Məhkəmə qərarları › İş №1(011)-501/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-501/2023

20.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-501/2023 20.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru X9, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 04 may 2023-cü il tarixdə saat 18:34-də X2 məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Prius» markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsindən X. Məmmədov küçəsinə doğru saatda 10-15 km sürətlə sol istiqamətdə dönmə əməliyyatı apararkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, yəni avtomobillə sola dönərkən piyadanın yolu hərəkət hissəsini sağdan sola doğru keçməkdə olmasını nəzərə almalı, piyadaya yol verməli, yolu keçən piyadanın onun hərəkət zolağını boşaltdıqdan sonra hərəkətini davam etdirməli və hərəkət üçün təhlükəli şərait yaratmamaqla baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bu yol-hərəkəti qaydalarına riayət etməyərək ünvan 2 ünvanda yolun hərəkət hissəsini sağdan sola doğru adi yerişlə keçməkdə olan piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq sol tərəfi ilə vuraraq ehtiyatsızlıqdan ona sol qamış sümüyünün loterial kondilusunun çökmüş qapalı sınığı kimi sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-cı maddəsinin 4-cü hissəsinin zərər çəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, «Təcili tibbi yardım» maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadların, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir kimi tələblərinə riayət etməyərək yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 04 may 2023-cü il tarixdə təxminən saat 18:30 radələrində idarə etdiyi «Toyota Prius» markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ilə hərəkət edirmiş. M.Hadi küçəsində daxil olmuş müştəri sifarişi əsasında yaşayış binalarının arasındakı ara məhəllədən əvvəllər tanımadığı və görmədiyi, bir nəfər qadın müştərini qucağında olan körpə uşaqla birlikdə götürmüşdür. Onlar avtomobilin arxa oturacağına keçib əyləşmişlər. Daha sonra avtomobillə X.Məmmədov küçəsinə doğru hərəkətini davam etdirmişdir. İdarə etdiyi avtomobillə X.Məmmədov və İ.Zülfüqarov küçələrinin kəsişməsində yerləşən yolayırıcında dayanmışdır. Sağ və sol tərəfində olan avtomobillər ona yol verdiyindən sola dönmə işıq göstəricisini yandırıb avtomobillə təxminən 10-15 km/saat sürətlə sola tərəf dönmə əməliyyatı aparmağa başlamışdır. Həmin vaxt yolun hərəkət hissəsini sağdan sola doğru asta yerişlə keçən piyadaqadını avtomobilin qabaq sol tərəli ilə vurmuşdur. Lakin qadın birtəhər müvazinətini saxlayıb yıxılmamışdır. Dərhal həmin yerdə avtomobilin hərəkətini dayandırıb sükan arxasından düşmüşdür. Daha sonra piyada qadına yaxınlaşıb onun yolun kənarına keçməsinə köməklik göstərmişdir. Piyada qadın əvvəllər tanımadığı və görmədiyi, təxminən 50-55 yaşlarında olan orta yaşlı qadın imiş. Qadının qucağında körpə uşaq var imiş. Qadının yolun hərəkət hissəsinin kənarına keçməsinə köməklik edib orada olan şəxslərə təhvil vermişdir. Piyada qadına həmin yerdə əyləşməyini və avtomobilin içərisində olan müştərini düşürdükdən sonra qayıdacağını bildirmişdir. Bundan sonra piyada qadının elə də ciddi bədən xəsarəti almadığını düşünüb idarə etdiyi avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Avtomobildə olan qadın müştərini də düşürdükdən sonra hadisə yerinə bir daha qayıtmamışdır. Hadisənin baş verməsinə səbəb piyada qadının yolun hərəkət hissəsinə daxil olarkən onun hərəkətini görməməyi nəticəsində anidən idarə etdiyi avtomobilin qarşısına çıxması olmuşdur. Piyada qadının hərəkət trayektoriyasını ən son anda, artıq avtomobilin qabaq sol tərəli ilə onu vurduğu anda görmüşdür. Buna görə də hadisənin qarşısını almaq üçün hər hansı bir tədbir görə bilməmişdir. Hadisə anında tam olaraq ayıq olmuş, hadisənin baş verməsindən əvvəl spirtli içki, narkotik vasitə, psixotrop maddə və ya güclü təsir edən digər maddə qəbul etməmişdir. Piyada qadının elə də ciddi bədən xəsarəti almadığını düşündüyündən və ilk dəfə yol-nəqliyyat hadisəsi törətdiyindən hadisənin təsiri altında olduğuna görə piyada qadına özü, anket məlumatları və digər əlaqə vasitələri barədə hər hansı bir məlumat verməmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslə barışdığını bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, 04 may 2023-cü il tarixdə təxminən saat 18:30 radələrində azyaşlı nəvəsi X4 qucağında ola-ola Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsində yolun hərəkət hissəsini asta yerişlə keçmək qərarına gəlmişdir. Həmin vaxt hava yağışlı olduğundan yol örtüyü yaş imiş. Buna görə də nəvəsi qucağında ola-ola yolun hərəkət hissəsini asta yerişlə keçməyə başlamışdır. Yolun hərəkət hissəsinə daxil olub təxminən 3-4 metr məsafə qət etmişdir ki anidən yolun qarşı hərəkət istiqamətindən piyada olduğu hərəkət istiqamətinə, yəni sola doğru dönmə əməliyyatı aparan tünd yaşıl rəngli «Toyota Prius» markalı avtomobil qabaq tərəfi ilə sol ayağının diz nahiyəsindən onu vurmuşdur. Zərbənin təsirindən müvazinətini itirsə də birtəhər özünü saxlamışdır. Qucağında olan azyaşlı nəvəsini də saxlaya bilmişdir. «Toyota Prius» markalı avtomobilin sürücüsü onu vurduqdan sonra dərhal avtomobilin hərəkətini dayandırıb sükan arxasından düşüb ona yaxınlaşmışdır. Avtomobilin sürücüsü əvvəllər tanımadığı və görmədiyi, təxminən 25-28 yaşlarında olan cavan oğlan imiş. Müşahidə etdiyi qədəri ilə avtomobilin içərisində sürücüdən başqa hər hansı bir şəxs yox imiş. Sürücü ona yaxınlaşdıqdan sonra yoldan keçən tanımadığı şəxslərlə birlikdə hərəkət etməyinə köməklik göstərib onu yolun hərəkət hissəsinin kənarına aparmışdır. Daha sonra isə sürücü yenidən idarə etdiyi avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Hadisənin təsiri altında olduğundan onu vuran tünd yaşıl rəngli «Toyota Prius» markalı avtomobilin dövlət qeydiyyat nişanına fikir verə bilməmişdir. Yolun hərəkət hissəsinin kənarına gəldikdən sonra sol ayağının diz nahiyəsində ağrı hiss etmişdir. Buna görə də yoldan keçən tanımadığı şəxslər ona köməklik göstərib yaşadığı evə aparmışlar. Yaşadığı evə gəldikdən sonra hadisə barədə oğlu Şahid məlumat vermişdir. Şahlar da sürücünün ona köməklik göstərmədən hadisə yerindən uzaqlaşmasından əsəbləşib DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində azyaşlı nəvəsi Fatimə Məmmədova hər hansı bir xəsarət almamışdır. Hadisənin baş verməsindən sonra onu vuran tünd yaşıl rəngli «Toyota Prius» markalı avtomobilin sürücüsü olan cavan oğlan yalnız ona köməklik göstərib yolun hərəkət hissəsinin kənarına aparmışdır. Həmin vaxt o özü, şəxsiyyəti, idarə etdiyi «Toyota Prius» markalı avtomobilin dövlət qeydiyyat nişanı və əlaqələri barədə ona hər hansı bir formada məlumat verməmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti olmadığını, təqsirləndirilən şəxslə barışıq əldə olunmasını, ona qarşı heç bir maddi tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxsə cəza təyin olunarkən yüngülləşdirici hal kimi nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid göstərmişdir ki, 04 may 2023-cü il tarixdə saat 18:40 radələrində yaşadığı mənzildə olarkən anası Zərərçəkmiş şəxs tanımadığı iki nəfər şəxslə birlikdə mənzilə daxil olmuşdur. Həmin vaxt anası bir neçə dəqiqə əvvəl Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsində qızı Fatimə Məmmədova qucağında ola-ola yolun hərəkət hissəsini piyada olaraq keçərkən dövlət qeydiyyat nişanını görmədiyi tünd yaşıl rəngli «Toyota Prius» markalı avtomobilin qabaq tərəfi ilə onu sol ayağının diz nahiyəsindən vurmasını, sonradan avtomobilin tanımadığı sürücüsünün ona yaxınlaşıb yolun hərəkət hissəsini keçirməsinə köməklik göstərsə də daha sonra yenidən idarə etdiyi avtomobilə əyləşib oradan uzaqlaşmasını, sürücünün özü haqqında hər hansı bir məlumat verməməsini bildirmişdir. Anası hadisə nəticəsində sol ayağının diz nahiyəsində ağrı yaranmasını hiss etdiyini dediyindən ona ev şəraitində ilkin köməklik göstərmişdir. Yolnəqliyyat hadisəsini törətmiş sürücünün hadisəni törətdikdən sonra anasına lazımi köməklik göstərməməsindən və ona qarşı laqeyd münasibətindən əsəbiləşib sürücünün dərhal müəyyən olunması üçün DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində anası Zərərçəkmiş şəxs yalnız sol ayağının diz nahiyəsindən xəsarət almış, qızı Fatimə Məmmədova isə hər hansı bir xəsarət almamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 25 iyun 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 11 may 2023-cü il tarixli, 504 №-li ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs sol qamış sümüyünün loterial kondilusunun çökmüş qapalı sınığı müəyyən edilmiş, xəsarət bərk-küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Eyni zamanda iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş "xxxx" MMC-nin 06 iyun 2023-cü il tarixli, 8/1537 saylı ekspert rəyində qeyd olunur ki, Toyota Prius markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təqsirləndirilən şəxs piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə BD seriyalı 008279 nömrəli, “B1, B, C1, C” dərəcəli sürücülük vəsiqəsi və avtomobilin mülkiyyətçisi X6 tərəfindən 17 avqust 2022-ci il tarixdə avtomobili 8 il 8 ay 11 gün müddətinə idarə etmək üçün verilmiş nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnaməsi mövcuddur. Həmçinin Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi ilə bağlı məlumat yoxdur. İş materiallarında olan 24 may 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasını və ona qarşı hər hansı bir tələbi və şikayəti olmadığını bildirmişdir. İş materiallarında olan maddi sübut kimi tanımaq haqqında 03 iyul 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin X3 Xidmətinin hadisə yerinin yaxınlığında yerləşən müşahidə kameralarının 04 may 2023-cü il tarixdə saat 18:32-dən 18:38-dək müddət ərzində qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında iş materiallarında olan 10 iyul 2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin X3 Xidmətindən alınmış TŞ 5-069 saylı müşahidə kamerasının qeydə aldığı 1 ədəd DVD diskdə olan videogörüntülərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 04 may 2023-cü il tarixdə saat 18:34:10 dəqiqədə iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qucağında körpə uşaq olduğu vəziyyətdə yolun hərəkət hissəsinin sağ kənarından mərkəzə doğru hərəkətə başlaması, həmin anda «Toyota Prius» markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsindən X.Məmmədov küçəsinə doğru sol istiqamətdə dönmə əməliyyatı aparmağa başlaması, saat 18:34:14 dəqiqədə «Toyola Prius» markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfi ilə yolun hərəkət hissəsini sağdan sola doğru keçməkdə olan Zərərçəkmiş şəxs vurması, bundan sonra avtomobilin hərəkətini dərhal dayandırması, «Toyota Prius» markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün sükan arxasından düşərək Zərərçəkmiş şəxs yaxınlaşıb ona köməklik göstərərək yoldan keçən 2 nəfər şəxslə birlikdə yolun hərəkət hissəsinin kənarına çəkməsi, saat 18:34:50 dəqiqədə «Toyota Prius» markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobilə yaxınlaşıb sürücü tərəfdən sükana əyləşməsi və dərhal da avtomobili hərəkətə gətirib oradan uzaqlaşması müşahidə edilmişdir. İş materiallarında olan 13 iyul 2023-cü il tarixli qərardan görünür ki, cinayətin törədilməsində vasitə olan “Toyota Prius” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və məhkəmə baxışınadək sahibində saxlanılması nəzərə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 10 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. İş materiallarından olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 19 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 19 iyul 2023cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri özünün tam etirafı ilə yanaşı, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi 264-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətdiyini, törətdiyi əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxsin barışıq barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və həmin maddə ilə onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Eyni zamanda həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan - bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. Həmçinin iş üzrə maddi sübut kimi tanınan “Toyota Prius” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi olan X2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasənvə Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın, həmçinin iş üzrə maddi sübut kimi tanınan “Toyota Prius” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi olan X2 qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar