Məhkəmə qərarları › İş №1(011)-492/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-492/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-492/2023 11.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1993-cü ildə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olan, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 bükümdə, təmiz çəkisi 0,522 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 31 may 2023-cü il tarixdə saat 19:45-də ünvan 1 ünvanın yaxınlığında saxlanılıb ünvan 2əşən Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş, təmiz çəkisi 0,522 qram, qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, 31 may 2023-ci il tarixdə saat 19:40 radələrində yaşadığı ünvan 4 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına dəvət etmişlər. O da hər hansı bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Xətai RPİ- nin 34-cü PŞ-yə gəlmişdir. Şöbənin içərisində olan xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra ona hüquqlarının müdafiə edilməsi məqsədilə dövlət hesabına vəkil dəvət edilmişdir. Müdafiəçi və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl polis əməkdaşları ona üzərində olan qeyri-qanuni əşya və ya predmetləri könüllü təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində açıq qəhvəyi rəngli kütlə aşkar edilmişdir. Polis əməkdaşları ondan üzərindən aşkar olunmuş kütlənin nə olmasını, kimdən və nə vaxt əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda o həmin kütlənin özünə məxsus olmaqla narkotik vasitə heroin olduğunu, həmin kütləni 1 (bir) gün bundan qabaq Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən istifadə etmək məqsədi ilə 40 (qırx) manat məbləğində nağd pula aldığını bildirmişdir. Daha sonra üzərinə və əynində olan geyim paltarlarına şəxsi axtarış keçirilsə də üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan bir ədəd ağ rəngli kağız zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sonda üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Protokol ona və digər iştirakçılara ucadan oxunduqdan sonra protokola tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 31 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edilmişdir. Baş İdarə rəhbərliyinin göstərişindən sonra Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi üçün o və Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Şahid2 birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 31 may 2023-cü il tarixdə saat 19:40 radələrində ünvan 1 ünvanın qarşısına gəlmişlər. Həmin vaxt onlar orada əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən təxminən 28-30 yaşlarında olan bir nəfər şəxsin olmasını görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Daha sonra həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx xxxxx 1993-cü ildə Siyəzən rayonunda anadan olmuş, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olan və ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsində şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs saxlamış və onlarla birlikdə getməsi üçün Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra onu Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirmişlər. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmələri ilə bağlı tərəfindən Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edilmişdir. Baş İdarə rəhbərliyinin göstərişi əsasında Təqsirləndirilən şəxs barəsində zəruri istintaq hərəkətlərinin aparılması üçün onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Anar Aslanova təhvil vermişlər. Anar Aslanov ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir. Daha sonra ona hüquqlarının dövlət hesabına müdafiə edilməsi üçün vəkil dəvət etmiş və həmin vəkilin iştirakı ilə bir daha hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra şöbənin xidməti otaqlarının birində o, Şahid2 və dövlət hesabına təyin olunmuş müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni və ya dövriyyəsi məhdudlaşdırılmış əşya və ya maddələri könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin nə olması, kimdən, nə vaxt və necə əldə etməsi soruşulduqda o həmin kütlənin özünə məxsus olmaqla narkotik vasitə olan heroin olmasını və həmin kütləni 1 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən istifadə etmək məqsədi ilə 40 (qırx) manat məbləğində nağd pula aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan digər geyim paltarları təhqiqatçı, polis kapitanı Anar Aslanov tərəfindən yoxlanılsa da hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə şəxsi axtarışda iştirak edən iştirakçıların iştirakları ilə içərisi boş olan 1 ədəd zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən protokolun tərtibatına dair hər hansı bir şikayət, etiraz və ya təklif olmadığından doğruluğu o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək onun dediklərini bir daha təsdiqləmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi həmçinin aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarında olan Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 01 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, 31 may 2023-cü il tarixdə saat 19:45-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 02 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarında olan şəxsi axtarış və götürmə haqqında protokoldan və maddi sübut kimi işə əlavə edilmiş diskdə olan videogörüntüdən görünür ki, 31 may 2023-cü il tarixdə polis əməkdaşlarının, mütəxəssisi (ekspertin) və vəkilin iştirakı ilə saxlanılan şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən, 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyli, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2023-cü il tarixli, 6/3117 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №7” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,522 qram olan qəhvəyi maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilmişdir. İş materiallarından görünür ki, 0,522 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, tədqiqatdan sonra qalan çəkisi 0,472 qram narkotik vasitənin saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd “CD” formatlı disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji ekspertizasının 20 iyun 2023-cü il tarixli, 3908 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Lakin, hal-hazırda absistensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 aprel 2023cü il tarixli 4(011)-367/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 iyun 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 31 may 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2014-ci il tarixli hökmü ilə CM-nin 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.4 bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Hazırda həmin məhkumluq ödənilməmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2020-ci il tarixli Qərarına görə məhkum edilmiş şəxs amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə, məhkumluğun ödənilməsi müddəti şəxsin cəzanı çəkməkdən azad edildiyi, yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərarının qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs cəzası bitdiyi gündən altı il keçmədən hazırki cinayət əməlini törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirini etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 31 may 2023-cü il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 31 may 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,472 qram narkotik maddə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd “CD” formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 22 (iyirmi iki) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 132 (yüz otuz iki) manat ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 31 may 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,472 qram narkotik maddə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 22 (iyirmi iki) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 132 (yüz otuz iki) manat ödənilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar