Məhkəmə qərarları › İş №1(011)-492/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-492/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-492/2024 06.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cu ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış. Bakı şəhəri, Yasamal rayonu. H.B.ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək guya tanışının satmaq istədiyi avtomobili alıb baha qiymətə sataraq gəlir əldə edəcəkləri barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 06 fevral 2023-cü il tarixdə ünvan 2 ünvanında Zərərçəkmiş şəxs 6.800 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 11.560 manat pul vəsaitini alıb sonradan 1.800 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 3.060 manat pulu qaytarmaqla 5.000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 8500 (səkkiz min beş yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərərin tam olaraq ödənildiyini, onunla barışdığını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclas zalında bildirmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir, ona vurulmuş zərər tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxs əməlini özünün etirafı, zərər çəkmiş şəxsin ifadəsi, istintaqa təqdim edilmiş maddi sübutlar habelə digər toplanmış istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 29 may 2024-cü il tarixli cinayət işi başlanılması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanması, cinayət işinin ibtidai istintaqının aparılması üçün aidiyyəti üzrə RPİ-nin İstinaq Şöbəsinə göndərilməsi qərara alınmışdır. (i.v. 1); Zərərçəkmiş şəxs tərəfindən Xətai Rayon Polis İdarəsinin 37-ci PŞ-ə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, 2023-cü ilin fevral ayının 6-da tanışı Kamil adlı şəxs etibardan sui-istifadə edərək ona ”Hunday Sanata” markalı, **-SP-*** dövlət nömrə nişanlı avtomobili satacağı adı ilə yalan vəd verib Bakı şəhəri, Xətai rayonu, Cavanşir körpüsünün altında 6800 ABŞ dolları pulunu alaraq verdiyi vədə əməl etməmiş, Kamil aldığı pulun 1800 ABŞ dollarını qaytarsa da, qalan məbləği qaytarmadığı üçün aldadıldığını aşa düşərək bu barədə şikayət etdiyini , həmin şəxsin müəyyən olunaraq barəsində qanuni tədbir görüməsini və dəymiş ziyanın ödənilməsində köməklik göstərməklərini xahiş etmişdir. ( i.v 6) 30 aprel 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan və əlavə edilmiş foto cədvəldən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs maşın almaq adı ilə Kamil adlı şəxs tərəfidən aldadılaraq 6800 ABŞ dollar pulunu ələ keçirilməsi ilə bağlı etdiyi şikayəti əsasında Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Neman Rufullayev tərəfindən hadisə yerinə baxış keçirilmiş, baxışda məlum olmuşdur ki,Zərərçəkmiş şəxs 6800 ABŞ dollar pulu Kamil adlı şəxsə Bakı şəhəri, Xətai rayonu, Cavanşir körpüsünün alt hissəsində vermişdir. ( i.v 10-11) 10 iyun 2024-cü il zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. ( i.v 20) 10 iyun 2024-cü il tarixli təqdim etmə və götürmə barədə protokoldan görünür ki, Xətai RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X1 və Zərərçəkmiş şəxs iştirakı ilə tərtib edilmiş,zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs ifadəsi alınan zaman qeyd etmişdir ki, Təqsirləndirilən şəxs avtomobil almaq üçün verdiyi 6800 ABŞ dollar pulu təsdiq edən araların olan səs yazısı və votsap yazışmalarını təqdim edə bilər və bununla bağlı Zərərçəkmiş şəxs 01 ədəd CD götürülmüşdür. ( i.v 32) 01 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. ( i.v 47-48) 877660 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X3 Təqsirləndirilən şəxs oğludur. ( i.v 59) CD diskə baxış keçirilməsi haqqında 01 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və CD diskin yaddaşında 20 səs yazısı və 03 ədəd yazışma şəkilləri vardır. Səs yazısına iştirakçıların iştirakı ilə dinlənən zaman iki nəfər arasında olan səsli danışıqlardan biri Zərərçəkmiş şəxs digər səs isə Təqsirləndirilən şəxs aid olmasını özləri tərəfindən təsdiq edilir və səs yazılarından görünür ki, Təqsirləndirilən şəxs avtomobil satması üçün beh aldığını və sonradan apararaq şəxsi duracağa qoyması, zərərçəkmiş şəxsin Kamaldan aldığı avtomobilin texniki passportunun şəkilinin Kamal tərəfindən çəkilərək ona göndərilməsini, digər səsli danışıqlarında avtomobil almaq üçün beh verən şəxsin 10 gün sonra gələrək avtomobilin pulunu tam şəkildə ödəyəcəyini və pul qazanaraq böldükləri barədə danışıqlar müəyyən edilmişdir. Daha sonra votsap yazışmalarına baxış zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pulunu geri tələb etməsi barədə yazışmalar aşkar edilmişdir.Odur ki, cinayət işi üzrə istintaqa təqdim edilmiş qəbzlər sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq və cinayət işinin materiallarına əlavə edilmişdir. ( i.v 60) 01 avqust 2024-cü il tarixli polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki,qərarın təsviri hissəsində göstərilənlərə əsasən, ********* № cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. ( i.v 61-62) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış 07 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v 66); 09 avqust 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilməməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə istintaqa təqdim edilmiş 01 ədə CD disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi , qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v 67-70) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-492/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Bakı Şəhəri Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində tutularaq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona vurulmuş zərər tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, barışmışdır. Odur ki, yuxarıda qeyd olunan xüsusatlardan, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin etibarından sui-istifadə edərək onlara maddi ziyan vurması, bununla da əməlində dələduzluq cinayətinin tərkib əlamətlərinin mövcud olması tam olaraq sübuta yetirilmiş və tərəflər arasında yaranan münasibətlərin məhz mülki xarakter daşımasına dair təqsirləndirlərin şəxsin istinad etdiyi hallar iş üzrə toplanmış sübutlarla təkzib olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması(CM-in 59.1.4), zərərçəkmiş şəxslə barışması(CM 59.1.12), zərərçəkmiş şəxsə vurulmuş zərərin tam olaraq ödənilməsi(CM59.1.13) onun məsuliyyətlərini yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğu nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu müddət ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut- 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 4 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir İş üzrə məhkəmə məsrəfi və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 12 (on iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın bir günə iki gün hesabı ilə hesablanmaqla 24(iyirmi dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01(bir) il 11(on bir)ay 06(altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri höküm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut- 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar