Məhkəmə qərarları › İş №1(011)-494/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-494/2022

16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-494/2022 16.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Kürdəmir rayonu, Böyük Kəngərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, Kürdəmir rayonu, Böyük Kəngərli kəndində qeydiyyatda olan, barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,334 qram psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlamaqla daşımış və Xətai RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən özünü şübhəli aparmasına görə 12 sentyabr 2022-ci il tarixdə saat 03:30 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 15 ünvanında yerləşən “Ağoil” yanacaq doldurma məntəqəsinin sol tərəfində boş ərazidə saxlanılmış, Xətai RPİ- nin 37-ci Polis Şöbəsinin inzibati binasına gətirilərək orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd “Rothmans” markalı siqaret qutusunun içərisindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,334 qram ağ rəngli kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tutulmamışdan, təxminən, bir neçə ay əvvəl psixotrop maddə metamfetamindən istifadə etməyə başlamışdır. Belə ki, bədənində ağrılar olduğundan buna dözə bilməmiş, ağrıların qarşısını almaq üçün də psixotrop maddəni inyeksiya yolu ilə qəbul etmişdir. O, psixotrop maddəni tanımadığı şəxslərdən pulla almışdır. Tutulmamışdan təxminən 7-8 gün əvvəl Xətai rayonu ərazisində adını Arzu kimi bildiyi şəxs ilə qarşılaşmış, həmin şəxs ilə söhbət edən zaman onda psixotrop maddə olmasını öyrənmiş, ondan psixotrop maddəni istəmiş, 10 manat pul qarşılığında Arzu ona bir ədəd şəffaf sellofan büküm vermiş, bükümü açıb içərisinə baxmış və içərisində ağ rəngli kristalşəkilli maddə olmasını görmüş, bundan sonra həmin bükümü bağlayaraq cibində olan siqaret qutusuna qoymuş və yaşadığı evə gəlmiş, vaxtaşırı psixotrop maddə metamfetamidən istifadə etməyə başlamışdır. 12 sentyabr 2022-ci il tarixdə gəzmək üçün evdən çıxmış Babək prospektinə gəlmiş, saat təxminən 03:30 radələrində Babək prospektində yerləşən “Ağoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında boş ərazidə dayanmışdır. Bu zaman polis avtomobili dayanmış və avtomobildən iki nəfər polis geyimli şəxs düşmüş, ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərmiş, Xətai RPİ-nin əməkdaşları olmasını bildirmiş, ondan kimliyini və nə üçün gecə saatlarında boş ərazidə dayanmağını soruşmuşdur. O da onlara özünü təqdim edib yalandan yaxınlıqda yerləşən taxta sexində işlədiyini və işdən çıxıb evə getdiyini bildirmişdir. Polislər onu polis şöbəsinə dəvət etmiş, o da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə şöbəyə gəlmiş, polis şöbəsində ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim edilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, o da, gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşərək əynində olan göy rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd siqaretin şəffaf rəngli kağızına bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuş, içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni öz istifadəsi üçün xx.xx.2022-ci il tarixdə Xətai rayonu ərazisində dəqiq bilmədiyi bir yerdə Arzu adlı şəxsdən 10 manata aldığını bildirmiş, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Daha sonra bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub möhürlənmiş və imzaları ilə protokolun doğruluğu təsdiq edilmişdir. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcək. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, polis serjantı N. Həmidov ilə birlikdə xidmətdə olan zaman saat təxminən 03:30 radələrində Babək prospekti, “Ağoil” yanacaq doldurma məntəqəsinin sol tərəfində bir nəfər şəxsin qaranlıq boş ərazidə dayandığını görmüş, ərazidə baş vermiş oğurluqlar barədə ondan şübhələnib yaxınlaşaraq özlərini təqdim etmiş, həmin vətəndaşın kim olduğunu soruşmuş, həmin şəxs də onlara özünün xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu və yaxınlıqda taxta sexində işlədiyini, işdən çıxıb evə getdiyini bildirmişdir. Lakin, həmin zaman Elburuz adlı şəxsin narkotik vasitənin təsiri altında olduğundan şübhələnmiş və onu 37-ci PŞ-yə aparmışlar. Orada Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri üzərində daşımaqla istifadə etməsi məlum olmuş, təhqiqatçı tərəfindən ona dövlət hesabına müdafiəçi təyin olunduqdan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmeti təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli siqaret kağızına bükülmüş kütləni təqdim etmiş, həmin kütlənin nə olması soruşulduqda psixotrop maddə metamfetamin olduğunu, onu Arzu adlı tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra təhqiqatçı həmin kütlələri elektron tərəzidə ölçmüş, həmin kütlələrin ümumi çəkisinin 0,22 qram olması müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 iş üzrə digər Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 12 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 12 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə, saat 04:25-də Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin inzibati binasında tutulmuş, azadlığı faktiki olaraq həmin tarixdə saat 03:30-dan məhdudlaşdırılmışdır (i.v. 17); şəxsi axtarış və götürmə aparılması haqqında 12 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin PPXB-nin polis nəfəri Şahid1, Xətai RPİ-nin PPXBnin polis nəfəri, Şahid2 Səyyah oğlunun, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, ekspert-kriminalist Xətai RPİ-nin inspektor kriminalisti X1, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs cins şalvarın sağ yan cibindən 1 ədəd Rotmans markalı siqaret qutusu çıxarmış, həmin siqaret qutusundan isə 1 ədəd şəffaf sellofan büküm çıxartmış, içərisində metamfetamin olmasını, onu tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Həmin sellefan açıldıqda içərisində ağ rəngli kristal halında olan spesifik iyə malik olan kütlə aşkar edilmiş, götürülmüş kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0.22 qram olması müəyyən edilmişdir. (i.v. 28-29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 sentyabr 2022-ci il tarixli, 6/5099 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №153” möhür əksi, “Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,334 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İİ) daxildir (i.v. 36-38); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 46); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə 13 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmişdir ( i.v. 63-64); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 74); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 5556 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 75-76); Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin İŞ-in müstəntiqi, polis leytenantı Mahir Hacıyev tərəfindən ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə 01 ədəd CD formatlı diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, bundan sonra üzərində qanunsuz hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Rotmans” markalı siqaretin içərisində gümüşü rəngli kağıza bükülmüş tozşəkilli, spesifik qoxuya malik, psixotrop maddə metamfetaminə bənzər predmet təqdim etmiş və həmin predmetin metamfetamin olmasını, onu anket məlumatlarını bilmədiyi Arzu adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0.22 qram olması müəyyən edilmişdir (i.v. 86); Sübutların qiymətləndirilməsi haqqında 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Xətai RPİ-nin İŞ-nin sabiq müstəntiqi Nihad Şamoyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın əlavə və dəyişikliklər edilmədən saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunan psixotrop maddə metamfetaminin çəkisi ilə həmin kütlənin məhkəmə kimyəvi ekspertizasının rəyində qeyd olunan çəkisi arasında fərq yarandığından, ekspertiza rəyində göstərilən 0.334 qram psixotrop maddə metamfetaminin əsas götürülməsi, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 0.334 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 0.284 qram psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilməsi, təqsirləndirilən şəxsin iş materialları ilə tanış olduqdan sonra Bakı şəhər Xətai RPİ-də məsul saxlanca verilməsi, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R diskin iş izrə maddi sübut hesab edilməsi və cinayət işinin materiallarına əlavə olunması, iş üzrə məhkəmə kimyəvi ekspertizalarının rəyi və istintaq hərəkətlərinin protokollarının işin faktiki hallarına uyğun olduğu və istintaq materialları ilə tamamlandığı üçün iş üzrə sübut növü kimi qəbul edilməsi və cinayət işinə əlavə edilməsi, Azərbaycan Respublikası Baş prokurorunun "İşin təşkili qaydalarının" 46.13.04 bəndinə əsasən cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi epizodları ilə əlaqədar materialların cinayət işindən ayrılaraq Bakı şəhəri Xətai rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi, qərarın surətinin nəzarət üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v. 87-94); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaretin içərisində gümüşü rəngli kağıza bükülmüş psixotrop maddə metamfetaminə bənzər predmet çıxarıb təqdim etməsi, içərisində metamfetamin olduğunu bildirməsi, bundan sonra təqdim olunan psixotrop maddənin elektron tərəzidə çəkilməsi və çəkisinin 0.22 qram olması, həmin bükümün zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü Sadıqova Ayşən adlı; xx.xx.2008-ci il təvəllüdlü Nərmin Sadıqova adlı, xx.xx.2015-ci il təvəllüdlü Murad Sadıqov adlı 3 azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,334 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını (CM- 59.1.4), əməlindən səmimi peşmanlıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məcburi müalicə təyin edilməli , ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52- 1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Kürdəmir rayonunda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətdə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Kürdəmir rayonunu axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,284 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar