Məhkəmə qərarları › İş №1(011)-490/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-490/2022

31.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-490/2022 31.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 nümayəndəsi 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X4 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X1 Aytəkin Azay qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş altı ay müddətinə həbs cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasına dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ali hüquq təhsilli olmaqla ünvan 4 saylı binanın qarşısında hüquq xidmətləri ofisində vətəndaşlara hüquq xitmətləri göstərmişdir. xx.xx.2017-ci il tarixdə müxtəlif səbəblərə görə ofisdə işini dayandıraraq ünvanı tərk etmişdir. xx.xx.2016-cı il tarixdə müqavilə əsasında vətəndaşlara hüquq xidmətləri göstərdiyi həmin ünvana vət. X10 müraciət edərək ona məhkəmə işlərində köməklik etməyi, məhkəmələrdə onu təmsil etməyi, başqasına borc müqaviləsi əsasında verdiyi 1045 manatın alınaraq geri ona qaytarılmasını xahiş etmişdir. Qarşılıqlı razılaşma əsasında şifahi tapşırıq müqaviləsi bağlamışlar. Həmin tapşırıq müqaviləsinin şərtlərinə görə cavabdeh X2 1045 manatın geri ödənilməsi təmin edilməli idi. Müvafiq sorğuları verib, məhkəmə baxışı üçün zəruri olan sənədləri əldə edib, iddia ərizəsini yazıb məhkəməyə təqdim etmişdir. Zəhmət haqqı, nəqliyyat və telefon xərclərinə görə iki dəfəyə xx.xx.2016-cı ildə 100 manat və xx.xx.2016-cı ildə 100 manat A.Piriyevadan ümumilikdə 200 (iki yüz) manat almış, iki kassa mədaxil orderi yazıb təqdim etmişdir (şikayətə əlavə edilir). Bir neçə gündən sonra məlum olmuşdur ki, A.Priyeva cavabdehin ünvanını düzgün göstərmədiyinə görə Nərimanov Rayon Məhkəməsi iddia ərizəsini və əlavə edilmiş sənədləri geri qaytarmışdır. Ünvan dəyişikliyi edərək yenidən sənədləri Xətai Rayon Məhkəməsinə təqdim etmişdir. Bir müddət sonra məlumat əldə etmişlər ki, iddia tələbi tam təmin edilmiş və qətnamə icraya yönəldilmişdir. Öz nöbəsində Xətai rayon İcra və Probasiya şöbəsi borclu S.Abbasovdan pulu hissə-hissə alaraq tələbkar - X6 ödədikdən sonra icra işi üzrə icraata xitam qərarı qəbul edilmişdir. 2016-ci ilin noyabr ayında A.Piriyeva heç bir etik qaydaları gözləmədən işlədiyi ünvan 2 ünvanında yerləşən hüquq xidmətləri ofisinə hücum etmiş, ofisdə və küçədə olan xidmət göstərdiyi vətəndaşlara əhəmiyyət vermədən onu küçə söyüşləri ilə söyüb-təhqir etmiş, işgüzar nüfuzuna zərbə vurmuşdur. Onun həyasızlığına və etdiyi qeyriadekvat hərəkətlərinə görə aldığı 200 manatdan 100 manatını özünə qaytarıb, ofisdən bayıra çıxartmışdır. Ayrıca qeyd etməlidir ki, ona zəhmət haqqı və s. görə ödədiyi 100 manatı borclu X2 almışdır. İddia tələbində bu ayrıca göstərilmişdir. Hadisədən bir neçə həftə sonra isə o, yenidən ofisə gələrək əlavə pul tələb etməyə başlamış, əks halda Vəkillər Kollegiyasına, Baş Prokurorluğa, polisə və s. yerlərə şikayət edəcəyi ilə onu təhdid etməyə başlamışdır. Onun şikayətlərinə görə 4 dəfə Bakı şəhəri Xətai RPİ-in 34-cü PB-də, bir dəfə işə Bakı Baş Polis İdarəsində olub izahatlar yazmışdır. Şikayətlərinin heç əsası olmadığına görə rədd edilmişdir. Vət. A.Piriyeva 2022-ci ilin avqust-sentyabr aylarında Azərbaycan Respublikası DİN-də və Bakı şəhər Baş Polis İdarəsində olmuş, barəsində yalan və böhtan xarakterli şikayətlər vermişdir. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini A.Piriyevanın şikayəti üzərinə dərkənar qoyaraq araşdırılması məqsədi ilə Xətai RPŞ-nə göndərmiş, Xətai rayon Polis şöbəsinin rəisi isə araşdırılması məqsədi ilə tabeliyində olan 34-cü Polis Böməsinə göstəriş vermişdir. Xətai rayon Polis İdarəsinin 34cü Polis Bölməsinin sahə rəisi Sərdar müəllim (mob.tel.***-***-**-**) bir neçə dəfə onun mobil nömrəsinə zəng etmiş, lakin sonradan yaşadığı yuxarıda ünvanı göstərilən ünvan 3ına gələrək onu 34-cü Polis Bölməsinə gətirmişdir.Təkrar olaraq A.Piriyevanın şikayəti üzrə (5-ci dəfə) eyni məzmunlu izahatı yazaraq, sübutları təqdim etmişdir. Vət. A.Piriyeva barəsində dəfələrlə böhtan və təhqirlər yazıb yaydığına görə böyük narahatçılıq və həyəcan keçirmişdir, beyin insultu keçirmiş 1-ci qrup əlil olan anasının və həyat yoldaşının təzyiqi qalxmışdır. O, polisə aparılan gün (həmin material 34-cü PB-dən sorğu ilə tələb edilməlidir) yaşadığı mənzilə həkim çağırılmış, həkim müdaxiləsindən sonra təziyiqi düşmüşdür. A.Piriyevanın yalan və böhtan xarakterli şikayət ərizələri özünə, ailəsinə iztirab və əzab vermişdir. Həmin tarixlərdə güclü mənəvi sarsıntı keçirdiyinə görə heç bir iş görə bilməmişdir. A.Piriyeva 2022-ci ilin avqust-sentyabr aylarında yenidən və təkrar olaraq əvvəllər işlədiyi ünvan 4 ünvanında yerləşən hüquq xidmətləri ofisinə getmiş, onu biabır etmək, nüfuzdan salmaq məqsədi ilə əvvəllər onu tanıyan şəxslərin yanında barəsində böhtan və təhqiredici sözlər işlətmişdir. Bu barədə məlumatı ona həmin ünvanda işləyən şəxslər vermişlər. Bir neçə dəfə vət. A.Piriyevanı yaşadığı şəhərcikdə görmüş, onun bu şəhərcikdə yaşamadığını və heç bir yaxınının olmadığını bildiyi üçün onu izlədiyini, daima metroların çıxışlarında dayanaraq müşahidə etdiyini, onun xüsusi xidmət və polislə əməkdaşlıq etdiyini düşünüb narahat olmuşdur. Barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi şəxs - A.Piriyeva əsassız, böhtan xarakterli ərizə və şikayətləri ilə ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Belə ki, mülki işin nəticəsi onun nəfinə həll edildiyi halda və ona ödədiyi 100 manatı geri qaytarmağına baxmayaraq böhtan atmaqla işgüzar nüfuzuna ölçüyə gəlməz zəzər vurmuşdur. Çünki vət. A.Piriyeva barəsində yazdığı böhtan və təhqirlər başqaları tərəfindən oxunduğuna görə, yazılara münasibət bildirilmiş, xeyli vətəndaş onunla müqaviləsini pozmuş və zəhmət haqqı olaraq ona ödədikləri pulu geri almışlar. Vət. X3 qanunsuz hərəkətləri nəticəsində şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ciddi ləkələmişdir. Vət. A.Piriyevanın barəsində verdiyi şərəf və ləyaqətini alçaldan yalan və böhtan xarakterli ərizə və şikayətləri Azərbaycan Respublikası DİN-in yüksək rütbəli əməkdaşları, Bakı şəhər Baş Polis İdarəsinin və Xətai RPŞ-in rəhbərliyi və şəxsi heyyətin əksəriyyəti bilir. Göründüyü kimi vət. A.Piriyevanın yazdığı şikayət və ərizələr doğru olmamaqla yanaşı onun şərəf və ləyaqətini ləkələmişdir. Vət. A.Piriyevanın barəsində yazdığı ərizə və şikayətlər doğru deyil. Vət.A.Piriyeva yalan olduğunu bilə-bilə barəsində şərəf və ləyaqətini alçaldan böhtan xarakterli şəkayətlərini Azərbaycan Respublikası DİN-nə, Bakı şəhər Baş Polis İdarəsinə və Xətai RPŞ-in 34-cü Polis Bölməsinə vermişdir. Vət. A.Piriyevanın əməlində Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin dörd əlaməti var, o, cinayətin subyektidir, ona görə də altı ay müddətində azadlıqdan məhrum edilməlidir. Beləliklə o, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş altı ay müddətinə həbs cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 şikayəti müdafiə edərək həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 vəkili və nümayəndəsi Müdafiəçi şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin nümayəndəsini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1, 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir; 293.3.1-ci maddəsinə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansi əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanın məbləği əks olunmalıdır; 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir; 293.3.5-ci maddəsinə əsasən cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir; 293.3.7-ci maddəsinə əsasən şikayəti vermiş şəxsin imzası; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir; 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, X9 tərəfindən Azərbaycan Respublikası CPM-nin 293.3-cü maddəsində xüsusi ittiham qaydasında verilmiş şikayətin forma və məzmununa dair qeyd olunmuş tələblərə riayət olunmadan məhkəməyə müraciət olunmuşdur. Belə ki, şikayət ərizəsində xüsusi ittihamçının məşğuliyyət növü, vəzifəsi və şikayətin verildiyi yer qeyd edilməli olduğu halda göstərilməmişdir. Bundan başqa, şikayət ərizəsində X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin X7 qarşı məhz hansı hərəkətləri törətdiyi göstərilməmiş, X5 yalan olduğunu bilə-bilə X4 barəsində şərəf və ləyaqətini ləkələyən hansı məlumatları və harada yayması, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri, hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmiş, həmçinin şikayət vermiş şəxsin şərəf və ləyaqətinin məhz X10 tərəfindən alçaldılmasını təsdiq edən heç bir mötəbər sübut iş materiallarına əlavə olunmamışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, «nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)» təqsirləndirilən şəxsin hüququdur. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1, 293.3.3, 293.3.4 və 293.3.6-cı maddəsinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar