Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-495/2023 12.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 ittiham elan olunmuşdur ondan ötrü ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 2022-ci ilin avqust ayının əvvəllərində aralarındakı şifahi razılığa əsasən özünə məxsus “Toyota Prius” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs taksi fəaliyyəti ilə məşğul olmaq üçün təhvil verdikdən təxminən iki həftə sonra sonuncunun həmin fəaliyyəti dayandırması, borcunun üst-üstə gəlməməsi üçün avtomobilin qaytarılması ilə onun razılaşmaması səbəbindən yaranmış narazılığa aydınlıq gətirilməsindən ötrü qardaşı Təqsirləndirilən şəxs2 ilə 29 avqust 2022-ci il tarixdə saat 20 radələrində ünvan 4 ünvanda yerləşən “Mediland” tibb mərkəzinin qarşısında Zərərçəkmiş şəxsla görüşmüş, bununla bağlı mübahisə zamanı qardaşı Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunan qərəzli hərəkətləri ilə o, yumruqla, Təqsirləndirilən şəxs2 isə yumruq və təpiklə Zərərçəkmiş şəxs üz nahiyəsinə vuraraq sağ yanaq və döş qəfəsi nahiyələrinin sıyrıqları ilə müşayiət olunan dərəcələri təyin edilməyən, burun nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, tənəffüs pozulması, burun qanaxması, sağ almacıq, başın sağ təpə nahiyələrinin dərialtı hematomaları, sağ dirsək oynağının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, hərəkət məhdudluğu kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vuraraq xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 ittiham elan olunmuşdur ondan ötrü ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, qardaşı Təqsirləndirilən şəxs1 özünə məxsus “Toyota Prius” markalı **-EH- *** dövlət qeydiyyat nişanlı avtomobili 2022-ci ilin avqust ayının əvvəllərində aralarındakı şifahi razılığa əsasən Zərərçəkmiş şəxs taksi fəaliyyəti ilə məşğul olmaq üçün təhvil verməsindən təxminən iki həftə sonra sonuncunun həmin fəaliyyəti dayandırması, borcunun üst-üstə gəlməməsi üçün avtomobilin qaytarılması ilə razılaşmaması səbəbindən yaranmış narazılığa aydınlıq gətirilməsindən ötrü Təqsirləndirilən şəxs1 ilə 29 avqust 2022-ci il tarixdə saat 20 radələrində ünvan 4 ünvanda yerləşən “Mediland” tibb mərkəzinin qarşısında Zərərçəkmiş şəxsla görüşmüş, bununla bağlı mübahisə zamanı Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunan qərəzli hərəkətləri ilə o, yumruq və təpiklə, Təqsirləndirilən şəxs1 isə yumruqla Zərərçəkmiş şəxs üz nahiyəsinə vuraraq sağ yanaq və döş qəfəsi nahiyələrinin sıyrıqları ilə müşaiyət olunan dərəcələri təyin edilməyən, burun nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, tənəffüs pozulması, burun qanaxması, sağ almacıq, başın sağ təpə nahiyələrinin dərialtı hematomaları, sağ dirsək oynağının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, hərəkət məhdudluğu kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vuraraq xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qısa müddətdir ki, tanımışdır. Onunla tanışlığı taksi kimi istifadə üçün kirayəyə verdiyi avtomobillərlə bağlı yaranmışdır. Belə ki, İlkin təxminən hadisə baş verdiyi vaxtdan 3 həftə əvvəl onun avtomobillərindən birini taksi fəaliyyəti ilə məşğul olmaq üçün idarə etmiş və bunun müqabilində ondan əmək haqqı almışdır. O, İlkinə etibarnamə olmadan “Toyota Prius” markalı dövlət qeydiyyat nişanı **-EH-*** olan avtomobilini idarə etməsi üçün vermişdir. Onunla birlikdə təxminən 3 həftəyə yaxın işlədikdən sonra ona 900 manat borcu yaranmış, həmin borcdan 200 manat ona qaytarmışdır. 3 həftənin tamamında İlkin onunla işləmək istəmədiyini bildirmiş, o da İlkinə heç bir problemin olmadığını, avtomobili gətirib qaytarmasını, yoxlatdırdıqdan sonra işləri yekunlaşdıracağını bildirmişdir. Sonuncu dəfə 29 avqust 2022-ci il tarixdə təxminən saat 20 radələrində o, qardaşı Vasiflə bu məsələ ilə bağlı Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsi 62 ünvanında yerləşən “Mediland” xəstəxanasının yaxınlığında küçədə İlkinlə ayaqüstü söhbət edən zaman aralarında sözlə mübahisə yaranmış və həmin mübahisə zamanı İlkin onun üzərinə gəlib vurmasın deyə onun əlindən tutub qolunu sıxmış, bu zaman qardaşı Vasif və ətrafda olan şəxslər yanlarına yaxınlaşmışlar və onları aralamağa başlamışlar. Bu zaman İlkin öz avtomobilinə oturub qaçmaq istəyərkən qardaşı Vasif onun avtomobilinə yaxınlaşmış və İlkini avtomobildən çıxarmışdır. Həmin zaman İlkin uca səslə təhqiredici ifadələr işlətdiyinə görə o, əsəblərini cilovlaya bilməyib bir dəfə yumruqla onun sifət nahiyəsindən vurmuş, həmin vaxt ətrafdakı şəxslər onları aralamışlar. Verilmiş suallara cavab olaraq o, əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə 29 avqust 2022-ci ildə söhbət etdikləri zaman onun ona olan borcu barədə heçnə deməmişdir. Həmin gün Zərərçəkmiş şəxs avtomobili təhvil vermək istəyəndə, o, ona bildirmişdir ki, sabah gedib avtomobili yoxlatsınlar və o, avtomobili təhvil alsın. Zərərçəkmiş şəxs əvvəlcədən vurmaq məqsədi olmamışdır, lakin, o, onu təhqir etdiyinə görə əsəbləşib onu vurmuşdur ki, qeyd olunan halın xuliqanlıq cinayət kimi qiymətləndirilməsi ilə razılaşmır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qısa müddətdir ki, tanımışdır. Onunla tanışlığı taksi kimi istifadə üçün kirayəyə verdiyi avtomobillərlə bağlı yaranmışdır. Belə ki, İlkin təxminən 3 həftəyə yaxın müddət ərzində Babəkin avtomobillərindən birini taksi fəaliyyəti ilə məşğul olmaq üçün idarə etmiş bunun müqabilində onlardan pul almışdır. Bir müddət onların avtomobilini idarə etdikdən sonra İlkin Babəklə işləmək istəmədiyini bildirmiş, qardaşı İlkinə heç bir problemin olmadığını, maşını gətirib qaytarmasını, maşını yoxlatdırdıqdan sonra avtomobili təhvil alacağını bildirmişdir. Sonuncu dəfə 2022-ci ilin avqust ayında saat 20 radələrində o, qardaşı Babəklə bu məsələ ilə bağlı “Mediland” xəstəxanasının yaxınlığında İlkinlə ayaqüstü söhbət edən zaman aralarında sözlə mübahisə yaranmış və həmin mübahisə zamanı İlkin qardaşının üzərinə gəlib vurmaq istəyən zaman qardaşı Babək, İlkin vurmasın deyə sonuncunun əlindən tutub qolunu sıxmış, bu zaman o və ətrafda olan şəxslər onlara yaxınlaşıb aralamağa başlamışlar. Bu zaman İlkin öz avtomobilinə oturub qaçmaq istəyərkən o, özlərinə məxsus olan avtomobilin açarını avtomobildən götürmək və bu məsələni aydınlaşdırmaq məqsədi ilə yaxınlaşıb İlkini avtomobildən çıxarmışdır. Həmin zaman İlkin uca səslə qardaşı Babəkin barəsində təhqiredici ifadələr işlətdiyinə görə Babək əsəblərini cilovlaya bilməyib bir dəfə yumruqla İlkinin sifət nahiyəsindən vurmuş, təhqiredici ifadələrə görə o, Zərərçəkmiş şəxs təpiklə vurmaq istəsə də, sonuncu çəkilmiş və zərbə ona dəyməmişdir. Verilmiş suallara cavab olaraq o, əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs vurmamışdır və ona xəsarət yetirməmişdir. O, onları təhqir etdiyinə görə onu təpik ilə vurmaq istəmişdir, lakin zərbə ona dəyməmişdir. O, onların avtomobilinə əyləşib qaçmaq istəyərkən, onu avtomobildən endirib məsələni aydınlaşdırmaq istəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman Təqsirləndirilən şəxs1 və qardaşı Təqsirləndirilən şəxs2 hadisədən təxminən bir aydan artıq müddətdir ki, tanımışdır. Onlarla olan tanışlığı taksi fəaliyyəti ilə məşğul olmağı ilə əlaqədar olmuşdur. Belə ki, Babək icarəyə avtomobil vermiş və o, Babəkin icarəyə verdiyi avtomobili taksi kimi idarə etmişdir. Avtomobillə təxminən 3 həftəyə yaxın işlədikdən sonra Babək ona yalandan avtomobili düzgün idarə etmədiyi üçün 900 manat borcu olduğuu bildirmiş, o isə həmin puldan 200 manatı Babəkə vermişdir. Bu hadisədən sonra Babəklə olan iş münasibətini bitirməyi və avtomobilini geri qaytarmağı fikirləşmiş və bu barədə Babəkə bildirmişdir. Buna baxmayaraq Babək ona maşını qaytarmağı ilə razılaşmamış və onu müxtəlif şəkildə bir neçə dəfə hədələmişdir. Sonuncu dəfə 29 avqust 2022-ci il tarixdə təxminən saat 20 radələrində Babək və qardaşı Vasiflə bu məsələ ilə bağlı “Mediland” xəstəxanasının yaxınlığında küçədə ayaqüstü söhbət edən zaman heç bir əsaslı səbəb olmadan, anidən Babək onu yumruqla bir neçə dəfə üz nahiyəsindən vurmuşdur. Bunu görən qardaşı Vasif də yumruq və təpik zərbələri ilə onu vuraraq ona bədən xəsarəti yetirmişdir. Babək və Vasifin onu döyməsini görən ətrafda olan şəxslər onlara yaxınlaşmışlar və onları aralamışlar. Ətrafda çoxlu şəxslər olmuş, həmin şəxslər Babəklə Vasifin onu döydüyü üçün narahatçılıq keçirtmişlər. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermiş, polislər gələn müddət ərzində onlar yenidən bir neçə dəfə onun üzərinə hücum çəkmişlər. Həmçinin o qeyd etmişdir ki, hadisə zamanı Babək və Vasif onu vurduqları üçün o hadisə yerindən çıxıb getmək istəmiş, maşına əyləşib getmək istədikdə, Vasif yaxınlaşaraq onu camaatın gözü qarşısında zorla maşından çıxarıb yenə vurmuşdur. Həmçinin o qeyd etmişdir ki, hadisə vaxtı heç bir nalayiq ifadə işlətməmiş, təqsirləndirilən şəxsləri təhqir etməmişdir. Babək və Vasiflə barışmamışdır, hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir, lakin təqsirləndirilən şəxslər tərəfindən ona heç bir köməklik göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hadisə baş verən zaman Zərərçəkmiş şəxs təxminən iki ildən artıq müddətdir ki, tanımışdır. İlkinlə olan tanışlığı taksi fəaliyyəti ilə bağlı olmuşdur. 29 avqust 2022-ci il tarixdə təxminən saat 20 radələrində o, tanışı İlkinlə birlikdə ünvan 5 ünvanında yerləşən “Mediland” xəstəxanasının yaxınlığına onun avtomobil məsələsini danışması üçün bir yerdə getmişdir. Bu zaman İlkin ona avtomobildə gözləməsini, avtomobili Babəkə təhvil verib qayıdacağını söyləmişdir. Ona görə də o, avtomobildə əyləşib İlkinin gəlməsini gözləmişdir. Bir müddət sonra o çox möhkəm səslər eşitmişdir, yən gələn səs o qədər möhkəm olmuşdur ki, o diksinmiş, narahatçılıq keçirmiş və avtomobildən düşmüşdür, avtomobildən düşməyinin səbəbi İlkin üçün, həmçinin ümumi olaraq çox möhkəm narahatçılıq keçirməsi olmuşdurş. Avtomobildən düşən zaman İlkinin Babək və Vasif tərəfindən döyüldüyünü görmüşdür. Dava-dalaş küçədə hamının gözü qarşsında olmuşdur. Onlara yaxınlaşmış və aralamağa çalışmşdır. İlkin avtomobilə oturub hadisə yerindən getmək istədikdə Vasif qaçaraq avtomobilə yaxınlaşmış və İlkini avtomobildən aşağıya endirmişdir. Bundan sonra ətrafda olan şəxslərin köməkliyi ilə onları aralamış və İlkinin halı pisləşdiyi üçün ona ilkin tibbi yardım göstərmişlər, həmçinin polisə hadisə barədə məlumat vermişlər. Həmçinin o qeyd etmişdrir ki, zərərçəkmiş şəxs hadisə vaxtı heç bir nalayiq ifadə işlətməmiş, təqsirləndirilən şəxsləri təhqir etməmişdir. Əksinə təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsi təhqir etmişlər. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, bir neçə ildir ki, o, yaşadığı ünvana yaxın M.Mehdizadə küçəsində yerləşən “Mediland” adlı xəstəxananın qarşısında dayanıb oraya və ətrafda yerləşən obyektlərə gələn şəxslərin avtomobillərinin yerbəyer edilməsinə köməklik edərək və maşınlara nəzarət edərək gündəlik öz tələbatı üçün pul qazanır. O, bir qayda olaraq hər gün saat 19 radələrindən saat 24 radələrinə kimi bu işlə məşğul olur. 29 avqust 2022-ci il tarixdə təxminən saat 20 radələrində o, hər zaman olduğu kimi Xətai rayonu, M.Mehdizadə küçəsi 62 ünvanında yerləşən “Mediland” xəstəxanasının yaxınlığında öz işində olarkən küçədə yolun qarşı tərəfində səslərin ucadan gəlməsini, nalayiq ifadələrin işlədildiyini eşitmişdir. Səs-küy olan tərəfə diqqət yetirdikdə iki nəfər üzərində açıq rəngli köynək olan şəxslərin əynində qara rəngli köynək olan şəxsi döydüklərini, ona yumruq və təpiklə vurduqlarını görmüşdür. O, hadisə olan yerə yaxınlaşmamış və olduğu yerdən hadisəni seyr etmişdir. Hadisə zamanı həmin iki nəfər şəxs bununla da kifayətlənməyib üzərində qara rəngli köynək olan nisbətən uca boylu şəxsi ağ rəngli “Toyota” markalı avtomobildən düşürüb onu döymüşlər. Həmin vaxt ətrafda olan digər yoldan keçən şəxslər oraya toplaşmışlar və həmin şəxsləri aralaşdırmışlar. Hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında 19 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında fakta görə Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanda yerləşən “Mediland” tibb mərkəzinin qarşısına baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 12-14); götürmə haqqında 29 avqust 2023-cü il tarixli protokoldan görünür ki, “Mediland” tibb mərkəzinin təhlükəsizlik kamerasından hadisənin görüntülərini özündə əks etdirən 01 “CD- R” formatlı disk istintaq orqanı tərəfindən götürülmüşdür (i.v. 16); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X5 30 avqust 2022-ci il tarixli 965 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs burun nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, tənəffüs pozulması, burun qanaxması, sağ almacıq, başın sağ təpə nahiyələrinin dərialtı hematomaları, sağ dirsək oynağının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, hərəkət məhdudluğu, sağ yanaq və döş qəfəsi nahiyələrinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə kənar şəxslər tərəfindən törənə bilərdi, dərəcəsinə görə burun nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, tənəffüs pozulması, burun qanaxması, sağ almacıq, başın sağ təpə nahiyələrinin dərialtı hematomaları, sağ dirsək oynağının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, hərəkət məhdudluğu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. 2. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə öz-özünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur (i.v. 19-20); cinayət işinin icraata qəbul edilməsi haqqında 24 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi icraata qəbul edilməklə ibtidai istintaqı aparılmışdır (i.v. 39); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinərək aylıq gəlirinin 20% dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir (i.v. 46- 47); Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Səbail Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətə islah işləri cəzası icra olunmuş və o, xx.xx.2012-ci il tarixdə Səbail rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 48-49); zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 64-65); diskə baxış keçirilməsi haqqında 10 yanvar 2023-cü il tarixli protokollardan görünür ki, “Mediland” tibb mərkəzinin təhlükəsizlik kamerasından əldə olunmuş diskə baxış keçirdikdə içərisində 01 ədəd “WhatsApp Video 2022-09-09 at 12.35.37” adlı video faylın olması aşkar edilmişdir. Həmin videogörüntü açıldıqda müəyyən olmuşdur ki, yolun kənar hissəsində avtomobillər dayanmış və avtomobilərin yanında dörd nəfər şəxs ayaqüstə söhbət edirlər. Həmin dörd nəfər şəxsdən qara rəngli köynək geyinmiş şəxslə üzbəüz və sağ yanında olan ağ rəngli köynək geyinmiş şəxslərin söhbət etməsi, bu zaman hər iki ağ rəngli köynək geyinmiş şəxslərin qara rəngli köynək geyinmiş şəxsi yumruq zərbələri ilə vurması, həmin zaman kənarda olan şəxslərin onlara yaxınlaşıb onları araladıqdan sonra qara köynək geyinmiş şəxsin irəlidə olan avtomobilə qaçaraq əyləşməsi, bundan sonra onunla üzbəüz şəkildə dayanmış şəxsin onun yanına qaçıb əyləşməsi, daha sonra isə videogörüntünün ilkin saniyəsindən etibarən qara köynək geyinmiş şəxsin sağ yanında olan ağ köynək geyinmiş şəxsin qaçıb onu avtomobildən endirməsi və daha sonra ətrafda olan şəxslərin onları aralayıb aparması görüntüləri əks olunmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs, video görüntüdə əynində qara rəngli köynək geyinmiş şəxsin özünün olmasını, onunla üzbəüz dayanmış şəxsin Təqsirləndirilən şəxs1, onun sağ yanında olan şəxsin Təqsirləndirilən şəxs2, onun yanında dayanmış şəxsi isə tanımadığını, ifadəsinə uyğun olaraq ilk öncə Babəkin onu vurmasını, daha sonra qardaşı Vasifin onu yumruqla vurduğunu ətrafdakı şəxslərin onları araladıqdan sonra maşına qaçıb oturduğunu, bu zaman Babəkin onun ardınca gəlib avtomobilə əyləşdiyini, Babəkin onu avtomobildə də yumruqla vurduğunu, həmin anda avtomobilin o, əyləşən hissəsindən qapısının açıldığını və Vasifin onu yumruqla zərbələr vuraraq avtomobildən çıxarmasını, avtomobildən endikdən sonra Babəkin onları aralayan şəxslərin yanında onu vurmağa davam etməsini bildirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1, video görüntüdə əynində ağ rəngli köynək geyinmiş İlkin Məmədovun sağ tərəfində dayanmış şəxsin qardaşı Vasif olmasını, Zərərçəkmiş şəxsla üzbəüz dayanmış şəxsin özü olmasını, onun yanında dayanmış şəxsin isə Anar adlı şəxs olmasını bildirmiş, ifadəsinə uyğun olaraq İlkin onu vurmasın deyə onun əlindən tutub qolunu sıxmasını, bu zaman qardaşı Vasifin İlkini zərərsizləşdirmək məqsədi ilə onu vurmağa cəhd etməsini, həmin anda telefonu yerə düşdüyü üçün telefonunu götürməyə əyildiyini, bundan sonra ətrafda olan şəxslərin onları aralamasını, Zərərçəkmiş şəxs avtomobilinə əyləşib getmək istəyən zaman İlkində onlara məxsus olan avtomobilin açarı qalmasını düşündüyü üçün açarı almaq məqsədi ilə onun əyləşdiyi avtomobilə yaxınlaşıb əyləşib avtomobil ilə oranı tərk etməsin deyə idarə etdiyi avtomobilin açarını çıxarmasını, bu zaman qardaşı Vasifin qapını açdığını İlkinin qolundan tutub onu çölə çıxarmasını, bu zaman İlkin nalayiq söyüşlər söydüyü üçün İlkini yumruqla vurmasını, bundan sonra ətrafda olan şəxslərin onları aralamasını bildirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2, video görüntüdə əynində ağ rəngli köynək geyinmiş İlkin Məmədovun sağ tərəfində dayanmış şəxsin özü olmasını, Zərərçəkmiş şəxsla üzbəüz dayanmış şəxsin qardaşı Babək olmasını, onun yanında dayanmış şəxsin isə Anar adlı şəxs olmasını bildirmiş, ifadəsinə uyğun olaraq qardaşı Babəkin İlkin onu vurmasın deyə onun əlindən tutub qolunu sıxmasını, bu zaman İlkini zərərsizləşdirmək məqsədi ilə onu vurmağa cəhd etməsini, həmin anda telefonu yerə düşdüyü üçün telefonunu götürməyə əyildiyini, bundan sonra ətrafda olan şəxslərin onları aralamasını, Zərərçəkmiş şəxs avtomobilinə əyləşib getmək istəyən zaman İlkində onlara məxsus olan avtomobilin açarı qalmasını düşündüyü üçün açarı almaq məqsədi ilə onun əyləşdiyi avtomobilə yaxınlaşıb qapını açdığını, bu zaman qardaşının İlkinin yanında olduğunu və mübahisə etdiklərini gördüyünü, İlkinin qolundan tutub onu çölə çıxarmasını, bu zaman İlkin nalayiq söyüşlər söydüyü üçün qardaşı Babəkin onu yumruqla vurmasını, bundan sonra ətrafda olan şəxslərin onları aralamasını bildirmişdir (i.v. 78, 83); 10 yanvar 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (i.v. 79-82); 10 yanvar 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (i.v. 84-86); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 18 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir (i.v. 108-109); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 21 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v. 126-127); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 21 iyul 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 139-141); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 21 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v. 151-152); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 21 iyul 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 166-167); sübutların qiymətləndirilməsi haqqında 22 iyul 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-nin 221.3-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən cinayət təqibinin başlanması rədd edilmişdir, Zərərçəkmiş şəxs ifadəsi, şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu, məhkəmə-tibbi ekspertin rəyi, üzləşdirmə keçirilməsinə dair protokollar, diskə baxış keçirilməsi haqqında protokol sübut növü kimi qiymətləndirilmişdir (i.v. 170-176); elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində yetkinlik yaşına çatmayan övladı xx.xx.2005-ci il təvəllüdlü X3 vardır; elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində yetkinlik yaşına çatmayan övladı xx.xx.2008-ci il təvəllüdlü X4 vardır. Məhkəmə istintaqı zamanı 01 ədəd “CD-R” formatlı diskdə olan videogörüntüyə baxış keçirilmiş və görüntünün diskə baxış keçirilməsi haqqında 10 yanvar 2023-cü il tarixli protokola uyğun olması müəyyən olmuşdur. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs vurmamışdır və ona xəsarət yetirməmişdir. O, onları təhqir etdiyinə görə onu təpik ilə vurmaq istəmişdir, lakin zərbə ona dəyməmişdir. O, onların avtomobilinə əyləşib qaçmaq istəyərkən, onu avtomobildən endirib məsələni aydınlaşdırmaq istəmişdir. Lakin məhkəmə, Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməməsi barədə ifadəsinə tənqidi yanaşır. Müdafiə hüququnun təməl insitutu kimi Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən yayınmağa çalışır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə və şahidlərə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra həmin şəxslər dindirilmişlər. Həmin şəxslərin ifadələri ilə Təqsirləndirilən şəxs2 ifadəsi istisna edilmiş, zərərçəkmiş şəxsin ifadəsi şahidlər Şahid1 və Şahid2 ifadələri ilə yanaşı məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları ilə tam təsdiq olunmaqla üst-üstə düşmüşdür. İş üzrə ifadələri alınmış zərərçəkmiş şəxs və şahidlər öz ifadələrində bildirmişlər ki, 29 avqust 2022-ci il tarixdə saat 20 radələrində ünvan 4 ünvanda yerləşən “Mediland” tibb mərkəzinin qarşısında baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs hər iki Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən yumruq və təpiklə döyülmüşdür. Həmçinin, məhkəmə istintaqı zamanı “Mediland” tibb mərkəzinin təhlükəsizlik kamerasından əldə olunmuş 01 ədəd “CD-R” formatlı diskdə olan videogörüntüyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 qardaşı ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozmaları, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmələri, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri bir daha öz təsdiqini tapmışdır. Habelə ibtidai istintaq zamanı videogörüntüyə baxış keçirilən zaman iştirak etmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər biri ayrı-ayrılıqda görüntüdəki şəxslərin özləri olduqlarını, hadisə zamanı Vasifin İlkini zərərsizləşdirmək məqsədi ilə onu vurmağa cəhd etməsini etiraf etmişlər. Bundan başqa, məhkəmə, Təqsirləndirilən şəxs1 əməlinin xuliqanlıq cinayəti kimi qiymətləndirilməsinin düzgün olmaması ilə bağlı dəlillərini aşağıda qeyd olunan normalarla təkzib edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilir ki, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarda göstərilmişdir ki, “xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dizpozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud sürətdə pozulması, -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi sağlamlığa zərər vurmaq üçün bəhanə etməklə törədilir. Bununla da, yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq və cinayət işinin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin ünvan 4 ünvanda yerləşən “Mediland” tibb mərkəzinin qarşısında ictimai qaydanı kobud surətdə pozmaları, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək öz qanunsuz hərəkətləri ilə həmin vaxt oradan keçən, həmçinin orada olan digər vətəndaşların diqqətini cəlb etmələri, Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarətlər yetirmələri istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında tədqiq edilən sübutlarla tam olaraq öz təsdiqini tapmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs1 öz ifadəsində Zərərçəkmiş şəxs vurma səbəbi kimi, onu təhqir etməsi olduğunu qeyd etmişdir. Bu halla bağlı məhkəmə qeyd edir ki, həmin hal Zərərçəkmiş şəxs və Şahid1 ifadələri ilə təkzib olunmuşdur. Həmin şəxslər ifadələrində qeyd etmişlər ki, hadisə vaxtı Zərərçəkmiş şəxs deyil, əksinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 nalayiq ifadələr işlədərək zərərçəkmiş şəxsi təhqir etmişlər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmçinin, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2009cu il tarixli hökmü üzrə olan məhkumluğu Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmçinin məhkəmə qeyd edir ki, həmin hökm üzrə məhkumluq ödənilmişdir. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin islah olunmaları onları cəmiyyətdən təcrid etmədən mümkün olduğuna görə onlara müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut – hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd “CD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 3 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd “CD-R” formatlı diskin cinayət işinin materialında saxlanılması nəzərə alınsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-495/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-495/2023
12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver