Məhkəmə qərarları › İş №1(011)-494/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-494/2021

13.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-494/2021 13.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Xocalı rayonu, Cəmilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Xocalı rayonu, Cəmilli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi, 24 saylı birləşmiş şəhər xəstəxanasının yardımçı binasında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədi 02 sentyabr 2021-ci il tarixdə saat 17:30-da ünvan 1 ünvanda yerləşən yaşayış binasının liftinə daxil olan Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək sonuncunun boynunda olan 162 manat dəyərində sarı rəngli metaldan hazırlanmış boyunbağı içərisində ərəb və fars qrafikalı yazılar olan kulonu ilə birlikdə əli ilə dartaraq açıq talayıb Zərərçəkmiş şəxs boyunun və sağ körpücükaltı nahiyənin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə ümumilikdə 162 (yüz altmış iki) manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Hadisədən əvvəl müxtəlif yerlərdə fəhlə kimi işləyirdi. 24 saylı birləşmiş xəstəxanada yaşayır. Ailəsi qaçqın düşərək 1992-ci ildə Bakı şəhərinə köçmüşdür. Əvvəllər bir neçə dəfə oğurluq və soyğunçuluq cinayətləri törətdiyi üçün məhkum olunmuşdur. Bir neçə dəfə psixoloji problemlərinə görə müalicə almışdır. 02 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində yaşadığı ünvandan çıxaraq “28 may” metrostansiyasının yanına gəzmək üçün getmişdir. O, orada olan parkda biraz gəzib evinə qayıtmaq istəmişdir. Bunun üçün orada olan avtobusa əyləşmiş və Yeni Günəşli qəsəbəsinə gedirmiş. X4 qəsəbəsinə çatmamış Əhmədli metrostansiyasının yaxınlığında düşmüşdür. O, Əhmədli metrosunun yanında dayandığı vaxt bir qadının uşaq ilə getdiyini görmüşdür. O, həmin qadının boynunda boyunbağı olduğunu görmüşdür. Baş ağrıları olduğu üçün mütəmadi olaraq dərman qəbul etməli idi. Lakin həmin vaxt dərman almaq üçün pulu yox idi. Buna görə də o, gördüyü qadının boynunda olan boyunbağını oğurlamaq fikrinə düşmüşdür. Həmin qadını izləməyə başlamışdır. Yolda gədərkən o, zibil qutusunun yanında bir ədəd atılmış içində yorğan və yastıq olan sellofan torbanın olduğunu görmüşdür. Həmin torbanı götürüb qadının dalınca getməyə davam etmişdir. Onlar Əhmədlidə olan məhlələrin birinə gəlib çatmışdırlar. Saat təxminən 17:30 radələrində qadın uşaq ilə birlikdə orada olan binanın blokuna daxil olmuşdur. O da qadınn arxasiyca əlində olan zibillikdən götürdüyü torba ilə birlikdə bloka daxil olmuşdur. Bloka daxil olduqda qadının uşaq ilə birlikdə liftə daxil olduqlarını görmüşdür. Liftin qapıları bağlanan vaxtı onlar liftdə olduqları zaman o, əli ilə qapıların bağlanmağına imkan veməyərək liftə daxil olmadan çöldən əl atıb qadının boynunda olan boyunbağını əli ilə dartıb götürmüşdür. Boyunbağını götürüb qaçmaq istədiyi vaxt qadın əli ilə əlində olan sellofan torbanı tutmuş, nəticədə torba yerə düşmüşdür. O, artıq buna məhəl qoymadan dərhal qaçaraq oradan uzaqlaşmışdır. Qaçaraq yolun qırağına gəlmişdir. Orada yolda olan taksi sürücüsündən xahiş etmişdir ki, onu buradan qırağa aparsın. Taksi xahişini nəzərə alıb onu yaxınlıqda olan “Xalqlar Dostluğu” metrosunun yanındakı “Laçın” ticarət mərkəzinin yanına aparmışdır. O, “Laçın” ticarət mərkəzinə daxil olub orada qızıl dükanlarına gedərək boyunbağını satmaq istəmişdir. Lakin orada həmin boyunbağını alan olmamışdır. Buna görə də avtobusa əyləşib evə gəlmişdir. Evdə qardaşı və anasına boyunbağını göstərib yolda tapdığını söyləmişdir. O, qardaşı Elməddindən 40 manat pul götürüb həmin boyunbağını sonuncuya vermişdir. Pul götürdükdən sonra başında olan ağrıların azalması üçün “Tropin” adlı dərman almaq istəmişdir. Apteklərin birində həmin dərmanı alıb yaşadığı evin yanında gəzmişdir. Bir neçə saat sonra evə qayıtmışdır. 03 sentyabr 2021-ci il tarixdə axşam saatlarında polis əməkdaşları yaşadığı ünvana gələrək cinayət törətdiyinə görə onu Xətai Rayon Polis İdarəsinə gətirmişdirlər. O, həmçinin oğurladığı boyunbağını da könüllü surətdə polislərə təhvil vermişdir. Beləliklə o, əməlindən səmimi peşmançılıq çəkdiyini və bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, o, 02 sentyabr 2021-ci il tarixdə hamiləliyi ilə bağlı həkim müayinəsinə görə ailəsi ilə birlikdə Bakı şəhərinə gəlmişdir. Burada tanış həkimin yanına getmişdir. Həkimin yanında müayinə olunduqdan sonra saat 12 radələrində Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 9-da yaşayan qohumu gilə getmişdir. Orada oturub vaxt keçirdikdən sonra uşağı ilə birlikdə məktəb ləvazimatlarını almaq istəmişdir. Saat təxminən 14 radələrində o, 8 yaşlı uşağı Rüqəyya ilə birlikdə evdən çıxmışdır. O, Əhmədli metrostansiyasının yaxınlığında olan kinoteatrın yanında qızı üçün alış veriş etmişdir. Bir neçə saat sonra evə qayıtmalı idilər. O, qızı ilə birlikdə piyada evə tərəf qayıdırmış. Həmin vaxt kiminsə onu izlədiyini hiss etməmişdir. Rahat şəkildə qızı ilə birlikdə evə qayıdırmış. Saat təxminən 17:30 radələrində qızı ilə məhləyə gəlmiş və bloka daxil olmuşdur. Blokda 9-cu mərtəbəyə qalxmaq üçün lift gözləmişlər. Bundan sonra qızı ilə liftə daxil olmuş və liftin qapıları artıq örtülən zaman bir nəfər, təxminən 30-35 yaşlı tanımadığı şəxs əli ilə qapıların bağlanmağına imkan verməmişdir. Həmin şəxs liftə daxil olmadan çöldən qəflətən onun boynunda olan qızıl boyunbağına əl atmış və bərk şəkildə dartaraq boyunbağını qırıb götürmüşdür. O, həmin şəxsi saxlamaq istəmiş və əlində saxladığı sellofan torbadan tutmuşdur. Lakin həmin şəxs torbanı yerə ataraq dərhal oradan qaçmışdır. Həmin torbanın içində yorğan və yastıq var idi. O, həmin vaxt qızı ilə birlikdə çox qorxmuşdur. Daha sonra məhləyə çıxdıqda orada yaşayan tanımadığı şəxslər ona su verib kömək etmişdirlər. Biraz özünə gəldikdən sonra yoldaşı Ruslana zəng edib hadisə barədə məlumat vermişdir. Bundan sonra isə Ruslan DİN-nin 102 xidmətinə zəng edib polisə bu barədə məlumat vermişdir. Talanmış qızıl boyunbağı 1 il əvvəl 340 manata alınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bəxtiyar uşaq illərində çox sakit və tərbiyəli idi. Lakin sonradan onda psixoloji problemlər yaranmağa başlamışdır. Bəxtiyar bir neçə dəfə psixiatrik xəstəxanalarda müalicə almışdır. Lakin həmin müalicə bir müddət kömək etsə də sonradan yenə də psixi durumu pisləşirdi. Psixoloji problemlərə görə Bəxtiyar bir neçə dəfə cinayət törətmiş və buna görə məhkum olunmuşdur. 02 sentyabr 2021-ci il tarixdə axşam saatlarında Bəxtiyar yaşadıqları ünvana gəlmişdir. Bəxtiyar evə gəldikdə özü ilə gətirdiyi boyunbağını ona və oğlu Elməddinə göstərmişdir. Onlar Bəxtiyardan həmin boyunbağını haradan əldə etdiyini soruşmuşdurlar. Bəxtiyar cavabında boyunbağını tapdığını bildirmişdir. Lakin o və Elməddin Bəxtiyarın bir neçə dəfə məhkum olunduğunu nəzərə alıb həmin boyunbağını çöldə tapmadığını hiss etmişlər. Bəxtiyar boyunbağını satmaq istəmişdir. Elməddin isə ondan xahiş etmişdir ki, həmin boyunbağını ona versin. Lakin Bəxtiyar boyunbağını verməmişdir. Buna görə də Elməddin Bəxtiyara pul təklif etmişdir. Elməddin Bəxtiyara 40 manat pul verib boyunbağını götürmüşdür. Onlar boyunbağını götürən kimi onu evə qoymuşlar. Lakin 03 sentyabr 2021-ci il tarixdə bir neçə polis əməkdaşları yaşadıqları ünvana gələrək Bəxtiyarın cinayət törətdiyini bildirmişdirlər, buna görə də onlar Bəxtiyar tərəfindən talanmış boyunbağını polislərə təqdim etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində qeyd etmişdir ki, qardaşı Bəxtiyar uşaq illərində çox sakit və tərbiyəli idi. Lakin sonradan sonuncuda psixoloji problemlər yaranmağa başlamışdır. Bəxtiyar bir neçə dəfə psixiatrik xəstəxanalarda müalicə almışdır. Lakin həmin müalicə bir müddət kömək etsə də sonradan yenə də psixi durumu pisləşirdi. Psixoloji problemlərə görə Bəxtiyar bir neçə dəfə cinayət törətmiş və buna görə məhkum olunmuşdur. 02 sentyabr 2021-ci il tarixdə axşam saatlarında Bəxtiyar yaşadıqları ünvana gəlmişdir. Bəxtiyar evə gəldikdə özü ilə gətirdiyi boyunbağını ona və anasına göstərmişdir. Onlar Bəxtiyardan həmin boyunbağını haradan əldə etdiyini soruşmuşlar. Bəxtiyar cavabında boyunbağını tapdığını bildirmişdir. Lakin o, Bəxtiyarın bir neçə dəfə məhkum olunduğunu nəzərə alıb həmin boyunbağını çöldə tapmadığını başa düşmüşdür. Bəxtiyar boyunbağını satmaq istəmişdir. O, isə ondan xahiş etmişdir ki, həmin boyunbağını ona versin. Əşyanın sahibini tapıb özünə qaytarmaq istəmişdir. Lakin Bəxtiyar boyunbağını qaytarmırdı. Buna görə də o, Bəxtiyara pul təklif etmişdir. Bəxtiyara 40 manat pul vermiş və bunun müqabilində sonuncu boyunbağını ona vermişdir. O, boyunbağını götürən kimi evə qoymuşdur. Tez bir zamanda qonşulardan sorğu sual edib boyunbağının kimə məxsus olduğunu öyrənmək istəmişdir. Lakin 03 sentyabr 2021-ci il tarixdə bir neçə polis əməkdaşları yaşadıqları ünvana gələrək Bəxtiyarın cinayət törətdiyini bildirmişdirlər, buna görə də onlar Bəxtiyar tərəfindən talanmış boyunbağını polislərə təqdim etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 03 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 180.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); baxış keçirilməsi haqqında 02 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanda yerləşən yaşayış binasına baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 8-11); zərərçəkmiş şəxs qismində tanınma haqqında 03 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 13); əşyanın götürülməsi haqqında 03 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən talanan 01 ədəd qızıl boyunbağı sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür (i.v. 29); baxış və götürmə aparılması haqqında 03 sentyabr 2021-ci il tarixli protokolun surətindən görünür ki, ünvan 1 ünvanda baş vermiş soyğunçuluq cinayəti ilə əlaqədar talanmış əmlakın Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB massivi, 24 saylı orta birləşmiş şəhər xəstəxanasında olması müəyyən edilmişdir. Həmin ünvana keçirilən baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd qızıl boyunbağı təqdim edərək həmin əşyanı yaşayış binasının liftinə daxil olan qadının boynundan dartaraq taladığını bildirmişdir. Həmin əşya qızılı rəngli boyunbaq hissəsi və içərisində ərəb və fars yazıları olan kulon hissəsindən ibarət olmuş və qırılmış vəziyyətdə olmuşdur. Həmin əşya sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür (i.v. 31-32); şübhəli şəxsin tutulması haqqında 03 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:00 radələrində CM-nin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 45); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 04 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 180.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur (i.v. 56-57); 08 sentyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 78-80); ifadənin yerində yoxlanılması haqqında 08 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında törətdiyi soyğunçuluq cinayətinin xüsusatlarını hadisə yerində göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 81-83); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04.09.2021-ci il tarixli 4(011)-381/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 180.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 03.09.2021-ci il tarixdən hesablanmışdır (i.v. 92-96); Azərbaycan Respublikası Baş X1 İdarəsindən alınmış 13.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin 18.09.2006-cı il tarixli hökmü ilə AR CM-nin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03.04.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir; Xətai Rayon Məhkəməsinin 29.05.2013-cü il tarixli hökmü ilə AR CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 06.03.2014-cü il tarixli qərarına əsasən Xətai Rayon Məhkəməsinin 29.05.2013-cü il tarixli hökmü dəyişdirilərək cinayət əməli CM-nin 221.3-cü maddəsindən 128-ci maddəsinə tövsif edilərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 ilə endirilmiş, 29.05.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir; Xətai Rayon Məhkəməsinin 04.06.2015-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 18.01.2018-ci il tarixli qərarına əsasən AR CM-nin 177.2.4-cü maddəsinə dair hissə xaric edilmiş, 04.06.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir; Suraxanı RPİ-də CM-nin 177.1-ci maddəsi ilə başlanmış icraata 07.03.2020-ci il tarixdə CPM-nin 40.2.1-ci maddəsinə əsasən xitam verilmişdir (i.v. 97-99); əşyanın tanınmaya təqdim edilməsi haqqında 15 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, tanınmalı olan əşya 01 ədəd qızıl boyunbağı Xətai RPİ-nin İstintaq şöbəsində xidməti otaqda eyni növdən olan oxşar formalı qadın boyunbağıları ilə birgə bir sırada düzülmüş və “1”, “2” və “3” rəqəmləri ilə nişanlanmışdır. Zərərçəkmiş şəxs təqdim edilən əşyaları nəzərdən keçirib “3” rəqəmi ilə nişanlanmış üzərində 01 ədəd ərəb və fars qrafikası olan kulonlu boyunbağını göstərərək ona məxsus olduğunu bildirmişdir (cild 106- 108); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası tərəfindən verilmiş ambulator xəstəlik çıxarışından görünür ki, Təqsirləndirilən şəxs 19.11.2019-cu il tarixindən 25.12.2019-cu il tarixinədək, 28.04.2021-ci il tarixindən 11.06.2021-ci il tarixinədək qeyd olunan xəstəxanada şəxsiyyətin emosional-davamsız pozuntusu, tez-tez baş verən dekompensasiyalar diaqnozu ilə müalicədə olmuşdur (i.v. 131-132); Azərbaycan Respublikası Xocalı rayon İcra Hakimiyyətinin Cəmilli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (i.v. 133); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X3 04 sentyabr 2021-ci il tarixli, 857 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs boyunun və sağ körpücükaltı nahiyənin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş 02.09.2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcədə özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur (i.v. 139-140); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 sentyabr 2021-ci il tarixli, 6/4117-9/6682 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan, içərisində ərəb və fars qrafikalı yazı, 1 ədəd gözmuncuğu, kənarlarında ağ şəffaf qaşları olan kulon – üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 1,66 qramdır, qaşları qiymətli qaşlara aid deyil. 1 ədəd sarı rəngli metaldan boyunbağı hissəsi – metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 0,72 qramdır, qırıntı hesab olunur. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq, ekspertiza tədqiqatına təqdim edilmiş məmulatların orta bazar qiyməti ümumilikdə 162 manat müəyyən edilir. (i.v. 143-146); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 17 sentyabr 2021-ci il tarixli, 2186 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız tip şəxsiyyət pozuntusu müəyyən edilir. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Müəyyən edilən emosional davamsız tip şəxsiyyət pozuntusu kompensasiya vəziyyətində olduğundan, onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Hazırda da o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür (i.v. 149-150); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 11.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilməklə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, 01 ədəd maddi sübut qismində tanınmış boyunbağının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmış, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 sentyabr 2021-ci il tarixli, 6/4117-9/6682 saylı rəyində göstərilən qiymət əsas götürülmüş, Təqsirləndirilən şəxs əməlində CM-nin 180.2.5-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması barədə protokollar və ekspertiza rəyləri sübut növü kimi qiymətləndirilmişlər (i.v. 156-163). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama — insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və cinayət nəticəsində dəymiş ziyanın aradan qaldırılması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində olan ACDİÜ AR Məhkəməsinin 18.09.2006-cı il tarixli hökmü və Xətai Rayon Məhkəməsinin 04.06.2015-ci il tarixli hökmü üzrə olan məhkumluqları CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənildiyindən, hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllərdə dəfələrlə məhkum olunması onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, əvvəllər dəfələrlə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut 01 ədəd boyunbağının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır, 109.50 (yüz doqquz manat əlli qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 03 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - 01 ədəd boyunbağının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 109.50 (yüz doqquz manat əlli qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar