Məhkəmə qərarları › İş №1(011)-491/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-491/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-491/2023 20.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi – Samir Kazımovun və təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sellofan kəsiyindən olan bükümdə təmiz çəkisi 0,661 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 15 iyun 2023-cü il tarixdə saat 21:25 dəqiqədə Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3şən Xətai RPİ-nin 36-cı polis bölməsinə gətirilmiş, polis bölməsində müdafiəçinin və tərcüməçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd sellofan kəsiyindən olan bükümdə təmiz çəkisi 0,661 qram olan ağ rəngli kristallşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bədənində ağrılar olduğu üçün müxtəlif yerlərdə qiyabi tanıdığı, yəni anket məlumatlarını bilmədiyi, adlarını da dəqiq bilmədiyi şəxslərdən narkotik vasitə heroin və ya psixotrop maddə metamfetamin əldə edib istifadə etmişdir. Belə ki, heroin və metamfetamin ağrılarına təsir göstərərək onları yüngülləşdirir. 15 iyun 2023-cü il tarixdə saat 20 radələrində psixotrop maddə metamfetamin almaq üçün Bakı şəhəri, Xətai rayonu, kənd Əhmədli deyilən yerə məscidin yaxınlığına gəlib orada üzdən tanıdığı, anket məlumatlarını və istifadə etdiyi mobil nömrəni bilmədiyi şəxsdən 10 manata öz istifadəsi üçün bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin almışdır. Həmin şəxsdən əvvəllər də bir neçə dəfə öz istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almışdır. Aldığı metamfetamini əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur ki, bir yer tapıb həmin maddədən istifadə etsin. Həmin gün saat 21 radələrində Xudu Məmmədov küçəsi, 23 ünvanın qarşısında piyada hərəkət edən zaman mülki geyimdə olan iki şəxs yaxınlaşıb özlərini təqdim edərək 36-cı PB-nin əməkdaşları olduqlarını və onun Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları ona əllərini ciblərinə salmağa imkan verməyərək Xətai RPİ-nin 36-cı PB-nə gətirmişlər. Polis bölməsində hüquq və vəzifələri izah edildikdən sonra ona dövlət hesabına vəkil və tərcüməçi təqdim edilmiş və üzərində şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarışdan öncə isə polis əməkdaşı tərəfindən ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etmək təklif olunmuşdur. Əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı içərisində psixotrop maddə metamfetamin olan bir ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymuş və bükümün içərisində metamfetamin olduğunu və onu şəxsi istifadəsi üçün Əhmədli qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Polis əməkdaşı ciblərini yoxlamış, lakin üzərindən heç nə aşkar olunmamışdır. Əməlindən peşmandır. Qeyd olunanlara əsasən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 36-cı PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, daha dəqiq, qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. Qrupa 36-cı PB-nin sahə inspektoru, polis leytenantı Şahid2 daxil edilmiş, qrupa rəhbərlik isə ona həvalə edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və o, 15 iyun 2023-cü ildə saat 21:25 dəqiqədə Xətai rayonu, Xudu Məmmədov küçəsi, 23 ünvanın qarşısında piyada hərəkət edərkən saxlanılmışdır. Həmin şəxsə özlərini təqdim edərək onun rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib ona 36-cı PB-ə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddələrin və ya əşyaların olmasına əsaslı şübhələr olduğundan onu 36-cı PB-yə gətirərkən əllərini ciblərinə salmağa imkan verməmişlər. Təqsirləndirilən şəxs paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı raport yazılandan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin aparılması bölmənin təhqiqatçısı, polis kapitanı Anar Xəlilova həvalə edilmişdir. Təhqiqatçı tərəfindən dəvət olunmuş tərcüməçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona dövlət hesabına vəkil təqdim edilmiş və üzərində şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Sonra xidməti otaqda videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması başlanmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılmasında sonuncunun vəkili, tərcüməçi, özü və sahə inspektoru Şahid2 iştirak etmişlər. Şəxsi axtarışdan öncə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etməyi təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində psixotrop maddə metamfetaminin olduğunu və həmin maddəni Əhmədli qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış, lakin onun üzərindən heç nə aşkar olunmamışdır. Təhqiqatçı bükümü elektron tərəzidə çəkəndən sonra onu bir ədəd zərfdə qablaşdırmışdır. Özü və digər iştirakçılar zərfdə imza etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, özü və digər iştirakçılar protokolda imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək oxşar ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 15 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 17 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Xətai rayon prokurorunun 17 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs MSY-dən azad edilməsi qərara alınmışdır. 17 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edilmişdir. 15 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması ilə bağlı müvafiq protokol tərtib edilmişdir. Həmin protokola əsasən 15 iyun 2023-cü iln tarixdə saat 21:25-də Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları tərəfindən həyətdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi ev 21 mənzil 34-də yaşayan Təqsirləndirilən şəxs ünvan 6 ünvanın qarşısında saxlanılaraq Xətai RPİ-nin 36-cı PB-nin NH-ə təhvil verilmişdir. O, həmçininXətai RPİ-nin 36-cı PB-nə gətirilən zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində narkotik vasitə gəzdirməkdə şubhəli bilinmiş, onun paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə haqqında” 15 iyun 2023-cü il tarixli qərara əsasən Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl bütün iştirakçılar bu prossesual hərəkətin aparılması zamanı “Xiaomi” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata barədə xəbərdar edilmiş, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmənin videoçəkilişinin yazıldığı bir ədəd DVD diskə Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən 15 iyun 2023-cü il tarixdə baxış keçirilərək müvafiq protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2023-cü il tarixli 6/3361 N°-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində ‘‘(imza) Təqsirləndirilən şəxs ...” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində 1 ədəd bükümdə təmiz çəkisi 0,661 qram olan ağ rəngli kristallşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyasının 14 iyul 2023-cü il tarixli 4424 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,611 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD diski cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə iclasında bir ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Xətai RPİ-nin 36-cı PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini elan edir. Daha sonra cinayət axtarışı üzrə əməliyyat müvəkkili Təqsirləndirilən şəxs anket məlumatları barədə suallar ünvanlayaraq ondan bu suallara müvafiq cavablar alır. Bundan sonra cinayət axtarışı üzrə əməliyyat müvəkkili Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlayaraq ona CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah oldunduğunu bildirdi. Daha sonra cinayət axtarışı üzrə əməliyyat müvəkkili şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif edir. Cinayət axtarışı üzrə əməliyyat müvəkkilin bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoyur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində psixotrop maddə metamfetaminin olduğunu və həmin maddəni Əhmədli qəəsbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını biıldirir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış, lakin onun üzərindən heç nə aşkar olunmamışdır. Təhqiqatçı bükümü elektron tərəzidə çəkəndən sonra onu bir ədəd zərfdə qablaşdırmışdır. Özü və digər iştirakçılar zərfdə imza etmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop vasitələr» adlı İl siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,661 qram olan psixotrop vasitə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Vladimirovicin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs Vladimirovicin həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın mövcudluğu və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 15 iyun 2023-cü il saat 21:25-dən şübhəli şəxs qismində tutulduğu 2 gün ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalı (CPM-93.1.2), İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,611 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalı (CPM-132), İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxsna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Vladimirovicin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,611 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar