Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-482/2023 20.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X3 və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X2 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən X8 istintaqla müəyyən edilməmiş şəxsdən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,213 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə Xətai RPİ-nin 37-ci PŞ-nə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş tədbir nəticəsində xx.xx.2023-cü il tarixdə saat 16:30-da ünvan 1 ünvanı yaxınlığında saxlanılıb, ünvan 2i RPİ-nin 37-ci PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən təmiz çəkisi 1,213 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da X8 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə hazırlıq iclası zamanı təqsirləndirilən şəxs X3 müdafiəçisi Müdafiəçi yazılı vəsatət verərək cinayət işinin baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etdiyi X11 Respublikası vətəndaşıdır, milliyətçə özbəkdir, Azərbaycan dilini bilmir və bu səbəbdən ona icraatın aparıldığı Azərbaycan dilindən Özbək dilinə tərcüməçi təmin olunmalıdır. Lakin Xətai rayon Polis İdarəsinin Təhqiqat və İstintaq orqanı bunu etməmişdir və bununla da hüquqlarını müdafiə etdiyi Khıdırova Umidanın müdafiə hüquqları kobud surətdə pozulmuşdur. İcraatda olan həmin cinayət işi məhkəmə baxışına təyin oluna bilməz. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə dindirilmiş təqsirləndirilən şəxs X8 müdafiəçisi tərəfindən verilmiş vəsatətlə razılaşaraq əlavə olaraq qeyd etmişdir ki, ibtidai istintaq zamanı onun müdafiə hüququ və tərcüməçidən istifadə etmək hüququ pozularaq barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham aktı tərtib edilərək cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Belə ki o, Azərbaycan dilində sərbəst yaza və danışa bilmir. Həmçinin o, orta təhsilini özbək dilində almasına baxmayaraq ibtidai istintaq orqanı tərəfindən ona özbək tərcüməçi verilmiş, daha sonra cinayət işi üzə materiallarda olan qərarlar rus dilinə tərcümə edilmişdir. Halbuki o, rus dilini bilmir. Həmçinin o qeyd etmişdir ki, rus dilinə tərcümə edilmiş sənədlər də ona verilməmişdir. Bundan əlavə o, tərcüməçini yalnız bir dəfə, şəxsi axtarış keçirilərkən görmüş və keçirilən digər prosessual hərəkətlərdə tərcüməçi ümumiyyətlə iştirak etməmişdir. Həmçinin guya rus dilində tərcümələr istəməsi barədə sənəd imzalatdırılmış, guya onun məktəbi rus dilində bitirməsi qeyd edilmişdir, lakin o, yenə də bildirir ki, məktəbi özbək dilində oxumuşdur. Beləliklə o, ibtidai istintaq zamanı ona iş materiallarının özbək dilində təqdim olunmadığını və özbək dilinə tərcümənin təmin olunmadığını bildirərək barəsində başlanmış cinayət işinə xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verilmədiyindən vəsatətin təmin edilməməsini, X3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, ibtidai istintaq zamanı iş üzrə kobud pozuntulara yol verildiyindən Müdafiəçi vəsatəti təmin edilməli və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 303.4-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarda belə qərarın çıxarılması üçün əsaslar göstərilir. 1) İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinə əlavə edilmiş Özbəkistan Respublikası vətəndaşının FA ******* nömrəli pasportu və Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş MYİ seriyalı 0****** nömrəli icazə vəsiqəsindən müəyyən edilmişdir ki, X8 xx.xx.1987-ci il tarixdə Özbəkistan Respublikasında anadan olmuş və Özbəkistan Respublikasının vətəndaşıdır (i.v.13-14); İbtidai istintaq orqanı tərəfindən X3 tərcüməçinin köməyindən istifadə etmək hüququnun təmin edilməsi məqsədilə ona dövlət hesabına tərcüməçi dəvət edilmiş, lakin cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş DYİ seriyalı ******* nömrəli icazə vəsiqəsindən məlum olduğu kimi tərcüməçi Mehdiyeva Şahidə Nurəddin qızının Özbəkistan Respublikasının vətəndaşı olmasına baxmayaraq, o, Nizami adına X15 Universitetinin “ingilis dili üzrə tərcüməçilik” ixtisasının bakalavr dərəcəsini bitirmiş və onun Azərbaycan dilində sərbəst yazmaq, danışmaq və tərcümə etmək bacarığının olmasını təsdiqləyən hər hansı bir sənəd iş materiallarına əlavə olunmamışdır (i.v.17-18). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 26.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının öz ana dilindən istifadə etmək və ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etmək hüquqlarını təmin etməlidir. 26.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının bu Məcəllənin 26.2.2-ci maddəsində göstərilən hüquqlarının təmin olunması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir. 26.4-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan təqdim edilməli sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının aparıldığı dildə təqdim edir. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən müvafiq şəxslərə təqdim edilməli sənədlər onların ana dilində və ya onların bildiyi başqa dildə təqdim edilir. 91.5.11 və 95.5.12-ci maddələrinə əsasən ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək, tərcüməçinin köməyindən pulsuz istifadə etmək təqsirləndirilən şəxsin hüquqları sırasına daxildir. 99.1-ci maddəsinə əsasən tərcüməçi cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında icraatın materiallarını, habelə məhkəmə iclasının gedişi, istintaq və ya digər prosessual hərəkətlərin aparılması zamanı səslənən bütün danışıqları tərcümə etmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir. Tərcüməçi cinayət prosesi iştirakçılarının təklif etdikləri şəxslər sırasından təyin edilə bilər. 99.2-ci maddəsinə əsasən tərcüməçi cinayət mühakimə icraatının aparıldığı dili sərbəst bilməklə yanaşı, tərcümə olunan dili də sərbəst bilməlidir. Hakim, prokuror, müstəntiq, təhqiqatçı, müdafiəçi, nümayəndə və prosesin digər iştirakçıları, hal şahidləri, məhkəmə iclasının katibi, ekspert və şahid tərcümə edilən dilləri bilsə də, üzərinə tərcüməçi vəzifəsini götürməməlidirlər. 99.4.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tərcüməçi cinayət prosesini həyata keçirən orqana tərcümə edilən dilləri bilməsini təsdiq edən sənəd təqdim etmək; cinayət prosesini həyata keçirən orqanın, həmçinin məhkəmə iclasında cinayət prosesi tərəflərinin tələbi ilə tərcüməni tam və düzgün yerinə yetirməsi qabiliyyətini düzgün qiymətləndirmək vəzifələrini yerinə yetirməlidir. 2) Bundan əlavə cinayət işinin 60-cı vərəqinə əlavə edilmiş ərizədə X8 orta təhsilini rus dilində aldığı üçün rus dilində daha sərbəst yazıb və oxuya bildiyini, buna görə də ibtidai istintaq zamanı Azərbaycan dilində tərtib olunan sənədlərin rus dilində ona tərcümə olunmalarının təmin edilməsini xahiş etsə də, məhkəmə iclasında dəvət edilmiş tərcüməçinin iştirakı ilə verdiyi ifadəsində qeyd olunan ərizədə göstərilənlərin tam əksini deyərək Azərbaycan dilində sərbəst yaza və danışa bilmədiyini, orta təhsilini özbək dilində almasına baxmayaraq ibtidai istintaq orqanı tərəfindən iş üzrə çıxarılmış qərarların rus dilinə tərcümə edildiyini, rus dilini Azərbaycan dilindən də pis bildiyini bildirmiş, sonda isə qeyd etmişdir ki, rus dilinə tərcümə edilmiş sənədlər belə ona verilməmişdir. Həmçinin o, özbək dilindən tərcüməçini yalnız bir dəfə şəxsi axtarış zamanı gördüyünü və keçirilən digər prosessual hərəkətlərdə tərcüməçinin ümumiyyətlə iştirak etmədiyini, bununla da ibtidai istintaq zamanı ona iş materiallarının özbək dilində təqdim olunmadığını və özbək dilinə tərcümənin təmin olunmadığını vurğulamışdır. Məhkəmə yuxarıda göstərilən işin hallarına əsasən qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə olunmuş ərizədə X3 orta təhsilini rus dilində alması yazılsa da sözügedən halı təsdiqləyən hər hansı bir sənəd və ya diplom iş materiallarına əlavə olunmamışdır. Bundan əlavə, X7 təqdim edilmiş tərcüməçi Mehdiyeva Şahidə Nurəddin qızının Özbəkistan Respublikasının vətəndaşı olmasına və şəxsi axtarış zamanı özbək dilinə tərcüməni həyata keçirməsinə baxmayaraq, iş materiallarında olan sənəd və qərarların rus dilində Khıdırova Umidaya təqdim edilməsi başa düşülən deyil. Həmçinin, X8 ibtidai istintaq zamanı verdiyi ifadələrində Azərbaycan dilini sərbəst başa düşdüyünü qeyd etsə də, məhkəmə iclasında onun Azərbaycan dilini bilməməsi müəyyən edilmişdir ki, bu hal özü-özlüyündə cinayət işinə əlavə olunmuş sənədlərin X8 tərəfindən məzmunları anlaşılmadan formal olaraq imzalanması nəticəsinə gətirib çıxarmışdır. 3) İbtidai istintaq zamanı şübhəli şəxs qismində tutulmuş X7 müdafiəçi seçmək hüququnun olması izah edilmiş və bu barədə 28 aprel 2023-cü il tarixdə protokol tərtib olunmuşdur, lakin Umida Khıdırovaya xx.xx.2022-ci il tarixdə tərtib edilmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərin köhnə siyahısı təqdim edilməklə hüquqlarının müdafiəsi üçün vəkil seçməsi təklif edilmişdir (i.v.22). 4) Vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında 28 aprel 2023-cü il tarixli protokolda şübhəli şəxs X1 göstərilmiş, ona təqdim olunan vəkil X12 olduğu göstərilsə də, şübhəli şəxs X4 müdafiəçi X10 tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyi göstərilmiş, halbuki ********* saylı cinayət işi üzrə şühəli şəxs qismində cəlb edilən X5muş və onun hüquqlarının müdafiəsi üçün dövlət hesabına təqdim edilmiş müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X12 olmuşdur. Həmçinin, həmin protokolu X8 və onun müdafiəçisi X12 protokolla tanış olaraq onu öz imzaları ilə təsdiq etmişlər (i.v.28). 5) Cinayət işinin materialları araşdırılarkən şübhəli şəxsin tutulması haqqında 28 aprel 2023-cü il tarixli protokolda X8 əvəzinə şübhəli şəxsin adı, soyadı, atasının adı X1, etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında 28 aprel 2023-cü il tarixli protokolda isə şübhəli şəxsin adı, soyadı, atasının adı X6 göstərilmişdir (i.v. 29, 37). 6) İbtidai istintaq zamanı təqsirləndirilən şəxs X7 təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərar, təqsirləndirilən şəxsin CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə bildiriş, təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilməsi barədə cəlb etmə qərarının surətinin verilməsi haqqında xx.xx.2023-cü il tarixli protokol, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokol və ittiham aktı rus dilinə tərcümə olunaraq təqdim olunmuş, lakin yuxarıda da göstərildiyi kimi Umida Khıdırova rus dilini sərbəst bilməmişdir. 7) təqsirləndirilən şəxs X7 barəsində qətimkan tədbirinin seçilməsi barədə qərar, sübutların qiymətləndirilməsi barədə qərar və digər zəruri sənədlər isə ümumiyyətlə tərcümə edilməmiş və təqsirləndirilən şəxsə təqdim olunmamışdır. Məhkəmə yuxarıda qeyd edilənlərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, qanunverici, ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. Məhz buna görə də Cinayət Məcəlləsinin 297.1-ci maddəsində məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmçinin, məhkəmə qeyd edir ki, Kamazinski Avstriyaya qarşı iş üzrə 1989-cu il 19 dekabr tarixli qərarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinin pozulması ilə əlaqədar bildirmişdir ki, tərcümə yardımı elə olmalıdır ki, təqsirləndirilən şəxsin ona qarşı qaldırılmış işi başa düşməsinə və onun özünü müdafiə etməsinə, xüsusən də öz mövqeyini məhkəmə qarşısında irəli sürməsinə imkan versin. Məhkəmə yuxarıda sadalanan qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-in 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. Azərbaycan Respublikası CPM-nin: 301.1 və 301.1.3-cü maddələrinin mənasına görə məhkəmə baxışı yalnız məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda, keçirilə bilər. 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.2. cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması; 303.3.7-ci maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə verilmiş vəsatəti, proses iştirakçılarını dinləyərək və cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, məhkəməyədək icraat zamanı CPM-nin 303.3.1, 303.3.2 və 303.3.7-ci maddələrində nəzərdə tutulan kobud pozuntulara yol verildiyindən müdafiəçinin vəsatəti təmin edilməli, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna qaytarılmalıdır. Eyni zamanda Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxs X3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməməlidir. Bundan başqa məhkəməyədək icraat zamanı CPM-nin yuxarıda qeyd olunan tələblərin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 289, 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Müdafiəçi vəsatəti təmin edilsin. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs X3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərarın surəti 3 (üç) gün müddətində cinayət prosesinin iştirakçılarına göndərilsin. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-482/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-482/2023
20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver