Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-490/2021 21.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçiləri – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxxxx 1979-cu ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala yaşayış massivində nömrəsiz fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmaq barədə digəri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədi ilə 31 mart 2020-ci il saat 00:00-dan etibarən fəaliyyəti qadağan edilmiş xidmət sahəsi hesab edilməsinə baxmayaraq 2021-ci ilin may ayının əvvəllərindən etibarən ünvan 3 ünvanında yerləşən «5 Ulduz» adlı hamamın fəaliyyətini qanunsuz bərpa etmiş, müştərilərə masaj xidmətləri göstərmələri üçün Şahid1, X10, X3, X16, X13 və Şahid4 günəmuzd işə götürmüş, gündəlik gəlir və xərcləri idarə edib qanunsuz fəaliyyətə rəhbərliyi həyata keçirməklə hamamın 05 avqust 2021-ci il tarixədək mütəmadi fəaliyyət göstərməsini təmin etmiş, bununla da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Koronavirus (Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» 30 mart 2020-ci il tarixli 120 nömrəli, «Xüsusi karantin rejimi ilə əlaqədar əlavə tədbirlər barədə» 12 sentyabr 2020-ci il tarixli 336 nömrəli və «Xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə» 26 may 2021-ci il tarixli 151 nömrəli Qərarlarının tələblərinə riayət etməyərək 2021-ci ilin may ayının əvvəllərindən 05 avqust 2021-ci il tarixədək ünvan 3 ünvanında yerləşən hamamda müştərilərə mütəmadi hamam-masaj xidmətləri göstərərək epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozub xəstəliklərin, yəni «Koronavirus (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də işin biridigərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəlidir, üç övladı vardır. Əvvəllər müxtəlif işlərdə çalışmış, əsasən taksi fəaliyyəti ilə məşğul olmuşdur. Hazırda da taksi fəaliyyəti ilə məşğuldur. Xəzər rayonu Yeni Qala yaşayış massivində ailə üzvləri ilə birlikdə yaşayır. 2021-ci ilin may ayının əvvəllərindən Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi 26 ünvanında yerləşən «5 Ulduz» adlı hamamı işlətmişdir. Həmin hamamı ona Mərhəmət adlı dostu tapmışdır. Belə ki, Mərhəmət özü həmin hamamı əvvəllər işlətmiş, lakin pandemiya ilə əlaqədar karantin rejimi tətbiq olunduğuna görə hamamdakı fəaliyyətini dayandırıb işləmək üçün Rusiyaya getmişdir. Rusiyaya gedəndə Mərhəmət hamamın açarlarını ona vermiş, hamamların fəaliyyətinə icazə verildiyi halda həmin hamamın fəaliyyətini bərpa edib işlədəcəyi barədə razılaşmışdır. İcarə pulunu da 1000 manata şifahi şəkildə razılaşmışdır. O, həmin icarə haqqını Mərhəmətə verməli olmuş, obyektin əsl sahibinin kim olmasını bilməmiş, onu Mərhəmət yaxşı tanımışdır. Pandemiyadan əvvəl həmin hamam normal şəkildə fəaliyyət göstərmişdir. 2020-ci ilin mart ayının sonlarında karantin rejimi ilə bağlı olaraq hamamların fəaliyyət göstərməsi qadağan edilmiş, buna görə də həmin hamamın da fəaliyyəti dayanmışdır. Daha sonra karantin rejimi ilə əlaqədar bir sıra yumşalmalar tətbiq olunmuş, qapanmış xidmət sahələrinin çoxunun fəaliyyət göstərməsinə icazə verilmişdir. Həmin ərəfədə işsiz olmuş, ailəsini dolandırmağa pulu olmamış, həm də karantin rejimi yumşaldıldığına görə fikirləşmişdir ki, onun hamamın fəaliyyətini bərpa etməsinə kimsə irad bildirməz. 2021-ci ilin may ayının əvvəllərindən etibarən hamamın fəaliyyətini bərpa etmişdir. Bu barədə Mərhəmətə şifahi şəkildə məlumat vermiş, həmin vaxtı Mərhəmət Rusiyada olmuşdur. Müştərilərə masaj xidmətləri göstərmələri üçün hamama günəmuzd qadınları işə götürmüşdür. Onlara gündəlik 15 manat pul ödəmişdir. Hamam səhər 11.00 radələrindən fəaliyyətə başlamış, müştəridən asılı olaraq saat 24.00-01.00 radələrinədək fəaliyyətini davam etdirmişdir. Hamamda kisə, masaj, sauna, buxar otağı xidmətləri göstərilmişdir. Hamama giriş pulu 10 manat olmuş, 10 manat kisə, 35 manat isə masaj xidmətlərinə görə pul alınmış, cəmi 45 manat ödəniş etdikdə isə hamamda olan bütün xidmətlər müştərilər üçün havayı olmuşdur. Hamamın ümumi fəaliyyətinə, əldə olunan gəlirə, xərclərə o, nəzarət etmişdir. Hamama gündəlik olaraq 6-10 nəfər arası müştəri gəlmişdir. 05 avqust 2021-ci il tarixdə hamam adi qaydada fəaliyyətini davam etdirən zaman mülki geyimli polis əməkdaşları gəlmiş, araşdırma barədə məlumat verib baxış keçirəcəklərini bildirmişlər. O, baxış keçirilməsinə etiraz etməmiş, yazılı ərizə yazmışdır. Baxış zamanı hamamda 5 nəfər müştəri, 6 nəfər işçi müəyyən edilmiş, bundan əlavə o, hamam xidməti nəticəsində əldə edilmiş 550 manat gəliri polis əməkdaşlarına təqdim etmişdir. Baxış zamanı işçilərin iş qrafiklərinə aid sənədlərin olduğu bir ədəd qovluq və müştərilərin zəng etməsi üçün nəzərdə tutulmuş mobil telefonlar da aşkar olunaraq götürülmüşdür. Baxışla bağlı protokol tərtib olunmuş və protokolun düzgünlüyü imzası ilə təsdiq etmişdir. Hamama gələn müştərilərin virus daşıyıcı olub-olmamasını bilməmişdir. Mərhəmət onun dostu olmuş, hamamı açıb işlədəndə Mərhəmət Bakı şəhərində olmamış, Rusiyaya işləmək üçün getmişdir. Həmin işi özbaşına tək etmiş, Mərhəmətin bu işdə rolu olmamışdır. Baxış zamanı aşkar edilmiş qeyd dəftərindəki yazılar ona aid olmuş, hamamda enerji içkiləri, pivə və çay müştərilərin sifarişi əsasında verilmişdir. Dəftərdə satılan enerji içkiləri və pivənin satışı ilə bağlı qeyd aparmışdır. İş cədvəllərini masaj xidməti göstərən işçilərin fəaliyyətinə nəzarət etmək üçün tərtib etmiş, lakin hər hansı qeydiyyat aparmamışdır. 550 manat pul hamamın fəaliyyəti nəticəsində əldə edilmiş gəlir olmuşdur. Əməlindən səmimi peşman olduğunu, məlumatsız olduğundan belə bir halın baş verdiyini, ailəsinə yeganə qazanc gətirən şəxs olduğunu, himayəsində üç azyaşlı övladının olduğunu, şahid ailəsi olduğunu nəzərə alınaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayının əvvəllərindən etibarən cari ilin avqust ayında qanunsuz fəaliyyət aşkar olunan vaxtadək Bakı şəhəri, Xətai rayonunda yerləşən «5 Ulduz» adlı hamamda çalışmışdır. Həmin hamamda müştərilərə masaj xidmətləri göstərmişdir. Gündəlik 15 manat Təqsirləndirilən şəxs ona əmək haqqı ödəmişdir. Pandemiya ilə əlaqədar hamamların fəaliyyəti qadağan olsa da Təqsirləndirilən şəxs həmin hamamın fəaliyyətini bərpa etmişdir. Təqsirləndirilən şəxs ona və digər işçilərə bildirmişdir ki, onların fəaliyyət göstərmələri üçün heç bir problem olmayacaq, buna görə də normal qaydada fəaliyyət göstərmişlər. Hamamda iş rejimi saat 12.00 radələrində başlamış və gecə saat 24.00-dək davam etmişdir. Hamamda kisə, masaj, sauna, buxar otağı xidmətləri göstərilmişdir. Ondan əlavə hamamda 5 nəfər işçi də olmuşdur. Hamamın ümumi fəaliyyətinə və əldə olunan gəlirə Təqsirləndirilən şəxs nəzarət etmişdir. Pandemiya ilə əlaqədar hamama gələn müştərilərin sayı az olmuş, lakin gündəlik ən azı 5-6 nəfər olmuşdur. O, hamama gələn müştərilərin virus daşıyıcı olub-olmamasını bilməmişdir. Hamama gələn müştərilərdən vaksinasiya ilə bağlı hər hansı sənəd tələb olunmamışdır. 05 avqust 2021-ci il tarixdə hamam adi qaydada fəaliyyətini davam etdirən zaman mülki geyimli polis əməkdaşları gəlmiş və araşdırma barədə məlumat verib baxış keçirəcəklərini bildirmişlər. Polis əməkdaşları baxışı bitirdikdən sonra protokol tərtib olunmuş və protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 05 avqust 2021-ci il tarixdə qohum və tanışlarına Bakı şəhəri, Xətai rayonunda yerləşən «5 Ulduz» adlı hamama getməyi təklif etmişdir. Hamama Şahid2, Vasif Həmzəyev və Ramiz Nağıyevlə birlikdə getmişdir. Ona bir müddət əvvəl küçədə həmin hamama dair reklam vərəqi paylamışlar. Hamamda kisə, masaj, sauna, buxar otağı xidmətləri göstərmişdir. Hər bir adam başına görə 45 manat, cəmi 180 manat ödəniş etmişdir. Hamama daxil olanda Azər adlı hamamın müdiri də orada olmuşdur. Pulu Azərin iştirakı və tapşırığı ilə qadın işçi onlardan qəbul etmişdir. Hamama daxil olanda virus daşıyıcısı olub-olmadıqlarını soruşmamışlar, onlardan hər hansı sənəd tələb olunmamışdır. Hamamda onların dördündən əlavə bir müştəri də olmuş, həmin müştərini onlar tanımamışlar. 05 avqust 2021-ci il tarixdə adi qaydada hamamın xidmətlərdən istifadə edərkən mülki geyimli polis əməkdaşları gəlmiş, araşdırma barədə məlumat verib baxış keçirəcəklərini bildirmişlər. Baxış zamanı hamamda 5 nəfər müştəri, 6 nəfər işçi olmuşdur. Baxışla bağlı protokol tərtib olunmuş və protokolun düzgünlüyü imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında 23 avqust 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır (i.v. 1); ərizədən görünür ki, Təqsirləndirilən şəxs işlətdiyi “5 Ulduz” hamamına baxış keçirilməsinə etiraz etməmişdir (i.v. 9); əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi və maddi sübutların götürülməsi barədə 05 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 avqust 2021-ci il tarixdə saat 18.00 radələrində ünvan 3 ünvanında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində karantin dövründə qadağan olunmuş fəaliyyət sahəsi hesab olunan «5 Ulduz» adlı hamamın qanunsuz fəaliyyət göstərməsi aşkar olunmuş, baxış zamanı Təqsirləndirilən şəxs ilə yanaşı, masaj xidmətləri göstərən - Şahid1, X10, X3, X16, X13 və Şahid4, həmçinin müştərilər - Şahid3, Şahid2, X14, X27 və X5 hamamda olmaları müəyyən edilmiş, həmçinin qeyri-qanuni fəaliyyət nəticəsində əldə edilmiş 550 manat gəlir, hamamın mütəmadi fəaliyyət göstərməsini təsdiqləyən qeyd dəftəri, iş rejiminə dair cədvəllər və müştərilərin zəng etmələri üçün nəzərdə tutulmuş mobil telefonlar götürülərək qablaşdırılmışdır (i.v. 10-11); əşya və sənədə baxış keçirilməsinə dair 26 avqust 2021-ci il tarixli protokoldan görünür ki, 05.08.2021-ci il tarixdə Baş İdarənin əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı götürülmüş sənəd qovluğuna xidməti otaqda baxış keçirilmiş və müəyyən edilmişdir ki, qovluğun daxilində 80 vərəqdən ibarət 01 ədəd məktəbli dəftəri və 15 vərəqdən ibarət iş rejiminə dair cədvəllər vardır. Məktəbli dəftərinin daxilində 03.06.2021, 04.06.2021, 05.06.2021, 06.06.2021, 07.06.2021, 08.06.2021, 09.06.2021, 10.06.2021-ci il tarixli qeydlər mövcuddur. Həmin qeydlərdə «Bizon», «hell» kimi enerji içkilərinin, «xırdalan», «kuller» kimi pivələrin ədəd şəklində satışına dair məlumatlar vardır. Qeyd olunan xüsusatlar pandemiya ilə əlaqədar tətbiq olunmuş karantin rejimində qanunvericiliyin tələbləri pozulmaqla hamamın mütəmadi fəaliyyət göstərməsini bir daha təsdiq etmiş olur (i.v. 33); Məhkəmə-tibbi ekspertizasının 31.08.2021-ci il tarixli 752/KEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına hər hansı sənəd təqdim edilmədiyi üçün onun “Covid-19” virus infeksiyasına yoluxub-yoluxmaması haqqında fikir söylənilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitariya-gigiyenik qaydaları pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir (i.v. 43-45); Məhkəmə-tibbi ekspertizasının 31.08.2021-ci il tarixli 752.1/KEŞ, 752.2/KEŞ, 752.3/KEŞ, 752.4/KEŞ, 752.5/KEŞ, 752.6/KEŞ, 752.7/KEŞ, 752.8/KEŞ, 752.9/KEŞ 752.10/KEŞ nömrəli ekspert rəylərindən görünür ki, Şahid1, Yeganə Amanova, Nərmin Salmanova, Nuray Ağayeva, Flora Səmədova, Şahid4, Şahid3, Zöhrab İbrahimov, Şahid2 və Vasif Həmzəyevin “Covid-19” virus infeksiyasının daşıyıcısı olduqları halda sanitariya-gigiyenik qaydaları pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəkləri istisna edilmir (i.v. 46-78); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 07.10.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 95); 09.08.2021-ci il tarixli qərardan görünür ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Ramil Salmanovun 05 avqust 2021-ci il tarixli «əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında» qərarı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09.08.2021-ci il tarixli qərarı ilə qanunauyğun hesab edilmişdir (i.v. 138-139); sübutların qiymətləndirilməsi haqqında 27 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmiş, Şahid5 Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, cinayət işinin materiallarından ayrıca icraata Şahid5 barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi ilə əlaqədar etirafedici ifadəsinin əks olunduğu dindirmə protokolu iş üzrə digər mötəbər sübutların məcmusu ilə təsdiqini tapdığı üçün CPM-in 126.6-cı maddəsinə əsasən ona qarşı ittihamın əsası kimi qəbul edilmiş, Azərbaycan Respublikası CPM-in 124-137 maddələrinə əsasən «əməliyyat-axtarış edbirinin həyata keçirilməsi və maddi sübutların götürülməsi barədə» 05.08.2021-ci il tarixli protokol, Təqsirləndirilən şəxs şahid qismində ifadəsi və ilkin izahatı, Şahid1, X10, X3, X16, X13, Şahid4, Şahid3, Şahid2, X14, X18, X11 və X6 şahid qismində ifadələri, polis əməkdaşı X4 ifadəsi, məhkəmə-tibbi ekspertiza rəyləri və digər sənədlər iş üzrə sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308-ci maddəsinin qeyd hissəsinin tələblərinə əsasən vəzifəli şəxs kateqoriyasına aid edilmədiyindən vəzifəli şəxs hesab olunmamış, həmçinin əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CM-in 92-ci maddəsi ilə cinayət təqibinin başlanması CPM-in 39.1.2-ci maddəsinə istinadən rədd edilmiş, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın faktiki sahibi X7, hamamda masaj xidmətləri göstərən Şahid1, X10, X3, X16, X13, Şahid4 istintaq edilən cinayət hadisəsində iştirakları müəyyən olunmadığından barələrində qabaqcadan əlbir olan bir qrup şəxs əlaməti üzrə Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş karantin rejimini pozduqlarına görə əməllərində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tərkib əlamətləri olan Şahid1 və qeyrilərinin barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün material ayrılmış və ərazi aidiyyəti üzrə göndərilmiş, istintaq edilən cinayət işi üzrə CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədildiyi yerin Bakı şəhəri Xətai rayon məhkəməsinin yurisdiksiyasına aid olması nəzərə alınmış, hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş 01 ədəd qeyd dəftəri, cəmi 15 vərəqdən ibarət cədvəllər, 09 ədəd mobil telefon aparatı və 550 manat nağd pul Azərbaycan Respublikası CPM-in 128-ci maddəsinin tələblərinə əsasən maddi sübut kimi tanınmış və məhkəmənin yekun qərarınadək DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılmış, 05 avqust 2021-ci il tarixdə keçirilmiş baxış nəticəsində qanunsuz hamam fəaliyyətinin aşkar olunduğu ünvanın ünvan 5 işi materiallarında qeyd olunan ünvan həmin şəkildə oxunmuş, istintaq materiallarından olan bəzi sənədlərdə hamama müştəri qismində gəlmiş, şahid qismində dindirilmiş X8 adının «Asif» kimi qeyd olunması texniki səhv kimi nəzərə alınmış və onun anket məlumatları şəxsiyyət vəsiqəsində qeyd olunduğu kimi X2 oxunmuşdur (i.v. 147-158); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 29 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir ( i.v. 167-168); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 29 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 182-183); xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 185); doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2006-cı il təvəllüdlü Aydın, 2007-ci il təvəlüdlü Mirzəbəy və 2009-cu il təvəllüdlü Murad adlı üç övladı var (i.v. 187-189); arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2-ci Qarabağ müharibəsində şəhid olmuş X1 bacısı X9 əridir. təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 02 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Şahid5 Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir ( i.v. 190-191); təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında 08 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Şahid5 barəsində axtarış elan olunmuşdur ( i.v. 192-193); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, eksprtiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 99-1.1.3-cü maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə edilir. 139-1.1-ci əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, əməlindən səmimi peşmançılıq çəkməsini, şəhid qohumu olmasını (CM-59.2), himayəsində üç azyaşlı uşağının olmasını (CM-in 59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayətin tamah məqsədi ilə və qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi (CMin 61.1.3, 61.1.6) Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi, əməli törətmiş şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkün olduğu nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzası təyin edilməli, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6— 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş 01 ədəd qeyd dəftəri, cəmi 15 vərəqdən ibarət cədvəllər iş materiallarında saxlanılmalı, 09 ədəd mobil telefon aparatı sahibinə qaytarılmalı, 550 manat nağd pul dövlət nəfinə müsadirə edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3000 (üç min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş 01 ədəd qeyd dəftəri, cəmi 15 vərəqdən ibarət cədvəllər hökm qanuni qüvvəyə minənədək iş materiallarında saxlanılsın, 09 ədəd mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın, 550 manat nağd pul dövlət nəfinə müsadirə edilsin. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-490/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-490/2021
21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver