Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-497/2021 21.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, 22 avqust 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatında olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə 11 oktyabr 2021-ci il tarixdə saat 23:50-də Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 2 ünvanda yerləşən “Bizim” inşaat tikinti materialları mağazasının plastik qapısının şüşəsini sındırmaq yolu ilə mağazaya qanunsuz daxil olub, oradan saxlanc yeri hesab edilən iş masasının siyirtməsindən 630 (altı yüz otuz) manat nəğd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 630 (altı yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, o, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, 2021-ci ilin iyul ayından sentyabr ayınadək ünvan 3 ünvanda olan “Bizim” inşaat materalları mağazasında fəhləlik edərək ailəsini dolandırmışdır. Həmin mağazada verilən aylıq məvacib onu qane etmədiyindən oradan çıxmışdır. Bir müddət işsiz qaldığı üçün ailəsinin pula ehtiyacı yaranmışdır. 11 oktyabr 2021-ci il tarixdə əvvəl işlədiyi “Bizim” inşaat materialları mağazasına oğurluq etmək qərarına gəlmişdir. Həmin günü işçilərin evə getməyini gözləmiş, mağaza saat 20 radələrində bağlandıqdan sonra o, saat 23:50-də yolda avtomobillərin az olduğunu və insanların gəliş gedişinin olmadığını görüb mağazaya yaxınlaşmışdır. Başına gödəkçəsinin papağını qoyub, üzünə də qara rəngli tibbi maska geyinib yerdən götürdüyü daş parçasını köməkçi otağın plastikdən olan qapısının üzərinə olan şüşəyə vurub sındırmışdır. Bundan sonra həmin yerdən içəri daxil olub birbaşa mağazada saxlanc yeri hesab edilən (xəzinə) iş masasının siyirtməsindən 630 manat nəğd pulu oğurlayaraq mağazanı tərk etmişdir. Mağazadan çıxdıqdan sonra taksi sifariş edərək müvəqqəti yaşadığı Abşeron rayonu Masazır qəsəbəsinə getmişdir. Bundan 1-2 gün sonra polis əməkdaşları onu həmin evdə aşkar etmişlər. Ondan hadisə barədə soruşduqda əməlini etiraf etmişdir. Oğurladığı pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. 37ci PŞ-də olarkən zərərçəkmiş Zərərçəkmiş şəxs vurduğu 630 manat maddi ziyanı qaytarmışdır. Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, zərəri ödəmişdir, bir daha belə hallara yol verməyəcək, qeyd edilənlərin nəzərə alınmasını və məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 07 may 2018-ci il tarixdə X1 ilə icarə müqaviləsi bağlayaraq ünvan 4 ünvanda yerləşən “Bizim inşaat” materialları mağazasını işlədir. Həmin mağazanı hər gün saat 08 radələrində açaraq saat 20 radələrinədək fəaliyyət göstərir. 11 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində mağazanın hər iki plastikdən olan qapısını bağlayaraq yaşadığı ünvana getmişdir. 12 oktyabr 2021-ci il tarixdə saat 07:30-da mağazanı açarkən plastik materialdan olan köməkçi giriş qapısının naməlum şəxs tərəfindən şüşəsinin sındırılaraq içəri daxil olub mağazada olan saxlanc yeri hesab edilən (xəzinə) iş masasının siyirtməsindən 630 (altı yüz otuz) manat məbləğində nəğd pulun oğurlanmasını aşkar etmişdir. O, mağazaya ətraflı baxdıqdan sonra mağazada digər əşyaların yerində olmasını müəyyən edib DİN-nin 102 zəng mərkəzi xidmətinən məlumat vermişdir. Bundan sonra polis əməkdaşları hadisə yerini müayinə etdikdən sonra mağazada olan video görüntü kameralarına baxarkən həmin şəxsin 11 oktaybar 2021-ci il tarixdə saat 23:50-də mağazanın köməkçi qapısının şüşəsini sındıraraq içəri daxil olması və 1 dəqiqədən sonra mağazanı tərk etməsi görmüşdür. Bundan başqa, həmin şəxsin baş nahiyəsində papaq, üz nahiyəsində isə tibbi maska olunduğu müşahidə olunmuşdur. Sonradan polis əməkdaşları onu 37-ci PŞ-nə dəvət etmişlər. O, şöbəyə daxil olduqda xidməti otaqların birində 2021-ci ilin iyul ayından sentyabr ayınadək onun mağazasında fəhlə işləyən 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Ondan mağazaya girməsinin səbəbini soruşduqda Murad ona ailəsinin pula ehtiyacı olduğundan oğurluq etdiyini bildirmişdir. Murad oğurladığı pulları şəxsi ehtiyaclarına xərcləsə də sonradan ona 630 manat pulunu qaytarmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, onunla barışmışdır, məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2018-ci il tarixdən ünvan 4 ünvanda yerləşən “Bizim inşaat” materialları mağazasında xəzinədar kimi işləyir. Həmin mağazanı hər gün saat 08 radələrində açaraq saat 20 radələrinədək fəaliyyət göstərir. 11 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində mağazanın hər iki plastikdən olan qapısını bağlayaraq yaşadıqları ünvana getmişlər. 12 oktyabr 2021-ci il tarixdə saat 07:30-da icarədar Zərərçəkmiş şəxs mağazanı açarkən plastik materialdan olan köməkçi giriş qapısının naməlum şəxs tərəfindən şüşəsinin sındırılaraq içəri daxil olub mağazada olan saxlanc yeri hesab edilən iş masasının siyirtməsindən 630 (altı yüz otuz) manat məbləğində nəğd pulun oğurlamasını aşkar etmişdir. Bundan sonra o, mağazaya gəldikdən sonra ətraflı hər yerə baxdıqda mağazada digər əşyaların yerində olmasını müəyyən edib DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat vermişlər. Polis əməkdaşları hadisə yerini müayinə etdikdən sonra mağazada olan video görüntü kameralarına baxarkən həmin şəxsin 11 oktaybar 2021-ci il tarixdə saat 23:50-də mağazanın köməkçi qapısının şüşəsini sındıraraq içəri daxil olması və 1 dəqiqədən sonra mağazanı tərk etməsi aşkar olunmuşdur. Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, 2021-ci ilin iyun ayında Murad adlı şəxslə restoranların birində tanış olmuşdur. Tanış olduğu müddət əzrində onunla ailə qurmaq fikirində olmuşdur. Murad ona hər dəfə gül hədiyyə etmiş, yaşadığı evə az miqdarda olsa bazarlıq etmişdir. Sonuncu dəfə 12 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində Murad onun kirayə yaşadığı evə qızıl gül və ərzaq malları alaraq gəlmişdir. Onun həyəcanlı olduğunu gördükdə səbəbini soruşmuşdur. Lakin Murad ona səbəbini izah etməyərək təəssüf hissi keçirdiyini biruzə vermişdir. Təqsirləndirilən şəxs onun evində gecəni qalaraq səhəri günü saat 15 radələrində getmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, polis şöbəsinə getdikdə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər işlədiyi tikinti malları mağazasında oğurluq hadisəsinə görə tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 15 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır ( i.v. 1); baxış keçirilməsi haqqında 12.10.2021-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 2 ünvanda yerləşən “Bizim” inşaat tikinti materialları mağazasına baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir ( i.v. 7-9); zərərçəkmiş şəxs qismində tanınma haqqında 15.10.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 13); Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs mağazasına daxil olaraq 630 manat məbləğində pul oğurlamışdır. Hazırda dəymiş ziyan ödənildiyi üçün ondan şikayət və tələbi yoxdur ( i.v. 21); şübhəli şəxsin tutulması haqqında 15 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan həmin tarixdə, saat 18:00-da tutulmuşdur ( i.v. 34); ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir ( i.v. 40-43); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 16 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir ( i.v. 45); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 16 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır ( i.v. 63-64); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 16 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir ( i.v. 66); xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir (i.v. 69); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 05.11.2021-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur ( i.v 73); sübutların qiymətləndirilməsi haqqında 10 noyabr 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxsin ifadəsi digər sübutlarla təsdiq edildiyindən, Zərərçəkmiş şəxs ifadəsi, Şahid2 ifadəsi, Şahid1 ifadəsi, hadisə yerinə baxış keçrilməsi haqqında protokol, ifadənin yerində yoxlanması haqqında protokol, 15 oktyabr 2021-ci il tarixli hadisə yerinə baxış keçrilməsi zamanı götürülmüş video görüntülərin yazıldığı 1 ədəd «CD» diksə baxış keçrilməsi haqqında protokol sübut kimi qiymətləndirilmiş, görüntülərin yazıldığı 1 ədəd «CD» diks maddi sübut kimi tanınmışdır (i.v. 74-77); Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdə 11.10.2021-ci il tarixdə 23:50-də plastikdən olan giriş qapısının üzərində olan şüşə örtüyünün əynində papaqlı gödəkçəsi olan orta boylu kişi cinsli bir nəfər şəxs tərəfindən əlində olan daş parçası ilə sındırması və qeyd olunan giriş qapıdan tikinti materialları mağazasına daxil olması, əlində işığı ilə tikinti materialları mağazasının saxlanc yeri hesab edilən (xəzinə) iş masasının siyirtməsində axtarış aparması, pulu götürərək uzaqlaşması müəyyən görünür. Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildrimişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs gənc olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (59.1.13) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-ca maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52- 1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 oktyabr 2021-ci il tarixdən 16 oktyabr 2021-ci il tarixədək saxlanıldığı 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin olunmuş 01 (bir) 06 (altı) müddətində azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-497/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-497/2021
21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver