Məhkəmə qərarları › İş №1(011)-494/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-494/2025

22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-494/2025 22.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,495 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 21 iyul 2025-ci il tarixdə, saat 22:38-də Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı sağ əlində saxladığı kibrit qutusunun içərisindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,495 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən üç ildən çox müddətdir ki, psixotrop maddə metamfetamin istifadə edir. 21 iyul 2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Xətai rayonunda yerləşən «Əhmədli» metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 (iyirmi) manat müqabilində bir ədəd üzəri yapışqanlı lentlə bağlanmış kibrit qutusunun içərisində şəffaf sellofan bükümdə «patı» kimi tanıdığı psixotrop maddə alıb üzərində gəzdirmişdir ki, münasib yer tapdığı halda onu istifadə etsin. Həmin gün, yəni 21 iyul 2025-ci il tarixdə saat 22:38-də Xətai rayonu, S.Ə.Şirvani küçəsi 9 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər şəxs ona yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, xidməti vəsiqələrini göstərməklə polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra elə həmin yerdə polis əməkdaşları üzərində qanunla qadağan olunmuş əşya olub-olmamasını əgər varsa təqdim etməsini bildirmişlər. Bu zaman o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən özünə məxsus daxilində ***-***-**-** və ***-***-**-** GSM nömrələri olan «Redmi» markalı mobil telefonu, həmin şalvarın sol yan cibində saxladığı içərisində müxtəlif plastik kartlar olan qara rəngli pul kisəsi və bir ədəd alışqanı, həmçinin sağ əlində saxladığı içərisində bir ədəd şəffaf sellofan bükümdə «patı» kimi tanıdığı psixotrop maddə olan üzəri yapışqanlı lentlə bağlanmış kibrit qutusunu təqdim etmişdir. Polis əməkdaşları onu saxlamamışdan əvvəl o, həmin kibrit qutusunu əynində olan qara rəngli şalvarın arxa sağ cibində saxlamış və onu mülki geyimli şəxslərin təqib etdiyini görüb sonuncuların polis əməkdaşları ola biləcəklərini ehtimal edərək həmin kibrit qutusunu atmaq istəsə də, buna nail ola bilməmişdir, bu səbəbdən də polis əməkdaşları onu saxlayanda qeyd olunan kibrit qutusu sağ əlində qalmışdır. Bundan sonra həmin kibrit qutusunun içərisindəki bükümün çəkisi elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt sol qolunda olan bir ədəd «Curren» markalı qol saatı, sağ əlində olan bir ədəd qolbaq, sağ və sol əlinin barmaqlarında olan iki ədəd üzük polis əməkdaşları tərəfindən götürülmüş, lakin üzərinə baxış zamanı digər hər hansı əşya aşkar olunmamışdır. Bütün bunlar mobil telefon vasitəsi ilə videolentə alınmışdır. Daha sonra polis əməkdaşları ilə birlikdə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə getmişlər. Ona qarşı hər hansı bir fiziki və ya psixi təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsin Xətai rayonu ərazisində narkotik vasitələrin saxlanması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bundan sonra keçirilmiş əməliyyat tədbiri nəticəsində 21 iyul 2025-ci il tarixdə, saat 22:38-də Təqsirləndirilən şəxs S.Ə.Şirvani küçəsi 9 ünvanının yaxınlığında piyada gedərkən müəyyən olunmuş və sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsini demişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs şalvarının cibindən «Redmi» markalı mobil telefonu, müxtəlif plastik kartlar olan qara rəngli pul kisəsi, həmçinin sağ əlində saxladığı kibrit qutusunu təqdim etmişdir. Həmin kibrit qutusuna baxış keçirilən zaman oradan bir büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisindəki maddə metamfetamindir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş bükümün miqdarı onlar tərəfindən elektron çəkidə çəkildikdən sonra zərfə qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilən içərisində psixotrop maddə olan bir ədəd büküm və digər əşyalar Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə aparılaraq baş təhqiqatçı Elçin Qəhrəmanlıya təhvil verilmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs adlı şəxsin Xətai rayonu ərazisində narkotik vasitələrin saxlanması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 21 iyul 2025-ci il tarixdə 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində 21 iyul 2025-ci il tarixdə, saat 22:38də Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında piyada hərəkətdə olan zaman müəyyən olunmuş və sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsini demişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən özünə məxsus bir ədəd «Redmi» markalı mobil telefonu, həmin şalvarın sol yan cibində saxladığı içərisində müxtəlif plastik kartlar olan qara rəngli pul kisəsi və bir ədəd alışqanı, həmçinin sağ əlində saxladığı üzəri yapışqanlı lentlə bağlanmış kibrit qutusunu təqdim etmişdir. Həmin kibrit qutusuna baxış keçirilən zaman oradan içərisində psixotrop maddə olan bir ədəd şəffaf sellofan büküm aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisindəki maddə «patı» kimi adlandırılan psixotrop maddə metamfetamindir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş bükümün miqdarı onlar tərəfindən elektron çəkidə çəkildikdən sonra zərfə qablaşdırılaraq möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt sonuncunun sol qolunda olan bir ədəd «Curren» markalı qol saatı, sağ əlində olan bir ədəd qolbaq, sağ və sol əlinin barmaqlarında olan iki ədəd üzük onlar tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilən içərisində psixotrop maddə olan bir ədəd büküm və digər əşyalar Xətai RPİ-nin 34cü Polis Şöbəsinə aparılaraq baş təhqiqatçı Elçin Qəhrəmanlıya təhvil verilmişdir. Baş təhqiqatçı Elçin Qəhrəmanlı tərəfindən lentə alınmış əməliyyat çəkilişinə baxış keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri və baxış barədə protokollar tərtib olunaraq imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 22 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır (i.v. 1); əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 21 iyul 2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən özünə məxsus «Redmi» markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən içərisində müxtəlif plastik kartlar olan qara rəngli pul kisəsini və bir ədəd alışqanı, həmçinin sağ əlində saxladığı içərisində bir ədəd şəffaf sellofan büküm olan üzəri yapışqanlı lentlə bağlanmış kibrit qutusunu təqdim edir. Daha sonra həmin kibrit qutusunun içərisindəki şəffaf sellofana baxış keçirilən zaman oradan ağ rəngli kristal formalı maddə aşkar olunur. Sonra kütlə elektron tərəzidə çəkilir, çəkisi 0.58 qram olması müəyyən edilir həmin maddə tərəflərindən qablaşdırılmış, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra şəxsin üzəri yoxlanılmış, həmin vaxt onun sol qolunda olan bir ədəd «Curren» markalı qol saatı, sağ əlində olan bir ədəd qolbaq, sağ və sol əlinin barmaqlarında olan iki ədəd üzük götürülmüşdür, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər maddəni tanımadığı şəxsdən əldə etdiyini və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Üstünü yoxlama Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani 9 ünvanının yaxınlığında keçirilmişdir (i.v. 13-15); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 21 iyul 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan zərfdə qablaşdırılmış 1 ədəd şəffaf sellofan bükümdə ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddə aşkar olunmuş və “Çin” istehsallı elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 0.58 qram olduğu müəyyən edilmişdir. Bundal əlavə üzərindən bir ədəd “Redmi” markalı mobil telefon, bir ədəd “Curren” markalı qol saatı, iki ədəd üzük, bir ədəd qolbaq, bir ədəd alışqan və qara rəngli içərisində müxtəlif kartlar olan pul kisəsi aşkar olunmuşdur (i.v. 18-19); şübhəli şəxsin tutulması haqqında 21 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:38 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 31); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/2521/2025 nömrəli, 22 iyul 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №152» dairəvi möhür əksi olan, «Ş.Qalib (imza)» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,495 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanımış psixotrop maddə metamfetamindir (i.v. 44-47); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 iyul 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 56-57); diskdə olan videoyazıya baxış keçirilməsi haqqında 23 iyul 2025-ci il tarixli protokollardan görünür ki, disklərdə olan həmin görüntülər, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi, həmçinin təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 21 iyul 2025-ci il tarixli protokollara uyğun olmuşdur (i.v. 74-76); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 23 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Xətai RPİ-nin MSY-dən azad olunmuşdur (i.v. 83-84); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 23 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 85-87); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 107); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsinin xx.xx.2025-ci il tarixli, 4439 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 108-109); sübutların qiymətləndirilməsi haqqında 24 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0.495 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0.445 qram psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı qeydə alınmış videogörüntülər olan 02 ədəd “DVD-R” formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə olunmuş, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/2521 saylı və məhkəmənarkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 4439 sayl rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər (i.v. 127-132); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-494/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, tutulduğu təqdirdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilərək Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı birinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən özünə məxsus «Redmi» markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən içərisində müxtəlif plastik kartlar olan qara rəngli pul kisəsini və bir ədəd alışqanı, həmçinin sağ əlində saxladığı içərisində bir ədəd şəffaf sellofan büküm olan üzəri yapışqanlı lentlə bağlanmış kibrit qutusunu çıxarıb təqdim edir. Daha sonra həmin kibrit qutusunun içərisindəki şəffaf sellofana baxış keçirilən zaman oradan ağ rəngli kristal formalı maddə aşkar olunur. Sonra kütlə elektron tərəzidə çəkilir, çəkisinin 0.58 qram olması müəyyən edilir. Daha sonra şəxsin üzəri yoxlanılır, həmin vaxt onun sol qolunda olan bir ədəd qol saatı, sağ əlində olan bir ədəd qolbaq, sağ və sol əlinin barmaqlarında olan iki ədəd üzük götürülür, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinmir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər maddəni tanımadığı şəxsdən əldə etdiyini və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirir. Məhkəmə istintaqı zamanı ikinci diskdə olan görüntüyə baxış keçirilmiş, təqdim olunan zərfdə qablaşdırılmış 1 ədəd şəffaf sellofan bükümdə ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddə aşkar olunmuş və “Çin” istehsallı elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 0.58 qram olduğu müəyyən edilir. Bundal əlavə üzərindən bir ədəd “Redmi” markalı mobil telefon, bir ədəd qol saatı, iki ədəd üzük, bir ədəd qolbaq, bir ədəd alışqan və qara rəngli içərisində müxtəlif kartlar olan pul kisəsi aşkar olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0.495 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 21 iyul 2025-ci il tarixdən 23 iyul 2025-ci il tarixədək, 28 noyabr 2025-ci il tarixdən 22 yanvar 2025-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 01 (bir) ay 27 (iyirmi yeddi) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.495 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0.445 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 iyul 2025-ci il tarixdən 23 iyul 2025-ci il tarixədək, 28 noyabr 2025-ci il tarixdən 22 yanvar 2025ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 01 (bir) ay 27 (iyirmi yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 03 (üç) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 02 (iki) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.495 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0.445 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd “DVD-R” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar