Məhkəmə qərarları › İş №1(011)-504/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-504/2023

16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-504/2023 16.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1950-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, 21 may 2023-cü il tarixdə saat 14:30-da “BB 118895” nömrəli “B1 B, C1 C, D1 D” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "xxxx" MMC-yə məxsus, “Nissan Sunny” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə 20 km/saat sürətlə ünvan 2 ünvanın yaxınlığında "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda almadan, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görmədən avtomobilin ön sol hissəsi ilə yolun əks tərəfinə keçən piyada Zərərçəkmiş şəxs vuraraq ona ehtiyatsızlıqdan üst dodağın cırılmış yarası, üst çənədə sol İ, sağ İ, İİ, İİİ dişlərin sınıqları, hər iki mil-bilək oynağı nahiyəsinin hematoması, hər iki mil sümüyünün yerinidəyişən sınıqları, sol əlin İ daraq sümüyünün sınığı, sağ əl-daraq sümüklərinin sınıqları, sağ qamış sümüyünün sınığı, sol kürək sümüyünün xətti sınığı ilə müşayiət olunan, dərəcəsinə gorə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zorərvurmaya aid xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, avtomobili ilə hərəkətdə olarkən qəfildən güclü səs eşitmişdir. Yolun kənarında gözləyən qız bərkdən qışqırmışdır ki, “ Ay nənə dayan! Ay nənə dayan!”. O, yolda hərəkətdə olarkən Zərərçəkmiş şəxs görməmişdir. Sadəcə olaraq Zərərçəkmiş şəxs qaçaraq yolu keçmək istəyərkən avtomobilin yanında tarazlığını itirdiyindən yıxılmışdır. O isə yolun kənarında dayanan qızın səsini eşitdiyindən maşını saxlamışdır. O, onun avtomobilinin zərbəsindən yox, özü tarazlığını itirdiyindən yerə yıxılmışdır. Hadisə yerində olan digər şəxlərdə bunu görmüşdürlər. Sonradan tibbi yardım avtomobili gələrək Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Bundan əlavə o bildirmişdir ki, xəstəxanada zərərçəkmiş şəxsin müalicə xərcləri üçün 1439 manat pul xəcləmişlər. O, ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, ümumiyyətlə yazmağı və oxumağı bacarmır, bu səbəbdən də həmin vaxt müstəntiq tərəfindən yazılmış ifadəni imzalamış və onun məzmunundan heç bir xəbəri olmamışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində özünü tam təqsirli bilmiş və qeyd etmişdir ki, xx.xx.2022-ci ildən “B1, B; C1, C; D1, D” kateqoriyalı sürücülük vəsiqəsi ilə müxtəlif avtomobilləri idarə etmişdir. Etibarnamə əsasında “Nissan Sunny” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2023-cü il tarixdə, təxminən saat 09 radələrində oğlu Şahid1 ilə birlikdə, həmin günü ad günü olan mərhum oğlu Əli Əliyevin qəbrini ziyarət etməyə getmişlər. Saat 14:30 radələrində yaşadıqları evə qayıdarkən avtomobili o, idarə etmiş Şahid1 isə sağ tərəf ön oturacaqda əyləşmişdir. Avtomobillə saatda 20 km sürətlə Xətai rayonu, İ.İsmayılov küçəsi ilə Yeni Günəşli qəsəbəsi istiqamətində iki zolaqdan ibarət avtomobil yolunun sağdan 1-ci zolağı ilə hərəkət edərkən yolun sağ kənarında yerləşən “Ucuzluq” mağazasının qarşısındakı piyada zolağına çatmamış yolun sol hərəkət zolağında, hadisədən sonra şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs Gərəy qızının qaça-qaça yolu keçdiyini görüb vurmamaq üçün avtomobilin əyləcini basıb dayandırmaq vəziyyətinə gətirmişdir. Lakin piyada Zərərçəkmiş şəxs yolun orta xəttinə çataraq dayandığını görüb yenidən hərəkətə başlamışdır. Bu zaman Zərərçəkmiş şəxs hərəkətdə olduğu zolağa keçdiyini görmüş və həmin vaxtı idarə etdiyi avtomobilin sol tərəf ön hissəsi ilə Zərərçəkmiş şəxs vurmuşdur. Zərbənin təsirindən Zərərçəkmiş şəxs yerə yıxıldığından bədən xəsarətləri almışdır. Özü və oğlu Şahid1 dərhal avtomobildən yerə enib Zərərçəkmiş şəxs yaxınlaşmışlar. Şahid1 Zərərçəkmiş şəxs ciddi bədən xəsarəti aldığını görüb TTYS-na zəng edib hadisə yerinə həkim briqadası dəvət etmişdir. Lakin çox qısa zamanda hadisə yerində TTYS-nın avtomobili dayanmış və həkimlər Zərərçəkmiş şəxs bədənini müayinə edib xəstəxanaya aparmışlar. Həmçinin qısa zamanda Xətai RPİ-nin əməkdaşları hadisə yerinə gəlib araşdırmaya başlamışlar. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 21 may 2023-cü il tarixdə, saat 14 radələrində evdən çıxaraq zibil atmaq üçün evin yaxınlığında yerləşən zibil qabılar tərəfə nəvəsi Şahid3 ilə getmək istəmişdir. Binadan çıxanda Nəzrini “Ucuzluq” marketin qarşısında dayandırıb özü zibili atmaq üçün avtomobil yolunun əks tərəfinə keçib əlində tutduğu məişət tullantısını qutuya tulladıqdan sonra geri, nəvəsinin yanına qayıtmaq üçün avtomobil yoluna daxil olub birinci hissəsini keçib 2-ci hissəsinə daxil olub bir neçə metr məsafə qət etdikdən sonra ondan sağ tərəfdən gələn qara rəngli avtomobil sağ yan tərəfindən onu vurub yerə yıxmışdır. Özünə gələndə asfalt üzərində yerdə uzanıqlı vəziyyətdə olduğunu, sifətində və ağız nahiyyəsində qanlar olduğunu görmüşdür. Bu zaman təsadüfən keçən TTYS-nın həkim briqadası dayanaraq onun bədənini müayinə edib illkin tibbi yardımlar göstərib X6 aparmışlar. Orada həkimlər bədənini müayinə edib hər iki qolunun mil-bilək oynağının sındığını, 4 ədəd dişlərinin sındığını, əlinin daraq sümüklərinin sındığını, sifət nahiyəsinin əzilmiş yaraları və sair xəsarətlər aldığını deyib tibbi yardımlar göstərmişlər. Daha sonra qızı və idarə etdiyi avtomobillə onu vurub bədən xəsarəti yetirən sürücünün oğlu ilə birlikdə “Bonadea” hospitalına aparmışlar. Hospitalda həkimlər bir daha bədənini müayinə edib müalicə olunması üçün hospitala yerləşdirmişlər. Hospitalda olduğu müddətdə hər iki qolunun mil-bilək sümüklərinin düzgün bitişməsi üçün əməliyyatlar etməklə yanaşı digər yardımlar göstərmişlər. Bir həftə ərzində “Bonadea” hospitalında müalicə olunduqdan sonra evə buraxılmışdır. Xəstəxanada olduqda onun xərcləri üçün təqsirləndirilən şəxs və ailəsi tərəfindən 1493 manat pul xərclənmişdir, lakin həmin məbləğ çox azdır, o klinikada 20000 manat xərcləmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmamışdır, ona qarşı şikayətçidir. Məhkəmə iclasında qanuni nümayəndəsi X1 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan şаhid Şahid3 ifadəsində bildirmişdir ki, 21 may 2023-cü il tarixdə, saat 14:20 radələrində yaşadığı evdə olduqları zaman nənəsi Zərərçəkmiş şəxs ona demişdir ki, bir yerdə gedib zibil atsınlar. Nənəsi ilə məişət tullantılarının qutuları yerləşən yerə çatanda yol keçmək lazım olduğundan Zərərçəkmiş şəxs ona demişdir ki, “Ucuzluq” marketin qarşısında dayansın, özü avtomobil yolunun əks tərəfinə keçib tullantıları qutuya tullayıb qayıdacaqdır. Beləliklə o, marketin qarşısında dayanmış, Zərərçəkmiş şəxs isə avtomobil yolunun əks tərəfinə keçib zibili qutuya atıb geri qayıtmağa başlamışdır. Bu zaman avtomobil yolunda hansısa hadisənin baş verdiyini bilib həmin yerə çatanda görmüşdür ki, nənəsi Zərərçəkmiş şəxs avtomobil yolunda asfalt üzərində uzanıb, yaxınlıqda isə onu vuran qara rəngli avtomobil dayanıb. Zərərçəkmiş şəxs yerdə uzanıqlı olduğunu görüb qorxmuş, qışqırmış və yaxınlıqdakı adamları səsləmişdir ki, ona köməklik etsinlər. Həmin vaxt oradan keçən TTYS-nın həkimləri Zərərçəkmiş şəxs görüb hadisə yerində dayanıb ilkin tibbi yardım göstərdikdən sonra onu X6 aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə mərhum qardaşı X4 ad günü olduğuna görə saat 09 radələrində atası Təqsirləndirilən şəxslə birlikdə sonuncunun etibarnamə əsasında idarə etdiyi “Nissan Sunny” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ə.Əliyevin qəbrini ziyarət etməyə getmişlər. Həmin günü saat 14:30 radələrində evlərinə qayıdan zaman avtomobili Təqsirləndirilən şəxs idarə etmiş, o isə sağ ön oturacaqda əyləşmişdir. Xətai rayonu, İ.İsmayılov küçəsi 42 saylı ünvanın yaxınlığına çatanda Təqsirləndirilən şəxs saatda təxminən 20 km sürətlə hərəkətini davam etdirdiyi zaman avtomobil yolunu onlardan sol tərəfdən sağ tərəfə keçmək istəyən qadını görüb avtomobili dayandırıb yolu keçməsi üçün qadına əli ilə işarə etmişdir. Lakin qadın yolu keçmək istəməyib Təqsirləndirilən şəxs avtomobili sürməsi barədə işarə vermişdir. Atası da hərəkətə başlayıb sürmək istəyəndə avtomobilin sağ tərəfi qadına dəymiş və o, yerə yıxılmışdır. O, dərhal avtomobildən yerə enib qadını yerdən qucağına götürüb yol kənarına keçirmişdir. Həmin anda təsadüfən hadisə yerindən keçən TTYS-nın həkim briqadası avtomobili dayandırıb qadının bədənini müayinə etməyə başlamışlar. O, qardaşı Şahid2 zəng edib hadisə barədə məlumat verib onu hadisə yerinə dəvət etmişdir. Hadisə evlərinə yaxın ərazidə baş verdiyinə görə qardaşı Şahid2 qısa zamanda hadisə yerinə gəlmişdir. Şahid1 hadisə yerinə çatandan sonra məlum olmuşdur ki, həkimlər piyada qadını X6 aparırlar. Ona görə də Şahid2 də TTYS-nın avtomobilinin arxasınca X6 getmişdir. O, atası Təqsirləndirilən şəxs yanında dayanıb Xətai RPİ-nin əməkdaşlarının gəlməsini gözləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə mərhum qardaşı Əli Əliyevin ad gunü olduğuna görə atası Təqsirləndirilən şəxs avtomobillə qardaşı Şahid1 ilə birlikdə Ə.Əliyevin qəbrini ziyarət etməyə getmişlər. Həmin günü saat 14:30 radələrində evdə olduğu zaman qardaşı Şahid1 istifadəsində olan mobil telefonu ilə ona zəng edib qəbirüstündən evə qayıdan zaman atasının piyada bir qadını vurduğunu bildirib hadisə yerinə təcili gəlməsini bildirmişdir. Hadisə yerinə çatanda görmüşdür ki, zibil yeşiklərinin yanında TTYS-nın avtomobili dayanıb. O da TTYS-nın yanında dayanmış və görmüşdür ki, həkimlər qadını təcili yardıma yerləşdirib X6 aparırlar. O görə də hadisə yerindən X6 getmişdir. Ora çatanda həkimlərin qadını TTYS-nın avtomobilindən yerə endirib qəbul otağına aparmışlar. Orada dərmanlarla birlikdə təxminən 150 manata yaxın məbləğdə pul xərcləmişdir. Həkimlər ilkin tibbi yardımdan sonra qadının yanına gələn Leyla adlı qızı və ondan başqa digər adını bilmədiyi qız demişlər ki, onlar analarını müalicə etdirmək uçün başqa xəstəxanaya aparmaq istəyirlər. Bir neçə dəqiqədən sonra onlar həftənin bazar günü olduğuna görə xəstəxanaların işləmədiyini bildirib analarını müalicə etdirmək üçun “Bonadea” klinikasına aparmaq istədiklərini demişlər. O da demişdir ki, “Bonadea” klinikası bahalı klinikadır, orada müalicələr çox bahadır. Ona görə də təklif etmişdir ki, digər özəl klinikaya aparsınlar və orada analarının müalicə xərcini qarşılasın. Lakin Leyla və digər bacısı israrla analarını “Bonadea” klinkasına aparmaq istədiklərinə görə idarə etdiyi avtomobillə onları “Bonadea” klinikasına aparmışdır. Klinikaya çatandan sonra Zərərçəkmiş şəxs bədənini həkimlər bir daha müayinə etmişlər. O, müayinələr üçün 1493 manat pul ödəmişdir. Xəstəxanada həkimlər demişlər ki, zərərçəkmiş şəxsin hər iki qolunun bilək nahiyələri cərrahi əməliyyat olunmalıdır. Əməliyyatın xərci çox olmuşdur, onu ödəmək imkanları olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraat materialının nəticələrinə dair təhqiqatçı tərəfindən tərtib edilmiş yekun protokolunda ittihamın irəli sürülməsinin təsdiq edilməyərək cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 20 iyun 2023-cü il tarixli qərardan görünür ki, böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraat materialının nəticələrinə dair Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Nurlan Ağazadə tərəfindən tərtib edilmiş yekun protokolunda ittihamın irəli sürülməsi təsdiq edilməyərək fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi ibtidai istintaq aparılması üçün aidiyyəti üzrə Xətai RPİnin İstintaq Şöbəsinə göndərilmişdir (i.v. 1-2); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 22 may 2023-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi ünvan 2 ünvanın yaxınlığına baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 7-14); «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əlavə olan 1/2760 nömrəli xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v. 15); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Qİİ 2 saylı Asan xidmət mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə 02 il müddətinə “B1 B, C1 C, D1 D” kateqoriyalı BB 118895 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 22); 101 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 35); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Əliyev X5 Rayon Xalq Məhkəməsinin xx.xx.1978-ci il tarixli hökmünə əsasən Azərbaycan SSR CM-nin 211, 23-1-ci maddələri ilə təqsirli bilinərək 01 il cəzası şərti təyin edilməklə əməyə mütləq cəlb olunmuşdur; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 70-ci maddəsi tətbiq edilməklə 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzası 04 il şərti sınaq müddəti təyin olunmaqla tətbiq edilmişdir (i.v. 38-39); Sabunçu Rayon Məhkəməsi tərəfindən Suraxanı Rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçılar şöbəsinə göndərilmiş xx.xx.2004-cü il tarixli İ-126 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan hökm qanuni qüvvəyə minmişdir; Suraxanı Rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçılar şöbəsi tərəfindən Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış bildirişdən görünür ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş hökmün icrasına dair göstəriş xx.xx.2004-cü il tarixdə icraata daxil olmuş və icraya yönəldilmişdir; Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Sabunçu Rayon Məhkəməsinə üvanlanmış xx.xx.2004-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş hökmün sürəti onlara çatdırılmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X7 24 may 2023-cü il tarixli, 571 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs üz nahiyəsinin şişkinliyi, üst dodağın cırılmış yarası, üst çənədə sol İ, sağ İ, İİ, İİİ dişlərin sınıqları, hər iki mil-bilək oynağı nahiyəsinin hematoması, hər iki mil sümüyünün yerdəyişən sınıqları, sol əlin İ daraq sümüyünün sınığı, sağ əl-daraq sümüklərinin sınıqları, sağ qamış sümüyünün sınığı, sol kürək sümüyünün xətti sınığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə YNH zamanı törənə bilərdi və dərəcələrinə gorə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər (i.v. 40-42); zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 iyun 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 43); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 09 iyun 2023-cü il tarixli, 8/1721 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən “Nissan Sunny” markalı, 99PT310 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 68-71); sübutların qiymətləndirilməsi haqqında 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş hesab edilmiş, onun barəsində Azərbaycan Respublikası CM-nin 143, 263-1.1 və 264-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir, böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın ilkin materialları, məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının rəyləri, yol-nəqliyyat hadisəsi yerinə baxış protokolu və hadisə yerinin sxemi, cinayət qanunu ilə nəzərdə tutulmuş şəxsin və zərərçəkmiş şəxsin ifadələri sübut növü kimi qiymətləndirilmişlər, “Nissan Sunny” markalı, 99PT310 dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və sahibinə qaytarılması qərara alınmışdır (i.v. 80-84); cinayət işinin icraata qəbul edilməsi haqqında 10 iyul 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraatına qəbul edilmişdir (i.v. 93); zərərçəkmiş şəxs qismində tanınma haqqında 20 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 98-99); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 08 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 116- 117); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 08 avqust 2023-cü il tarixli protokoldan görünür ki, o, piyada Zərərçəkmiş şəxs yolun orta xəttinə çataraq dayandığını gördüyündən yenidən hərəkətə başladığını, bu zaman Zərərçəkmiş şəxs hərəkətdə olduğu zolağa keçdiyini gördüyünü və həmin vaxtı idarə etdiyi avtomobilin sol tərəf ön hissəsi ilə Zərərçəkmiş şəxs vurduğunu, zərbənin təsirindən Zərərçəkmiş şəxs yerə yıxıldığından bədən xəsarətləri aldığını etiraf etmiş və “ifadəm ucadan oxundu, əlavəm və düzəlişim yoxdur” qeyd edərək öz imzası ilə təsdiq etmişdir (i.v. 127-129); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 08 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 130- 131); “Bona Dea” Hospital tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs müalicəsi üçün həmin tarixdə ayrı-ayrılıqda 1439 manat və 54 manat məbləğində ödəniş edilmişdir (i.v. 147-148); sübutların qiymətləndirilməsi haqqında 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs idarə etdiyi və yol nəqliyyat hadisəsi törətdiyi “Nissan Sunny” markalı, 99PT310 dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və saxlanılması üçün sahibinə təhvil verilməsi qərara alınmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, yol-nəqliyyat hadisəsi yerinə baxış protokolu, məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat ekspertizalarının rəyləri sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir (i.v. 149-157); məhkəməyə təqdim olunmuş “Kəpəz Hospital” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan PTCA-Stent protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə “Stent implantasiyası” olunmuşdur; məhkəməyə təqdim olunmuş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin “X9” X10 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xəstəlik çıxarışlardan (epikrizlərdən) görünür ki, Təqsirləndirilən şəxs diabetik polineyropatiya diaqnozu qoyulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi və Zərərçəkmiş şəxs avtomobilinin zərbəsindən yox, özünün tarazlığını itirdiyindən yerə yıxılması barədə ifadəsinə tənqidi yanaşır. Müdafiə hüququnun təməl institutu kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 21 may 2023-cü il tarixdə, saat 14 radələrində evdən çıxaraq zibil atmaq üçün evin yaxınlığında yerləşən zibil qabılar tərəfə nəvəsi Şahid3 ilə getmək istəmişdir. Binadan çıxanda Nəzrini “Ucuzluq” marketin qarşısında dayandırıb özü zibili atmaq üçün avtomobil yolunun əks tərəfinə keçib əlində tutduğu məişət tullantısını qutuya tulladıqdan sonra geri, nəvəsinin yanına qayıtmaq üçün avtomobil yoluna daxil olub birinci hissəsini keçib 2-ci hissəsinə daxil olub bir neçə metr məsafə qət etdikdən sonra ondan sağ tərəfdən gələn qara rəngli avtomobil sağ yan tərəfindən onu vurub yerə yıxmışdır. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində evlərinə qayıdan zaman avtomobili atası Təqsirləndirilən şəxs idarə etmiş, o isə sağ tərəf ön oturacaqda əyləşmişdir. Xətai rayonu, İ.İsmayılov küçəsi 42 saylı ünvanın yaxınlığına çatanda Təqsirləndirilən şəxs saatda təxminən 20 km sürətlə hərəkətini davam etdirdiyi zaman avtomobil yolunu onlardan sol tərəfdən sağ tərəfə keçmək istəyən qadını görüb avtomobili dayandırıb yolu keçməsi üçün qadına əli ilə işarə etmişdir. Lakin qadın yolu keçmək istəməyib Təqsirləndirilən şəxs avtomobili sürməsi barədə işarə vermişdir. Atası da hərəkətə başlayıb sürmək istəyəndə avtomobilin sağ tərəfi qadına dəymiş və o, yerə yıxılmışdır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs və şahidlər bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişlər və yalnız bundan sonra həmin şəxslər dindirilmişlər. Həmin şəxslərin ifadələri ilə Təqsirləndirilən şəxs ifadəsi istisna edilmişdir. Həmçinin məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları ilə də Təqsirləndirilən şəxs ifadəsi istisna olunmaqla digər ifadələr tam təsdiq olunmaqla üst-üstə düşmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda— iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs xəstə olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin xəstəxana xərcləri üçün 1493 manat pul xərcləməsini nəzərə alır və CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Təqsirləndirilən şəxs Şaumyan Rayon Xalq Məhkəməsinin xx.xx.1978-ci il tarixli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmləri üzrə olan məhkumluğu ödənildiyindən, eyni zamanda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü üzrə olan məhkumluğu ehtiyyatsızlıqdan törədilmiş cinayət ilə bağlı olduğundan residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan Sunny” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılmalı və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə saxlanılması üçün verilməsi nəzərə alınmalı (CPM-132), iş üzrə 85 (səksən beş) manat məbləğində məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Nissan Sunny” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılsın və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə saxlanılması üçün verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar