Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-504/2025 27.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçiləri – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Şamaxı rayonu, Meysəri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şamaxı rayonu, Meysəri Ə/D, Meysəri kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 28 may 2025-ci il tarixdə saat 21:13-də Bakı şəhəri, Xətai rayonu, Elvin Şükürlü küçəsi 1 ünvanında qonşusu Zərərçəkmiş şəxs ilə şəxsi avtomobillərini bir-birinə mane olmamaq şərti ilə küçədə saxlanılması barədə əvvəlcədən olan razılaşmalarını pozduğuna görə yaranmış mübahisə zamanı ictimai qaydalara laqeyd münasibət bəsləməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini diqər şəxslərdən üstün tutub xuliqanlıq niyyəti ilə heç bir əsaslı səbəb olmadan yumruqla bir dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq ona burun və əng sümüklərinin sınıqları, hər iki gözətrafı nahiyənin dərialtı hematoması və sol göz almasına qansızma ilə nəticələnən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı ev ümumi küçədə olduğu üçün qonşusu Anarla «hər ikimiz iş adamıyıq və kim tez gəlsə idarə etdiyi avtomobili qarşıda saxlasın ki, digər qonşu rahatçılıqla öz avtomobilini arxada saxlaya bilsin» kimi danışığı olmuş, lakin 28 may 2025-ci il tarixdə axşam saat təxminən 21 radələrində idarə etdiyi «Chevrolet Cruze» markalı avtomobili ilə yaşadığı evin həyətinə gələrkən Anarın idarə etdiyi avtomobili narahat yerdə saxlamasını və maşınını saxlamaq üçün yer olmadığını görmüş, buna görə Anarın evinin qapısını döyərək çölə çağırmış, ona «axı biz danışmışdıq ki kim tez gəlsə digər qonşunun avtomobilini saxlamaq üçün yer saxlayacaqdır» deyə iradını bildirmişdir. Bu zaman Anar kobud danışmağa başlamış, həmin vaxt Anara gəl əyləş maşına gedək başqa yerdə söhbət edək deyə təklif etmiş, lakin Anar getməyərək küçənin baş tərəfində söhbət etmələrini təklif etmişdir. Sonra Anarla küçənin baş tərəfinə getmiş, orada Anarla burun buruna dayanarkən hövsələdən çıxartdığı üçün əsəblərini cilovlaya bilməyərək yumruqla Anarın sifət nahiyəsinə bir dəfə vurmuş və Anar zərbənin təsirindən yerə yıxılaraq ünvanına nalayiq küçə söyüşləri işlətmişdir. Bu zaman Anarın yerdə yıxılmış vəziyyətində bir neçə zərbə endirmiş, həmin vaxt səs-küylərini eşidən qonşular küçəyə çıxararaq onu kənara çəkərək Anardan ayırmışlar. Bundan sonra Anar ayağa qalxmış, sifəti qan içində olduğu üçün qonşulardan kimsə ona su gətirib vermiş və Anar əl-üzünü yuyub oradan getmişdir. Qonşusu Anarla heç bir düşmənçiliyi və ya ədavəti olmamış, hadisə zamanı heç bir xəsarət almamış, dava dalaş təxminən 2-3 dəqiqə davam etmiş və həmin mübahisəni qonşular görmüşdür Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, həmin gün ailəsi ilə birlikdə evə qayıdan zaman Anrın maşını pis saxladığını görüb onun yaşadığı mənzilin qapısını döymüş və mədəni formada maşını çəkməsini xahiş etmişdir. Lakin Anar ona kobud və aqressiv cavab vermişdir. Daha sonra aralarında sözlü mübahisə yaranmış və Anar ona qarşı nalayiq ifadə işlətdiyindən onu vurmuşdur. Lakin onun xuliqanlıq etmək niyyəti olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qonşuluğunda yaşayan adının Əli olduğunu bildiyi şəxs təxminən 6 aya yaxındır valideynləri və ailəsi ilə birgə onun yaşadığı məhəlləyə köçərək yaşayırlar. Əli ilə sıx dostluq münasibəti olmamışdır və ilk dəfə onu evinin qarşısında saxladığı avtomobilini onun avtomobilinin hərəkətinə mane olduğu üçün ondan bir qədər kənara çəkməyi xahiş edən zaman onu tanımışdır. Çox vaxt işləri ilə bağlı Beyləqan rayonunda olduğundan Əli ilə axır vaxtlar rastlaşmamışdır. Bakı şəhərində olduğu vaxtlarda isə avtomobillərini evlərinin qarşısında uyğun şəkildə saxlamışlar. Lakin xx.xx.2025-ci il tarixdə axşam saat 21 radələrində yaşadığı ünvan 2 ünvanda olan zaman çöl qapısının möhkəm şəkildə vurulmasını eşidərək qapıya yaxınlaşdıqda qapının arxasında olan şəxsin Əli olduğunu görmüş, qapını açan kimi Əli ondan evin qarşısında saxladığı “Saipa” markalı avtomobilini başqa yerdə saxlamağını tələb etmişdir. Həmin gün bacısının oğlunun ad günü olduğundan və evə tələsik gəlib paltarını dəyişmək istədiyindən maşını pis saxlamışdır. Lakin yaxın vaxtlarda atasını itirdiyindən, həmçinin həmin vaxt tələsdiyindən Əlinin qapını döyməsi onu daha da əsəbləşdirmişdir. Bu səbəbdən aralarında sözlü mübahisə yaranmış və o, Əliyə qarşı nalayiq ifadə işlətmişdir. Bu zaman Əli anidən əli ilə onun sifət nahiyəsindən güclü zərbə ilə vurmuş və zərbənin təsirindən yerə yıxılmışdır. Aralarında olan münaqişə səslərinə qonşusu Dilbər və adını bilmədiyi qızı gələrək onları aralaşdırmışlar. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, hadisə baş verən gün əsəbi olduğundan və Əli onu tələsdirdiyindən ona qarşı aqressiv olmuşdur. Əli ondan maşını çəkməsini istədikdə o, buna kobud şəkildə reaksiya verərək etiraz etmişdir. Həmçinin aldığı zərbənin təsirindən göz nahiyəsində güclü ağrı olduğundan və yaxşı görmədiyindən müstəntiq tərəfindən tərtib edilmiş ifadəni imzalamışdır. Hal-hazırda təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Anar və Əli hər ikisi onunla qonşuluqda yaşamışlar və onlarla münasibətləri yaxşı olmuşdur. Anar və Əlini tərbiyəli, mədəni insan kimi tanımışdır. 28 may 2025-ci il tarixdə axşam saat 21 radələrində yaşadığı ünvanda olan zaman nəvəsinin dərsdən gəlməyini gözlədiyindən mütəmadi olaraq evin giriş qapısını açıb çölə baxmış, sonuncu dəfə qapını açdıqda qonşu Əlinin Anarın yaşadığı evin qapısını döyərək çölə çağırmasını və Anarın evdən çölə çıxaraq Əlinin avtomobilinin yanında dayanıb söhbət etməsini görmüş, onların küçədə olmasını görərək içəri keçib qapını bağlamışdır. Bu zaman Əlinin əsəbi şəkildə Anara «gedək söhbət edək» deməsini eşitmiş, bu sözdən sonra narahatçılıq keçirtmiş və qapını açaraq Anarla Əlinin küçənin başında dayanaraq söhbət etməsini və ani bir vaxtda Əlinin yumruqla Anarın sifətinə vuraraq onu yerə yıxmasını görüb onları ayırmaq üçün çölə çıxıb üstlərinə qaçmışdır. Qaçaraq onlara çatdıqda Anarın yerə yıxılmasını və Əlinin onun üstündə dayanaraq yumruqla zərbələr endirməsini görmüş, həmin vaxt qışqıraraq onları aralaşdırmağa çalışsa da gücü çatmamış, sonra səs-küyə qızı Sevil çıxararaq yanına gəlmiş və birlikdə onları ayırmağa nail olmuşlar. Həmin vaxtı Anarın sifəti qan içində olduğundan onun sifətini yuyaraq evinə yola salmış, baş vermiş mübahisə və dava-dalaş təxminən 2-3 dəqiqə davam etmiş, həmin vaxt Anar xəsarət alsa da Əli xəsarət almamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 30 iyul 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün Xətai RPİnin İŞ-nə göndərilmişdir (i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 31 may 2025-ci il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanın qarşısında küçə arası yola baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 9-12); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 02 iyun 2025-ci il tarixli, 522 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun və əng sümüklərinin sınıqları, hər iki gözətrafı nahiyənin dərialtı hematoması və sol göz almasına qansızma müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2025-ci il tarixdə kənar şəxs(lər) tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pouzlmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. Vət. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətin xarakter və lokalizasiyalarına görə özü-özünə yetirməsi inkar olunur (i.v. 24-26); cinayət işinin icraata qəbul edilməsi haqqında 05 avqust 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (i.v. 28); zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 avqust 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 32); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılmasına cəzasına məhkum edilmişdir; barəsində Xətai RPİ-də CM-nin 128-ci maddəsi ilə başlanmış cinayət işinin icraatına xx.xx.2024-cü ildə CPM-nin 40.3-cü və CMnin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir (i.v. 51-52); “CD-R” diskə baxış keçirilməsi haqqında 22 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, 01 ədəd diskdə olan videofayla baxış keçirdikdə içərisində 28 may 2025-ci il tarixdə saat 21:13:05-də ünvan 4 ünvanın qarşısında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisəni və dava-dalaşı əks etdirən görüntünün olması müəyyən olur. Həmin videogörüntü 07:59 dəqiqədən ibarətdir, videogörüntüdə yaşayış evlərinin qarşısındakı küçədə iki nəfər şəxsin mübahisə etməsi və küçədə dayanmış avtomobildən bir qədər aralanaraq küçənin baş tərəfindən mübahisələrini davam etdirməsi, həmin vaxt mübahisə edənlərdən birinin digərini yumruqla sifət nahiyəsindən vuraraq yerə yıxması və yıxılmış şəxsin uzanıqlı vəziyyətdə olarkən digərinin onu yumruqla vurmaqda davam etməsi, daha sonra bir neçə qonşu qadının mənzildən çıxaraq onları ayırması və xəsarət alan şəxsə su verməsi əks olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs mübahisə etdiyi şəxsin Zərərçəkmiş şəxs olmasını və onu yumruqla vurub yerə yıxmasını, həmin mübahisənin səbəbinin isə Zərərçəkmiş şəxs küçədə maşını düzgün saxlamaması, buna iradını bildirdikdə ona kobud davranması olduğunu bildirmişdir (i.v. 69); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 22 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilmişdir (i.v. 70); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 24 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 81-82); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 24 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 96-98); 24 sentyabr 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 99-102); sübutların qiymətləndirilməsi haqqında 25 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində CM-nin 221.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmətibbi ekspertizasının rəyi, 01 ədəd “CD-R” formatlı disk və diskə baxış protokolu iş üzrə sübut növü kimi qiymətləndirilmiş, 01 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 103-109); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-21-1/2-110542/2025 saylı sorğuya cavab məktubundan görünür ki, Alıyev X5 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 02 il 11 ay 26 gün müddətə azadlığın mədudlaşdırılması cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin Qərarının 5-ci bəndi tətbiq edilməklə cəzası 01 il azaldılmış və cəza müddət xx.xx.2023-cü il tarixdə başa çatdığından o, qeydiyyatdan çıxarılmışdır; Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri 36 saylı Notariat ofisində verilmiş **********607 saylı ərizədən görünür ki, hadisəni törədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmişdir, hazırda onunla barışmışdır, ona qarşı heç bir tələbi və şikayəti yoxdur, gələcəkdə də olmayacaq; 6 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 823121 nömrəli doğum haqqında şəhadətnamədən və AA6483362 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2022-ci ildə Bakı şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X3r. Məhkəmə iclasında 01 ədəd “CD-R” formatlı diskdə olan görüntüyə baxış keçirilmiş və diskdə olan görüntü diskə baxış keçirilməsi haqqında 22 sentyabr 2025-ci il tarixli protokolun məzmununa uyğun olmuşdur. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı ona xəsarət yetirsə də, həmin vaxt onun niyyəti xuliqanlıq etmək olmamışdır. Lakin məhkəmə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi barədə ifadəsinə tənqidi yanaşır. Müdafiə hüququnun təməl institutu kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs hadisə zamanı xuliqanlıq niyyətinin olmadığını bildirsə də, iş materiallarına əlavə edilmiş 01 ədəd “CD-R” formatlı diskə baxış zamanı müəyyən olmuşdur ki, 28 may 2025-ci il tarixdə saat 21:13:05-də ünvan 4 ünvanın qarşısında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq onu yerə yıxır və o, yıxılmış uzanıqlı vəziyyətdə olarkən onu yumruqla vurmağa davam edir, daha sonra bir neçə qonşu qadın mənzildən çıxaraq onları ayırırlar. Diskə baxış zamanı Təqsirləndirilən şəxs mübahisə etdiyi şəxsin Zərərçəkmiş şəxs olmasını və onu yumruqla vurub yerə yıxmasını, həmin mübahisənin səbəbinin isə Zərərçəkmiş şəxs küçədə maşını düzgün saxlamaması, buna iradını bildirdikdə ona kobud davranması olduğunu bildirmişdir. Bundan başqa, məhkəmə, Təqsirləndirilən şəxs əməlinin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti kimi qiymətləndirilməsinin düzgün olmaması ilə bağlı dəlillərini aşağıda qeyd olunan normalarla təkzib edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilir ki, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarda göstərilmişdir ki, “xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dizpozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud sürətdə pozulması, -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi sağlamlığa zərər vurmaq üçün bəhanə etməklə törədilir. Göründüyü kimi, həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs yuxarıda qeyd edilən ifadələri ilə bir daha təsdiq olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Elvin Şükürlü küçəsi 1 ünvanında baş vermiş hadisə heç bir səbəb olmadan, cüzi bəhanə ilə, yəni zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə aqressiv şəkildə maşını çəkməyəcəyini bildirməsi ilə aralarında yaranmış narazılıq səbəbindən baş vermişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını, əməlini qismən etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 01 ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri olan ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs isə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 01 ədəd “CD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-504/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-504/2025
27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver