Məhkəmə qərarları › İş №1(011)-498/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-498/2023

25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-498/2023 25.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yekun protokola əsasən Təqsirləndirilən şəxs 26 iyul 2023-cü il tarixdə, saat 12 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Vaz 21074 minik» markalı və modelli, **-KB-*** dövlət qeydiyyat nömrəli avtomobillə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi ilə R.Quliyev küçəsi istiqamətində yolun sağdan 1-ci hərəkət zolağı ilə saatda 40 km/saat surətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, yəni sürücü hərəkətin intensivliyini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş surət məhdudiyyətindən çox olmayan surətlə sürməli, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda qanunun normasına əməl etməyib hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, yolu sağdan sola keçən piyada yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə vuraraq sonuncuya ehtiyatsızlıqdan sol bud sümüyünün orta 1/3-nin qapalı qəlpəli yerini dəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını pozmaqla yol-nəqliyyat hadisəsi törətmişdir Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə baş verən zamana qədər özünə məxsus “Vaz 2107” markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə etmişdir. 26 iyul 2023-cü il tarixdə saat 12 radələrində o, idarə etdiyi avtomobillə Cavanşir küçəsi ilə R.Quliyev küçəsi istiqamətində yolun sağdan 1-ci hərəkət zolağı ilə saatda 40 km surətlə hərəkətdə olarkən yolu sağdan sola iti yerişlə keçən piyadanı avtomobilinin qabaq hissəsi ilə vurmuşdur. Həmin şəxsi vuran kimi avtomobili saxlamış və avtomobildən düşərək piyadaya köməklik etmişdir. O həmin şəxsə su vermiş və təcili yardım çağırmışdır. Sonra təcili yardım avtomobili vurduğu piyadanı xəstəxanaya aparmışdır. O, piyadanı təxminən 6 metr məsafədən görmüşdür. O, avtomobilini həmin şəxsi vurmamaq üçün saxlamağa cəhd etmiş, lakin saxlaya bilməmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin dəymiş ziyanı ödədiyi üçün, mülki iddia üzrə də icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində o, Cavanşir küçəsi əsas yolda 12 saylı marşrut avtobusundan düşərək dayısının yaşadığı Cavanşir küçəsi 32 saylı binaya getmək üçün yolu sağdan sola qaçaraq keçərkən qəflətən surətlə hərəkətdə olan “Vaz 2107” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsi ilə vurulmuşdur. Avtomobilin zərbəsindən o, təxminən 10-15 metr məsafəyə yıxılmışdır. Daha sonra sürücü avtomobili saxlayaraq ona yaxınlaşmış, onu yoldan qaldıraraq yolun səkisinə çıxarmış və orada ona su vermişdir. Sonra təcili yardım çağırmışlar və onu xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs ona qarşı törətmiş olduğu cinayət əməli nəticəsində xeyli miqdarda maddi və mənəvi ziyan dəydiyindən o, məhkəməyə mülki iddia ilə müraciət etmişdir. Belə ki, Təqsirləndirilən şəxs əməli nəticəsində xx.xx.2023-cü il tarixində 630 manata aldığı təzə "Note 30 Pro" markalı mobil telefonuna ciddi ziyan dəymiş və həmin telefon artıq istifadə olunmaz hala gəlmişdir. Ərizəsinə həmin telefonun alış qəbzini və digər sənədləri də əlavə etmişdir. Həmçinin, yaxın vaxtlarda aldığı "CASİO" markalı, dəyəri 340 manat olan qol saatı da zədələnmiş və istifadə olunmayacaq vəziyyətə düşmüşdür. Habelə, Təqsirləndirilən şəxs əməli nəticəsində onun sağlamlığına da ciddi zərər dəymişdir. Hadisə nəticəsində sol ayağının budu zədələnmiş, "Medikal Hospital" Klinikasında ayağından əməliyyat olunmuşdur. Nəticədə ona tibbi əməliyyat, nəqliyyat və digər xərclərlə birlikdə 4000 (dörd min) manat maddi ziyan vurulmuşdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs 5000 manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 26 iyul 2023-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi ilə R.Quliyev küçəsi istiqamətində baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 5- 9); nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 26 iyul 2023-cü il tarixli protokoldan görünür ki, “Vaz 2107” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin qabaq şüşəsinin sınmış vəziyyətdə olması müəyyən edilmiş və nəqliyyat vasitəsinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 10-11); sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2023-cü il tarixli 2/23865 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə törədilən zaman ayıq olmuşdur (i.v. 12); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Sumqayıt RQİTBŞ tərəfindən xx.xx.2020-ci il tarixdə 10 il müddətinə «BC» kateqoriyalı AE 064268 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 14); qanuni nümayəndənin təyin edilməsi haqqında 27 iyul 2023-cü il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs atası Qanuni nümayəndə qismində tanınmışdır (i.v. 17); könüllü təqdim etmə, götürmə və baxış keçirmə haqqında 31 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Qanuni nümayəndə tərəfindən hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD-R” formatlı diskə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Cavanşir küçəsini sağdan sola piyada keçərkən solunda hərəkətdə olan “Vaz 2107” markalı avtomobilin qabaq sol hissəsi ilə vurulmuşdur (i.v. 36-37); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 05 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olması barədə əməliyyat kartotekasında heç bir məlumat yoxdur (i.v. 41); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 04 avqust 2023-cü il tarixli, 8/2267 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən verilmiş məlumatlara əsasən “Vaz 2107” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 44-47); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 09 avqust 2023-cü il tarixli, 53/2023 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol bud sümüyünün orta 1/3-nin qapalı qəlpəli yerini dəyişən sınığı, əməliyyatdan sonrakı vəziyyət müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir (i.v. 48-49); zərərçəkmiş şəxs kimi tanınmaq haqqında 11 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 50); 64 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (i.v. 80); sübutların qiymətləndirilməsi haqqında 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş hesab edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 143, 263-1.1 və 264-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, məhkəmə-tibbi ekspertizasının və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyləri, hadisə yerinə baxış protokolu və hadisə yerinin sxemi, avtomobilə baxış protokolu, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələri, narkoloji mərkəzin xx.xx.2023-cü il tarixli 2/23865 nömrəli aktı və hadisəni özündə əks etdirən disk sübut növü kimi qiymətləndirilmişlər, “Vaz 2107” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır (i.v. 80-83); Məhkəmə iclasında 01 ədəd “DVD-R” diskə baxış keçirilmiş, baxış zamanı xx.xx.2023-cü il tarixdə saat 12:07-də bir nəfər şəxsin yolu qaçaraq keçmək istəyərkən “Vaz 2107” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizələrindən görünür ki, o, hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına və mülki iddiaya xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə Bakı şəhəri 36 saylı notariat ofisində verdiyi **********458 saylı ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, gələcəkdə bununla bağlı hər hansı iddia və tələbinin olmayacağını bildirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-cü maddəsinin qeydinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs ilə zərərçəkmiş şəxsin barışması ilə əlaqədar cinayət təqibinə xitam verilməsinə razı olduqlarını qeyd etmişlər. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan iş üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət təqibinə xitam verilməli, iş üzrə maddi sübut kimi tanınmış “Vaz 2107” markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınmalı, 01 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), iş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir (CPM-198.1). Həmçinin, məhkəmə mülki iddiaya münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona vurulmuş maddi və mənəvi ziyana görə 5000 (beş min) manat məbləğində pulun tutulmasını xahiş etsə də, daha sonra ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam olaraq ödənildiyini bildirərək mülki iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Belə olan halda məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanın tam olaraq ödənilməsi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsinin məhkəmədən mülki iddia üzrə icraata xitam verilməsini xahiş etmələri nəzərə alınmaqla, mülki iddiadan imtina etmə kimi qiymətləndirilməli və ərizələri təmin edilərək mülki iddia üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir iş üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1, 186, 321, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası CM-nin 73.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiadan imtina etdiyindən mülki iddia üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış “Vaz 2107” markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə geri qaytarılması nəzərə alınsın və 01 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar