Məhkəmə qərarları › İş №1(011)-490/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-490/2025

29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-490/2025 29.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Kürdəmir rayonu, Şilyan kəndinə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, Kürdəmir rayonu, Şilyan Ərazi Dairəsi, Şilyan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunu guya neft daşlarında fəhlə kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı bir işin görülməsi marağında olmadan bu məqsədlə Zərərçəkmiş şəxs tərəfindən 25 mart 2025-ci il tarixdə saat 19:19-da Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospektində «Bravo» marketdə «Milli Ön» terminalından Zərərçəkmiş şəxs tərəfindən onun istifadəsində olmuş 4169-73****2267 nömrəli «Kapital Bank» kart hesabına köçürülmüş 99.96 manat, 28 mart 2025-ci il tarixdə saat 11:58-də həmin ünvandan tanışı Şahid məxsus onun istifadəsində olan 4169-7388-4413-2773 nömrəli «Kapital Bank» kart hesabına köçürülmüş 807.98 manat, 03 aprel 2025-ci il tarixdə saat 19:14-də Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospektində «Bravo» marketdə «Milli Ön» terminalından 4169-7388-4413-2773 nömrəli «Kapital Bank» kart hesabına köçürülmüş 50 manat və saat 19:37-də köçürülmüş 50 manat, cəmi 1007.94 manat pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs 1007.94 manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2025-ci ilin mart ayında Kürdəmir rayonunda aliment borcunu ödəmədiyinə görə 15 sutka inzibati həbs olunmuş, həmin vaxt cəza çəkərkən Kürdəmir rayon sakini Zərərçəkmiş şəxs ilə tanış olmuş və sonradan aralarında münasibət yaranmış, 2025-ci ilin mart ayında Bakı şəhərində olduğu zaman pula ehtiyacı olduğuna və özünə iş tapa bilmədiyinə görə tanışı Vəfadarı aldadaraq pul qazanmaq niyyətinə düşmüş və bu məqsədlə Vəfadara zəng edərək Neft daşlarında fəhlə kimi işçi axtarıldığını bildirmiş, əgər işləmək istəyən olsa xəbər verərsən demiş, həmin vaxt Vəfadar «əgər iş yaxşıdırsa özüm işə düzəlmək istəyirəm» deyə cavab vermiş, sonra Vəfadar işin şərtlərini və maaşını soruşduqda fəhlə işi olmasını, aylıq maaşının isə 1.300 manat təşkil etməsini bildirmiş, ancaq işə düzəlmək üçün bir aylıq maaş qədər, yəni 1.300 manat hörmət etmək lazım olduğunu demiş, Vəfadar bu təkliflə razılaşmış, sonra Vəfadara sənədlərini hazırlamasını və 1.300 manatı göndərməsini bildirmiş, 2025-ci ilin mart ayında boşandıqdan sonra qeyri-rəsmi yaşadığı Şahid məxsus lakin istifadəsində olan «Kapital Bank»ın 4169-xx-xx-4413-2773 nömrəsini “WhatsApp” proqramı vasitəsilə Vəfadarın mobil telefonuna göndərmiş, 25 mart 2025-ci il tarixdə Vəfadar həmin karta 99,96 manat, 28 mart 2025-ci il tarixdə 807,98 manat, 03 aprel 2025-ci il tarixdə isə iki dətə 50 manat olmaqla 100 manat pul göndərmiş, daha sonra Vəfadar 3x4 ölçüdə 02 ədəd fotoşəkilini, sağlamlıq haqqında arayışı və attestatın surətini də göndərmişdir. Vəfadara zəng vuraraq sənədlərini kadrlar şöbəsinə təqdim etməsini, bir-iki həftəyə zəng olunub işə çağırılacağını bildirmiş, hətta Vəfadarın 2025-ci ilin may ayına kimi işə qəbul olunacağına da vəd etmiş, Vəfadar da etibar etdiyi üçün çox inanmış və dediyi vaxtı gözləmiş, beləliklə Vəfadarı aldadaraq ələ keçirdiyi ümumilikdə 1007,94 manat pulu şəxsi tələbatlarına xərcləmiş, lakin Vəfadarın işi ilə bağlı heç kəslə görüşüb pul verməmiş və ya kimdənsə iş barədə xahiş etməmiş, çünki Vəfadarı işə düzəltmək niyyəti olmamışdır. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək törətdiyi əməli etiraf etdiyini, səmimi peşmançılıq çəkdiyini, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, onun ona qarşı heç bir şikayət və tələbi olmadığını, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməməsini, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2025-ci il ilin mart ayında İXM-nin 206-ci maddəsi ilə Kürdəmir rayonu 15 sutkalıqda cəzaçəkən zaman Təqsirləndirilən şəxs ilə tanış olmuş və onunla münasibəti yaranmışdır. 2025-ci ilin mart ayında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəhlə işləyən zaman Təqsirləndirilən şəxs zəng vuraraq Neft daşlarında işə düzəlmək üçün adam axtarıldığını bildirmiş, həmin vaxt Məsuda «əgər yaxşı işdirsə özüm gedib işləyərəm» demiş, sonra Məsud Neft daşlarında olan işin fəhlə işi olmasını və aylıq maaşın 1.300 manat təşkil etməsini bildirmiş, Məsuda inandığı üçün həmin işə düzəltməsini xahiş etdikdə bir aylıq maaşını, yəni 1.300 manat hörmət etmək lazım olduğunu, sənədlərini hazır edərək 1.300 manatla birlikdə göndərməsini bildirmişdir. O da Məsudla razılaşaraq 25 mart 2025-ci il tarixdə göndərdiyi «Kapital Bank»a məxsus 4169- 7388-4413-2773 saylı kart hesabına 99 manat, 28 mart 2-ci il tarixdə 807 manat, 03 aprel 2025-ci il tarixdə Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospektində yerləşən «Bravo» marketdə olan «Milli ön» ödəmə terminalından 100 manat göndərmiş, eyni zamanda sağlamlıq haqqında və yaşayış yerindən arayışları, attestatının surətini və 3x4 ölçüdə 02 ədəd fotoşəkli “Whatsap” proqramı vasitəsi ilə Məsuda göndərmişdir. Bir neçə gün sonra Məsud zəng edərək sənədlərini Neft daşlarına göndərdiyini və bir həftəyə zəng olunub çağırılacağını, hətta 02 may 2025-ci il tarixdə işə başlayacağını bildirmişdir. Lakin Məsud vədinə əməl etməmiş və müxtəlif bəhanələr gətirərək dələduzluq edib pulunu ələ keçirərək ona maddi ziyan vurmuşdur. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, rəsmi olaraq həyat yoldaşından boşandıqdan sonra təxminən bir ildir Təqsirləndirilən şəxs ilə tanış olmuş və onunla qeyri-rəsmi ər-arvad münasibətində olmuşdur. Təqsirləndirilən şəxs 4-5 ildir həyat yoldaşından ayrılmışdır və həmin nigahdan olan iki övladı keçmiş həyat yoldaşı ilə yaşamış, Məsudla ər-arvad kimi münsibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs rəsmi olaraq heç bir yerdə işləməsə də Qaradağ rayonunda yerləşən «Meyvəli» bazarında günəmuzd fəhlə kimi işləmiş, birgə yaşadıqları dövrdə Təqsirləndirilən şəxs xahişi ilə adına olan, lakin istifadə etmədiyi 4169-7388-4413-2773 nömrəli «Kapital bank» kartı müvəqqəti istifadə etməsi üçün Məsuda vermiş və həmin kart Məsudda qalmışdır. Birgə yaşadıqları dövrdə Məsud ona və övladına böyük məbləğdə pul xəcləməmiş, aldığı alimentlə evi dolandırmışdır. Məsuda istifadə etməsi üçün verdiyi bank kartına hər hansı bir məbləğdə pulun köçürülməsindən xəbəri olmamış, Məsudun kartına köçürülmüş 1007.94 manat pulun müqabilində tanışı Zərərçəkmiş şəxs Neft daşlarında işə düzəltməsi barədə ona bildirməmişdir. Təqsirləndirilən şəxs kimisə işə düzəltməsi üçün Neft daşlarında işləyən tanışı olmamış, əgər belə bir tanışı olsa idi Məsud özü işə düzələrdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 iyul 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraatına qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, 25 mart 2025-ci il tarixdə, saat 19:19-da 4169-73****2267 nömrəli «Kapital Bank» kart hesabına 99.96 manat, 28 mart 2025-ci il tarixdə saat 11:58-də 4169-7388-4413-2773 nömrəli «Kapital Bank» kart hesabına 807.98 manat, 03 aprel 2025-ci il tarixdə, saat 19:14-də 4169- 7388-4413-2773 nömrəli «Kapital Bank» kart hesabına köçürülmüş 50 manat və saat 19:37də 50 manat köçürülmüşdür (i.v. 24-27); zərərçəkmiş şəxs qismində tanınma haqqında 12 iyul 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 32-33); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə xx.xx.2014-cü il tarixli hökmü ləğv edilmiş, əməlində cinayət tərkibi olmadığından cinayət məsuliyyətindən azad edilmişdir; Tərtər Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən xx.xx.2021-ci il tarixli hökm dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 14 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə 32.4, 312.2-ci maddələr xaric edilməklə qəti olaraq 3 il müddətinə cəza təyin edilmişdir (i.v. 50-51); axtarışda olan şəxsin saxlanılması haqqında 02 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:00-da Xətai RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur (i.v. 143); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 04 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 166-168); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında 04 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, Xətai RPİ-nin MSY-dən azad olunmuşdur (i.v. 184-186); sübutların qiymətləndirilməsi haqqında 18 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 04 ədəd ödəniş qəbzi maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər (i.v. 193-199); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-490/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, tutulduğu təqdirdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi və tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə BİT-ə təhvil verilmişdir; Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, törətdiyi əməli etiraf edir, səmimi peşmançılıq çəkir, Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş ziyanı tam olaraq ödəmişdir, onun ona qarşı heç bir şikayət və tələbi yoxdur, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməməsini, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmənin baxış iclasında Təqsirləndirilən şəxs və iş üzrə Zərərçəkmiş şəxs barışdıqlarını, vurulmuş ziyanın tam olaraq ödənildiyini və məhkəməyə bu barədə ərizə təqdim etdiklərini bildirərək, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Bundan əlavə təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməməsini, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli və o, həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 04 ədəd ödəniş qəbzinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır (CPM-132). Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 40.3, 156.4, 300.1.7, 305.1 və 384-cü maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 04 ədəd ödəniş qəbzinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar