Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-49/2022 11.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “X1” ASC-də təmirçi işləmiş, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 28 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 2 saylı evin 23 nömrəli mənzilinin giriş qapısının üzərindəki kilidin bərkidildiyi qıfıl yuvasını özündə olan vintaçan vasitəsi ilə çıxarmaqla ayırıb yaşayış sahəsinə qanunsuz daxil olaraq mənzilin qonaq otağındakı şifonerin içərisindən Zərərçəkmiş şəxs məxsus 900 manat qiymətində 01 ədəd kulonu ilə birlikdə trosşəkilli 585 əyarlı qızıl boyunbağını, 450 manat qiymətində 01 ədəd zəncirşəkilli 585 əyarlı qızıl qolbağı, 400 manat qiymətində 01 ədəd zəncirşəkilli 583 əyarlı qızıl qolbağı, 400 manat qiymətində 01 ədəd sarı gümüşü rəngli, metalı 585 əyarlı qızıla uyğun olan, 2,80 qram çəkidə, hər birinin ölçüsü 0,049 karat olan 3/3 keyfiyyətli 5 ədəd ağ şəffaf brilyant qaşı olan üzüyü və 350 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2500 (iki min beş yüz) manat ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, əvvəllər heç vaxt oğurluq etməmişdir. Lakin anasının müalicəsi üçün pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. 28 sentyabr 2021-ci il tarixdə saat təxminən 23 radələrində yaşadığı yataqxananın dəhlizində olarkən qonşuluqda onların evi ilə üzbəüz yaşayan Şirxanın yaşadığı evin qapısında kilid olduğunu görmüş və evdə heç kimin olmadığına əmin olmuşdur. Orada olan evlərin qapısı taxta materialdan olduğu üçün o yaşadığı evə keçmiş və evdən vintaçan götürərək dəhlizdə heç kimin olmadığına əmin olduqdan sonra qapının kilidinin vintaçanla sökərək içəriyə keçmişdir. Bundan sonra evin yataq otağında axtarış aparmış və orada olan şifonerin içərisində sellofan paketin içərisindən kiçik parça pul qabının içərisindən 100 manat pul götürmüşdür. Həmin paketin içərisində olan qırmızı rəngli ürək formasında olan qızıl qabının içərisindən isə bir ədəd kulonu ilə birlikdə qızıl boyunbağı və bir ədəd qaşlı qızıl kişi nişan üzüyünü götürmüşdür. Bundan sonra evdən çıxmış və qapınının kilidi bərkidilmiş dəmiri geri yerinə saldıqdan sonra evinə getmişdir. Sabahısı gün yəni 29.09.2021-ci il tarixdə saat 12 radələrində oğurladığı qızılları özü ilə götürərək məhəlləyə düşmüşdür. Məhəllədə təsadüfən onlarla eyni yataqxanada yaşayan Rəşad adlı tanışı ilə qarşılaşmışdır. Həmin vaxt Rəşada özünə məxsus nişan üzüyünü yaxşı qiymətə satmaq istədiyini, ancaq tanışlarının olmadığını bildirmişdir. Rəşad ona üzüyü sata biləcəyini demişdir. O üzüyü Rəşada vermiş və təxminən bir saat ərzində Rəşad geri gələrək üzüyü “Laçın” ticarət mərkəzində 160 manata satdığını bildirmişdir. Rəşadın pula ehtiyacı olduğu üçün o, 20 manat pulu Rəşada vermişdir. Boyunbağını isə o, Nizami rayonunda Neftçilər metrostassiyasının yaxınlığında yerləşən qızıl alqı-satqısı yerinə satmışdır. Belə ki, o bir neçə ay əvvəl özünə məxsus mobil telefonu həmin alqı satqı yerində girov qoyaraq Fərid adlı şəxsdən pul götürmüş, həmin gün o, Fəridə zəng vuraraq onun işlədiyi yerə getmiş və anasına məxsus boyunbağını satmaq istədiyini bildirmiş və həmin puldan da girovda olan telefonunun borcunu verərək telefonu götürmək istəyini bildirmişdir. Fərid qızıl boyunbağını yoxladıqdan sonra çəkmiş və həmin boyunbağına görə 380 manat pul verə biləcəyini demişdir. O, Fəridlə razılaşmış və boyunbağını 380 manata Fəridə satmışdır. Həmin 380 manatdan 250 manatını telefonuna görə olan borcuna verib telefonunu götürmüş, 130 manat pul isə özündə qalmışdır. Daha sonra əməlindən peşman olduğunu, ilk dəfə belə bir əməl tutduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, onunla barışdığını, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətlərinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsi, ev 2, mənzil 29-da yaşayır. 28 sentyabr 2021ci il tarixdə saat təxminən 08 radələrində yas mərasimi ilə əlaqədar olaraq ailəsi ilə birlikdə Füzuli rayonuna getmişlər. Həmin gün onlar rayonda qalmış və 29 sentyabr 2021-ci il tarixdə təxminən saat 15 radələrində yaşadıqları evə qayıtmışlar. Yaşadıqları ev yataqxanada yerləşir və iki otaqdan ibarərdir. Evə daxil olduqdan sonra o, üzərində olan pulunu evin yataq otağında olan şifonerdəki parça materaildan ibarət pul qabının içərisinə qoymaq istədikdə orada olan 350 manat pulunun yerində olmadığını görmüşdür. O, evdən oğurluq olmasından şübhələnib dərhal həmin şifonerin yanındakı qızıllar olan qutuya baxdıqda aşkarlamışdır ki, bir ədəd trosşəkilli 585 əyarlı kulonu ilə birlikdə qızıl boyunbağı, bir ədəd zəncirşəkilli 585 əyarlı qızıl qolbaq, bir ədəd qızıl zəncirşəkilli 583 əyarlı qızıl qolbaq və bir ədəd briliant qaşlı qızıl kişi nişan üzüyü yerində yoxdur. O, bundan sonra evdən oğurluq olduğundan əmin olmuş və evi axtarmağa başlamışdır. Lakin qeyd etdiklərindən başqa evdən heçnə oğurlanmadığını aşkarlamışdır. Əlavə olaraq qeyd etmişdir ki, evin heç bir yeri dağınıq vəziyyətdə olmamış, həmçinin evin qapı pəncərəsi sındırılmamışdır. O dərhal hadisə barədə polisə məlumat vermişdir. Nəticədə ona məxsus evdən bir ədəd 900 manat qiymətində trosşəkilli 585 əyarlı kulonu ilə birlikdə qızıl boyunbağı, bir ədəd 450 manat qiymətində zəncirşəkilli 585 əyarlı qızıl qolbaq, bir ədəd 400 manat qiymətində qızıl zəncirşəkilli 583 əyarlı qızıl qolbaq, bir ədəd 400 manat qiymətində briliant qaşlı qızıl kişi üzüyü və 350 manat pul oğurlanmışdır. Ümumilikdə ona 2500 manat maddi ziyan dəymişdir. Daha sonra təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanın tam ödənildiyini, ona qarşı tələb və şikayətinin olmamasını bildirərək bu barədə olan ərizəsini məhkəməyə təqdim etmiş və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Nizami rayonunda yerləşən “Laçın” ticarət mərkəzində qızıl alqı-satqısı ilə məşğul olur. 29.09.2021-ci il tarixdə təxminən saat 11 radələrində işlədiyi yerə tanımadığı Rəşad adlı bir nəfər şəxs gəlib özünə məxsus qızıl kişi üzüyünü satmaq istədiyini bildirmişdir. O həmin şəxsin təqdim etdiyi üzüyə baxmış və həmin üzüyə görə şəxsiyyət vəsiqəsini təqdim etdiyi təqdirdə 160 manat pul verə biləcəyini bildirmişdir. Həmin şəxs həmin üzüyün özünə məxsus olduğunu bildirmiş və öz şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. O həmin şəxsin şəxsiyyət vəsiqəsini və üzüyün şəklini çəkərək özündə saxlamış və həmin üzüyə görə 160 manat pul vermişdir. Bir müddət sonra polis əməkdaşları həmin üzüyün oğurluq olduğunu ona bildirmişlər. Bu səbəbdən həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini və üzüyü polislərə təqdim etmişdir. Təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şahidlər Şahid2 və Şahid3 ifadələri elan edilərək tədqiq edilmişdir. Onların ifadəsi təqsirləndirilən şəxsin ifadəsi ilə oxşar olmuş və heç bir ziddiyət təşkil etməmişdir. İş materialında olan (iş vərəqi 49-50) 01 oktyabr 2021-ci il tarixli götürmə aparılması barədə protokoldan görünür ki, 01 ədəd kişi üzüyü Şahid1 götürülmüşdür. İş materialında olan 01 oktyabr 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, iş üzrə əldə olunmuş 01 ədəd kişi üzüyünə baxış keçirilən zaman Zərərçəkmiş şəxs əlamətlərindən kişi üzüyünü tanıyaraq ona məxsus oğurlanmış zinət əşyası olduğunu bildirmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 oktyabr 2021-ci il tarixli, 6/4451-9/7221 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd sarı gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük-üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,80 qramdır, qaşları brilyantdır, 5 ədədinin hər birinin ölçüsü 0,049 karat, 3/3 keyfiyyətlidir. Aparılmış fizikikimyəvi tədqiqatın nəticələrinə əsasən təqdim olunmuş üzüyün 2021-ci ilin sentyabr ayında pərakəndə satış qiyməti 400,0 manat müəyyən edilmişdir. İş materiallarında olan 23 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 1 ədəd sarı gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan 585 əyarlı qızıl üzük maddi sübut kimi tanınmış və məhkəmə baxışına qədər saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılmışdır. İş materiallarında olan 30 sentyabr 2021-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi 30 sentyabr 2021-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan 02 oktyabr 2021-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilmiş, həbsetmənin əvvəli 30 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11.10.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı tələb və şikayəti yoxdur, dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin səmimi etiraflı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, səmimi etirafını, ilk dəfə cinayət törətməsini, zərərin ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 03 ay 11 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər və Abşeron raron ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə verilmiş 1 ədəd sarı gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan 585 əyarlı qızıl üzük hökm qanuni qüvvəsini aldıqdan sonra ona qaytarılmış hesab edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 109,50 (yüz doqquz manat əlli qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 03 (üç) ay 11 (on bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) ay 22 (iyirmi iki) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmış 1 ədəd 585 əyarlı qızıl üzük hökm qanuni qüvvəyə mindikdən sonra onun istifadəsinə verilmiş hesab edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 109,50 (yüz doqquz manat əlli qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-49/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-49/2022
11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver