Məhkəmə qərarları › İş №1(011)-507/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-507/2022

25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-507/2022 25.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 09 sentyabr 2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 büküm təmiz çəkisi 0,548 qram narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Xətai Rayon Polis İdarəsinin 35-ci PB-yə daxil olmuş əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı o, 09 sentyabr 2022-ci il tarixdə saat 19:10-da Xətai rayonu, İnqilab İsmayılov küçəsi 13 ünvanının qarşısında saxlanılmış, ünvan 2tai RPİ-nin 35-ci PB-yə gətirilərək orada videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 büküm təmiz çəkisi 0,548 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Xətai rayonu Vunq Tau küçəsi ev 16 mənzil 14 ünvanında yaşayır. Ali təhsilli olsa da, hazırda işsizdir. Atası ürəyi ilə bağlı təzəlikcə əməliyyat olunmuş, anasının isə müalicəyə ehtiyacı olduğu üçün son vaxtlar maddi imkanları yaxşı olmamışdır. Buna görə də, o, çox fikirli olmuş, fikrini dağıtmaq məqsədi ilə tutulmamışdan təxminən iki həftə əvvəl olar ki, heroindən istifadə etmişdir. O, heroini yandırıb tüstüsünü çəkmək üsulu ilə qəbul etmişdir. O, narkotik vasitə istifadə etmək istəyərkən Sabunçu rayonu, Maştağa qəsəbəsinə getmiş, orada anket məlumatlarını bilməsə də üzdən tanıdığı şəxslə görüşməklə ondan bir neçə dəfə narkotik vasitə heroin almışdır. Sonuncu dəfə 09 sentyabr 2022-ci il tarixdə saat 13:00 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində “dairə" adlanan yerin yaxınlığında olarkən ona narkotik vasitə satan şəxslə qarşılaşmış, ondan heroin istəmiş və 20 manata bir büküm heroin almış, bundan sonra oradan yaşadığı evə getmişdir. O, narkotikdən bir qədər istifadə edərək qalanını əynindəki şalvarın sol yan cibində saxlamış, təqribən saat 18 radələrində gəzmək məqsədi ilə yaşadığı evdən çıxmış, saat 19:10 radələrində gəzə-gəzə Xətai rayonu, İnqilab İsmayılov küçəsi 13 ünvanının qarşısına çatan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu söyləmişlər. Daha sonra o, Xətai RPİnin 35-ci Polis Bölməsinə dəvət edilmiş, polis bölməsində ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçi dəvət olunmuşdur. Bundan sonra videoçəkilişdən istifadə edilməklə üzərinə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyalar olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o, könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan kəsiyində olan narkotik vasitə heroini çıxarıb təqdim etmiş, bundan sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra isə təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkilərək ümumilikdə çəkisinin 0,63 qram olması müəyyən edilmiş, aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən zərfin üzərində imzalar çəkilmişdir. Heroini şəxsi istifadəsi üçün əldə etmiş, kiməsə verməmiş, ümumiyyətlə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, saxlanılarkən və ya saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona hansısa təzyiq göstərilməmiş və fiziki müdaxilə olunmamışdır. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru rütbəsini daşıyır. ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyataxtarış tədbiri keçirilməsi üçün idarə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri özü, digər üzvü isə Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 olmuşdur. 09 sentyabr 2022-ci il tarixdə saat 19:10 radələrində Təqsirləndirilən şəxs Xətai rayonu, İnqilab İsmayılov küçəsi 13 ünvanının qarşısında görüb saxlamışlar. Xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etməklə onu 35-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından, bölməyə 13 saylı vəkil bürosundan müdafiəçi dəvət olunmuş, özünün, müdafiəçinin, Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Ayxan Abbasovun iştirakı ilə Xətai RPİ-nin 35-ci PB-nin növbətçi köməkçisi, polis kiçik serjantı X2 vıdeoçəkiliş aparması ilə təhqiqatçı, polis kapitanı X4 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı təhqiqatçı Sənan Süleymanlı şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, daha sonra ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan kəsiyində olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı həmin sellofan bükümü açaraq içərisinə baxmış və həmin bükümdə qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər maddə olduğu görünmüşdür. Təqsirləndirilən şəxs cibindən çıxardığı həmin maddənin şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə olduğunu etiraf etmiş və həmin bükümü Maştağa qəsəbəsində tanımadığı şəxsdən 20 manat qiymətinə aldığını bildirmişdir. Bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim olunan narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilərək 0.63 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə bənzər kütlə zərfə qoyularaq möhürlənmiş və zərf şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi, təhqiqatçı, özü və digər əməliyyat müvəkkili tərəfindən imzalanmış, istintaq hərəkəti protokollaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı təqdim etdiyi büküm elektron tərəzidə çəkilərkən onun büküldüyü sellofan kəsiyi ilə birlikdə kütləsinin elektron tərəzidə 0,63 qram olduğu aşkar edilmiş, lakin müvafiq tədqiqat zamanı həmin maddənin təmiz çəkisinin, yəni sellofan kəsiyi olmadan çəkisinin 0.548 olduğu aydın olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı rütbəsini daşıyır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməsi barədə birlikdə xidmət apardığı Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 əməliyyat məlumatı daxil olmuş və həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün idarə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanaraq iki nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvü özü, rəhbəri isə Şahid1 olmuşdur. Bununla əlaqədar olaraq 09 sentyabr 2022-ci il tarixdə saat 19:10 radələrində Təqsirləndirilən şəxs ünvan 5 ünvanın qarşısında görüb saxlamışlar. Xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmiş və onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs olduğu üçün 35-ci polis bölməsinə dəvət etmişər. Bölmədə olarkən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, bölməyə 13 saylı vəkil bürosundan müdafiəçi dəvət olunmuş, özünün, müdafiəçinin, Xətai RPİ-nin 35-cı PB-nın CA üzrə əməliyyat müvəkkili Şahid1 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı Sənan Süleymanlı şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs isə əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş, içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlə olan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmiş, həmin maddənin narkotik vasitə olduğunu və onu şəxsi istifadə məqsədi ilə əldə etdiyini, Maştağa qəsəbəsində tanımadığı və adını bilmədiyi şəxsdən 20 manat qarşılığında aldığını bildirmişdir. Bundan sonra Orxan İsəndərovun üzərinə şəxsi axtarış keçirilmiş və başqa əşya, predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülü onların qarşısında zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Keçirilmiş istintaq hərəkəti protokollaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, bölməyə gətirilərkən və barəsində şəxsi axtarış və götürmə keçirilərkən ona hər hansı pisixi və fiziki təsir edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 10 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v.01); şübhəli şəxsin tutulması haqqında 09 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 09 sentyabr 2022-ci il tarixdə Xətai RPİ-də tutulmuş, onun azadlığı faktiki olaraq həmin tarixdə, saat 19:10-dan məhdudlaşdırılmışdır ( i.v. 22); şəxsi axtarış və götürmə aparılması haqqında 09 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis mayoru Şahid1, Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2, Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin növbətçi köməkçisi polis kiçik serjantı X2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyli maddəni çıxarıb təqdim etmiş, həmin maddənin heroin (kakos) olduğunu, həmin maddəni Sabunçu rayonu Maştağa qəsəbəsində anket məlumatlarını və adını bilmədiyi şəxsdən 20 (iyimi) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin maddə elektron tərəzi ilə çəkilmiş və çəkisinin 0,63 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 154 saylı möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 33-34); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 sentyabr 2022-ci il tarixli, 6/5034 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...(imza) Orxan İ. ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,548 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 39-42); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 51); Qətimkan tədbirinin seçilməsi haqqında 11 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir ( i.v. 73); Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X7 tərəfindən diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs göy rəngli cins şalvarın sol yan cibindən şəffaf sellofan kəsiyinə bükülmüş bükülünü çıxarıb təqdim edir, içərisində heroin olduğunu, həmin maddəni Sabunçu rayonu Maştağa qəsəbəsində tanımadığı şəxsdən 20 (iyimi) manata aldığını bildirmişdir. Aşkar edilmiş maddə elektron tərəzi ilə çəkilmiş və çəkisinin 0,63 qram olması müəyyən edilmişdir ( i.v. 76-77); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 79); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 5559 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür ( i.v. 88-89); Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 6 saylı MKİS-in 346 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Vunq Tau küçəsi 16 saylı evin 14 saylı mənzilində yaşayır (i.v. 91); Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 6 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai rayonu Vunq Tau küçəsi ev 16 mənzil 14 ünvanında ailəsi ilə birlikdə yaşayır. Yaşdığı müddətdə qonşulardan və sahə müvəkkili tərəfindən 6 saylı MKİS-ə heç bir şikayət daxil olmamışdır (i.v. 92); Sübutların qiymətləndirilməsi haqqında 17 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci tarixdə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə elan edilmiş ittihamın öz qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün dəlil gətirməməsinin nəzərə alınması, cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq qalan 0,498 qram çəkidə narkotik vasitə heroinin maddi sübut qismində tanınaraq saxlanması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi, şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman narkotik vasitə heroinin elektron tərəzidə çəkilməsi zamanı çəkisinin 0,63 qram olması kimi müəyyən edilmiş göstərici nəzərə alınmayaraq məhkəmə-kimyəvi ekspertizasının 10 sentyabr 2022-ci il tarixli 6/5034 saylı rəyində qeyd olunan 0,548 qram çəkinin əsas kimi götürülməsi, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin xüsusatlarla bağlı barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmadığından həmin fakt üzrə cinayət işindən materialın ayrılaraq icraata qəbul edilməsi, iş üzrə təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, diskə baxış keçirilməsi haqqında protokol, məhkəmə- kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəylərinin iş üzrə sübut növü kimi qiymətləndirilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v. 93-100). Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs göy rəngli cins şalvarın sol yan cibindən şəffaf sellofan kəsiyinə bükülmüş bükülünü çıxarıb təqdim etməsi, bükülünün içərisindəki maddənin heroin olduğunu bildirməsi, heroini tanımadığı şəxdən şəxsi istifadəsi üçün aldığını bildirməsi, həmin bükümün zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,548 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq çəkməsini və gənc olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52- 1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qobustan rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,498 qram narkotik maddə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar