Məhkəmə qərarları › İş №1(011)-509/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-509/2022

07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-509/2022 07.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 20:15-də ünvan 2 ünvanın qarşısında piyada hərəkət edən Zərərçəkmiş şəxs təqib edib arxadan yaxınlaşaraq onun boğazından asılmış, qiyməti 1.639 manat 90 qəpik, çəkisi 23 qram olan bir ədəd qızıl boyunbağını, yəni özgənin əmlakını dartıb qırmaqla açıq talayıb, Zərərçəkmiş şəxs 1.639 manat 90 qəpik (min altı yüz otuz doqquz manat doxsan qəpik) məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər işləsə də hadisə olan vaxtı işləməmişdir. Himayəsində 1 yetkinlik yaşına çatmayan, epilepsiya xəstəliyi olan qızı olduğuna görə onun müalicə xərclərini ödəyə bilmədiyi üçün cinayətə əl atmaq qərarına gəlmişdir. 22 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində ünvan 3 ünvanda piyada gəzərkən bir nəfər 60 yaşlı qadının boynunda boyunbağının olduğunu görmüşdür. O, həmin qadını yaxından müşahidə etdikdən sonra onun boynundakı boyunbağının qızıla bənzər olduğuna əmin olduqda həmin şəxsi güdməyə başlamışdır. Həmin şəxs ilk əvvəl şirniyyat mağazasına daha sonra isə “Ucuzluq" marketə daxil olmuşdur. Marketdən çıxdıqdan sonra yenidən onu izləməyə başlamışdır. O, həmin qadına Xətai rayonu ərasinidə yerləşən “İslam” marketlə üzbəüz binanın qarşısında saat 20:15-də arxadan yaxınlaşaraq onun boyun nahiyəsində olan boyunbağından tutaraq özünə tərəf dartmışdır. Boyunbağı qırılaraq əlində qalmışdır. O, dərhal binaların arasına daxil olaraq iti addımlar ilə yeriməyə başlamışdır. Həmin qadın onun arxasınca qışqırmağa başladıqda o, qızılı şalvarının sol arxa cibinə qoyaraq qaçmağa davam etmişdir. O 60 nömrəli sərnişin avtobusuna minərək Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektinə getmişdir. Orada olan mağazalardan ev üçün ərzaq aldıqdan sonra yaşadığı ünvana getmişdir. Yaşadığı ünvanda törətdiyi hadisə ilə bağlı heç kimə məlumat verməmişdir. 23 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı evdən çıxarkən 3 il əvvəl zərgər kimi tanıdığı lakin gec gec əlaqə saxladığı Şahid1 zəng edərək harada olduğunu soruşmuşdur. Elşən ona Bakı şəhəri, Xəlai rayonu, NZS qəsəbəsində 194 nömrəli məktəbin yanında olduğunu bildirmişdir. O, 22 nömrəli sərnişin avtobusu ilə Elşənin qeyd etdiyi ünvana getmişdir. Elşən ilə görüşən zaman ona əlində olan qızıl boyunbağını göstərərək ailə üzvlərinə aid olmasını bildirmişdir. Elşən ona həmin boyunbağını satmaqda ona kömək edə biləcəyini bildirmiş və şəxsiyyət vəsiqəsinin olub-olmadığını soruşmuşdur. Elşən onunla birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Laçın ticarət mərkəzinə getmiş, Laçın ticarət mərkəzinə daxil olaraq orada sonradan adını bildiyi Şahid2 yaxınlaşmışlar. Rüstəm həmin qızılı yoxlatdırdıqdan sonra qızılın 23 qram olduğunu və ümumilikdə 1.640 manat pul verə biləcəyini bildirmişdir. O, Rüstəmdən pulu aldıqdan sonra ticarət mərkəzindən çıxmışdır. Əldə etdiyi pulları qızının müalicəsinə xərcləmişdir. xx.xx.2022-ci il tarixdə yaşadığı ünvana gedərkən Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları ona yaxınlaşaraq soyğunçuluq cinayətində şübhəli bilindiyini izah edərək şöbəyə dəvət etmişlər. Şöbədə onu Zərərçəkmiş şəxs ərizəsi ilə tanış etdikdən sonra o, səmimi olaraq etiraf etmişdir ki, həmin hadisəni o, törətmişdir. Bundan sonra polis şöbəsində ona məlum olmuşdur ki, o, Zərərçəkmiş şəxs qarşı soyğunçuluq cinayətini törətmişdir. Hal-hazırda o zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 22 sentyabr 2022-ci il tarixdə saat 19:15-də axşam yürüşünə çıxaraq üzü ünvan 5 ünvana “Bakı kinoteatrına” doğru hərəkət etmişdir. Həmin küçədə olan “Mübariz” şirniyyat mağazasına daxil olaraq nəvələri üçün şirniyyat aldıqdan sonra üzbəüzdə yerləşən “Ucuzluq” mağazasına daxil olmuşdur. Orada bir neçə dəqiqə olduqdan sonra mağazadan çıxaraq üzü yaşadığı ünvana doğru getmişdir. Həmin küçədə olan “İslam” marketi ilə üzbəüzdə yerləşən binanın qarşısı ilə yeriyərkən saat 20:15-də arxadan bir nəfər şəxs üzərində gəzdirdiyi boyunbağından tutaraq dartmışdır. Naməlum şəxs boyunbağını dartaraq boynundan qopardıqdan sonra qaçıb getmişdir. O, həmin şəxsin arxasınca qışqırmağa başlamışdır. Bu zaman ətrafda olan tanımadığı şəxslər onun səsindən sonra həmin şəxsin arxasınca qaçmışlar. Lakin həmin şəxsi tuta bilməmişlər. O, bundan sonra 102 zəng mərkəzinə hadisə barədə məlumat vermişdir. Həmçinin o bildirmişdir ki, hadisə vaxtı heç bir xəsarət almamışdır. Ona ümumilikdə 1.639 manat 90 qəpik (min altı yüz otuz doqquz manat doxsan qəpik) məbləğində maddi ziyan dəymişdir. Məhkəməyə ərizə ünvanlasa da, ziyanın miqdarı ilə razıdır. Bundan başqa o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək ona heç bir cəza verilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1987-ci ildən qızıl ustası kimi fərdi olaraq fəaliyyət göstərir, pandemiya dövrünə qədər o, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən H.Aslanov metrostansiyasının yaxınlığında zərgərlik məmulatlarının təmiri işi ilə məşğul olmuşdur. Hətta qızılın alqısatqısı ilə məşğul olmuşdur. Həmin müddət ərzində Təqsirləndirilən şəxs tanımışdır. Nahid onunla alqı-satqı ofisindən kənarda olan “Dellora” mebel mağazasında işlədiyini bildirmişdir. Onların münasibəti həmin ünvandan yaranmışdır. 23 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində o, tanışı ilə yaşadığı evin həyətində nərd oynayarkən mobil telefonuna bir nəfər şəxs zəng edərək Nahid olduğunu bildirmişdir. O, Nahiddən nə lazım olduğunu soruşduqda Nahid ona qızıl işi ilə məşğul olub-olmadığını soruşmuşdur. O, Nahidə məşğul olduğunu bildirdikdə Nahid ona ailə üzvlərinə aid olan satdıq boyunbağı olduğunu bildirmişdir. O, Nahidi yaşadığı Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsinə dəvət etmişdir. Təxminən 1 saatdan sonra Nahid onun dediyi ünvana gəlmişdir. Nahid ona qızıl boyunbağını göstərərək satmaq istədiyini bildirmişdir. O, boyunbağına baxdıqdan sonra Rüstəm adlı tanışına zəng edərək İtalya istehsalı olan 750 əyarlıq qızıl boyunbağı olduğunu və neçə manata qramını alacağını bildirmişdir. Rüstəm ona qramını 70 manata ala biləcəyini bildirmişdir. Nahid ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Laçın ticarət mərkəzinə getmişlər. Nahid ilə ticarət mərkəzinə daxil olduqda, həmin boyunbağını tanışı Şahid2 göstərmişlər. Şahid2 boyunbağına baxdıqdan sonra həmin qızılın qramının 23 qram olduğunu və 1.640 manat pul verə biləcəyini bildirmişdir. Nahid həmin qızılı ona verib 1.640 manatı alıb alqı-satqı qəbzini imzalamışdır. Bundan sonra onlar ayrılmışlar. 25 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları ona Təqsirləndirilən şəxs qızılı soyğunçuluq yolu ilə əldə etdiyini bilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Bahadur oğlu ifadəsində göstərmişdir ki, 8 ildir ki, Bakı şəhəri, Nizami rayonu, Laçın ticarət mərkəzində qızıl alqısatqısı ilə məşğul olur. 23 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində tanışı Şahid1 ona zəng edərək bir nəfər şəxsin İtalya istehsalı olan 750 əyar qızıl boyunbağı satdığını bildirmişdir. Elşən ondan həmin boyunbağının alış qiymətini öyrəndikdə o, Elşənə qramını 70 manatdan ala biləcəyini bildirmişdir. Bir neçə dəqiqədən sonra Elşən sonradan adını bildiyi Nahid adlı şəxslə onun yanına gəlmişdir. O, qızıl boyunbağına baxdıqdan sonra məlum olmuşdur ki, həmin qızıl İtalya istehsalı olan 750 əyardır və 23 qramdır. O, həmin boyunbağına 1.640 manat verə biləcəyini bildirmişdir. Nahid onunla razılaşıb şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. O, Nahidin şəxsiyyət vəsiqəsinin anket məlumatlarını qızıl və brilliyantların alışının aktı kitabına qeyd etmiş və Nahidə imza etdirmişdir. Bundan sonra pulu sayıb Nahidə vermişdir. Nahid ilə Elşən birlikdə getdikdən sonra o, həmin günü boyunbağını əritmə məntəqəsinə vermişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən ona bildirilmişdir ki, həmin boyunbağı cinayət yolu ilə əldə olunmuş boyunbağı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 25 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 01); zərərçəkmiş şəxs qismində tanınma haqqında 25 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 17); şübhəli şəxsin tutulması haqqında 25 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 35); DVD diskə baxış keçirilməsi haqqında 25 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, 1 ədəd “Video.MP4” adlı video fayl açıldıqda ekranda xx.xx.2022-ci il tarixdə saat 20:14:17-dan 20:15:28-ə kimi olan müddət ərzində ünvan 8 ünvanda yerləşən "İslam" marketin kamera görüntüsü vardır. Görüntüyə baxan zaman ünvan 9 ünvanın qarşısında bir nəfər kişi cinsində başında qara rəngli papaq, əynində qara rəngli gödəkçə və cins şalvar geyinən şəxsin bir nəfər qadının asta yerişlə sol əlində sellofan torba ilə, gödəkçəsi olaraq piyada hərəkət etdiyi və həmin şəxsin qadının yaxınlığı ilə hərəkət etdiyi müşahidə olunur, baxışda iştirak edən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:14-də ünvan 2 ünvanda həmin qadının arxasınca gedən şəxsin və qadına yaxınlaşaraq boynundan qızıl boyunbağını dartaraq soyğunçuluq edən şəxsin özü olmasını bildirmişdir (i.v. 39); qızıl və brilliyantların alışının akt kitabından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən 23 qram olan 750 əyar qızıl 1640 manata satılmışdır (i.v. 50-50a); X4 tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İtaliya istehsalı olan 750 əyarlı qızılın 1 qramının orta bazar qiyməti 71 manat 30 qəpikdir (i.v. 51); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 52-53); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 27 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Xətai RPİ-nin MSYdən dərhal azad edilmişdir (i.v. 65-66); ifadənin yerində yoxlanılması haqqında 27 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha təsdiq etmiş və fotoşəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 67-70); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 27 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 71); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 74); Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsinin 18 oktyabr 2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 76); Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 17 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2005-ci il təvəllüdlü X1 vardır (i.v. 77); sübutların qiymətləndirilməsi haqqında 17 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ifadənin yerində yoxlanılması protokolu, diskə baxış protokolu sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət işi üzrə icraata xitam verilmişdir (i.v. 78-81); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək ona heç bir cəza verilməməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.12-59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, ona dəymiş ziyanı ödəməsi, sonuncunun heç bir şikayət və tələbinin olmaması nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 25 sentyabr 2022-ci il tarixdən 27 sentyabr 2022-ci il tarixədək şübhəli qismində tutulduğu 02 (ki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza təyin edilməli (CM 69.3), barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 1 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalıdır (CPM-132). Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Lənkəran rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 sentyabr 2022-ci il tarixdən 27 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar