natiq Səbuhinin “Samsunq A-50” markalı telefonunu götürmüşdür. Məhkəmə vəsatəti və ona dair proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından məlum olduğu kimi, 22 may 2023-cü il tarixdə ********* nömrəli cinayət işi başlanmış və istintaq aidiyyəti üzrə Bakı şəhəri Xətai RPİ-nin İŞ-nə göndərilmiş, 30 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs qismində tanınmış, 07 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, 07 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, xüsusi təyinatlı ov bıçağı maddi sübut kimi tanınmış və Xətai RPİ-nin məsul saxlancına təhvil verilmiş, məhkəmə-tibbi və məhkəmə-trasoloji ekspertizalarının rəyləri və istintaq hərəkətlərinin protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmişlər. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və Şahid2 ifadələrindən göründüyü kimi, Təqsirləndirilən şəxs 14 aprel 2023-cü il tarixdə saat 09 radələrində ünvan 1 ünvanın qarşısında Zərərçəkmiş şəxs ilə qarşılaşarkən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı üzərində olan soyuq silah hesab edilməyən ov bıçağı ilə bir dəfə onun sifət nahiyəsindən vurduqdan sonra sonuncu hadisə yerindən qaçarkən arxadan bir dəfə sağ budundan vurmuş, Zərərçəkmiş şəxs müvazinətini itirib yerə yıxıldıqdan sonra, həmin bıçaqla qarnının sol aşağı nahiyəsindən bir dəfə də vuraraq ona sol qalça, sol gicgah və sağ budun deşilmiş-kəsilmiş yarası, toxum ciyəsinin zədələnməsi ilə müşayiət olunan, istər ümumilikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuş, zərərçəkmişin arvadı Şahid2 hadisəni görüb qışqıraraq onlara tərəf gəldiyi üçün hadisə yerini tərk etmiş, həmçinin zərərçəkmiş şəxsə məxsus “Samsunq A- 50” markalı telefonu götürmüş və özü ilə aparmışdır. Həmin telefon isə sonradan zərərçəkmiş şəxsə xəsarət yetirdiyi üçün bölməyə aparılan zaman polis əməkdaşları tərəfindən götürülmüşdür. Göründüyü kimi zərərçəkmiş şəxsin sağlamlığına bıçaq zərbələri ilə zərər vurulması zamanı zərərçəkmişin arvadının hadisə yerinə qışqıraraq gəlməsi səbəbindən təqsirləndirilən şəxsin öz hərəkətlərini dayandıraraq hadisə yerini tərk etməsi, həmçinin zərərçəkmiş şəxsə məxsus “Samsunq A-50” markalı telefonu götürüb aparması kimi xüsusatlara ibtidai araşdırma orqanı tərəfindən qiymət verilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs özü də zərərçəkmiş şəxsə məxsus olan telefonu hadisə yerindən götürərək çıxıb getməsini təsdiq etmişdir, lakin iş materiallarında bu faktla bağlı heç bir qeydə rast gəlinməmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli ilə bağlı işin faktiki hallarına uyğun olmayan əsassız qənaətə gəlinmiş, sonuncunun əməli düzgün tövsif edilməmiş, təqsirləndirilən şəxsin əməlində CM-nin 29, 120 və 180-ci maddələrinin tərkib əlamətlərinin olub-olmamasına tam, hərtərəfli, obyektiv araşdırma aparılmaqla hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinə görə Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 07 iyul 2011-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, CPM-in 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Bu qərarında Konstitusiya Məhkəməsi belə hüquqi mövqe ifadə etmişdir ki, məhkəmələr şikayət olmadıqca sübutların qiymətləndirilməsi haqqında qərarı öz təşəbbüsü ilə ləğv etməyə haqlı deyil. Belə qərarın qüvvədə olduğu müddətdə isə məhkəmə işlərə verilən ittiham daxilində baxmalı və ittihamdan kənara çıxmamalıdır. Qanunun həmin tələbindən göründüyü kimi, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə məhkəmə qanunvericiliyin tələblərinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə (şəxslərə) başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Belə olan halda yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməli və Təqsirləndirilən şəxs əməlinə münasibətdə Azərbaycan Respublikası CM-nin 29, 120 və 180-ci maddələrində nəzərdə tutulmuş ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Eyni zamanda Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməməlidir. Qeyd olunanlardan başqa, Azərbaycan Respublikası CPM-nin 318.3-cü maddəsində həmçinin göstərilir ki, bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə eyni zamanda ibtidai istintaqı aparan müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror haqqında xüsusi qərar çıxara bilər. Bu məsələ ilə bağlı məhkəmə qeyd etməyi lazımi bilir ki, cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məsələsi müzakirə olunarkən belə bir qərarın qəbul edilməsi ilə əlaqədar baxılan iş üzrə ibtidai istintaqı aparmış müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş prokuror haqqında xüsusi qərar çıxarılması üçün əsaslar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinin 155, 318 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin, təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər Xətai rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərarın surəti 3 (üç) gün müddətində cinayət prosesinin iştirakçılarına göndərilsin. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-481/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-481/2023
30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver