Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-492/2022 17.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1957-cı ildə Füzuli rayonu, Horadiz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il tarixdə saat 21 radələrində texniki cəhətdən saz vəziyyətdə olan “Ford Mondeo” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə «Nargilə dairəsi» istiqamətində 50-60 km/saat sürətlə idarə edərkən Zığ yolu 1 ünvanında yerləşən “Mir” marketin yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunu etmədiyindən idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə yolun hərəkət hissəsinin sağ tərəfindən sol tərəfinə doğru keçmək istəyən piyada X3 vuraraq ona ehtiyatsızlıqdan ölümünə səbəb olan baş beyin qişalarına, qişalarıaltına, toxumasına və mədəciklərinə qansızma, habelə təpə sümüyünün xətti sınıqları və təpə nahiyəsinin sıyrıqlı-hematoması, sol dirsək oynağının əzilmiş-cırılmış yarası, hər iki ağciyərin kontuziyası, sol budun hematoması, sağ diz oynağı və sol baldır nahiyələrinin sıyrıqlarından ibarət, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid bədən xəsarətləri yetirərək 30 iyul 2022-ci il tarixdə saat 14.30-da ölümünə səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadəsi, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1985-ci ildən avtomobil idarə edir. Təxminən 3 il əvvəl “Ford” markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobili qohumu X7 pul ödəməklə almış, lakin avtomobili öz adına qeydiyyatdan keçirməyərək etibarnamə əsasında idarə etmişdir. xx.xx.2022-ci il tarixdə həyat yoldaşı X9 ilə avtomobilə əyləşərək 8 Noyabr prospektində üzü «Nargilə dairəsi» istiqamətində yolun solu ilə 4-cü zolaqda təxminən 50-60 km/saat surətlə hərəkət etmişdir. Hadisə anidən baş vermiş və o piyadanın yoldan keçdiyini görməmiş, avtomobilin sağ yan küncünə nəyinsə dəydiyini hiss etdikdən sonra dərhal avtomobilin hərəkətini dayandırmışdır. Avtomobili saxladıqdan dərhal sonra avtomobildən düşüb həmin kişiyə yaxınlaşmışdır. Bundan sonra yolda hərəkət dayanmış və bir neçə şəxs avtomobildən düşərək köməyə gəlmiş, ətrafdadakılardan xahiş etmişdir ki, təcili tibbi yardıma məlumat versinlər. Ətrafdakılardan tanımadığı orta yaşlı bir kişi mobil telefonu vasitəsi ilə təcili tibbi yardıma məlumat verərək hadisə yerinə təcili tibbi yardım maşını dəvət etmiş, təxminən 15 dəqiqə sonra təcili tibbi yardım maşını hadisə yerinə gəlmiş, vəziyyəti ağır olduğundan kişini təcili tibbi yardım avtomobili vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 3 saylı şəhər Klinik xəstəxanasına yola salmışlar. Oğlu Babəkə zəng vuraraq məlumat vermiş və dərhal xəstaxanaya getməyini ondan xahiş etmiş, özü isə avtomobili yolun hərəkət hissəsində saxladığından yolu bağlamamaq üçün və polis əməkdaşlarının hadisə yerinə gəlməsini gözləməli olmağı səbəbindən hadisə yerində qalmışdır. Bir gün yarım həmin kişi xəstəxanada müalicə olunmuş, əlindən gələni etmiş, xx.xx.2022-ci il tarixdə xəstəxanada vəfat etməsi barədə ona məlumat verilmişdir. Bundan başqa əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayətçi olmadığını ,yaşını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X1 hüquqi varisi atası X6 ifadəsində göstərmişdir ki, mərhum X5 onun oğludur. xx.xx.2022-ci il tarixdə axşam saatlarında evdə olan zaman nəvəsi X4 telefon vasitəsi ilə zəng edib ona polis əməkdaşının zəng vuraraq, Telmanın xəsarət alması səbəbindən xəstəxanada olması barədə məlumat verdiyini bildirmişdir. 30 iyul 2022-ci il tarixdə səhər saatlarında oğlunun 3 saylı Sabunçu xəstəxanasında olması xəbərini alıb həmin xəstəxanaya getmiş, Təqsirləndirilən şəxs oğlu Babək də orda olmuş, bildirmişdir ki, atası onun oğlunu maşınla vurmuşdur. Başqa klinika da danışmışlar, lakin həkim demişdir ki, tərpətmək olmaz. Həmin günü təxminən saat 14 radələrində həkimlər oğlu X1 yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən vəfat etdiyini ona məlumat vermişlər. Məhkəmə iclasında zərərçəkmişin hüquqi varisi X6 hadisənin ehtiyatsızlıqdan olduğunu,qəsdən törədilmədiyini , təqsirləndirilən şəxslə barışdığını ona qarşı şikayətin və tələbinin olmadığını qeyd edərək Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş edərək bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə həyat yoldaşı Təqsirləndirilən şəxs ilə birlikdə evə getmək məqsədi ilə avtomobilə əyləşib yola düşmüşlər, avtomobilin arxa sağ tərəfində əyləşmişdir. 8 Noyabr prospekti ilə hərəkət edən zaman anidən avtomobilə nəyinsə dəydiyini eşitmiş, bundan sonra Yusif dərhal avtomobili dayandırıb düşmüş, özü düşməyib maşında gözləmişdir. Az sonra Yusif avtomobilə gələrək avtomobillə adam vurduğunu və həmin şəxsin xəsarət aldığını ona demiş, bir qədər maşında gözlədikdən sonra Yusif yenidən maşına yaxınlaşmış və ona demişdir ki, polis əməkdaşlarını orada gözləməli olacaq. Artıq hava da qaraldığından taksiyə əyləşərək evə getmiş, Yusif isə hadisənin baş verdiyi yerdə qalmışdır. Ertəsi gün isə hadisə nəticəsində xəsarət alan şəxsin xəstəxanada vəfat etdiyini eşitmişdir. İş materiallarına əlavə edilmiş (iş vərəqi 25-29) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertia və X11 X15 xx.xx.2022-ci il tarixli 62 saylı ekspert rəyindən məlum olur ki, mərhum X1 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş beyin qişalarına, qişalarıaltına, toxumasına və mədəciklərinə qansızma, təpə sümüyünün xətti sınıqları və təpə nahiyəsinin sıyrıqlı hematoması, sol dirsək oynağının əzilmiş-cırılmış yarası, hər iki ağciyərin kontuziyası, sol budun hematoması, sağ diz oynağı və sol baldır nahiyələrinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub bərk-küt əşya təsirindən törənmişdir, eləcə də yol-nəqliyyatı hadisəsi şəraitində mərhumun xəstəxanaya müraciət etməsindən bir qədər əvvəl törənə bilərdilər və dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığına AĞİR zərər vurmanın əlamətinə malik olmaqla, onun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. X1 ölümünə səbəb baş beyin toxumasına, mədəciklərə massiv qansızma və baş beyinin əzilməsi olmuşdur. Ölüm xəstəxanada xx.xx.2022-ci il tarixdə saat 14.30-da baş vermişdir. İş materiallarında olan Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2022-ci il tarixli 8/2150 saylı rəyindən məlum olur ki, Ford Mondeo markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə edilmiş Baş Dövlət Yol Polis İdarəsinin məktubundan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2027-ci il tarixədək etibarlı olan) BC 680100 “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 29 iyul 2022-ci il tarixli 2/25204 saylı aktdan müəyyən olunur ki, sürücü Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:35-də müayinədən keçirilmiş və o, hadisə zamanı avtomobili ayıq vəziyyətdə idarə etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında 29 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 01 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Ford Mondeo markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut hesab edilmiş və Təqsirləndirilən şəxs təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Göründüyü kimi iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs səmimi etirafını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirici hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar Təqsirləndirilən şəxs əməlində müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə nisbətən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını X13 Müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinnin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs təhvil verilmiş Ford Mondeo markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra ona qaytarılmış hesab edilməlidir. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını X13 müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli X13 müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Təqsirləndirilən şəxs verilmiş “Ford Mondeo” minik markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra onun istifadəsinə verilmiş hesab edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-492/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-492/2022
17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver