Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-50/2024 18.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8 inzibati binada qeydiyyatda olmaqla, ünvan 4 nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə AR ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını talama məqsədilə 03 aprel 2023-cü il tarixdə saat 06:40-da sərnişin qismində Rusiya Federasiyası vətəndaşı Zərərçəkmiş şəxs idarə etdiyi taksi ilə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 64 ünvanında yerləşən “İBİS” otelinə gətirdikdən sonra, Zərərçəkmiş şəxs dəvəti ilə otelin 720 nömrəli otağında olarkən, sonuncunun qəhvəyi rəngli əl çantasından 18.000 (on səkkiz min) manat nağd pul vəsaitini gizli olaraq talayıb zərərçəkmış şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olduğundan xx.xx.2023-cü il tarixdə saat 05.30 radələrində ünvan 2 ünvanının yaxınlığına sifariş qəbul edərək ora getmişdir. Oradan spirtli içkilərin təsiri altında olan sərnişin Zərərçəkmiş şəxs Xətai rayonu, Xocalı prospekti 64 ünvanında yerləşən “İbis Hotelə” aparmışdır. Yolda olarkən Zərərçəkmiş şəxs homoseksual xarakterli cinsi münasibətlərə daxil olmaq barədə təklif vermiş o, isə razılaşmışdır. Otelə çatdırqdan sonra Zərərçəkmiş şəxsla birlikdə onun nömrəsinə qalxmışdır. Otaqda Kaşapov ona 100 manat pul verilmişdir. Pul verdikdə zərərçəkmişin sumkasında çoxlu pul görmüşdür. Zərərçəkmiş şəxs çimmək üçün duşa girdikdən sonra onun qəhvəyi rəngli əl çantasının açıq olmasından istifadə edərək rezinlə bağlanılmış vəziyyətdə olan 18 000 (on səkkiz) manat pulu götürərək cibinə qoymuşdur. Bir müddət sonra Zərərçəkmiş şəxs duş kabinəsindən çıxaraq seksual xarakterli hərəkətləri davam etdirməsini xahiş etdikdə o, təcili işlərinin olmasını deyib, otaqdan çıxaraq getmişdir. Oğurladığı pulun 100 manatına Xətai rayonu ərazisində ünvanı dəqiq xatırlamadığı marketdən bəzi əşyalar almışdır. Saat 11 radələrində Zərərçəkmiş şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq oğurladığı pulları geri qaytarmasını, əks halda polisə müraciət edəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs oğurladığı pulları qaytararaq polisə şikayət etməməsini xahiş edəcəyini fikirləşərək saat 11 radələrində “İbis Hotel”in foyesinə gəlmişdir. Orada Zərərçəkmiş şəxs pulları geri qaytarmaq istədikdə sonuncu ona artıq polisə məlumat verməsini bildirmişdir. O, Zərərçəkmiş şəxsla polis əməkdaşlarının gəlməsini gözləmiş və polis əməkdaşları gəldikdən sonra onlarla birlikdə Xətai RPİ-nin 37-ci PŞ-nə getmişdir. Orada üzərində olan 10900 manat məbləğində pulu təhvil vermişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, özünü müdafiə etmək və məsuliyyətdən yayınmaq məqsədi ilə ibtidai istintaq zamanı və əvvəlki məhkəmə iclaslarında Zərərçəkmiş şəxs ümumilikdə 10900 manat məbləğində pul oğurladığını bildirmişdir, lakin həmin məbləğ 18000 manat təşkil etmişdir. Məhkəmədə iş baxılan müddətdə o zərərçəkmiş şəxsə 600 manat da qaytarmışdır. Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş maddi ziyandan 11500 manat məbləğində ödəniş etmişdir. Qalan məbləği də yaxın müddətlərdə qaytaracaq. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək bildirmişdir ki, Rusiya Federasiyasının Moskva şəhərində “Cтyктypa” şirkətində stendqurma və digər təşkilati xidmətlər göstərir. İşlədiyi şirkət tendr auksionunda qalib gəlmişdir. Bununla əlaqədar 04-06 aprel 2023-cü il tarixlərdə Bakı şəhərində yerləşən “X3”ndə keçiriləcək sərginin təşkil edilməsi və stendqurma işlərinin görülməsi üçün iş yoldaşı Şahid ilə birlikdə xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə gəlmişdir. Bakıda “İbis Hotel”də qalmışlar. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində tanımadığı yerdə özü ilə gətirdiyi təxminən 1100000-120000 RF rublunu 21 000 (iyirmi bir min) manata dəyişmişdir. O, Roksana ilə birlikdə “Bakı Ekspo Mərkəzi”ndə işlərini görüb qurtardıqdan sonra şəhərdə pivə içmək üçün bir neçə bara getdikdən sonra Roksana ondan ayrılaraq otelə qayıtmışdır. O isə adını xatırlamadığı karaoke kluba getmişdir. xx.xx.2023-cü il tarixdə saat 05.30 radələrində klubdan çıxaraq taksi sifariş vermişdir. Təxminən 5 dəqiqədən sonra “Kia Rio” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlmiş, o, həmin avtomobilə minərək qaldığı otelə getməsini bildirmişdir. O, Azərbaycan dilində bilmədiyi üçün telefonunda quraşdırılmış “Translated” proqramı vasitəsilə sürücü ilə ünsiyyət quraraq adının “Orxan” olmasını bilmişdir. Ünsiyyət zamanı onlar seksual xarakterli intim mövzuda razılığa gəlmişlər. Otelə çatdıqdan sonra Orxanla birlikdə onun 720 nömrəli otağına qalxmışlar. Otaqda Orxanla oral sekslə məşğul olduqdan sonra o, Orxana 100 manat pul vermişdir. Sonra isə duş kabınasına girərək çimmişdir. Təxminən 6- 7 dəqiqədən sonra duşdan çıxaraq Orxanın yanına gəlmişdir. Orxan ona təcili işlərinin çıxdığını deyib saat 06.45-də getmişdir. Orxan getdikdən sonra o, yatmışdır. Saat 10.40 radələrində əl çantasından pulları götürmək istədikdə orada olan rezinlə bağlanmış 18 000 (on səkkiz min) manat pulunun olmadığını görmüşdür. O, dərhal “Bolt” şirkəti ilə əlaqə saxlayaraq Orxanın ***-***-**-** nömrəsini əldə edərək Orxana zəng edib oğurladığı pulları geri qaytarmasını tələb etmişdir. Saat 11 radələrində Orxan otelin foyesinə gəlmişdir. O, Orxana artıq polisə məlumat verməsini və polis əməkdaşlarının gəlməsini gözlədiyini bildirmişdir. Orxan onunla birlikdə bir müddət gözlədikdən sonra polis əməkdaşları gələrək onları Xətai RPİ-nin 37-ci PŞ-nə aparmışlar. Orxan ona 10900 manat pul qaytarmışdır. Məhkəmə iclasında Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək bildirmişdir ki, Rusiya Federasiyasının Moskva şəhərində “Cтyктypa” şirkərində stendqurma və digər təşkilati xidmətlər göstərir. İşlədiyi şirkət tendr auksionunu udaraq 04- 06 aprel 2023-cü il tarixlərdə Bakı şəhərində yerləşən “X3”ndə keçiriləcək sərginin təşkil edilməsi və stendqurma işlərinin görülməsi üçün iş yoldaşı Zərərçəkmiş şəxslə birlikdə xx.xx.2023-cü il tarixdə Moskva şəhərindən Bakı şəhərinə Beynəlxalq hava limanına gəlmişdir. Hava limanından şirkət tərəfindən əvvəlcədən rezervasiya olunmuş Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 64 ünvanında yerləşən “İbis Hotel”ə gəlmiş və orada yerləşmişlər. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində tanımadığı yerdə Adel özü ilə gətirdiyi RF rublunu 21 000 (iyirmi bir min) manata dəyişmişdir. Onlar birlikdə “Bakı Ekspo Mərkəzi”ndə işlərini görüb qurtardıqdan sonra şəhərdə bir neçə bara getmişlər, bir müddət sonra o, spirtli içkilərin təsirindən özünü pis hiss etdiyindən taksi sifariş verərək Adeldən ayrılıb otelə qayıtmışdır. Səhərisi gün, yəni xx.xx.2023-cü il tarixdə saat 10.30-da Adel ona zəng edərək pullarının oğurlandığını danışmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 03 aprel 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunmuşdur (i.v. 1); maddi sübutun könüllü təqdim edilməsi haqqında 03 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq 10900 manat məbləğində pul vəsaitini təqdim etmişdir (i.v. 16); şübhəli şəxsin tutulması haqqında 03 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:45-də şübhəli şəxs qismində tutulmuşdur (i.v. 26-27); zərərçəkmiş şəxs qismində tanınma haqqında 03 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 39- 40); Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Tahir Rəcəbli tərəfindən tərtib edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs gizli yolla taladığı 18000 manatdan 10900 manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxsə geri qaytarılmışdır (i.v. 54); baxış keçirilməsi barədə fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 64 ünvanında yerləşən 720 nömrəli otağı və Zərərçəkmiş şəxs məxsus qəhvəyi rəngli əl çantasını göstərmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 61); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 04 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 62-63); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-241/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir (i.v. 82- 84); qətimkan tədbirinin seçilməsi haqqında 05 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 85-86); 05 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ilə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər.(i.v. 89-90); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.1-ci maddəsi ilə başlanmış cinayət işinin icraatına CPM-nin 40.2.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir (i.v. 91-92); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 25 avqust 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs CM-nin 177.2.4-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, 109 ədəd 100 manatlıq pul əskinası maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmış, istintaq hərəkətlərinin keçirilməsinə dair protokollar və Zərərçəkmiş şəxs 10900 manat məbləğində pul vəsaitini qəbul etməsinə dair qəbz sübut növü kimi qiymətləndirilmişdir (i.v. 115-118); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-542/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilərək iş üzrə icraat dayandırılması və tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir; xarici valyutanın satışı haqqında TT24018BVPM6 nömrəli xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs hesabına 600 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini (CM-59.1.14), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 03 aprel 2023-cü il tarixdən 05 aprel 2023-cü il tarixədək şübhəli qismində tutulduğu 02 (ki) gün müddət, 14 noyabr 2023-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 04 (dörd) gün müddət, ümumilikdə 02 (iki) ay 06 (altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilərək “başqa yer getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yer getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 109 ədəd 100 manatlıq pul əskinasının Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı ünvan 4 ünvanında yerləşən nömrəsiz evdə çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 21:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 aprel 2023-cü il tarixdən 05 aprel 2023-cü il tarixədək şübhəli qismində tutulduğu 02 (ki) gün müddət, 14 noyabr 2023-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 04 (dörd) gün müddət, ümumilikdə 02 (iki) ay 06 (altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 07 (yeddi) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən nömrəsiz evi axşam saat 21:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilərək “başqa yer getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yer getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 109 ədəd 100 manatlıq pul əskinasının Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-50/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-50/2024
18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver