Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-487/2025 01.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Tovuz rayonu, Xatınlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Xatınlı Ə/D, Xatınlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, P.Həşimov qəsəbəsi, Dənizçi küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda yaşadığı Bakı şəhəri, Xətai rayonu, P.Həşimov qəsəbəsi, Dənizçi küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında, Xəzər dənizinin 20-50 metrlik zolağında, dövlət mülkiyyətində olan su fondu torpaqları kateqoriyasına aid təqribən 20,0 kv. metr torpaq sahəsinə hər hansı bir aidiyyəti hüquqmüəyyənedici sənədlər və qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan faktiki sahiblik etməyə başlamaqla özbaşına tutaraq tikintisinin həyata keçirilməsi üçün məlumatlandırma icraatı tələb olunduğu halda müvafiq icra hakimiyyəti orqanına müraciət etmədən 2025-ci ilin iyun ayının sonlarından etibarən torpaq sahəsi üzərində 1 otaqlı fərdi yaşayış evi inşa etməyə başlamaqla özbaşına tikinti işləri aparmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, P.Həşimov qəsəbəsi, Dənizçi küçəsində yerləşən 20 kv. metr torpaq sahəsini 2018-ci ildə hal-hazırda dünyasını dəyişmiş, anket məlumatlarını xatırlamadığı Mais adlı şəxsdən şifahi sövdələşmə yolu ilə torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənəd olmadan almışdır. Lakin torpaq sahəsinin alqı-satqısı ilə bağlı aralarında hər hansı bir rəsmi sənədləşdirmə aparılmamışdır. Buna görə də həmin torpaq sahəsinə dair adına hər hansı bir hüquqmüəyyənedici sənəd mövcud deyildir. Torpaq sahəsinin onun istifadəsinə verilməsi barədə hər hansı bir dövlət, bələdiyyə orqanının rəsmi sənədi və fiziki şəxs tərəfindən adına sənədləşdirilmiş hər hansı bir rəsmi sənəd yoxdur. 2025-ci ilin iyun ayının sonlarından etibarən Bakı şəhəri, Xətai rayonu, P.Həşimov qəsəbəsi, Dənizçi küçəsində yerləşən torpaq sahəsində təxminən 12-13 kv.m ölçüdə 1 otaqlı fərdi yaşayış evi inşa etdirməyə başlamışdır. Təxminən 1 ay müddətində, yəni iyul ayının sonlarında fərdi yaşayış evinin tikintisini başa çatdırmışdır. Fərdi yaşayış evinin tikintisi ilə bağlı hər hansı bir dövlət orqanına rəsmi qaydada müraciət etməmişdir. Buna görə də qeyd olunan torpaq sahəsində tikinti işlərinin aparılmasına icazənin verilməsi ilə bağlı hər hansı bir rəsmi sənədləri yoxdur. Həmçinin halhazırda zərərçəkmiş hüquqi şəxs ilə barışıq əldə etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2 ifadəsində bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun müdiri vəzifəsində çalışır. Vəzifəsi Bakı şəhərində ona təhkim olunmuş ərazilərdə yerləşən dövlət mülkiyyətində olan torpaq sahələrində qanunsuz aparılan tikinti işlərini müəyyən etmək və bununla bağlı müvafiq profilaktiki və mübarizə tədbirlərini həyata keçirməkdən ibarətdir. İstintaq zamanı ona məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, P.Həşimov qəsəbəsi, Dənizçi küçəsində dövlət mülkiyyətində olan 20,0 kv.m torpaq sahəsində Təqsirləndirilən şəxs tərəfindən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan və aidiyyəti dövlət orqanlarından tikinti işlərinin aparılmasına müvafiq icazə alınmadan torpaq sahəsi üzərində 1 otaqlı fərdi yaşayış evi inşa edilmişdir. Həmin ərazidə aparılmış monitorinq zamanı qeyd olunan ünvanda yerləşən dövlət mülkiyyətində olan 20,0 kv. m. torpaq sahəsinin qanunvericiliyin tələblərinə zidd olaraq hüquqmüəyyənedici sənədlər və qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan zəbt olunaraq torpaq sahəsi üzərində 1 otaqlı fərdi yaşayış evinin inşası ilə bağlı özbaşına tikinti və quraşdırma işlərinin aparılması müəyyən edilmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışıq əldə edilmişdir və ona qarşı şikayət və tələbləri yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 avqust 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v. 1); torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti ilə bağlı keçirilmiş monitorinqin nəticəsi barədə 12 iyun 2025-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Dənizçi küçəsində Xəzər dənizinin sahil mühafizə zolağında su fondu torpaqları, yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında, 20-50 metrlik zolağında, dövlət mülkiyyətində olan təxminə 0.01 ha torpaq sahəsində tikintialtı sahəsi 20,0 kv. metr olan fərdi yaşayış evinin inşa olunması faktı aşkar edilmişdir. Lakin qeyd olunan torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatından keçməsi müəyyən edilməmişdir (i.v. 8-10); hadisə yerinə baxış keçirilməsi haqqında 02 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, P.Həşimov qəsəbəsi, Dənizçi küçəsində yerləşən 1 otaqlı fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 15-18); zərərçəkmiş şəxs hüquqi şəxs qismində tanınma haqqında 18 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır (i.v. 26); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 31-32); zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında 15 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X3 zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi qismində tanınmışdır (i.v. 40-41); cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 18 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 222-1.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələri, baxış keçirilməsi haqqında protokol və sorğulara cavablar iş üzrə sübut növü kimi qiymətləndirilmişlər (i.v. 52-57); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 19 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 68-69); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 19 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 79-81); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası tərəfindən verilmiş epikrizdən görünür ki, Təqsirləndirilən şəxs hər iki süd vəzinin diffuz fibroz-kistoz mastopatiyası” diaqnozu qoyulmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi olaraq etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş hüquqi şəxs ilə barışıq əldə etməsini, onkoloji xəstəlikdən əziyyət çəkməsini (CM-59) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri olan Bakı şəhəri, Xətai rayonu, P.Həşimov qəsəbəsi, Dənizçi küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət mühakimə icraatı üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, P.Həşimov qəsəbəsi, Dənizçi küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yer getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-487/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-487/2025
01.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver