Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-505/2022 21.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq, bir ədəd ağ rəngli kağıza bükülmüş, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz şəkisi 0,165 qram narkotik vasitə olan heroin əldə edərək üstündə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılıb ünvan 3 RPİ-nin 37-ci PŞ-nə gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli cins şalvarın sol yan cibindən təmiz çəkisi 0,165 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək bildirmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir, əvvəllər məhkum olunmuş və Milli Məclis tərəfindən qəbul edilmiş amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. Uzun müddətdir ki, heroindən istifadə edir. Narkotik vasitəni tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Neftçilər metro stansiyasının yaxınlığında olan zaman əvəllər tanımadığı, sonradan adının Vaqif olmasını bildiyi şəxsdən 12 manata öz istifadəsi üçün heroin almışdır. Heroin bir büküm olmuşdur. Heroini şalvarının sol yan cibinə qoymuşdur ki, istəyəndə istifadə etsin. Heroini aldqdan sonra yaşadığı ünvana getmişdir. Saat 15 radələrində ünvan 5a olan zaman mülki geyimdə olan şəxslərin ona iti addımlarla yaxınlaşdığını görüb polis olduqlarını başa düşmüşdür. O qaçmağa başlamış, lakin həmin şəxslər ona çatıb onu saxlamışlar. Onlar özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər onun hərəkətlərindən özünü şübhəli apardığını deyib, üzərində narkotik vasitə olub-olmamadığını soruşmuşlar. O, səmimi etiraf edərək üzərində bir ədəd bükümdə heroin olduğunu bildirmişdir. Polis əməkdaşları onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsində hüquq və vəzifələri ona izah olunmuş, vəkil dəvət olunmuşdur. Şəxsi axtarış keçirilən zaman üzərində olan əşyaları təqdim etməsini dedikdə, o, əynindəki qara rəngli şalvarının cibindən 1 ədəd bükümü çıxardıb təqdim etmişdir. O həmin bükümdə heroin olmasını bildirmişdir. Daha sonra axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş həmin narkotik vasitə heroin qablaşdırılıb möhür ilə möhürlənərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. Xətai rayonunda Y.Səfərov küçəsində yaşayan Zamin adlı şəxsin mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradaraq birlikdə Bakı şəhəri, Xətai rayonu, M.Əmirxanov küçəsinə yollanmışlar. Saat 15:00 radələrində şifahi məlumata əsasən Təqsirləndirilən şəxs xarici əlamətlərinə görə oxşayan şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsdən şəxsiyyətini soruşmuşlar. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Həmin şəxsə narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək 37-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuş, onun hüquq və vəzifələri ona izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş bükülünü çıxardıb masanın üzərinə qoymuşdur. Həmin bükülünün içərisinə baxdıqda içərisindən tünd qəhvəyi maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükülünün içərisində heroin olduöunu bildirmişdir. O heroini öz istifadəsi üçün Neftçilər metro stansiyasının yaxınlığında tanımadığı, adının Vaqif olmasını bildiyi şəxsdən 12 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroin elektron tərəzidə çəkilmiş və heroinin miqdarının 0.30 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs götürülmüş heroin qablaşdırılmış, möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib olunmuş, və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Şahid2 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları təsdiqlədiyini qeyd etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində Şahid2 bildirmişdir ki, Xətai RPİ-nin 37-ci PŞ-nin sahə rəisi vəzifəsində çalışır və polis kapitanı rütbəsini daşıyır. Xətai rayonunun inzibati ərazisində Y.Səfərov küçəsində yaşayan Zamin adlı şəxsin mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, M.Əmirxanov küçəsinə yollanmışlar. Həmin gün saat 15:00 radələrində orada onlara şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsdən şəxsiyyətini soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Həmin şəxsə narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək şübhəli şəxs qismində Xətai rayon Polis İdarəsinnin 37-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə getməyə razılıq vermiş və birlikdə polis şöbəsinə yollanmışdır. Polis şöbəsinin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün 13 saylı Vəkil Bürosundan vəkil dəvət olunmuşdur. Vəkil polis şöbəsinə gəldikdən sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş bükülünü çıxardıb masanın üzərinə qoymuşdur. Həmin bükülünün içərisinə baxdıqda içərisindən tünd qəhvəyi maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bükülünün içərisindəki narkotik vasitə olan heroindir və həmin heroini öz istifadəsi üçün Nizami rayonu, Neftçilər metro stansiyasının yaxınlığında tanımadığı, adının Vaqif olmasını bildiyi, anket məlumatlarını bilmədiyi şəxsdən 12 manata alıb istifadə etmək üçün üzərində gəzdirmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs üzəri axtarılsa da qanunla qadağan edilmiş başqa heç nə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroin elektron tərəzi vasitəsilə çəkilmiş və heroinin miqdarının 0.30 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs götürülmüş heroin qablaşdırılmış, daha sonra bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-də Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 09 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.01); şübhəli şəxsin tutulması haqqında 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 23); şəxsi axtarış və götürmə aparılması haqqında 08 sentyabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nə olması, haradan və nə vaxt alması soruşulduqda o, həmin bükümdəki kütlənin narkotik maddə olan kakos adı ilə bildiyi heroin olmasını, həmin maddəni xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində Nizami rayonu, Neftçilər metrosunun yanında Vaqif adlı şəxsdən 12 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddə elektron tərəzi vasitəsilə çəkilmiş və həmin maddənin 0.30 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdəki narkotik maddəyə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 153 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 34-35); Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizanın 9 sentyabr 2022-ci il tarixli 6/4955 saylı rəyindən görünür ki, tədqiqata təqdim ediliş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N153” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözü, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0.165 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 42-45); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, xx.xx.2022ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elna edilmişdir (i.v. 55-56); bir ədəd DVD-R diskə baxış keçirilməsi haqqında 10 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 08 sentyabr 2022-ci il tarixli protokola uyğun olmuşdur (i.v. 70); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(011)-471/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir (i.v. 80-82); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 83-85); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 01 ay 18 günü hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2015-ci ildə cəza müddəti başa çatmışdır; Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən azad edilmişdir (i.v. 89-91); Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(101)-915/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə tutulduğu 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (i.v. 92-104); Amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq məhkum Təqsirləndirilən şəxs amnistiya tətbiq edilməsi, Amnistiya qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsi, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçiliməsi qərara alınmışdır (i.v. 105); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(011)-706/2021 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində təyin edilmiş narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir ləğv edilmişdir; Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 18775564 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Aylin Hümbətzadə xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası Rəvanə Hümbətovadır (i.v. 107); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 şəxsinin xx.xx.2022-ci il tarixli 5609 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 115-116); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, diskə baxış protokolu sübut növü kimi qiymətləndirilmişlər, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.165 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.115 qram narkotik vasitə heroin Bakı şəhəri Xətai RPİ-nin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasına xitam verilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (i.v. 118-124). Məhkəmə iclasında bir ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs həmin maddənin nə olması, haradan və nə vaxt alması soruşulduqda o, həmin bükümdəki kütlənin narkotik maddə olan kakos adı ilə bildiyi heroin olmasını, həmin maddəni xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində Nizami rayonu, Neftçilər metrosunun yanında Vaqif adlı şəxsdən 12 manata aldığını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0.165 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 3 mart 2020-ci il tarixli qərarına əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını (CM- 59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli və xx.xx.2014-cü il tarixli hökmləri üzrə olan məhkumluqları Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənildiklərindən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmırlar. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü üzrə olan məhkumluğu “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən götürüldüyündən hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası CM-nin 18.4.3cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin növünü nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutularaq saxlanıldığı 08 sentyabr 2022-ci il tarixdən 10 sentyabr 2022-ci il tarixədək olan müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar Xətai RPİ-nin saxlancına təhvil verilmiş onun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə 0.165 qram olan tədqiqatdan sonra qalıq qalmış 0.115 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı (CPM-132), 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdən 10 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 21 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş onun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə 0.165 qram olan tədqiqatdan sonra qalıq qalmış 0.115 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “DVD-R” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-505/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-505/2022
21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver