Məhkəmə qərarları › İş №1(011)-483/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-483/2022

19.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-483/2022 19.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982 -ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(011)-349/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan– Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 21 iyul 2022-ci il tarixdə X2 10 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,405 qram psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 21 iyul 2022-ci il tarixdə saat 12:00-da Bakı şəhəri, Xətai rayonu, 5-ci Rezervuar küçəsinin yaxınlığında saxlanılıb ünvan 2 ünvanda yerləşən Xətai RPİ- nin 34-cü PŞ-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,405 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək və məhkəməyə vermiş olduğu ziddiyyətli ifadəsində ilkin olaraq göstərmişdir ki, o, müəyyən müddətdir ki, narkotik vasitə və ya psixotrop maddədən istifadə edir. Bəhruz adlı şəxsi yaşadığı məhəllədən tanıyır. Hadisə baş verən günü Bəhruza zəng vurmuş, onlar görüşüb birlikdə olan zaman polis əməkdaşları onları bölməyə aparmışlar. Ona ittiham olunan psixotrop maddə olan metamfetamini Bəhruzdan pulsuz almışdır, həmin psixotrop maddəni Bəhruzdan almasını şöbədə videoçəkiliş zamanı da bildirmişdir. İstintaq da deyilənlər doğru deyil, təzyiq altında ifadə vermişdir. Daha sonra təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirmişdir ki, onun üzərində heç bir narkotik və ya psixotrop maddə olmayıb, Bəhruzu yaşadığı məhəllədən tanıyır. Hadisə baş verən günü Bəhruza telefonla zəng vurmuş, Bəhruzun tutulduğundan və bölmədə olmasından xəbəri olmamışdır. Bəhruza zəng vurduğu üçün polis əməkdaşları onu da tutub bölməyə aparmış, ona bildirmişlər ki, psixotrop maddəni boyununa götürməyəcəyi təqdirdə, ona daha ağır ittiham veriləcəkdir. O da bu səbəbdən psixotrop maddə olan metamfetaminin ona aid olması ilə bağlı ifadə vermiş və ifadələrini imzalamışdır. Əməlindən peşmandır, himayəsində 2 azyaşlı uşaqları var, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək ona yüngül cəza verilməsini xahiş edir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir ilə yaxın narkotik və psixatrop maddələrdən istifadə etmiş, narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərinin müxtəlif ərazilərində tanımadığı şəxslərdən alaraq bədənində ağrılar olan zaman münasib yer taparaq orada qəbul etmişdir. Bəhruz adlı şəxs də onun kimi narkotik vasitə aludəçisidir, sonuncu da narkotik və psixotrop maddələrdən istifadə etmişdir. Buna görə də, Bəhruzla bir neçə dəfə birlikdə narkotik və psixotrop vasitələri qəbul etmişdir. 21 iyul 2022-ci il tarixdə yenidən narkotik vasitə və ya psixotrop maddə əldə etmək qərarına gəlmişdir. Həmin günü səhər saatlarında dəqiq saatı xatırlamadığı bir vaxtda Bakı şəhəri, Xətai rayonu, Kǝnd Əhmədli qəsəbəsində olan zaman Bəhruz Əliyevi görmüşdür. Bəhruza yaxınlaşaraq üzərində psixotrop maddə olan metamfetaminin olub-olmadığını soruşmuşdur. Bəhruz da bir büküm bir psixotrop maddə metamfetaminin olmasını bildirdikdə üzərində olan 10 manat pulu sonuncuya verərək həmin psixotrop maddəni alaraq əynində olan boz rəngli şalvarın sol yan cibinə qoymuşdur. Həmin psixotrop maddə olan metamfetamini ondan alaraq sağollaşıb ayrılaraq yaşadığı ünvan saxlayaraq gəzdirmişdir ki, bədənində ağrılar olan zaman münasib yer taparaq istifadə edǝr. 21 iyul 2022-ci il tarixdə saat 12 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, 5- ci Rezervuar küçəsinin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu ve üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş, şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. Gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan boz rəngli şalvarın sol yan cibində saxladığı bir ədəd şəffaf sellofani çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu demişdir. Polis əməkdaşları həmin maddənin haradan aldığını soruşduqda həmin maddəni öz istifadəsi üçün xx.xx.2022-ci il tarixdə tanışı Bəhruz adlı şəxsdən şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, başqa heç bir qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, üzərindən aşkar edilmiş maddə iştirakçıların iştirakı ilə zərfə qoyulub möhürlənmiş və imzalarla doğruluğunu təsdiq etmişlər. (i.v.48-50, 71-73); Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 1 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra Rəvan ilə birlikdə məlumat əsasında həmin günü saat 12 radələrində Bakı şəhəri, Xətai rayonu, 5-ci Rezervuar küçəsinin yaxınlığına gəlmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Raufun əlamətləri ilə üst- üstə düşən bir nəfər şəxsi görmüşlər və sonuncu özünü şübhəli apardığına görə həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx xxxx 1982-ci ildə ünvan 4 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Raufa narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib souncunu saxlayaraq Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Rauf da buna etiraz etmədikdən sonra polis şöbəsinə apararaq barəsində araşdırma aparılması üçün aidiyyəti üzrə təhvil vermişlər. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olnuması üçün vəkil dəvət edilmiş, vəkilin iştirakı ilə Raufa hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Raufa üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Rauf da əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində psixatrop maddə metanfetamin olduğunu, həmin maddəni Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli adlanan yerdə tanışı Bəhruz adlı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Sonra Raufun üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Raufun üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 0.51 qram olması müəyyən edilmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Raufun üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə digər Şahid1 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduqları ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid2 ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 22 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 21 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 21 iyul 2022-ci il tarixdə, saat 12:00-da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Xətai RPİ-nin 34-ci polis şöbəsinə gətirilmiş və həmin tarixdə, saat 12:20-də müdafiəçinin iştirakı Xətai RPİ-nin 34-ci PŞ-nin inzibati binasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 21); şəxsi axtarış və götürmə aparılması haqqında 21 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 34-ci PB-in CA üzrə əməliyyat müvəkkili, polis mayoru X3, Xətai RPİ-nin 34-cü PŞ-in CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Xətai RPİ-nin 34-cü PŞ-in əməkdaşı, polis baş leytenantı Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “İphone” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş ağ rəngli, kristal formalı psixotrop maddə metanfetaminə bənzər maddələri taqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibində 01 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş ağ rəngli, kristal formalı olan maddə psixotrop maddə hesab olunan metamfetamindir, şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə Kənd Əhmədli qəsəbəsində tanıdığı Bəhruz adlı şəxsdən 10 manat məbləğdə əldə etmişdir. (i.v. 32-33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyul 2022ci il tarixli, 6/3975 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “AR DİN Zərflər üçün №152” dairəvi möhür əksi və “... Təhməzov –imza, Müdafiəçi-imza, İştirakçılar- üç imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 0,405 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. (i.v. 47-50); Şübhəli şəxsin dindirilməsi haqqında 22 iyul 2022-ci il tarixli və təqsirləndirilən şəxsin dindirilməsi haqqında 23 iyul 2022-ci il tarixli protokollardan görünür ki, X10 bildirmişdir ki, o. əvvəllər X7 və Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satmamış, birinci dəfə xx.xx.2022-ci il tarixdə saat 11 radələrində İlham və Raufla görüşüb onların hər birinə 10 manata 01 ədəd büküm psixotrop maddə metamfetamin satmışdır(i.v. 51-54,56-59) təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 iyul 2022-ci il tarixli qərardan görünür ki, X10 toplanmış sübutlara əsasən təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən satiş məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə küllü miqdarda təmiz çəkisi 4,334 qram narkotik vasitə olan heroini va 02 ədəd bükümdə, ayrılıqda təmiz çəkiləri 0,332 qram və 0,405 qram olmaqla ümumi təmiz çəkisi 0,737 qram psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamışdır. 21 iyul 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu. Əhmədli qəsəbəsində həmin psixotrop maddə metamfetamindən 01 ədəd bükümdə 0,332 qram çəkidə olan hissəsini X5 10 manat va 01 ədəd bükümdə 0,405 qram çəkidə olan hissəsini Təqsirləndirilən şəxs 10 manat müqabilində satmışdır. Xətai RPİ-ni 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 21 iyul 2022-ci il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Xətai rayonu, 5-ci Rezervuar küçəsində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü PS-nə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli idman şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə küllü miqdarda təmiz çəkisi 4,334 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə herion aşkar edilərək götürülmüşdür. X10 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. (i.v. 55); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 22 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 60); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-398/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində həbs seçilməklə məcburiyyət tədbiri tətbiq edilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 21 iyul 2022-ci il tarixdən hesablanmışdır ( i.v. 82-85); Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİnin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Ceyhun Əsgərov tərəfindən diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofanı çıxarıb təqdim etmiş, həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və sellofan bükümdə ağ rəngli kristal şəkilli maddə olması müəyyən olunmuş, Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da bildirmişdir ki, həmin maddə psixotrop maddə metamfetamindir, psixotrop maddəni həmin günü tanıdığı Bəhruz adlı şəxsdən 10 manata almışdır. Aşkar edilmiş sellofan büküm elektron tərəzi ilə çəkilmiş və çəkisi 0,51 qram olmuşdur. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir( i.v. 87-88);. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 09 oktyabr 2020-ci il tarixində cəzasının sonu ilə azad olunmuşdur. ( i.v. 96-97); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-349/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 180.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respubliksaı Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 fevral 2019-cu il tarixdən 12 fevral 2019-cu il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində saxlandığı müddət nəzərə alınaraq ona təyin edilmiş 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti olaraq 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli 11 iyul 2019-cu il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir (i.v. 99-107); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 4204 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür ( i.v. 108-109); sübutların qiymətləndirilməsi haqqında 27 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusi ilə təqsdiq edildiyindən şahid qismində dindirilmiş Şahid1, Şahid2 ifadələri, məhkəmə kimyəvi ekspertizasının 22 iyul 2022-ci il tarixli 6/3975 saylı rəyi, məhkəmə narkoloji ekspertizasının 01 avqust 2022-ci il tarixli 4204 nömrəli rəyi, şəxsi axtarış və götürmə, diskə baxış protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs Xətai rayon rayon məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1ci maddələri ilə təqsirli bilinərək 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan sonra cəzasını çəkib qurtardığı gündən iki il müddətkeçmədiyi üçün əvvəllər məhkum edilmiş şəxs hesab edilmiş və əvvəlki cəzası residiv kimi qiymətləndirilmiş, Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsi tərəfindən təqsirli bilinərək 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,355 qram qalan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən bir ədəd "DVD" disk sübut kimi tanınmış, Xətai RPİ-nin 34-cü Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman psixotrop maddə metamfetamini təqdim etməsi könüllü təqdim etmə kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarı məhkəmə kimyəvi ekspertizasının rəyində göstərilmiş miqdara yəni 0,405 qrama əsasən götürülmüşdür. (i.v. 112- 120); “AZEMİS” elektron məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il və xx.xx.2010-ci il təvəllüdlü iki övladı var. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər maddələri təqdim etməsi, şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə Kənd Əhmədli qəsəbəsində tanıdığı Bəhruz adlı şəxsdən 10 manat məbləğdə əldə etməsini bildirməsi, aşkar edilmiş sellofan büküm elektron tərəzi ilə çəkilmiş və çəkisi 0,51 qram müəyyən edilməsi, həmin bükümün zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan metamfetaminin olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır və özünün məhkməyədək icraat dövründə verdiyi ifadələri, şahid ifadələri ilə təkzib olunur.. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxsin ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi ağırlaşdırıcı hal hesab olunur; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,864 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını (CM-59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində residivin olması cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əvvəllər də soyğunçuluq cinayətini və hazırki ittiham olunmuş cinayətlə eyni məzmunlu cinayət əməllərini törətməsini, həmin cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, yenidən eyni məzmunlu cinayət əməlini törətdiyini, əməlində ağırlaşdırıcı hal residivin müəyyən edilməsi, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 21 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,355 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar