Məhkəmə qərarları › İş №1(011)-49/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-49/2021

06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-49/2021 06.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1992-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, işləməyən, Masallı şəhəri M.Ə.Sabir küçəsi ev 28-də qeydiyyatda olan, faktiki Bakı şəhəri Xətai rayonu Corat küçəsi ev 6/1-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamışdır. Belə ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə saat 22 radələrində ünvan 1 ünvanda fəaliyyət göstərən “Bravo” hipermarketin qarşısında olarkən həmin vaxt bazarlıq edib hipermarketin qarşısındakı oturacığın üzərində oturmuş Zərərçəkmiş şəxs taksiyə minib getdikdən sonra oturacağın üzərində qara rəngli əl çantasının qaldığını görüb özgə əmlakını talama qərarına gələrək bu məqsədlə, çantaya yaxınlaşıb heç kimin diqqətinin onda olmamasından istifadə edərək Zərərçəkmiş şəxs məxsus əl çantasının içərisindəki pul kisəsindən 800 (səkkiz yüz) manat pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə saat 21 radələrində ünvan 2 ünvanda yerləşən “Bravo” hipermarketin qarşısında marketə gələn müştərilərin avtomobilini təmizləyən tanışı və qonşusu Şahid yanına getmişdir. Onunla dayanıb söhbət edərkən bir nəfər tanımadığı şəxs marketin həyətində oturacağın üzərində qara rəngli əl çantasının kimə məxsus olduğunu soruşduqda o, həmin əl çanatasına yaxınlaşaraq içərisinə baxaraq qara rəngli cüzdan olduğunu, cüzdanın içərisinə baxdıqda içərisində pul olduğunu görmüşdür. Həmin şəxsə cüzdanda pul olmadığını bildirmiş, onun fikirini yayındıraraq cüzdanın içərisində olan pulları götürüb əynində olan şalvarın sağ cibinə qoyub hadisə yerindən uzaqlaşmışdır. Oradan kənarlaşaraq sərnişin avtobusuna minib Bakı şəhəri Xətai rayonu Zığ yolunda yerləşən “Nargilə” kafesinin yanında endikdən sonra taksiyə minmişdir. Taksinin pulunun həmin oğurladığı puldan vermişdir. Bundan sonra cibində olan pullara baxdıqda təxminən 400, 500 ya da 600 manata yaxın pul olduğunu görmüşdür. Pulun məbləğini tam xatırlamadığını, lakin pul kisəsində 800 manat pul olmadığını bildirmişdir. Həmin pulları müəyyən ehtiyaclarına xərclədikdən sonra pullara baxaraq 400-500 manat pul qaldığını müəyyən etmişdir. Həmin pullardan 120 manata mobil telefon və 25 manata ayaqqabı almasını xatırlayır. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcək, maddi imkansızlığı səbəbindən zərərçəkən şəxsə dəyən ziyanı ödəyə bilməmişdir, qeyd edilənlərin nəzərə alınaraq barəsində yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadələri (qismən), məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin və şahid ifadələri, eləcə də işin biri digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 21:40-da ünvan 3 ünvanda yerləşən “Bravo” hipermarketindən azyaşlı övladı ilə birlikdə bazarlıq edib marketin həyətinə çıxıb əlindəki sellofan paketləri müştərilər üçün nəzərdə tutulmuş oturacağın üzərinə qoyub “Uber” şirkətinə zəng edərək taksi sifariş etmişdir. Təxminən 15 dəqiqədən sonra sifariş etdiyi taksi gəlmiş və o, paketləri tələsik götürüb taksiyə əyləşmişdir. Taksi sürücüsü onu yaşadığı ünvan 4 ünvanda yerləşən mənzilinin qarşısına az qalmış çatdırdıqda o, əl çantasını axtarıb gediş haqqını ödəmək istədikdə əl çantasının olmadığını aşkar etmişdir. Əl çantasının yadından çıxaraq oturacağın üzərində qalmasını xatırlamışdır. O, taksi sürücüsünə geri qayıdıb əl çantasını götürmək istədiyini bildirmişdir. Taksi sürücüsü geri dönüb onu həmin oturacağın yanına gətirdikdə əl çantasının açıq olduğunu və içərisində saxladığı pul kisəsinin içərisindən 800 (səkksiz yüz) manat pulun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra o, oğurluq hadisəsi baş verdiyinə tam əmin olduqdan sonra DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Həmin pulların oğurlanmasında ona ümumilikdə 800 (səkkiz yüz) manat maddi ziyan vurulmuşdur. Ona dəymiş zərər ödənilməmişdir, təqsirəndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş edir. Şahid məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə bildirməmişdir. Şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, təxminən 1 aya yaxındır ki, Xətai rayonu R.Quliyev küçəsi 4 saylı ünvanda yerləşən “Bravo” hippermarketinin həyətində yerləşən avtomobil dayanacağında avtomobillərin şüşələrini təmizləməklə ailəsini dolandırır. xx.xx.2020-ci il tarixdə saat təxminən 22 radələrində “Bravo” hippermarketin həyətində olan zaman “Bravo” hippermarketin işçiləri ona yaxınlaşıb kamerada olan görüntünü göstərib və oturacağın üzərində qoyulmuş əl çantasından pul oğurlayan şəxsin kimliyini soruşduqda o, həmin şəxsin 1992-ci il təvəllüdlü ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğunu görüb tanımışdır. Təqsirləndirilən şəxs onunla eyni küçədə yaşadığına görə onu tanımışdır. Onunla heç bir münasibəti olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul olunmuşdur (i.v. 1); xx.xx.2020-ci il tarixli, NK-1 1316 saylı raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə, Zərərçəkmiş şəxs tərəfindən marketin qarşısında taksi gözləyərkən çantasını oturacaqda unutması, geri qayıdarkən çantasındakı pul kisəsində olan 800 (səkkiz yüz) manat pulun oğurlanması barədə məlumat daxil olmuşdur (i.v. 4); hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs, hal şahidləri X1, X2 iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı zərərçəkmiş şəxs bir daha təsdiq edərək özünə məxsus əl çantasını taksiyə minərkən hipermarketin qarşısındakı oturacağın üzərində unudaraq getdiyini, geri qayıtdıqda isə əl çantasının içərisində olan pul kisəsində 800 manat pulun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etdiyini bildirmişdir (i.v. 8); zərərçəkmiş şəxs qismində tanıma haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 26); ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan olunması haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ittiham elan etmək üçün tutulması və barəsində axtarış elan edilməsi qərara alınmışdır (i.v. 36); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.1, 66.5ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 09 (doqquz) ay 20 (iyirmi) gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından həmin tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır (i.v. 41-43); axtarışda olan şəxsin saxlanılması haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən axtarışda olduğundan xx.xx.2020-ci il tarixdə yeri müəyyən olunaraq saxlanılmışdır (i.v. 46); ifadənin yerində yoxlanması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri göstərmiş, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində ünvan 1 ünvanda yerləşən “Bravo” hippermarketin qarşısına gedərək orada qonşusu və tanıdığı X3 ilə görüşərək onunla bir nüçə dəqiqə söhbət etdikdən sonra tanımadığı naməlum şəxsin Bravonun qarşısında quraşdırılmış oturacağın üzərində qara rəngli çantanın qaldığını və kimə məxsus olduğunu soruşarkən həmin çantaya yaxınlaşaraq həmin çantaya baxdıqdan sonra çantanın üzərində olan cüzdanı götürərək heç kimin görmədiyinə əmin olduqdan sonra cüzdanda olan dəqiq məbləğini xatırlamadığı, lakin cüzdanda 200-lük, 100-lük və 50-lik pul əskinazları olduğunu xatırladığını və pulları götürərək hadisə yerindən uzaqlaşdığını qeyd etmiş, oğurluq yolu ilə əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına və özünə mobil telefon, həmçinin ayaqqabı aldığını qeyd etmişdir (i.v. 62); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CMin 177.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 64); polisin nəzarəti altına vermə haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 71); Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1403/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan xx xxxx 2017-ci il tarixli, 1(006)-339/2017 saylı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmünə əsasən təyin olunmuş 1(bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplanılmaqla o, qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir (i.v. 76-82); cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi barədə xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki,iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə elan olunmuş xx xxxxxx 2020-ci il tarixli ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ifadəsi, Şahid ifadəsi, Bakı şəhəri Xətai rayonu R.Quliyev küçəsində yerləşən “Bravo” hippermarketdə quraşdırılmış videoçəkilişə yazılmış 1 ədəd “CD-R” formatlı diskə baxış keçirilməsi haqqında protokol sübut növü kimi qiymətləndirilmiş, hadisənin videoçəkili yazılmış 1 ədəd “CD-R” formatlı diskə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir (i.v. 83-85) ; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-366/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-92/2021 saylı, xx xxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli olduğundan barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama 3 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntüyə baxış keçirilmiş, görüntülər uzaq məsafədən olduğundan və kefiyyəti aşağı olduğundan hadisə aydın görünməmiş, Təqsirləndirilən şəxs oturacağa yaxınlaşan şəxsin o, olduğunu bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs pul məbləğinin 800 (səkkiz yüz) manat olmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə nəzərə alır ki, zərərçəkmiş şəxsə bilə-bilə yalan xəbərçilik etməsinə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, zərərçəkmiş şəxs çantasının içərisində saxladığı pul kisəsindən 800 (səkkiz yüz) manat pulun naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Məhkəmə, zərərçəkmiş şəxsə bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxsin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.1-ci maddəsinə görə residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, gənc olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilməsi, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən cinayət törətməsi, hazırda barəsində Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə digər cinayət işinin olması onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), iş üzrə maddi sübut – 1 ədəd (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. Hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-366/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçimiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş, lakin, həmin qərar icra edilməmiş, digər iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-92/2021 saylı xx xxxx 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmişdir. Məhkəmə, hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-366/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçimiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsini, həmin qərarın qüvvədə olmasını, həmçinin, digər iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)- 92/2021 saylı xx xxxx 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilməsini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-366/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-92/2021 saylı xx xxxx 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixdək tutulub saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilmiş 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxx 2021-ci il tarixdən hesablansın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-366/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-92/2021 saylı xx xxxx 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübut – 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar