Məhkəmə qərarları › İş №1(011)-497/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-497/2022

06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-497/2022 06.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi Mirzəyev və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Siyəzən rayonu, Balaca Həmyə kəndində qeydiyyatda olan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədi ilə, 21 avqust 2022-ci il tarixdə, saat 21 radələrində ünvan 1 ünvanında yerləşən “Fransız” parkında gəzişən zaman Zərərçəkmiş şəxs ilə təsadüfən tanış olub birlikdə bir qədər spirtli içki qəbul etdikdən sonra, Zərərçəkmiş şəxs ondan taksi sifariş etməsini xahiş etdiyinə görə üzərində 5 manat dəyərində ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus mobil nömrə olan 01 ədəd 60 manat dəyərində “Lenovo” markalı, “A5” model mobil telefon aparatını alıb, ünvan 2 ünvanında yerləşən ünvan 3ratını özü ilə götürüb qaçaraq oradan uzaqlaşan zaman Zərərçəkmiş şəxs onu səsləyib telefonu qaytarmasını tələb etməsinə baxmayaraq “Lenovo” markalı, “A5” model mobil telefon aparatını açıq yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 65 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidin ibtidai istintaq zamanı verdiyi ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, əvvəllər oğurluq etdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 21 avqust 2022-ci il tarixdə saat təxminən 21 radələrində ünvan 1 ünvanında yerləşən parkda gəzişməyə başlamışdır. O, parkda gəzişən zaman həmin vaxtı orada skamyada əyləşən sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi orta yaşlı bir nəfər şəxsi görmüşdür. O, həmin şəxsə yaxınlaşaraq siqareti olub-olmamasını soruşmuşdur. İlham ona siqaret çıxarıb verən zaman o, sonuncunun yanında əyləşmişdir. Onlar İlham ilə söhbətləşməyə başladıqdan sonra İlham cibindən pul çıxarıb verərək siqaret və içki, həmçinin özünə də içki almağını bildirmişdir.Yaxındakı mağazadan siqaret və içki alıb qayıtmışdır.. Onlar aldığı içkiləri içib qurtardıqdan sonra yanlarına Ceyhun adlı tanışı gəlmişdir.Belə ki, Ceyhunla bir müddət əvvəl tikintidə fəhlə işlədiyi zaman tanış olmuşdur. Həmin vaxt Ceyhun bir xanımla görüşəcəyini bildirib getmişdir.Bundan sonra İlham Mərdəkana getməli olduğundan taksi sifariş etməyi ona söyləmişdir. İlham telefonu ona verdikdən sonra o, *0404 taksi şirkətinə zəng vurmuş və danışa-danışa İlhamla birlikdə metroya tərəf gəlmişlər. İlhamın başının qarışıq olmasını görüb sonuncuya məxsus “Lenovo A5” markalı mobil telefonu götürüb cəld qaçmışdır. Axşam Ceyhunu gördükdə ələ keçirdiyi mobil telefonu saxlaması üçün Ceyhuna vermişdir. Son sözündə içkili olduğunu, əməlindən peşman olduğunu, zərərçəkmişlə barışdığını qeyd edərək yaşlı nənəsinə görə ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq işi ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, təqsirləndirilən şəxslə barışmasını, ona qarşı tələb və şikayətinin olmamasını bildirmişdir. Təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində O, göstərmişdir ki, 21 avqust 2022-ci il tarixdə tarixdə saat təxminən 21 radələrində Xətai rayonunda yerləşən Xocalı parkında skamyada oturmuşdur. O, skamyada oturan zaman sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi cavan bir nəfər şəxs ona yaxınlaşaraq siqaret istəmişdir. O, həmin şəxsə siqaret verdikdən sonra Qəribağa onun yanında əyləşmək üçün icazə istəmişdir. O, Qəribağaya heç bir problemin olmadığını yanında əyləşə biləcəyini söyləmişdir. Onun yanında əyləşdikdən sonra söhbətləşməyə başlamışlar. Söhbət zamanı Qəribağa ondan yenidən siqaret və içki istədiyinə görə o, cibindən 5 manat pul çıxarıb Qəribağaya verərək siqaret və içki, həmçinin ona da içki almağını bildirmişdir. Qəribağa onun dediyi kimi ona siqaret içki və özünə də içki alıb gələrək skamyada yanında əyləşib içki içməyə başlamışdır. Onlar aldıqları içkiləri içib qurtardıqdan sonra yanlarına Qəribağanın dostu Ceyhun adlı şəxs gəlmişdir. Ceyhun gəldikdən sonra onların içkiləri qurtardığı üçün Qəribağa ilə birlikdə yenidən mağazaya doğru getmişlər. Orada özünə, Qəribağaya və Ceyhuna spirtli içki almış və əlavə olaraq da saqqız, günəbaxan tumu və 2 qutu siqaret almışdır. Onlar mağazadan alış veriş etdikdən sonra Ceyhunun yanına qayıtmışlar. Söhbət əsnasında Ceyhun işi olduğu üçün onların yanlarından ayrılmışdır. Bundan sonra o, Mərdəkan qəsəbəsinə getmək üçün taksi sifariş vermək istədiyini söyləmişdir. Qəribağa onun telefonunu götürərək danışırmış kimi edib yanından qaçmağa başlamışdır. O, sonuncun arxası ilə səslənsə də, Qəribağa ona məhəl qoymayaraq qaçmağa davam etmişdir. O hətta Qəribağanın arxası ilə qaçmaq istəsə də 3-4 addım atdıqdan sonra taqəti qalmadığı üçün dayanmışdır. Daha sonra isə baş vermiş hadisə ilə bağlı Xətai RPİ-nin 37-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs açıq yolla taladığı telefon 100 manat dəyərində Lenovo A 5 markalı mobil telefon olmuşdur. Telefonun içərisində 5 manat dəyərində ***-***-**-** saylı nömrə olmuşdur. Həmin nömrənin balansında heç bir vəsait olmamışdır. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs ona qarşı heç bir fiziki şiddət göstərməmişdir. O, hadisə zamanı heç bir xəsarət almamışdır. Məhkəmə iclasında Şahid ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid ifadəsində hadisəni görmədiyini, lakin tanışı Qəribağanın ona 01 ədəd “Lenovo” markalı mobil telefonu saxlamaq üçün verdiyini təsdiqləmişdir. Daha sonra isə onu Polis Bölməsinə dəvət etmişlər. O, orada Qəribağanın ona saxlamağı üçün verdiyi mobil telefonun İlhamdan götürüb qaçdığını öyrənmişdir. O, telefonun onda olduğunu bildirib telefonu könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. O, Qəribağanın İlhama məxsus telefonu götürüb qaçmasının şahidi olmamışdır. Bu barədə sonradan polis bölməsində olan zaman öyrənmişdir. Qəribağa mobil telefonun özünə məxsus olduğunu bildirib saxlamağı üçün ona vermişdir. Mobil telefonun cinayət yolu ilə əldə edildiyini bilməmişdir. Qəribağa ona bu barədə heç bir söz deməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı istintaqa verdiyi ifadəsini təsdiqləyərək hadisənin yerini göstərib, hadisənin necə baş verməsini əyani təsvir etmişdir. İş materiallarında olan (iş vərəqi 18) xx.xx.2022-ci il tarixli könüllü təqdim etmə barədə protokoldan görünür ki, Şahid “Lenovo A5” markalı mobil telefonu təqdim edərək bildirmişdir ki, ona həmin telefonu xx.xx.2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs işlətmək məqsədilə vermiş və könüllü surətdə təqdim etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, 1 ədəd “Lenovo A5” markalı mobil telefon zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş və tanınma zamanı Zərərçəkmiş şəxs mobil telefonu markasından, rəngindən, işlənmə dərəcəsindən tanıdığını bildirmişdir. İş materiallarında olan Məhkəmə Eksperiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6189 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli, “Lenovo” markalı, “A5” model mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olmasını nəzərə alaraq 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 60,00 manat müəyyən edilir. İş materiallarında olan 03 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Lenovo” markalı, “A5” model mobil telefon maddi sübut kimi tanınmış və saxlanması üçün zərərçəkmişə qaytarılmışdır. İş materiallarında olan (iş vərəqi 38) 24 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan (iş vərəqi 85) Xətai rayon prokuroru Şükran Məmmədovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, saxlandığı Xətai RPİ X2 dərhal azad edilmişdir. İş materiallarında olan Xətai RPİ-ni İstintaq Şöbəsinin müstəntiqi Həsənbəy Şərifovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixli Siyəzən Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2017-ci il tarixli Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2017-ci il tarixli hökmü dəyişdirilmiş, 177.2.3-cü maddəsi ilə təyin edilmiş 03 il 09 ay müddətində azadlıqdan məhrum etmə cəzası 02 il 06 aya endirilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 04 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X1 “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi səmimi ifadəsi, zərərçəkmiş şəxsin və şahidin istintaqda verdiyi ifadələri ilə, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs az ağır cinayət üzrə cəza çəkib azadlığa çıxdığı gündən yeni cinayət törətdiyi günə qədər 02 il müddət keçməmiş və məhkumluğu ödənilməmişdir. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs residiv nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında İltizam qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalında həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılmış “Lenovo” markalı, “A5” model mobil telefon onun istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə məhkəmə xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılmış “Lenovo” markalı, “A5” model mobil telefon onun istifadəsinə verilmiş hesab edilsin. İş üzrə məhkəmə xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar