Məhkəmə qərarları › İş №1(011)-489/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-489/2023

20.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-489/2023 20.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhərinin 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1985-ci ildə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunan və məhkumluğu ödənilən, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqla müəyyən edilməmiş şəxsdən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 1,298 qram psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, 03 may 2023-cü il tarixdə saat 18:00-da Xətai Rayon Polis İdarəsinin 36-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Mədinə Gülgün küçəsi 51 ünvanının qarşısında saxlanılıb, ünvan 2 RPİ-nin 36-cı PB-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi- axtarış və götürmə zamanı, əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,298 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, ittihamla razıdır lakin verdiyi pulun müqabilində ittihamda qeyd olunan psixotrop maddənin çəkisi bir qədər az olmalı idi. Bundan əlavə bildirmişdir ki, o, Lənkəran rayonu, Nərimanabad qəsəbəsi ünvanında qeydiyyatda olmaqla ünvan 5nda yaşayır. Əvvəllər məhkum olunmuşdur. Təxminən 2 il müddətdir ki, psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün qəbul edir. xx.xx.2023cü il tarixdə saat təxminən 13:30 radələrində bədənində ağrılar olması səbəbindən ev ünvanını tərk edərək psixotrop maddə əldə etmək qərarına gəlmiş, Xətai rayonu ərazisində yerləşən “Gənclər parkı” adlanan əraziyə yollanmış, orada bir qədər piyada gəzişdikdən sonra əvvəllər üzdən tanıdığı, şəxsiyyəti haqqında məlumatı olmadığı və əvvəllər bir neçə dəfə psixotrop maddəni tapmaqda köməklik edən şəxslə rastlaşmış, bir qədər hal-əhval tutduqdan sonra bədənində ağrılar olduğunu bildirmiş, bu səbəbdən ondan psixotrop maddə olan metamfetamin tapmasını xahiş etmiş, həmin şəxs psixotrop maddə olan metamfetamin almaqda köməklik edəcəyini bildirmiş, bundan sonra üzərində olan 10 manat pulu həmin şəxsə vermiş, bir qədər ətrafda piyada hərəkət etdikdən sonra həmin şəxs yenidən əvvəl görüşdükləri yerə gəlib çatmış, verdiyi 10 manat pulun qarşılığında bir ədəd şəffaf sellofan bükümü təqdim etmiş, həmin psixotrop maddəni əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuş, bundan sonra həmin şəxslə sağollaşmış, həmin psixotrop maddəni həmin gün axşam saatlarında istifadə etmək barədə qərara gəlmiş, 03 may 2023-cü il tarixdə saat 18:00-da ünvan 7 ünvanın qarşısında olan zaman mülki geyimli polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etdikdən sonra psixotrop maddənin qəbulu ilə məşğul olması barədə soruşduqda, psixotrop maddə olan metamfetamin istifadə etməsini bildirmiş, bundan sonra polis əməkdaşları 36-cı Polis bölməsinə dəvət etmiş, bölmədə səmimi etiraf edərək psixotrop maddə olan metamfetamin istifadə etdiyini deyib, üzərində də olan bir ədəd sellofana bükülmüş psixotrop olan metamfetamin olduğunu demiş, bundan sonra hüquqlarının müdafiə olunması məqsədilə dövlət hesabına müdafiəçi dəvət olunmuş, polis şöbəsində hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində olan əşyaları təqdim etməsini dedikdə, əynindəki qara rəngli cins şalvarın sağ yan cibində olan bükümü çıxardıb təqdim etmiş, polis əməkdaşı həmin bükümdəki maddənin nə olmasını soruşduqda, bükümdə olan maddənin psixotrop maddə olan metamfetamin olmasını bildirmiş, eyni zamanda həmin psixotrop maddəni haradan və kimdən almasını soruşanda, həmin maddəni Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Gənclər parkı” yaxınlığından tanımadığı şəxsdən aldığını bildirmiş, bundan sonra polis əməkdaşı başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamadığını soruşanda, təqdim etdiyi psixotrop maddədən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik vasitə saxlamadığını bildirmiş, bundan sonra üzərindən aşkar edilən psixotrop maddə elektron tərəziyə qoyularaq çəkilmiş və 1,57 qram çəkidə olması müəyyən edilmiş, sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş həmin psixotrop maddə metamfetamin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək götürülmüşdür. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, DİN-nin Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı rütbəsini daşıyır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, 03 may 2023-cü il tarixdə saat 18:00 radələrində 36-cı PB-nin sahə inspektoru, polis kapitanı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olan zaman ünvan 8 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmış və özlərini təqdim etmiş, bundan sonra şəxsiyyəti barədə məlumat soruşduqda özünü xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, bundan sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu, Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmiş, buna etiraz etmədikdən sonra 36-cı PB-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Ramin Ələsgərova təhvil vermiş, bölmədə olan zaman həmin şəxsin xx.xx.1985-ci ildə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvəllər məhkum olunan, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olan və ünvan 5nda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, təhqiqatçı X9 Tağıyevin hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət etdikdən sonra həmin vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmiş, bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs bir ədəd sellofana bükülmüş bükümün içərisində nə olması soruşduqda o həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu və bundan başqa həmin metamfetamini Bakı şəhəri, Xətai rayonu, “Gənclər parkı” yaxınlığından tanımadığı şəxsdən aldığını bildirmiş, bundan sonra bir ədəd sellofan bükümün içərisində psixotrop maddə olan metamfetamin elektron tərəziyə qoyularaq çəkilmiş və elektron tərəzidə çəkidə 1.57 qram olması müəyyən olunmuş, ardınca Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamış, bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək oxşar ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 03 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; şəxsi axtarış və götürmə aparılması haqqında 03 may 2023-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 36-cı PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoyub həmin bükülünün içərisindəki ağ rəngli maddənin psixotrop maddə “metamfetamin” olduğunu, xx.xx.2023-cü il tarixdə təxminən 6-7 saat bundan əvvəl Xətai rayonu, “Gənclər” parkı yaxınlığında tanımadığı şəxsdən 10 manata alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdəki maddənin ağ rəngli psixotrop maddə “metamfetamin”-ə bənzər maddə olması aşkar edilmişdir. Həmin bükülü Çin istehsalı olan, elektron tərəzində çəkilərək sellofan bükülü ilə birgə çəkisinin 1,57 qram olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş, heç bir qanunla qadağan edilmiş əşya və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdəki psixotrop maddəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 151 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında bir ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı Ramin Ələsgərov özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini elan edir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah oldunduğunu bildirdi. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükümü təqdim edir. Ardınca təhqiqatçı həmin bükümdə nə olmasını soruşduqda, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamin olduğunu bildirdi. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə olan metamfetamini haradan əldə etdiyini soruşduqda sonuncu psixotrop maddəni “Gənclər” parkı yaxınlığından tanımadığı şəxsdən aldığını bildirdi. Bundan başqa üzərində digər qanunsuz əşya və predmet olduğu soruşuldu və təhqiqatçı Ramin Ələsgərov tərəfindən üzərinə şəxsi axtarış aparıldı. Psixotrop maddəyə bənzər maddədən başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı sübut əhəmiyyətinə malik ola biləcək predmet və əşya aşkar olunmadı. Həmin psixotrop maddəyə bənzər maddənin çəkisini müəyyən etmək üçün bölmənin təhqiqatçısı, polis baş leytenantı Ramin Ələskərov həmin maddəni elektron tərəziyə qoyur və bükümdə olan metamfetaminin miqdarının 1.57 qram olması müəyyən edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd içərisində psixotrop maddəyə bənzər maddə olan bükümü görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və möhür ilə möhürlənir. Həmin zərfin üzəri şühbəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanır. cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 04 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2572 nömrəli 04 may 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №151” dairəvi möhür əksləri olan, “1.”imza” Təqsirləndirilən şəxs ...” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,298 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 05 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 05 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Rəhman Cəfərovun 05 may 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Xətai RPİ-nin MSY-dən azad olunmuşdur; təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 05 may 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; elektron hökumət sistemindən çıxarışdan görünür ki, 31 iyul 2008-ci il təvəllüdlü X6 və 12 oktyabr 2006-cı il təvəllüdlü X1 Çinar Akif oğlunun himayəsindədirlər. 133 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi tərəfindən 14 avqust 2023-cü il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, 133 saylı MKİS-nin xidməti ərazisində yerləşən Zığ-yolu küçəsi, ev 27, mənzil 16da qeydiyyatsız yaşayır, həmçinin yaşadığı müddət ərzində onun barəsində 133 saylı MKİS-ə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 27 iyun 2023-cü il tarixli tələbnamədən və iş materiallarına əlavə edilmiş 1(011)-280/2019 saylı, 16 avqust 2019-cu il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli hökmə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 69.3-cü maddələri təqsirli bilinərək 01 il 09 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə Xətai rayon məhkəməsinin qərarı ilə xx.xx.2019-cu il tarixli hökm ləğv edilərək, Təqsirləndirilən şəxs ümumi olaraq 08 ay 07 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsinin xx.xx.2023-cü il tarixli 4563A saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop vasitələr» adlı İl siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 1,298 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ailə vəziyyətini, himayəsində olan iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 03 may 2023-cü il tarixdən 05 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,298 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,248 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 9 ünvanına təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçi Nemətov X3 Çinar Akif oğlunun məhkəmə iclaslarında hüquqlarını müdafiə etmək üçün cinayət işi ilə tanış olmaqla birlikdə 42 (qırx iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 06 manat müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 42 (qırx iki) iş saatına görə 252 (iki yüz əlli iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,248 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 252 (iki yüz əlli iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar