Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-487/2022 29.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1953-cü ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, hazırda məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşayan, 07 oktyabr 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan borca görə 78,800 manat, gecikdirilmiş vaxt üçün faizə görə 7,223 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 86053,00 manat məbləğində pul vəsaitinin tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Masallı Rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli, 2(050)-593/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə təqdimat verilən xx.xx.2020-ci il tarixədək Zərərçəkmiş şəxs xeyrinə heç bir məbləğdə pul vəsaiti ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə elan edilmiş ittihamda özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ondan borca görə ümumilikdə 86053,00 manat məbləğində pul vəsaitinin tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Masallı Rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli, 2(050)-593/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsi mövcüddur. Qətnamə ilə razı olmadığını, həmin qətnamənin tamamilə qanunsuz olduğunu və əslində tələbkar Zərərçəkmiş şəxs cəmi 18000 manat borcu olduğunu bildirmişdir. Buna baxmayaraq icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Bir müddət sonra yenidən izahatı alınmış və Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilmişdir. Barəsində çıxarılmış qətnamənin ədalətsiz və qanunsuz olmasına baxmayaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə 05 il ərzində hissə-hissə 2300 manat ödəniş etmişdir. Qətnaməni ədalətsiz hesab etdiyi səbəbi ilə həmçinin maddi imkanının çətin olduğu üçün borcu bütövlükdə ödəyə bilməmişdir. Son sözündə əməlindən peşman olduğunu, ilk məhkumluğunu, yaşlı olmasını, xəstəliyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan borca görə 78,800 manat, gecikdirilmiş vaxt üçün faizə görə 7,223 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 86053,00 manat məbləğində pul vəsaitinin onun xeyrinə ödənilməsinə dair Masallı Rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli, 2(050)-593/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsini 05 il müddətində qərəzli olaraq icra etməmişdir. İcra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə borclu Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Beş il ərzində Təqsirləndirilən şəxs 86053,00 manat borcundan cəmi 1300 manat ödəniş etmişdir. Təqsirləndirilən şəxs cəmi 18000 manat borcunun olmasına dair verdiyi ifadələrin həqiqətə uyğun olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs muxtəlif bəhanələr gətirərək qərəzli olaraq borcu ödəməməsi maddi cəhətdən onu ağır duruma salmışdır. Bu səbəbdən onunla barışmadığını, şikayətçi olduğunu qeyd edərək Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində bildirmişdir ki, Masallı Rayon Məhkəməsinin 27 mart 2017ci il tarixli, 2(050)-593/2017 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs borca görə 78,800 manat, gecikdirilmiş vaxt üçün faizə görə 7,223 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 86,053 (səksən altı min əlli üç) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs xeyrinə ödəməlidir. Sözügedən qətnamə icra edilməsi üçün Masallı Rayon İcra və Probasiya Şöbəsinə, sonradan isə Xətai Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmişdir. İcradan yayındığına və çağırışlara gəlmədiyinə görə 23 may 2018-ci il tarixli Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində məcburi gətirilmə qərarı çıxarılmışdır. Muxtəlif sorğulara cavablardan borclunun daşınar və daşınmaz əmlaklarının olmadığı aşkar edilmişdir. Daha sonra borclunun ölkədən getmək hüququ Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli qərarı ilə müvəqqəti məhdudlaşdırılmışdır. Borclu verdiyi izahatlarında qətnamə ilə razı olmadığını vurğulamışdır. İcra məmurunun təqdimatına əsasən Bakı şəhəri Xətai Rayon məhkəməsinin 18 aprel 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Daha sonra borclu 86053,00 manat borcundan hissə-hissə 1300 manat və 03 oktyabr 2022-ci il tarixdə 300 manat cəmi 1600 manat ödəniş etmişdir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməyinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbi qərəzli olaraq təmin etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 verdiyi ifadə Şahid1 ifadəsinə oxşar olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı nəzərə alınaraq Şahid3 və Şahid4 ifadələri elan edilərək tədqiq edilmişdir. Şahidlərin ifadəsi zərərçəkmiş şəxsin ifadəsinə oxşar olmuş və cinayət işinin yuxarıda göstərilən xüsusatlarını bir daha təsdiq etmişdir. İş materiallarında olan (iş vərəqi 8-9) Masallı Rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli, 2(050)-593/2017 nömrəli qətnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs 86053 (səksən altı min əlli üç manat) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş vərəqi 11-12-də olan sənədlərdən məlum olur ki, icra vərəqəsi daxil olduqdan sonra 13 mart 2018-ci il tarixdə Xətai rayon İcra və Probasiya şöbəsi icraata başlamaq haqqında qərar qəbul etmiş və 10 gün müddətində qətnamənin könüllü icrası barədə borclu Təqsirləndirilən şəxs məlumatlandırılmış və tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İş materiallarında olan 23 may 2018-ci il tarixli Xətai rayon Məhkəməsinin 8(011)- 643/2018 saylı qərardadından məlum olur ki, çağırışlardan yayındığından Təqsirləndirilən şəxs barəsində Xətai rayon icra şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli borclunun axtarışı haqqında icra məmuru Əli Hacıyevin qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir (iş vərəqi 49). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 3(011)-893/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmişdir ( iş vərəqi 62-64). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(011)-20/2020 saylı qərardadından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində ölkədən getmək hüququ müvəqqəti məhdydlaşdırılmışdır (iş vərəqi 74-76). İş materiallarında olan xx.xx.2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, icra sənədini icra etmədiyi üçün Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xəbərdar edilmişdir (iş vərəqi 71). İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 20 iyun 2018-ci il tarixli və Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2018-ci il tarixli sorğulara cavablarından məlum olur ki, Təqsirləndirilən şəxs adına daşınmaz və daşınan əmlak mövcud deyil (iş vərəqi 40,43). İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 07 oktyabr 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarından məlum olur ki, xx.xx.2021-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsi ilə dayandırılmış və xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Beləliklə, cinayət təqibi üzrə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq edilmiş və yuxarıda şərh olunan mötəbər və mümkün sübutların məcmusuna cinayət işinin bütün materialları ilə birlikdə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Konstitusiya Məhkəməsı Plenumunun 02 oktyabr 2012-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” qərarına əsasən məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası adından çıxan Masallı Rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli, 2(050)-593/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməni icra etmək üçün kifayət qədər vaxtı və maddi imkanı olmuşdur. Təqsirləndirilən şəxs bu günədək məhkəmə qətnaməsini qərəzli olaraq, yəni qətnamə ilə razı olmadığına görə icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs oğu qətnamənin ədalətsiz olduğunu və cəmi 18000 manat borcunun olduğunu dəfələrlə ifadəsində göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk məhkumluğunu cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Kərimov və Qeyrilərinin Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, icra etməmə maddi imkansızlıqla bağlı olduğu halda, “heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz”. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı PROTOKOL Konvensiyaya və ona dair Birinci Protokola artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların təmin olunması haqqında Avropa Şurasının üzvü olub, bu Protokolu imzalayan hökumətlər, 1950-ci il noyabrın 4-də Romada imzalanmış İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (bundan sonra “Konvensiya” adlanacaq) İ bölməsinə və 1952-ci il martın 20-də Parisdə imzalanmış Konvensiyaya dair Birinci Protokolun 1,2 və 3-cü maddələrinə artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların kollektiv həyata keçirilməsinin təmin edilməsi yolunda tədbirlər görmək əzmində olaraq, aşağıdakılar barədə razılığa gəldilər: M a d d ə 1. Borca görə azadlıqdan məhrum etmənin qadağan olunması. Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin Təqsirləndirilən şəxs qanunvericilikdə edilmiş dəyişikliklər, yəni Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsi və 80-1-ci maddəsi izah edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-487/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-487/2022
29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver