Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-501/2022 06.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 04 avqust 2022-ci il tarixdə istintaqla məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 09 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,015 qram, 0,021 qram, 0,022 qram, 0,015 qram, 0,021 qram, 0,021 qram, 0,022 qram, 0,016 qram, 0,012 qram ümumi təmiz çəkisi 0,165 qram olan çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Xətai Rayon Polis İdarəsininin 36-cı PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı o, 04 avqust 2022-ci il tarixdə saat 13:30-da ünvan 3 ünvanın qarşısında saxlanılıb ünvan 4rləşən Xətai RPİ-nin 36-cı PB-nə gətirilərək orada videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 09 ədəd bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, ümumi təmiz çəkisi 0,165 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini qeyd edərək bildirmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Əvvəllər bir neçə dəfə narkotik vasitəyə görə məhkum olunmuşdur. Nəqliyyat vasitələrinin parklanması sahəsində işləyərək gündəlik tələbatlarını qarşılayır. Narkotik vasitəni mütəmadi olaraq Bakı şəhərinin müxtəlif yerlərindən əldə edir. Sonuncu dəfə xx.xx.2022-ci tarixdə Nizami rayonu, 8-ci kilometr qəsəbəsində tanış olduğu yaşlı kişidən 09 büküm narkotik vasitə olan heroin əldə etmiş, həmin narkotik vasitələrinə ümumilikdə 90 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında gizlin yer taparaq orada nartotik vasitəni istifadə etmək üçün evdən çıxmış, saat 13:30-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 103 ünvanının qarşısında olan zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu söyləyərək onu Xətai RPİ-nin 36-cı Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində ona hüquq və vəzifələri izah olunaraq müdafiəçi dəvət olunmuş, bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmiş, şəxsi axtarışdan əvvəl ona üzərində qanunla qadağan olunmuş əşyalar varsa təqdim etmək təklif edilmiş, bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 09 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə narkotik vasitə olan heroini çıxarıb könüllü şəkildə təqdim etmişdir. Aşkar edilmiş narkotik vasitələr zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən zərfin üzərində imzalar çəkilmişdir. Daha sonra əməlindən peşman olduğunu, səmimi etirafını, xəstəliyini, artıq bu əməlindən xəcalət çəkdiyini, baba olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, polis mayorudur, Xətai RPİ-nin 36-cı PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə Xətai RPİ-nin 36-cı PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün bölmə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Özu əməliyyat qrupunun rəhbəri, Xətai RPİ-nin 36-cı PB-nin sahə inspektoru, polis kapitanı Şahid2 isə üzvü olmuşdur. 04 avqust 2022-ci il tarixdə saat 13:30 dəqiqədə Təqsirləndirilən şəxs ünvan 3 ünvanın yaxınlığında görüb xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək onu 36-cı polis bölməsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, bölməyə vəkil dəvət olunmuş, onun, müdafiəçinin, Xətai RPİ-nin 36-cı PB-nin sahə inspektoru Şahid2 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı Ramil İsmayılov Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, daha sonra ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilmiş, təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 09 ədəd bükümdə tünd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlələr olan bükümləri çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Narkotik vasitəyə bənzər kütlələr zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb möhürlənmiş, təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş, sonuncunun üzərindən hər hansı əlavə qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəsin səmimi etirafı nəzərə alınaraq Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi Şahid1 və təqsirləndirilən şəxsin ifadəsinə oxşar olmuş və heç bir ziddiyyət təşkil etməmişdir. Bununla da cinayət işinin yuxarıda göstərilən xüsusatları bir daha təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş 04 avqust 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 04 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncu əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 09 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə olan heroinə bənzər kütlə olan bükümləri çıxarıb təqdim etmiş, həmin bükümləri 1 gün əvvəl Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr bazarı adlanan yerdən anket məlumatlarını bilmədiyi və tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin toz şəkilli, spesifik qoxuya malik heroinə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı Ramil İsmayılov tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 151 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında 07 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, diskin içərisində 01 ədəd “mp4” formatlı video görüntü mövcuddur. Videogörüntüdə Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 09 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş tünd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlələr olan bükümləri çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı narkotik vasitələri haradan və hansı məqsədlə əldə etdiyini soruşur. Cavabında Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəni 1 gün əvvəl Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr bazarı adlanan yerdən tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən əldə etdiyini bildirmişdir. Daha sonra təqdim olunan narkotik vasitələrə bənzər kütlələr zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb möhürlənmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir, sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar olunmur. Keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk maddi sübut kimi cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 04 avqust 2022-ci il tarixli 6/4185 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №151” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 9 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0, 015 qram, 0,021 qram, 0,022 qram, 0,015 qram, 0,021 qram, 0,021 qram, 0,022 qram, 0,016 qram, 0,012 qram ümumi təmiz çəkisi 0,165 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. (Tədqiqatdan sonra qalıq 0.075 qram) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 17 avqust 2022-ci il tarixli 4564 saylı rəyindən məlum olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs opioidlərin qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu-narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 07 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 07 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0.075 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan 04 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 avqust 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan 06 avqust 2022-ci il tarixli Bakı şəhər Xətai rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 04 avqust 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını çəkmiş, lakin məhkumluğu ödənilmədən yenidən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə residiv nəzərə alınmaqla 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzanı çəksə də hər iki hökm üzrə məhkumluq ödənilməmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib özündə saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin residivini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi etirafını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs az ağır cinayət üzrə cəza çəkib azadlığa çıxdığı gündən yeni cinayət törətdiyi günə qədər 02 il müddət keçməmiş və məhkumluğu ödənilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə daha sərt cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə uyğun olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin təhlükəli residivini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Göstərilənləri əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təhlükəli residiv nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə uyğun olaraq o, hazırki hökmlə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir və cəzaçəkmə müddətinin əvvəli 04 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən suiistifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator X1 rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,075 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanındığından iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri - 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,075 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman video çəkilişi əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-501/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-501/2022
06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver